Milli Şuranın üzvü Gültəkin Hacıbəyli facebook profilində Azərbaycan vətəndaşlarının sosial yaşayışına görə Avropa ölkələri arasında ən sonuncu yerlərdən birini tutduğunu iddia edib. G.Hacıbəylinin “Zəngin azərbaycanlının təmiz aylıq gəliri 375 dollar, məğlub, kasıb erməninin təmiz maaşı 683 dollardır. Azərbaycan vətəndaşı yalnız Suriya, Liviya, Venesuela, Banqladeş, Şri-Lanka... kimi bədbəxt və kasıb ölkələrin sakinlərindən bir az çox maaş alır. Üstəlik, ölkə üzrə median əmək haqqı siyahıda göstərilən 637 manatın (375 dollar) çox altında olmaqla 425 manat təşkil edir”-deyə yazdığı statusu 10 dəqiqə sonra “Azadlıq”qəzetinin facebook səhifəsi də paylaşıb.
Faktyoxla Lab. G.Hacıbəylinin iddialarının nə dərəcədə əsaslı olub-olmadığını araşdırıb.
Əvvəla, Azərabaycanda vətəndaşların təmiz aylıq gəliri 375 dollar, yəni 637 manat deyil. Məlumdur ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə çalışanların aylıq gəlirləri fərqlidir. Yəni, əgər ölkə üzrə orta aylıq göstərici 923 manat (543 dollar) təşkil etsə də, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq əməkhaqqı daha yüksəkdir. mənbə
İkincisi, Azərbaycanda median (orta) əməkhaqqı G.Hacıbəylinin söylədiyi kimi 425 manat yox, 480 manatdır. mənbə
Üçüncüsü, kasıblığı və yaxud yoxsulluğu müəyyən edən sosial göstərici təkcə orta aylıq əməkhaqqı ilə hesablanmır. Beynəlxalq təcrübədə kasıblığın və ya yoxsulluğun ölçülməsi bir neçə sosial göstərici- təxminən 20-yə yaxın sub-indikatorla müəyyən edilir. Həmin göstəricilərin əksəriyyətinə görə, Azərbaycan Avropa və dünya ölkələrinin sırasında ortadan yüksək səviyyədə dayanır.
Misal üçün, “Poorest Countries in the World” ( “Dünya ölkələrinin kasıblıq reytinqi”) hesabatına əsasən, Azərbaycan Avropa regionu ölkələri sırasında Moldova, Ukrayna, Gürcüstan, Ermənistan və s. dövlətlərlə müqayisədə xeyli yaxşı sosial vəziyyətə malikdir. MDB-də Rusiya, Belarus, Qazaxıstan və Azərbaycandan başqa, digər bütün ölkələr birbaşa orta yoxsul dövlətlər qrupunda yer alıb.
Bir neçə ay əvvəl açıqlanmış “Poorest Countries in Europe 2023” qiymətləndirməsində də Avropanın ən kasıb 10 ölkəsi sırasında Ukrayna, Gürcüstan, Kosovo, Moldova, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Belarus, Serbiya, Monteneqro yer alıbdır.
Dördüncüsü, dünya ölkələrinin sosial rifah göstəricilərinə gəldikdə Azərbaycan yenə də 120-dən çox ölkədən irəlidədir. G.Hacıbəylinin Azərbaycandan irəlidə olan ölkələr kimi təqdim etdiyi Hindistan, İraq, Hindistan, Moldova, Gürcüstan, Argentina. Ermənistan, Fələstin, Kosovo, Şimali Makedoniya, Filippin, Vyetnam, İordaniya, İndoneziya, Trinidad və Tabaqo, Mərakeş, Misir, Malayziya, Dominikan, Mavritaniya, Qvatamela, Peru və digərləri ilə bağlı siyahı isə tam saxtalaşdırılmış, feyk-təqdimatdır. istinad
Azərbaycan ümumiyyətlə nə kasıb, nə də orta-kasıb ölkələr qrupunda yer almır. Artıq bir neçə ildir ki, orta-yüksək gəlirli ölkə statusuna malik qrupda yerini möhkəmləndirib. Dünya Bankının (DB) sosial rifah reytinqinə əsasən, Azərbaycanı yuxarı orta-gəlirli (Upper Middle-Income) ölkələr siyahısına daxil edib. G.Hacıbəylinin həvəslə tərifləyərək Azərbaycandan daha yaxşı yerdə saxlamağa çalışdığı Ermənistan isə 2018-ci ildən bu yana aşağı orta-gəlirli (Lower Middle-Income) ölkələr sırasında qalmaqdadır.
