Sosial şəbəkələrin erməni seqmenti və erməni KİV-i Xankəndinin "blokadası", "ərzaq və dərman qıtlığı" ilə bağlı məlumatlar yaymaqda davam edirlər. Belə məlumatlardan birini Xankəndidə yaşayan bloger Marut Vanyan paylaşıb. O, Xankəndi apteklərindən birində boş vitrinləri çəkərək "dərman qıtlığını" göstərmək istəyib.

Faktyoxla Lab. bu faktı araşdırıb.

Marut Vanyanın çəkdiyi vitrinin şüşə üzlüyü üzərinə düşən kölgələr diqqət çəkir. Həmin fotoya  adi qrafik redaktə texnikaları ilə qaranlıq effekti verdikdə şüşə üzərində əks olunanları rahatlıqla görmək olur.

Fotolardan da görünür ki, fotosu çəkilən boş vitrinin şüşəsində əks olunan qarşı vitrinlərdə yetərli qədər dərman preparatları var. 

Qeyd edək ki, boş vitrinlərin aynasında əks olunanlara əsasən "ərzaq qıtlığı" yalanının ifşası ilk dəfə deyil. Belə ki, yanvar ayında erməni fəal Siranuş Sarqsyan Xankəndi mağazalarından birində boş vitrinlərin fotosunu yayaraq “ərzaq çatışmazlığına” işarə vurmuşdur.

Eyni metodla dəqiqləşdirmə apardıqda satışda olan külli miqdarda ərzaq məhsullarının “gizlədildiyini” aşkar etmişdik.

Maraqlıdır ki, “boş aptek vitrinləri”ni çəkib yayan Marut Vanyanın da ilk saxtakarlığı deyil. O, bir mağazanın piştaxtalarının boş olduğunu, yalnız sürkə məhlulunun satıldığını əyani nümayiş etdirməyə çalışırdı.  

Kiçik araşdırma ilə Marut Vanyanın bu hiyləgərliyini ifşa etmişdik.

Saxta məlumatlar yaymaqda ustalaşan, amma ilk addımdaca özünü rüsvay edən bu blogerin daha bir cəhdi uğursuz alınmışdı. 

O, bir qrup insanın evdə şam işığına yığışdıqlarını çəkib göstərmişdi. 

Amma bu paylaşımdan sonra ona verilən yüzlərlə “Küçə lampaları və işıqları yandığı halda bunlar niyə şam işığına yığışblar?” sualına cavab tapa bilməmişdi.

Nəticə:

-Erməni bloger Marut Vanyanın Xankəndidə aptekdən çəkdiyi "boş vitrin" fotosu manipulyasiyadır. 

-O, dəfələrlə saxta məlumatlar yayması ilə tanınır.