İranın dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” Agentliyi üçün “Qafqazın gələcəyinə NATO-nun mümkün müdaxiləsi və təcavüzünə qarşı ayıq olmaq zərurəti” başlıqlı eksklüziv məqalə yazıb. 

Yazıda Türkiyə və Azərbaycan əleyhinə iddialar yer alır, Türkiyə və Rusiya arasında münasibətləri korlamağı hədəfləyən mesajlar verilir. Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılığı və bəzi "Azov" döyüşçülərini Ukraynaya təhvil verməsi xüsusən qabardılır. Bu “incə gedişdən” sonra cənab Vilayəti dərhal “İranın əleyhinə olduğu Zəngəzur dəhlizi, Türkiyə və Azərbaycan arasında əlaqələrə” keçid edir.

Faktyoxla Lab. bu yazıda səslənən iddialara aydınlıq gətirməyə çalışıb.

Əvvəla, Ə.Ə.Vilayətinin ənənəvi olaraq hamıya tarix dərsi keçmək üslubunda yazdığı məqalədə səsləndirdiyi iddialar o qədər bəsitdir ki, əgər yazının sonunda onun adı qeyd edilməsəydi və üslub fərqli olsaydı, bu yazının Salar Seyfəddini, Kave Bayat, Ehsan Movəhhediyan, Şüeyb Bəhmən, Əhməd Kazımi və digər bu kimi ondan-bundan eşitdikləri söhbətlər üzərində analitik təhlil yazan “tarixçi” və “siyasi ekspertlər”in rəyləri, yaxud da “Sepah”ın “Qüds Qüvvələri”nin hazırladığı tezisləri cümə xütbələrində təkrarlayan əyalət mollalarının, imam cümələrin çıxışlarından növbətisi hesab etmək olardı. Amma bu iddianın əksini düşünüb, qeyd etdiyimiz “ekspertlərin” ənənəvi çıxışlarının tezislərinin haradan ötürüldüyünü,  onları kimin istiqamətləndirdiyini həm də bəlli etmiş oluruq. Yəni, bu faktlar, İran mətbuatına Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqe sərgiləməklə bağlı tapşırığın hakimiyyətin əsas eşalonundan gəldiyini bir daha nümayiş etdirir.

Digər tərəfdən, bildirməliyik ki, "Tasnim"dəki uzun mənasız yazının əsl hədəfi Azərbaycan deyil, sadəcə Rusiyaya mesaj verməkdir, ona çağırış etməkdir. Belə ki, iyulun 10-da Rusiyanın ev sahibliyi ilə keçirilmiş Körfəz Ölkələri Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin iclasının sonunda yayılmış bəyanatda iştirakçı ölkələr Birləşmiş Ərəb Əmirliklərinin Körfəzdə yerləşən “Əbu Musa”, Böyük Tonb” və “Kiçik Tonb” adaları üzərində suverenliyini yenidən təmin etmək üçün göstərdiyi diplomatik fəaliyyəti, həmçinin BƏƏ ilə İran arasında bu istiqamətdə danışıqlara start verilməsi təşəbbüsünün dəstəklədiklərini elan ediblər. Bəyanatı imzalayan və bu çağırışı edən ölkələrdən biri də elə Rusiyanın özü olub. istinad

Hələ Şah hakimiyyəti dövründə (1971-ci ildən) İran tərəfindən işğal edilmiş BƏƏ-yə məxsus bu 3 ada ilə bağlı səsləndirilmiş bəyanat bu ölkədə ciddi narahatlığa səbəb olub. İran XİN-in sözçüsü Nasir Kənani dərhal bəyanata cavab verərək adaların əbədi olaraq ölkəsinə aid olduğunu iddia etməklə rəsmi Tehranın bu istiqamətdə heç bir danışıqlara hazır olmadığını bildirib. Hətta Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağırılaraq ona etiraz notası təqdim edilib. Bundan başqa, İran mətbuatında və sosial şəbəkələrdə fəaliyyət göstərən İran hökuməti və təhlükəsizlik orqanlarına məxsus kanallarda Rusiya əleyhinə kampaniyaya start verilib. İş o yerə çatıb ki, hətta İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin nəzarət etdiyi rəsmi “İslam Respublikası” qəzeti Rusiyanı İrana xəyanət etməkdə günahlandırıb. “Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyin zərurəti” başlığı ilə tirajlanan məqalədə qeyd edilən bəyanatın Rusiyanın İrana sonuncu xəyanəti olmayacağı, rəsmi Moskvanın hiylə işlədərək İranı Ukrayna müharibəsinə cəlb edərək ölkənin beynəlxalq ictimaiyyət və Ukrayna ilə münasibətlərinin korlanmasına səbəb olması və digər bu kimi “xəyanətləri” sadalanmışdır. Sonda rəsmi Tehranın Rusiya ilə münasibətlərdə fundamental dəyişikliklər edərək, rus rəsmilərə İran xalqına qarşı belə xəyanət etdikləri üçün peşman olacaqlarını xatırlatmağın vacibliyi vurğulanmışdır. 