G.Hacıbəylinin Ermənistanı xüsusi olaraq Azərbaycana qarşı müqayisə predmeti kimi təqdim etməsini nəzərə alaraq, hər iki ölkənin makroiqtisadi göstəriciləri və yaşayış, rifah və kasıblıq kriteriyelarını müəyyən edən bir çox sosial indikatorlar üzərində real mənzərəni göstərməyə çalışaq.
Cədvəldə qeyd olunanlara şərhlərimiz:
1) Ermənistanda adambaşına düşən ÜDM Azərbaycandan 2,2 dəfə azdır. istinad
2) Ermənistanda orta aylıq əməkhaqqı 2023-cü ilin ötən 8 ayında 26,5 min dram və ya 658 dollar təşkil edib. Orta aylıq əməkhaqqının bu məbləğdə olması isə iqtisadi inkişafla deyil, dövlət aparatında işləyənlərin digər kateqoriyalara nisbətən daha yüksək maaş alması və ümumilikdə, dövlət idaretmə xərclərinin məbləğinin çox olmasına bağlıdır. Yəni, bu yolla orta aylıq əməkhaqqı göstəriciləri şişirdilir. Artımın arxasında real iqtisadi baza dayanmır və nominal əməkhaqqını iqtisadiyyat və yığımlar deyil, dövlətin yalnız inzibati sahəyə maddi məsrəfləri müəyyən edir. Bunun nəticəsidir ki, bu ölkənin iqtisadiyyatının ən aparıcı və real sektorun sütunu hesab edilən sənayedə əməkhaqqı 20,3 min dram və yaxud 504 dollardır. istinad
3) Orta aylıq əməkhaqqı və orta aylıq pensiya, yaxud digər göstəricilərdən danışarkən həmin gəlir indekslərinin nominal dəyəri ilə alıcılıq qabiliyyəti paritetini də müqayisə etməklə nəticə çıxarmaq lazımdır. Alıcılıq qabiliyyəti paritetinə əsasən, hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Bu baxımdan Ermənistandaklı orta aylıq əməkhaqqının dollar ifadəsi ilə dəyəri Azərbaycandakı orta aylıq əməkhaqqqını dollar ifadəsi ilə dəyərindən ucuzdur. Eyni zamanda, Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutur, ümumi sıralamada ikinci yerdə qərarlaşır. mənbə
4) Ölkənin və vətəndaşların sosial-iqtisadi rifahını müəyyən edən başqa bir indikator xarici borcun həm dövlətin, həm də adambaşına düşən məbləğidir. Azərbaycanda 2023-cü ilin birinci yarısı üzrə xarici dövlət borcunun məbləği 6,5 milyard dollar təşkil etməklə ÜDM-in 10 faizinə bərabərdir. Adambaşına düşən xarici borc 642 dollar təşkil edir. Ermənistanın xarici borcu isə 2023-cü ilin yanvar-iyul aylarında daha 247,5 milyon dollar artaraq 11,3 milyard dollara yüksəlib. Xarici borcun məbləği 6,7 milyard dollar olmaqla ÜDM-in 100 faiz həddindədir. Bu isə ən qorxulu və təhlükəli hədddir. Beləliklə, bu ölkədə adambaşına düşən borcun məbləği 2,3 min dollar təşkil edir. Yəni, hər erməni vətəndaşının xarici borcu Azərbaycandakından 4 dəfə çoxdur. istinad
Beləliklə, Ermənistanın xarici borcu valyuta rezervlərindən 2,6 milyard dollar, dövlət büdcəsi gəlirlərindən isə 1,1 milyard dollar çoxdur. Yəni, beynəlxalq maliyyə öhdəliklərini ödəmək tələbi qoyulsa, Ermənistan dərhal "defolt" olacaq.
