“Bloomberg” nəşri İsrailin Qəzzada hərbi əməliyyatlar apardığı bir vaxtda “Seaviolet” adlı neftdaşıyan tankerin Ceyhan terminalından 1 milyon barrel həcmində Azərbaycan neftini İsrailin “Eylat” limanına çatdırdığını yazıb.  Məqalədə iddia olunur ki, tanker İordaniyanın “Aqaba” boğaz-limana yollansa da, İsrailin “Paz Oil” neft emalı zavodunu təmin etmək üçün Qırmızı dəniz sahilindəki İsrailə məxsus Eylat (Eilat) limanına dönüb. 
Bu xəbərdə diqqət çəkən məqam həm də o oldu ki, məlumatın 20 oktyabrda yayılmasına baxmayaraq, sosial media istifadəçiləri 29 oktyabrdan etibarən mövzunu yenidən gündəmə gətirib, Azərbaycan və Türkiyəyə qarşı kampaniyaya çeviriblər.

 Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Bəlli oldu ki, “Bloomberg”də bu mövzuda 19 və 20 oktyabr 2023-cü il tarixlərində 2 yazı dərc olunub (Müəllifi Sherry Su olan “Oil Tanker Sails to Israeli Red Sea Port to Avoid Conflict” və müəllifi Will Kennedy olan "The Desert Pipeline That Ensures Israel Can Keep Importing Oil").

Məsələ burasındadır ki, “Bloomberg” kifayət qədər nüfuzlu media qurumudur və əməkdaşların yazdığı hər söz və cümlə böyük təsiretmə gücünə malikdir. Yəni, nüfuzlu media qurumunun söylədiyi fikirlər yəqin ki, ciddi yoxlanıldıqdan sonra geniş oxucu kütləsinə çatdırılmalıdır. Lakin sonradan sosial mediada böyük rezonans doğuran bu məqlələri araşdırarkən biz, “Bloomberg”in adi media etik qaydalarına riayət etmədiyini görürük.

Detal 1. Hər iki məqalədə Azərbaycanın 1 milyon barellik xam neftinin 900 futluq (274 metr) “Seaviolet” tankeri ilə İsrailə daşınması haqda yalnız 1 cümlə işlədilib.

Sherry Sunun 20 oktyabrda qələmə aldığı yazıda qeyd olunub: “900 futluq Seaviolet Azərbaycandan cəmi 1 milyon bareldən çox neft aparır və rəsmi olaraq İordaniyadakı Aqabaya yola düşür. Bu, Bloomberg-in tərtib etdiyi tanker izləmə məlumatlarıdır. Reallıqda bir neçə treyder (tacir) bildirib ki, yük İsrail "Paz Oil" emaletmə zavodu tərəfindən alınıb və faktiki olaraq ölkənin Qırmızı dəniz sahillərindəki Eylata (Eilat) çatdırılacaq”.

Göründüyü kimi, “Bloomberg” kimi nüfuzlu media qurumu “bir neçə treyderə (tacirə)” istinadən belə ciddi ittiham irəli sürür. Nə əsaslı fakt var, nə tutarlı mənbə.  

Detal 2. Dünyada tanker, gəmi hərəkətlərini izləyən bir neçə tanınmış və etibarlı naviqasiya saytları mövcuddur. Onlardan ən məşhurları vesselfinder.commarinetraffic.com-dur.

Qeyd edilən tankerizləmə saytlarında “Seaviolet” xam neft tankerinin son 1 həftəlik hərəkət trayektoriyasını araşdırdıqda bəlli olur ki, adıçəkilən tanker heç bir halda İsrailin Eylat (Eilat ) limanına yaxınlaşmayıb. Təqdim etdiyimiz 1-ci scrin 24 oktyabr 2023-cü il izləməsinin:

bu isə 29 oktyabr 2023-cü ildə 2-ci izləmənin görüntüləridir: 

Cədvələ fikir verəriksə gəminin 12 oktyabr 2023-cü ildə Ceyhan limanında olduğunu və 13 oktyabr 2023-cü il, saat 12:44-də oranı tərk etdiyini görərik. Ondan sonra “Port Said”ə (15 oktyabr, 04:09-da çıxıb), daha sonra isə 20 oktyabrda Süveyş kanalına gəlib (məqalələr isə 19 oktyabr 2023-cü il, saat 19:09-da və 20 oktyabr 2023-cü il, saat 17:12-də sayta daxil edilib).  Bu məqalələr dərc ediləndən sonra nələr baş verib? Müşahidə edilən gəmi 20 oktyabr, saat 13:05-də Süveyş kanalına çatıb, sabahısı gün, yəni 21 oktyabr saat 04:12-də limanı tərk edib və elə həmin gün (oktyabrın 21-i, saat 15:51-də) yenidən Port-Said limanına qayıdıb. Göründüyü kimi, nə İordaniyanın “Əqabə (Aqaba) körfəzi”, nə də İsrailin Eylat (Eilat) limanı haqda bir qeyd belə yoxdur. 

