Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında hərbi hissənin yanacaq anbarında güclü partlayış baş verib. Həmin vaxt orada onlarla avtomobil sahibinin yanacaq almaq üçün növbədə dayandığı bildirilirdi. Azərbaycan və xarici KİV-lərin verdiyi məlumata görə, anbardakı benzin çəninin partlaması nəticəsində ölən və yaralananlar var.

Bu hadisə ilə bağlı müxtəlif versiyalar və dezinformasiyalar yayılır deyə Faktyoxla Lab. bəzi faktları aşkar etmək üçün araşdırma aparıb.

Sosial mediadan toplanan məlumatlara əsasən bildiririk ki, hadisə 25 sentyabr 2023-cü ildə 19:07-19:10 radələrində Xankəndi-Əsgəran yolunda yerləşən hərbi hissənin yanacaq anbarında baş verib. (Ermənilər bu yeri “Haykazovun yanacaqdoldurma məntəqələri”ndən biri adlandırırlar-red.)

Hadisədən dərhal sonra yaralılar Xankəndi Mərkəzi xəstəxanasına və Rusiya Sülməramlıları Kontingentinin tibb məntəqəsinə yerləşdiriliblər.    

Azərbaycan Xankəndində baş verən partlayışda yaralanan vətəndaşlarına yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

Rusiya SMK-nın teleqram kanalının yaydığı məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri partlayış qurbanlarına təcili yardım göstərməkdə davam edirlər. “Dəri və yuxarı tənəffüs yollarının müxtəlif dərəcəli yanıqları olan 23 nəfər Rusiya SMK-nin tibbi məntəqəsinə aparılıb”.

Aşkar edilən uyğunsuzluqlar:

1.Xankəndi-Əsgəran yolunda baş vermiş hadisə ilə bağlı yayılan ilk video saxtadır. Yanğın hadisəsi 23 yanvar 2021-ci ildə Rusiyanın Novosibirsk şəhərində baş verib. 

2. Partlayışdan dərhal sonra bir sıra erməni telegram kanalları eyni anda ölənlərin sayının 100-dən çox olduğu ilə bağlı saxta məlumat yaydılar. Sonradan isə Ermənistan mediası təsdiq etdi ki, 200 nəfər yaralı, 7 nəfər həlak olan var. Bu arada, əlavə edək ki, erməni teleqram kanallarında xəstəxanalarda yerləşdirilən yaralıların ad-soyadları göstərilən siyahılar yayıldı. Həmin siyahıda 178 nəfərin adı qeyd olunur. Rusiya SMK tibb məntəqəsində müalicə alan yaralıların sayının 23 nəfər olduğunu da nəzərə alsaq 200 rəqəminin doğru olduğu qənaətinə gələrik.

3. Qarabağdan olan, keçmiş Ermənistan rəhbərliyinə yaxın şəxslər davamlı olaraq yaralıların xüsusi tibbi aviasiya ilə İrəvana aparılmasını tələb etməyə başladılar. 

Qeyd edildi ki, Azərbaycan hadisədə yaralananların müalicəsi üçün bütün lazımi tədbirləri görür. Rusiya SMK tibbi heyəti də bu işdə müəyyən dəstək göstərirlər. Bəs erməni bloger və siyasətçilər niyə israrla xüsusi avia-reysin açılmasını tələb edirlər? Sosial mediada yazılanlara və hadisələri yaxından izləyənlərin qənaətinə istinad etsək, bu versiyanı irəli sürmək mümkündür: Partlayış, Ruben Vardanyana, Arayik Arutunyana və terrorçu rejimin digər rəhbərlərinə yaxın şəxslər tərəfindən məqsədyönlü şəkildə törədilib ki, bu yolla Laçın Sərhəd Buraxılış Məntəqəsindən keçə bilməyən terrorçular, eləcə də 1-ci Qarabağ savaşında hərbi cinayət törətmiş şəxslər, axtarışda olan cinayətkarlar Azərbaycan ərazisini tərk edə bilsinlər.