ABŞ-ın Con Hopkins tədqiqat universitetinin dərc etdiyi “Hanke's 2022 Misery Index” hesabatında da Ermənistan səfalət və yoxsulluq vəziyyətinə görə 157 ölkə arasında 75-ci yerdə qərar tutmaqla ən bədbəxt ölkə kimi qiymətləndirilib. Erməni şərhçı Vahe Davtyan hesab edir ki, ölkəsində insanların həyat keyfiyyətini şərtləndirən bir çox amillər, məsələn, səhiyyə, mənzil şəraiti, təhsil almaq imkanı, məşğulluq və s. bərbad gündədir, yalnız imkanlı şəxslər bu imkanlarla əhatə olunub, əhalinin xeyli hissəsi bu təminatlardan məhrumdur. Bu isə yoxsuluğun səviyyəsini artırmaqdadır. mənbə
İqtisadi-sosial inkişafı tormozlayan ən başlıca səbəblərdən biri olan korrupsiya və inhisarçılıq hallarının geniş yayıldığı Ermənistanın bu vəziyyətinə ən yaxşı qiyməti ABŞ Dövlət Departamentinin “Korrupsiya Ermənistana sərmayə qoyulmasına əngəl olaraq qalır” adlı hesabatında görə bilərik.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Ermənistan iqtisadiyyatı və istehsal-sənaye sektoru, ixracı, ölkəyə daxil olan maliyyə axınları birbaşa Rusiya və İran kapitalından asılıdr.
Bu, ölkənin maliyyə sisteminin Rusiya kapitalından asılılığını artırır. Bu qədər vəsait Ermənistanın dövlət büdcəsinin 70 faizi həcmində vəsait deməkdir. Yaxud, Ermənistan büdcəsində maaş və sosial ödənişlərin 3 illik təminatına bərabərdir. (istinad) Yəni, Ermənistanın maaş və sosial ödənişləri, iqtisadi proqramları həyata keçirməsi üçün özünün dayanıqlı real maliyyə mənbələri yoxdur, bu ölkənin maliyyə qaynaqları birbaşa xarici ölkələrin pul transfertləri, ianə və yardımlardan formalaşır. Məhz bunun nəticəsidir ki, hər il büdcədə xarici borcun məbləği və borca xidmət xərcləri artır. Təkcə 2023-cü ilin birinci yarısında xarici borcun 247,5 milyon dollar artması da məhz büdcə öhdəlikləri ilə bağlıdır. istinad
Müqayisələri xeyli uzatmaq da olar, ancaq yuxarıda qeyd edilən əsas indikatorların ortaya qoyduğu fakt-mənzərə kifayət edir.
Beləliklə,
- Gültəkin Hacıbəylinin Azərbaycanın Avropa regionunda ən kasıb ölkə olması barədə iddiası yalandır. “Poorest Countries in Europe 2023” qiymətləndirməsində də Avropanın ən kasıb 10 ölkəsi sırasında Azərbaycan yoxdur;
- Sosial yaşayışı təsvir edən minimum əməkhaqqı, orta aylıq pensiya, minimum pensiya, əhalinin nominla pul gəlirləri, adambaşına düşən ÜDM, hər nəfərə düşən büdcə xərcləri, xarici borc və digər göstəricilərə görə Ermənistan Azərbaycandan xeyli aşağıdadır;
- G.Hacıbəylinin Azərbaycandan irəlidə olan ölkələr kimi təqdim etdiyi Hindistan, İraq, Hindistan, Moldova, Gürcüstan, Argentina. Ermənistan, Fələstin, Kosovo, Şimali Makedoniya, Filippin, Vyetnam, İordaniya, İndoneziya, Trinidad Tabaqo, Mərakeş, Misir, Malayziya, Dominikan, Mavritaniya, Qvatamela, Peru və digərləri ilə bağlı siyahı isə tam saxtalaşdırılmış, feyk-təqdimatdır;
- G.Hacıbəylinin “Zəngin azərbaycanlının təmiz aylıq gəliri 375 dollar, məğlub, kasıb erməninin təmiz maaşı 683 dollardır”- ifadəsi faktlarla manipulyasiyadır;
- Azərbaycanda median (orta) əməkhaqqı 425 manat yox, 480 manatdır.