ABŞ-da 2024-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olan Vivek Ramasvami ictimai rəyə böyük təsir gücünə malik tele-aparıcı Taker Karlsonun “Tucker tvitterdə” kanalına müsahibə verib. Çıxışında Ermənistan-Azərbaycan münasibətlərinə toxunan Vivek Ramasvami Azərbaycan haqda tənqidi fikirlər səsləndirib, Qarabağda baş verənləri vəhşilik adlandırıb. Amerika Ermənilər Şurasının (ANCA) tvitter səhifəsi onun çıxışında Azərbaycanla bağlı hissəni yayımlayıb

Bu müsahibədə diqqət çəkən məqam Taker Karlsonun suallarını cavablandırarkən ikiyə bölünmüş ekranda bir tərəfdə Vivek Ramasvami, digərində isə  dəhşətli partlayışdan sonra dağılmış binalar, şəhər küçələrinin bombalanması, insanların vahimə içində hara gəldi qaçması kadrları göstərilir.

Prezidentliyə namizəd “Baş verənlər vəhşilikdir: əksəriyyəti xristian olan erməni olan insanlar (100-120 min arasında) çoxdan öz yurd yeri adlandırılan bölgədən öz ölkələrinə qovuldular” deyərək ittihamlarını davam etdirir və “Ancaq Rusiyanın Ukraynaya təcavüzü haqqında sonsuz eşidirsən və həqiqətin üzərində dayanmalısan, Ukraynanın istənilən halda günahsız olması mənim rədd etdiyim ayrı bir məqamdır” fikirləri ilə əsl düşüncələrini ortaya qoyur.

Faktyoxla Lab. Taker Karlsonun “Tucker” proqramında yayımlanan bu müshaibənin detallarını araşdırıb.

Əvvəlcə, Taker Karlson kimi tanınmış, nüfuzlu bir jurnalistin kanalında təqdim olunan kadrlara aydınlıq gətirək.

Qeyd etdik ki, müsahibə zamanı arxa fonda təqdim olunan kadrların müşahidə olunan həm aparıcı, həm də müsahibinin Azərbaycan haqqında səsləndirdikləri tənqidi fikirlər tamaşaçıda neqativ fikirlər yaradır. Məsələ bundadır ki, təqdim edilən bombardıman, dağıntı kadrları 2020-ci ildə Ermənistanın Azərbaycanın 2 şəhərini (Gəncə və Bərdə şəhərləri) ballistik raketlərlə vurduğu kadrlar və zərbələrdən sonra dağıdılmış bir neçə yaşayış massivinin görüntüləridir. Dünyaca məşhur jurnalistin diqqətinə çatdıraq ki, 2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən davamlı raket atışları ilə atəşə tutulub. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, 500 mindən çox əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində günahsız insanlar həlak olmuş, onlarla dinc sakin müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub.

Müsahibədə təqdim olunan görüntülər 17 oktyabrda, yerli vaxtla təxminən gecə 01:00-da Gəncə şəhərini Ermənistan Silahlı Qüvvələri tərəfindən “Skat” ballistik raketləri ilə atəşə tutulmasından sonra qeydə alınmışdır. (mənbə: bbc) Həmin vaxt şəhərə ezam olunmuş xarici jurnalistlər şəhərdə 3 güclü partlayış səsinin eşidildiyini bildirmişdilər. "RİA Novosti" agentliyinin müxbirinin sözlərinə görə, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdür. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür (mənbə: Al-Jazira). "Dojd" kanalının müxbiri Vasili Polonski raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hər hansısa vacib obyektlərin olmadığını bildirmişdir. Hücum nəticəsində 15 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdır. mənbə  

Qeyd edək ki, Azərbaycanın ikinci böyük Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. mənbə

Qeyd edilən müharibə cinayətini Qarabağdakı terrorçu qurumun keşmiş rəhbəri Arayik Arutunyan erməni xalqına müraciətində etiraf etmiş, bu terror aktını törətməklə Azərbaycan dövlətinə təzyiq etmək istədiyini bildirmişdir.

Göstərilən digər kadrlar Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror aktı zamanı çəkilib. Həmin terror aktının “CNN Türk” kanalında yayımlanan video görüntülərini təqdim edirik. 

Oktyabrın 28-də törədilən ikinci terror hücumunun nəticələri daha ağır olub. Həmin gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 22 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 80 nəfərdən artıq insan yaralanıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, Bərdə şəhəri də daxil olmaqla rayon 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.  Ümumilikdə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 29 nəfər həyatını itirib, 108 nəfər yaralanıb. Bundan əlavə rayonun təsərrüfatına, yaşayış binalarına ciddi ziyan dəyib. mənbə   

Beləliklə, peşəkar aparıcı, tanınmış jurnalist Taker Karlsonun müəllifi olduğu verilişdə Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirildiyi kimi, Azərbaycanın iki böyük şəhərinə qarşı törədilən terror hücumu zamanı çəkilən kadrlar azərbaycanlılar tərəfindən törədilən akt kimi təqdim olunmuşdur.   