4. Ermənipərəst bloger Aleksandr Lapşin partlayışdan az sonra teleqram kanalında hadisənin Azərbaycan tərəfindən törədilməsi haqda saxta iddia irəli sürüb. O bildirib ki, "Stepanakertdə (Xankəndi-red.) benzin çəninin partlaması Azərbaycan tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən terror aktıdır. Nəzərə alsaq ki, biz “Socar”-dan Azərbaycandan göndərilən benzindən danışırıq (xəbərdə necə deyərlər), partlayıcılar onlar tərəfindən aktivləşdi. Benzin öz-özünə partlamır, sənin üçün Hollivud deyil, məktəb fizikasıdır". Qeyd edək ki, bu iddianı əksər erməni KİV və teleqram kanalları yayıblar. 

Təbii ki, bu iddia gülünc və saxtadır. Erməni sosial media plaformalarındna birində əldə etdiyimiz bu məlumat deyilənlərin saxta olduğunu və bir erməni sakin tərəfindən törədildiyini təsdiq edir. İzləyicilərdən biri yazır ki, “mən indi orada olanlardan biri ilə danışdım. Bir köpək oğlu (onu erməni adlandlırmaq düzgün deyil) siqaret çəkə-çəkə sisternlərdən birinə yaxınlaşıb”. Sev L. adlı istifadəçinin yazdığı “bəlkə də sülhməramlılardır” şərhinə isə qeyd edilən erməni sakin “bizimkilərdi” deyə cavab verib. Digər istifadəçi isə “Azərlərin günahı yoxdur, bu bizim çaqqallardır” deyə fikir bildirib.  

5. Partlayış baş verəndən az sonra çəkilmiş video və fotolarda diqqətçəkən məqamlar.

-Ərazidə böyük sayda avtomobil və insan toplandığı sezilmir və mülki şəxslərin maşınlarının hadisə baş verən yerdən xeyli aralıda dayandıqları görünür.   

-Hadisə olan yerə yaxın tikili və avtomobillərin isə zədənlənmədiyi müşahidə olunur.

- Partlayışdan az sonra çəkilən videoda ilk məqamda görüntünün normal qeydə alındığı müşahidə edilsə də, 3-4 saniyədən sonra həm ərazi, həm də insanların simaları nədənsə keyfiyyətsiz, fokussuz çəkilişlə verilib. Səbəbi aydınlaşdırmaq hələki mümkün olmayıb.

-Rusiya SMK tərəfindən hadisə baş verən əraziyə yaxın qurulmuş postda aparılan foto çəkilişlərdə də hadisə şahidlərinin və ya yaralananların yaxınlarının sifətləri və ətraf ərazi xüsusi effektlərlə torla örtülüb. Bu addımın da səbəbi naməlumdur.

6. Şəxsi avtomobili ilə Gorusa getmək istəyənlərin benzin üçün vaxtilə terrorçu rejimə məxsus hərbi hissənin yanacaq ehtiyatına müraciət etmələri də müəmmalıdır. Erməni mənbələri təsdiq edirlər ki, Gorusa getmək üçün hər ailəyə 10 litr benzin verilir. Belə şərait yaradıldığı halda yüzlərlə insanın hərbi hissənin yanacaq anbarına gəlib, orada benzin üçün növbədə dayanmaları anlaşılan deyil. 

 Nəticə:

- Xankəndi yaxınlığında hərbi hissənin yanacaq anbarında baş verən partlayışda yaralananların sayı 290 deyil, 200 nəfər, ölənlərin sayı 100-lərlə deyil, 7 nəfərdir;

- Hadisənin erməni sakin tərəfindən törədildiyi versiyasını ermənilər özləri də qeyd edir;

- Terrorçu rejimə yaxın şəxslər və media tərəfindən yaralıların xüsusi tibbi hava nəqliyyat vasitələrilə aparılmasının tələb edilməsi yanğının Laçın Sərhəd Buraxılış Məntəqəsindən keçməyə cürət etməyən terrorçuların, eləcə də 1-ci Qarabağ müharibəsində hərbi cinayət törətmiş şəxslərin “evakuasiya”sı məqsədilə edilmə ehtimalını gücləndirir.