Artıq 2 gündür Ermənistandan Qarabağa göndərilən 400 tonluq “humanitar yardım” yüklənmiş TIR-lar Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir.
Bu siyasi şouda diqqətçəkən bir çox məqamlar var ki, bunlar arasında “humanitar yükü” Azərbaycan ərazisinə daşıyan “Spayka” adlı şirkət xüsusilə seçilir.
Faktyoxla Lab. 400 tonluq “humanitar yükü” niyə məhz bu şirkətə həvalə olunduğunu və ümumiyyətlə, şirkətin fəaliyyətini araşdırıb.
“Spayka”nın Qarabağdakı cinayətləri barədə
44 günlük müharibə zamanı (10 oktyabr 2020) Ermənistana silah daşıyan mülki yük maşınlarının Gürcüstan-Ermənistan sərhədində saxlanılması haqda xəbər yayılmışdı (mənbə). Xəbərdə bildirilirdi ki, hərbi avtomatik idarəetmə sistemləri Ermənistan nəqliyyat-daşıma şirkəti olan "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına aşkarlanmışdı. Bu onu göstərir ki, Ermənistan hakimiyyət orqanlarını Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı davamlı pozublar.
Digər fakt. Müharibə dövründə Paşinyan Ermənistanın tanınmış iş adamları ilə görüşür, onlardan biri “Spayka”nın rəhbəri David Qazaryan olur. Sonradan bəlli olur ki, Paşinyan iş adamından Qarabağda həlak olmuş erməni əsgərlərin meyitlərini şirkətə məxsus soyuduclarda saxlanmasını xahiş edib. Xatırladaq ki, həmin dövrdə Ermənistanda hərbçilərin cəsədlərinin mobil soyuducularda saxlanması ilə bağlı qalmaqal yaşanmışdı. Şəhər sakinləri “Metsamor meyitxanası”nın yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducuları lentə almışdılar. Həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşmişdi. Metsamor sakinlərinin deyirdilər ki, artıq morqda cəsədlərin saxlanması üçün yer qalmayıb. (mənbə)
“Spayka”nın Qarabağdakı qanunazidd fəaliyyəti ilə bağlı ən dolğun məlumat isə 2021-ci ilin mart ayında şirkətin media üçün yaydığı açıqlamasında əks olunub.
Şirkətin açıqlamasında müharibə zamanı Qarabağda həyata keçirdikləri daşımalardan danışılıb. Açıqlamadan bəlli olur ki, şirkət 2020-ci il sentyabrın 28-dən noyabrın 9-dək Moskva və Yerevandan Xankəndinə daşımaları öz hesabına həyata keçirib. Qarabağa gətirilən yüklərə ərzaq məhsulları, dərmanlar, şirkətin avto-təmir mağazalarında yığılan xüsusi avadanlıqlar, habelə Rusiyadan gətirilən “UAZ” maşınları daxil olub. Bundan başqa, qondarma quruma mobil soyuducular təhvil verilib. Bu maşınlar isə həlak olan erməni əsgərlərinin meyitlərinin daşınması üçün nəzərdə tutulubmuş.
Bəyanatın bu hissəsində isə şirkət əməkdaşlarının qanunsuz həbri birləşmələrin tərkibində döyüşdüyünü etiraf edir: "Təəssüf ki, müharibə zamanı şirkətimizin 4 işçisi həlak olub. Onlardan ikisi sürücü idi", - deyə bəyanatda bildirilir.
2019-cu ilin noyabr ayında Qarabağda terrorçu rejimin rəhbərlərindən biri Araik Arutunyan (hələ qondarma vəzifəyə "seçilməmişdi") “Spayka”nın prezidenti David Qazaryanla Qarabağda əməkdaşlıq edilməsi haqda razılığa gəldiyini mətbuata bildirmişdi. Arutunyanın açıqlamasından belə anlaşılırdı ki, o, nəinki “Spayka”nı yaxından tanıyır, hətta bu şirkətin işində maraqları da var. "Spayka təkcə logistika şirkəti deyil. O, Ermənistanda meyvə-tərəvəz istehsalı ilə məşğul olan ən böyük və Avropaya, MDB ölkələrinə və Körfəz ölkələrinə ən böyük ixracatçılardan biridir",-deyə o, şirkəti reklam etmişdi.
