Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalardan birində etirazçı qadının əlində tutduğu plakat diqqət çəkib. Yaralı uşaq şəkili təsvir olunan plakatda "Bu bizə Nikolun vəd etdiyi gələcəkdir. Belə hallar İrəvanda da baş verə bilər. Küçələrə çıx və gələcəyinə sahib çıx",- deyə yazılıb.
Faktyoxla Lab. plakatdakı şəklin harada çəkildiyini dəqiqləşdirməyə çalışıb.
Araşdırmalarımız zamanı məlum oldu ki, yaralanmış uşaq təsviri 1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ zamanı Deyvid Törnley tərəfindən çəkilib.
gettyimages.com.au-da nümayiş edilən foto “Microsoft” firmasının foto-satış portalı sayılan “Carbis”-in arxivindən götürülüb. Portalda nümayiş etdirilən foto barəsində aşağıdaki qeyd yazılıb: “Ermənistanda 1988-ci il dekabrın 7-də baş verən zəlzələdən sağ qalan gənc İrəvandakı Respublika Xəstəxanasına köçürülüb. Bura Kirovakan, Leninakan, Spitakdan təxliyə olunanlar qəbul edilib. Ölənlərin təxminən üçdə ikisi uşaq və yeniyetmələrdir. (Foto David Turnley/Corbis/VCG tərəfindən Getty Images vasitəsilə)”
Beləliklə, məlum olur ki, ermənilər bu şəkildən istifadə etməklə soydaşlarını daxildə Paşinyan əleyhinə təxribata çəkmək və eyni zamanda, xarici mediaya Azərbaycan haqda yalan məlumat ötürmək niyyəti güdürlər. Bu da onu göstərir ki, əslində onların saxtakarlığı sadəcə Azərbaycana və Türkiyəyə qarşı yönəlməyib. Onlar hətta özlərinə belə yalan danışmağa qadirdilər.
Nəticə:
- Paşinyana qarşı keçirlən aksiyada istifadə olunan plakatdakı şəkil Qarabağda çəkilməyib;
- “Qarabağda yaralanan uşaq” obrazı yaratmaq üçün istifadə edilən bu foto 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə çəkilib.