İranın zəbt etdiyi 3 adanın tarixi haqda qısa arayış. Fars körfəsində bir çox ərazilər, o cümlədən Hörmüz boğazındakı 3 ada- Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları 1903-cü ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi altında olub. 1971-ci ilin noyabrında Britaniya adalara nəzarəti BƏƏ-yə təhvil verərək geri çəkilib. Lakin, o zaman İran hərbi müdaxilə hesabına hər 3 adanı işğal edib. Bu işğaldan sonra başda BƏƏ olmaqla 22 ərəb dövləti İranı işğalçı dövlət kimi tanıyıb. Nəticədə bu və digər səbəblər üzündən ərəb dövlətləri ilə İran arasında soyuq müharibə başlayıb. Hətta 1980-ci ildə İraqla İran arasında başlayan və 8 ildən artıq davam edən müharibənin bir səbəbi də də bu 3 ada idi. Belə ki, Səddam Hüseyn höküməti Xomeyni rejiminə müharibədən imtina etmək üçün göndərdiyi notada 3 şərtdən biri kimi adalardan işğalçı ordunun çıxarılması müddəasını önə sürmüşdü. Lakin, molla-fars rejimi İraqın ultimatumunu qulaqardına vurdu və nəticədə uzun müddətli qanlı müharibə başladı. (istinad)

Bəs, Hörmüz boğazındakı adalar niyə bu qədər önəmlidir? Adaların əhəmiyyəti onunla izah olunur ki, Hörmüz boğazının ən dərin və neftdaşıyan tankerlər üçün ən əlverişli keçidi məhz bu adaların arasındadır. Yəni adalara nəzarət Hörmüz boğazına nəzarət anlamına gəlir. Dünya bazarına ixrac olunan neftin 40 faizi bu boğazdan daşınır. Bundan əlavə, ərazisi Əbu Musa adasının özü də zəngin neft ehtiyatlarına malikdir. İran bu adalarda böyük hərbi kontingent saxlayır. Adada hərbi aerodrom tikilib, hava hücumundan müdafiə qurğuları yerləşdirilib. İranın adalarda yerləşdirdiyi həbi qüvvələr bu ölkəyə Hörmüz boğazına nəzarət imkanı yaradır. Bunları bilən İran bütün vasitələrlə işğalın ömrünü uzatmağa çalışır. Çünki, Hörmüz boğazına nəzarət İranın bir dövlət kimi ayaqda qalmasının əsas səbəblərindən biridir. Bu boğaz sayəsində İran nəinki, dünya neft bazarına təsir imkanını əlində saxlayır, həm də öz neft ehtiyatlarını sanksiyalardan yayınaraq bu ərazidən qaçaqmalçılıq yolu ilə xarici bazara çıxarır.

Fars-molla rejimi məhz 3 adanın işğalı ilə bağlı tutduğu mövqeyə görə Rusiyaya qəzəblənib. Göründüyü kimi bu 3 ada İran üçün nəinki qırmızı xətt, həm də nəfəslikdir. Bu nəfəslik molla-fars rejiminin əlindən alındığı gün bu ölkənin sonu gələ bilər. Bir sözlə, fars-molla rejiminin xarici siyasət üzrə ixtisaslaşmış ekspertləri, diplomatları, yazarları Rusiyanın "xəyanətlərini" sadalamaqda sıraya düzülüblər. Bu məqamda Əli Əkbər Vilayəti ölkəsinin Rusiyaya qarşı incikliyini dolayı yollarla ərz etdiyi məqalədə aidiyyatı olmadığı halda, əslində ənənəsinə sadiq qalaraq, Azərbaycan və Türkiyəyə qarşı kinini püskürməyi unutmayıb. 