Üçüncü məqam. “Bir tanker vasitəsilə 1 milyon barel Azərbaycan neftinin daşınması” haqda. 
Əvvəla, Azərbaycanla İsrail arasında enerji sahəsində əməkdaşlığın prinsipləri neft ticarətinin tam iqtisadi-ticari legitimliyinə əsaslanır. Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri (2006-cı il) istifadəyə veriləndən indiyə qədər İsrailə hər il təxminən 2-3 milyon barel neft tədarük edilir. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 21 ölkəyə 20 milyon ton, təxminən 146 milyon barel (7,3 barel = 1 ton ) neft ixrac edib. Gündəlik ixracın həcmi (146:274 = 532 min) 532 min barel olub. Hazırda ixracda birinci yerdə İtaliya (7 milyon 985 min ton neft), ikincidə İsrail (2 milyon ton (14, 6 milyon barel), üçüncüdə Hindistan (1,2 milyon ton), dördüncüdə İspaniya (1,1 milyon ton), beşinci yerdə isə Türkiyə (1,1 milyon ton) dayanır. Sonrakı yerlərdə Çexiya, Almaniya, Xorvatiya, Yunanıstan, Böyük Britaniya və digər ölkələr sıralanır. mənbə
Azərbaycan 2023-cü ilin 9 ayı ərzində İsrailə 14,6 milyon barel neft satıb ki, bu da gündəlik 54 min barel neft deməkdir. Yəni, ümumi ixracın 10 faizi. Azərbaycanın İsrailə aylıq satış öhədliyi təxminən 1,6 milyon barel təşkil edir. Azərbaycan bundan artıq neft sata bilməz, çünki digər alıcı ölkələrlə də öhdəliyini yerinə yetirməlidir.
İsrailin neftə olan gündəlik tələbatı isə təxminən 220-230 min bareldir. Azərbaycan tələbatın yalnız 25 faizini ödəyir. 2022-2023-cü illərdə İsrail xam nefti ABŞ, Braziliya, Nigeriya, Anqola, Qabon, Afrika və digər Şərq ölkələrindən alıb. istinad
Əgər Ceyhan limanından İsrailə çatdırıldığı qeyd olunan "1 milyon barellik (56145 ton) neft" partiyası məlumatı doğrudursa, demək bu, oktyabr ayının satış öhdəliyi ola bilər və burada hansısa qanunsuz daşınma və qeyri-leqal tədarükdən söhbət belə gedə bilməz. 
Qəzzada aparılan irimiqyaslı hərbi əməliyyatlarla bağlı İsrailə neft satışını qınamağa gəlincə isə burada da neftsatan ölkələri ittiham edəcək, yaxud qınayacaq heç bir əsas yoxdur. Beynəlxalq ticarət qaydaları, ələlxüsus da neft və qazın satışına dair əvvəlcədən razılaşdırılmış öhdəliklər müharibənin getməsindən və ya dayanmasından asılı olmayaraq satıcı ölkənin malı çatdırmasını tələb edir. Necə ki, İran Ermənistana davamlı, fasiləsiz neft-qaz satırdı, eləcə də 44 günlük müharibə dövründə də tədarükləri dayandırmamışdı. Yəni, beynəlxalq müqavilələrdə neft-qaz, enerji məhsullarının satışı, müharibənin getməsi və dayanmasından asılı olmayaraq icra edilir.
Bu gün İsrailə neft satışını qadağan edəcək hansısa beynəlxalq hüquqi akt, OPEK-in və yaxud qlobal neft tədrakçülərinin sanksiyası yoxdur. OPEK-üzvlərindən biri olan İran İsrailə neft embarqosu tətbiq etməyə çağırış etsə də kartel ölkələri (OPEK) bunu dəstəkləməyiblər. Xüsusilə də Birləşmiş Ərəb Əmirliyi İsrailə qarşı enerji layihələrinin məhdudlaşdırılmasını qətiyyətlə rədd edir. BƏƏ 2020-ci ildə Təl-Əviv ilə enerji sazişi imzalayıb və İsrailin “Eylat” limanına gündəlik 300 min barel neftin nəqlinə dair razılaşmanı icra etmək niyyətindədir. (istinad) BƏƏ-nin “Mubadala  Petroleum” korporasiyası isə 2021-ci ilin aprel ayında  İsrailin Tamar dəniz yatağında 22 faiz payla neft nəqlinə dair anlaşma memorandumu imzalayıb. (istinad) Yəni, zəngin neft-qaz ölkəsi olan BƏƏ İsraillə çoxmilyardlıq layihələr icra edir və bu əməkdaşlıq iqtisadi mahiyyət daşıyır, İsrail- “Həmas” qarşıdurması Təl-Əvivlə enerji sahəsində bu cür əməkdaşlığı əngəlləyə bilməz.
Bütün bu prizmalardan baxdıqda İsrail və Azərbaycan arasında neftin tədarükünə dair ilin əvvəlindən müqavilə imzalanıb və Azərbaycan öz öhdəliyini yerinə yetirməlidir. Ona görə də, İsrailə qarşı neft və digər yanacaq məhsullarının satışının qadağan olunmasına, yanacağın nəqlinə dair beynəlxalq embarqo olmadığından Azərbaycanın neft satışını dayandırması qeyri-mümkündür.

Yekunda bir məqamı qeyd edək ki, "Bloomberg"in dəqiqləşdirilməmiş bir cümləlik məlumatı indiki şəraitdə bəzi sosial media istifadəçilərinə Azərbaycana qarşı kampaniya aparılması üçün əlavə fürsət verib. Həmin paylaşımların müəlliflərinin kimliklərini izah etməyə ehtiyac görmürük.  

 

Nəticə:

-Nüfuzlu "Bloomberg” media qurumunun  “Seaviolet” xam neft daşıyan  tankerin 1 milyon barel “Azeri Light” markalı Azərbaycan neftini Ceyhan terminalından İsrailin “Eylat” limanına çatdırdığı haqda xəbər tutarlı mənəbəyə istinad olunmadan hazırlanıb.

- Nüfuzlu media qurum bu məsələyə aydınlıq gətirməli və təkzib verməlidir.

- Azərbaycanın İsrailə neft satması isə 18 ildir ki mövcuddur və bu, beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikdir. Digər müsəlman ölkələri də hazırda İsraillə iqtisadi əməkdaşlıqlarını davam etdirirlər.