Müəllifin bu qərəzli yanaşmasının səbəbi onun haqqında apardığımız araşdırmalardan sonra aydın olur.

Amerikalı mühafizəkar siyasi şərhçi Taker Suonson Maknir Karlson 1969-cu ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. O, “Fox News”-da 2016-2023-cü illər aralığında “Taker Karlsonla bu axşam” adlı siyasi şousunun aparıcısı olmuş, çox böyük auditoriya toplaya bilmişdir.

1991-ci ildə tarix üzrə bakalavr dərəcəsi alır və bir müddət sonra bəxtini Mərkəzi Kəşfiyyat İdarəsində işləməklə sınayır. Lakin nədənsə Karlsonu dünyanın ən güclü kəşfiyyat qurumuna işə götürmürlər. O, bu imtinadan sonra özünü jurnalistikada sınamaq qərarına gəlir və bu seçimi uğurlu olur.    

Cari ilin 24 aprelində 2016-cı ildən çalışdığı və böyük reytinq yığdığı “Fox News”-dan ayrılması haqqında məlumat yayılır. Karlsonun işdən qovulmasının səbəbi kimi 2020-ci il prezident seçkiləri zamanı məhz Karlsonun dilə gətirdiyi əsassız iddiadan sonra “Fox News”-un “Dominion Voting Systems”-şirkətinə 767,5 milyon dollardan çox pul ödəməsi göstərilir. Məsələ bundadır ki, 2020-ci ilin noyabrında ənənəvi olaraq respublikaçıları və o zamankı prezident Donald Trampı dəstəkləyən “Fox News” seçkidən sonrakı həftələrdə səsvermənin nəticələrini şübhə altına alan silsilə verilişlər yayımlayıb. Bu verilişlərdə “Dominion Səsvermə Sistemləri” tərəfindən istehsal olunan səsvermə aparatları səsləri sayarkən təhrifə yol verdiyi haqda davamlı ittihamlar səslənib. Seçki qutuları və səssayma texnologiyaları üzrə ixtisaslaşmış şirkət isə bu böhtanı əsas götürərək kanaldan şikayətçi olur və məhkəməyə müraciət edir. Yekunda qalib gələn şirkətin əldə etdiyi kompensasiyanın məbləği ABŞ tarixində ən böyük diffamasiya cəzası sayılır. Bu səbəbdən ehtimal edilir ki, kanalın sahibi, multimilyarder Rupert Murdoch özü onu şirkətdən qovub. mənbə

Kanaldan ayrılana qədər Taker Karlson bir çox qalmaqallı açıqlamaları, təhqirli fikirləri, ultra-sağçı düşüncələri ilə yadda qalmışdır.  

"Cənab Karlson kabel xəbərləri tarixində ən irqçi şoumen idi” deyə keçən il New York Times yazmışdı. “O, tez-tez özünü qərəzlərin düşməni elan etsə də… onun nümayişi nifrət və qorxu öyrədir”. 

“Fox News-un tamaşaçısı saat 8-də aparıcının ağzına baxaraq növbəti yalan olduğuna inanmağa hazırdır”. 

“Baltnews” isə “Tərli, dumanlı və siçovulabənzər Tuker Karlson” başlıqlı məqalə yaymaqla aparıcını sərt tənqid edib. 

"Fox"-la rəqib olan CNN kanalı Taker Karlsonu “ultra-sağçı ekstremist” adlandırıb.

Onun çıxışlarından bəzi sitatlar ciddi qalmaqallar yaradıb. Misal üçün, “Övladlarımız nə üçün Baltik ölkələri, məsələn Estoniyanın ərazi bütövlüyünü təmin etmək uğruna canından keçməlidir?”

2020-ci ildə Corc Floydun polis məmurları tərəfindən öldürülməsindən sonra o, etirazçıları “cinayətkar dəstə” kimi aşağılayıb.

Taker Karlson Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-dan davamlı olaraq pul tələb etdiyinə görə sərt şəkildə tənqid edib və Ukrayna liderini "dilənçilikdə" ittiham edib. 

O, Rusiya hakimiyyətinin Ukraynada Amerika bioloji laboratoriyalarının olması ilə bağlı bəyanatlarını təkrarlayıb və Vaşinqtonu “Şimal axını” qaz kəmərini sabotaj etməkdə ittiham edib. Taker Rusiyanı ABŞ-ın düşməni saymır və təklif edir ki, Suriyadakı vətəndaş müharibəsində Rusiya ilə birləşərək vahid düşmənə qarşı döyüşməyi təklif edir. Taker Rusiyanın ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxiləsini də qəti qəbul etmir.