"Spayka" şirkəti və hər kəslə dil tapan "coker" sahibi barədə
“Spayka” Ermənistanın aparıcı yük ekspeditor şirkətidir. 2001-ci ildə iş adamı David Qazaryan tərəfindən təsis edilib. 2007-ci ildən "Greenproduct" törəmə şirkəti təsis edilib və Rusiya, digər MDB ölkələri, Avropaya təzə meyvə-tərəvəz ixracına başlayıb. 2009-cu ildə “Araratfruit” ticarət nişanı yaradılıb. Şirkətin “Volvo” istehsalçısının 200-dən çox yük avtomobilin ibarət parkı var. Bundan əlavə, “Spayka” Ermənistanda "Volvo", "Carrier", "Transicold", "Krone", "Shmitz Gargobull" şirkətlərinin rəsmi distribyutorudur. mənbə
Paşinyan hakimiyyətə gələndən sonra şirkətin problemləri başlayıb. 2019-cu ilin aprel ayında Ermənistan Dövlət Gəlirləri Komitəsi vergidən yayınma və dövlətə külli miqdarda ziyan vurmaq maddələri ilə “Spayka” şirkətinin rəhbəri David Qazaryanı həbs edib. Bu xidmətin saytında qeyd olunur ki, “Spayka” MMC-nin rəhbərliyi 2014 və 2015-ci illərdə Aİ üzvü olmayan Avropa ölkələrindən, o cümlədən Polşa və Belçikadan pendir, armud, alma, çin kələmi, pomidor və digər malları Gürcüstan vasitəsilə Ermənistana idxal edib. 01.01.2015-11.01.2016 aralığında şirkət idxal olunan malların faktiki təsviri, çəkisi, dəyəri, mənşə ölkəsi, malların tədarükçüləri, alıcıları və digər məlumatları özündə əks etdirən sənədləri Gürcüstan gömrük orqanlarına təqdim edib. Lakin, mallar Ermənistana gömrüyündən saxta sənədlərlə, daha dəqiq desək, əlavə dəyər vergisindən azad edilmiş mallar kimi (misal üçün, silitr) keçirilib. Nəticədə, gətirilən mallar gömrük və digər rüsumlardan azad edilib.
Araşdırma zamanı istintaqçılar törədilən cinayətin təkzibedilməz faktlarla sübuta yetiriblər. "Spayka"nın rəhbəri David Qazaryan əvvəl bu məlumatları təkzib edib, istintaqı və müstəntiqləri ələ salıb, heç bir günahının olmadığını deyib. Lakin seçilmiş 2 aylıq həbs qərarının tamamında o fikirlərindən dönüb, özünü təqsirli bilib və dəymiş ziyanın ödənilməsinə və əlavə vergi öhdəliklərinin yerinə yetirilməsinə hazır olduğunu bildirib. O, ödənilmiş böyük miqdarda girov sayəsində həbsdən azad edilib. Qazaryan həbsdən çıxandan sonra 5,5 mlrd. dramı dərhal, qalan 2,5 mlrd. dramı hissə-hissə olmaqla ümumilikdə 8 mlrd. drama (təxminən 14,7 mln. dollar) yaxın vəsait dövlət büdcəsinə ödənilib.
Bəs, şirkətin 2014-2018-ci illərdə qanunları tapdalamasına kim şərait yaradıb? Erməni mediasında şirkətin işlərinin artan templə getməsinin səbəbi kimi Ermənistanda rəhbərlikdə kimin olmasından asılı olmayaraq onlarla yüksək dil tapmaq bacarığı göstərilir. Belə ki, bu şirkətin 2009-2013-cü illərdə keçmiş prezident Robert Koçaryanın oğlu Sedrak Koçaryanla, 2013-2018-ci illərdə isə keçmiş prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı səfiri Mikael Minasyanın “yardımçı təsərrüfatı” rolu oynadığı dəfələrlə vurğulanıb. M.Minasyanın şirkətin səhmlərinin 49%-ni ofşor sxemi ilə ələ keçirdiyi bildirilir. (mənbə)
Qazaryanın həbsdən girov hesabına azad olunması erməni mediasının diqqətini cəlb edib. Dövlət Gəlirləri Komitəsinin əməkdaşı 2019-cu ilin iyul ayında mətbuata açıqlama verərək bildirmişdir ki, David Qazaryan “vahid hesaba” 1 mlrd. dram ödədikdən sonra haqqında çıxarılmış həbs qərarı dəyişdirilmiş və o sərbəst buraxılmlışdır. Bu isə ictimaiyyətdə təəccüblə qarşılandı. Erməni mediası bu hadisədən sonra “David Qazaryan 1 mlrd. dramı nəyin müqabilində ödəyib?” yazaraq Ermənistanın yeni idarəçiliyində rüşvətin leqallaşmasına işarə vurmuşdular. Sonradan bəlli olacaq ki, şirkətə sahiblik edilməsində sadəcə əl dəyişib- Ermənistanda Serj Sarkisyanın diktaturası başa çatandan sonra səhnəyə yeni sahib- Nikol Paşinyan çıxıb. N.Paşinyan sələflərindən fərqli olaraq şirkəti hüquq mühafizə orqanlarının əli ilə özünükiləşdirib.