Taker Karlson işdən çıxandan 4 ay sonra (23.09.2023) “Russia Today” şirkətinin rəhbəri, milliyyətcə erməni olan Marqarita Simonyan amerikalı jurnalistə dərhal iş təklif edib. Rusiyanın dövlət kanalı “Rossiya 24” son dərəcə mühafizəkar baxışları və Qərbin Ukraynaya dəstəyini kəskin tənqid etməsi ilə tanınan amerikalı aparıcı Taker Karlsonun verilişinin reklamını yayımlayıb.

Taker Karlson isə Rusiya prezidenti Vladimir Putindən müsahibə almaq istəyini “Rossiya 1” kanalında “Vladimir Solovyovla bazar günü axşamı” verilişinin efirində açıqlayıb. O, bu məlumatı prezidentə çatdırmağı xahiş edib. "Əla olardı" Marqarita Simonyan deyib.

2023-cü ilin iyununda o, "Twitter"də canlı yayım açaraq 10 dəqiqəlik videobağlantı qurub və bununla da bu platforma üzərindən verilişlərini yayacağını bəyan edib. Elə ilk videoda Ukraynanı “Kakhovka” hidroelektrik stansiyasının dağıdılmasında günahlandırıb, Ukrayna prezidenti Volodymyr Zelenskini təhqir edib, “11 sentyabr” və “Cefri Epşteyn” haqqında sui-qəsd nəzəriyyələrinə istinad edib və o biri dünyanın mövcudluğu barədə fərziyyələr irəli sürüb

Və nəhayət, hazırda müəllifi olduğu “Taker tvitterdə” kanalı ətrafında baş verən qalmaqal haqda. Bu kanal efirə gedən kimi vaxtilə əməkdaşlıq etdiyi “Fox News” Taker Karlsonu Twitter-də yeni “Tacker” şousunun başlaması ilə bağlı müqaviləni pozmaqda ittiham edib. Bu barədə “Axios” portalı məlumat yayıb. Portalın məlumatına görə, “Fox News” sosial şəbəkədə öz şousunun başlamasına görə Karlsonu ağır nəticələrə səbəb ola biləcəyi ilə hədələyib. Belə ki, Takerin 2024-cü ilə qədər heç bir kanalda veriliş aparmaq hüququ yoxdur və belə addım atılarsa böyük miqdarda cərimə ilə üzləşməli olacaq. Beləliklə, Taker Karlsonun Vivek Ramasvami ilə birgə Azərbaycan əlehinə əsası olmayan ittihamları müəllifi olduğu, qanunsuz kanalla yayımlayıb.

Vivek Ramasvaminin fəaliyətini izlədikcə Taker Karlsonla inanılmaz uyğunluqlarının olduğu qənaətinə gəlirik. O da Taker Karlson kimi imiqrant ailəsindən çıxıb, amma ahzırda imiqrasiyaya qarşıdır. Ramasvami hindi kökənli olsa da katolik kilsəyə tapınıb. Çoxlu pul hər ikisi üçün həyati önəmli vasitədir. Hər ikisi Ukraynaya qarşı nifrət və kini, Rusiyaya isə simpatiyaları ilə seçilirlər.

Yekunda Cənab Karlsonun tvitter hesabında yazdığı bir cümləni xatırladırıq. Taker Karlson yazırdı: “Vicdanlı insanlar həqiqəti açıq deyəndə gücə çevrilirlər. Onlar nə qədər güclü olsalar, yalançılar da bir o qədər zəifdirlər. Kainatın dəmir qanunu belədir: həqiqət qalib gəlir”

Nəticə:

- Taker Karlsonun “Tucker tvitterdə” kanalına müsahibə verən ABŞ-da 2024-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olan Vivek Ramasvaminin Azərbaycan əleyhinə söylədiyi fikirlər əsassızdır

- Müsahibədə əsassız ittihamları səsləndirməklə ABŞ kimi böyük dövlətin rəhbəri olmağa iddialı şəxs siyasi proseslərdən, regiondakı situasiyadan xəbərsizliyini və ya müxtəlif maraqlardan irəli gələn qərəzli mövqeyini nümayiş etdirmiş olub. 

- Müsahibə zamanı təqdim olunan kadrlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın 2 böyük şəhəri- Gəncə və Bərdəni bombalayarkən qeydə alınan kadrlardır.  

- Taker Karlson peşəkar jurnalistika qaydalarını pozduğunu anlamalı, məlumatları təhrif etdiyi üçün təkzib verməli və üzr istəməlidir.