Erməni mediasında yayılan bir məqalədə qeyd olunur ki, Paşinyanın həlak olmuş əsgərlərin soyuducuda gizlədilməsi ilə bağlı xahişini yerinə yetirdikdən sonra şirkətin direktoruna qarşı qaldırılmış cinayət işi faktiki dayandırılıb. Bundan sonra şayiələr yayılmağa başlayıb ki, məhz buna görə şirkət baş nazir Nikol Paşinyana dəstək olmağa başlayıb və işçilərini avtobuslarla Paşiyanın mitinqlərinə daşıyıb.
Bu hadisədən sonra Qazaxıstanda yerləşən Avrasiya İnkişaf Bankı (AİB) vergi fırıldaqları faktı səbəbindən planlaşdırılan 100 milyon dollarlıq maliyyəni geri çəkib.
Ümumiyyətlə, “Spayka”nın adı bir çox neqativ hadisələrdə hallanıb. Bunlardan biri Ermənistanda təzə meyvə-tərəvəz biznesinin 1 nömrəli monopolisti olması haqdadır.
oc-media.org-da 2017-ci ildə dərc edilən “Erməni ərik mafiyası” adlı məqalədə qeyd olunur: "Ermənistanın ərik əkinçiləri bol mövsüm keçiriblər, lakin zəhmətlərinin bəhrəsini ala bilmirlər. Onlar deyirlər ki, prezidentin kürəkəni ilə əlaqəsi olduğu iddia edilən ixracatçı “Spayka” bazarı zəbt edib və səlahiyyətlərindən sui-istifadə edir”. Bundan başqa Rusiyaya ərik ixrac edən kiçik erməni ixracatçıları iddia edirlər ki, “Spayka” Krasnodardakı ən böyük topdansatış bazarları olan “Roza Vetrov” və “Xutor Lenina” Ermənistandan digər ərik ixracatçılarına girişi bağlayıb. Bu bazarlar indi yalnız “Spayka”dan məhsul qəbul edir.
“Spayka”nın Rusiyada 2 əsas bazası (Krasnodar və Moskvada) və 2 böyük tərəfdaşı (onlran biri “Maqnit” iri topdansatış şəbəkəsidir) var. “Maqnit” şəbəkəsinin sahibi isə 2 il bundan öncəyə qədər “Krasnodar” futbol klubunun prezidenti, milliyyətcə erməni Sergey Qalitskiy olub.
“Spayka”nın digər tərəfdaşı isə "Ameriabank"dır. "Ameriabank" pendir və digər süd məhsullarının istehsalı üçün "Spayka aqro-holdinq"in yeni zavodunun əsas maliyyə tərəfdaşı kimi çıxış edib və zavodun investisiya proqramına 15 milyon dollar yatırıb. (mənbə) Bu bank isə rusiyalı milyarder Ruben Vardanyanın bankıdır və “Troyka Landromat” ifşasından sonra bu bankı alaraq çirkli pulların yuyulması və digər cinayət əməllərində istifadə edib. (mənbə)
Göründüyü kimi, Ermənistandan Qarabağa “humanitar yardım” adı altında göndərilən yükün operatorunun “Spayka” şirkətinin seçilməsi təsadüfi deyil. Bu şirkət Qarabağda qanunsuz fəaliyyət göstərib, müharibə zamanı silah-sursat daşıyıb və Koçaryan, Sarkisyan, Arutunyan və Vardanyan kimi cinayətkarlarla iş birliyi olub. Hazırda Paşinyanın nəzarətində olan şirkətin bu provokasiyada iştirakının arxasında adları qeyd olunan qüvvələr açıq görünür, xüsusən də hər iki ölkənin xarci işlər nazirlərinin Moskvada keçirilən görüşündən sonra mənzərə tam aydındır...