Ə.Ə.Vilayəti məqalədə Zəngəzur dəhlizinə qarşı olanların dilindən Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratması üçün Ermənistanın “böyük bir hissəsini işğal etməsi”nə ehtiyacı olmadığını, sırf qaz kəmərləri çəkmək, elektrik enerjisi nəql etmək, tranzit yolu salmaq və digər bu kimi addımlarla Ermənistanın ərazi bütövlüyünə xələl gətirmədən quru əlaqəsi təmin edə biləcəklərini, rəsmi Tehranın dəhlizə qarşı olduğunu bir daha vurğulayır. Lakin o, Azərbaycan və Türkiyəni Ermənistanın bir hissəsini, yəni Zəngəzur vilayətini “işğal etməyə” israrlı olduğunu, bununla da müəyyən məqsədlərinin mövcudluğunu iddia edir. O, bu məqsədləri “Ermənistanı iki hissəyə bölmək”, “Əhəmənilər və Parfiya dövründən mövcud olan İran-Ermənistan əlaqələrini (sərhədini) kəsmək” və “İranın ətraf mühitlə əlaqəsini kəsmək” kimi ifadələrlə şərh etmiş, dəhlizin açılacağı təqdirdə, İranın Şimali Qafqaz, Rusiya və Avropa ilə əlaqələrində problemlərin yaranacağını bildirib. Bundan başqa, Türkiyənin NATO üzvü olmasını qabardaraq, Zəngəzur dəhlizinin NATO və digər Qərb ölkələrinin regionda mövcudiyyətini təmin etməsi, bununla da İran və Rusiyaya təhdid formalaşacağına dair sərsəm fikirlər səsləndirir, ciddi cəhdlə rəsmi Moskvanı İranla birgə Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağa çağırır.

Ə.Ə.Vilayətinin ittihamlarına cavab olaraq qeyd etmək lazımdır ki, rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə Zəngəzur dəhlizi ilə bağlı İranın əsassız iddialarına, dezinformasiyalardan ibarət narahatlığına cavab verib. Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İranın xarici işlər naziri ilə görüşündə bu məsələyə aydınlıq gətirib. Amma İran təbliğatı və "narahatlığı" öz ampluasındadır. İranın Azərbaycan tərəfinin ən ali səviyyədə mövqeyinə bu cür destruktiv münasibəti, əslində bir daha rəsmi Tehranın beynəlxalq və ikitərəfli münasibətlərdə etibarlı tərəfdaş olmadığını nümayiş etdirir.

Vilayətinin məqalədə qeyd etdiyi, “Ermənistanı iki hissəyə bölmək”, “Əhəmənilər və Parfiya dövründən mövcud olan İran-Ermənistan əlaqələrini (sərhədini) kəsmək” və “İranın ətraf mühitlə əlaqəsini kəsmək” kimi ifadələriə diqqət edək. Bəllidir ki, Zəngəzur dəhlizi Sovet dönəmindən mövcud olan, Azərbaycanın öz ərazisi Naxçıvanla birləşdirən ən yaxın, təbii və tarixi bəlli kommumnikasiya xəttidir. Coğrafiyadan məlumatı olanlar bilirlər ki, uzunluğu cəmi 48 km olan bu yol Ermənistanla (Qərbi Zəngəzurun cənubu-red.) İran sərhəddindən keçir. Elə isə, Vilayəti “Ermənistanı iki hissəyə bölmək” deyərkən nəyi nəzərdə tutur? O, İranın Qərbi Zəngəzurun cənubu ilə həmsərhəd rayonlarını, ostanlarını, vilayətlərini Ermənistan ərazisimi sayır? Başqa halda Ermənistanı necə ikiyə bölmək mümkündür? 

“Əhəmənilər və Parfiya dövründən mövcud olan İran-Ermənistan əlaqələrini (sərhədini) kəsmək” ifadəsinə gəlincə, bu fikir İran rəsmiləri tərəfindən tez-tez səslənən əsassız tezisdir. Misal üçün, 2022-ci ilin noyabr ayında İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri Ermənistanın baş prokroru Anna Vardapetyanla görüşdə tarixi və elmi yanlışlıqlara yol verərək “İran və Ermənistan arasında 3000 illik tarixi və mədəni bağlar var” ifadəsini işlətmişdir. O zaman araşdırmaçılar, tarixçilər bu cəfəng iddiaya layiqli cavab verərək səfirin tarix elmindən xəbərsiz olmasını ifşa etmişdilər. Vilayəti də bu biabırçılıqdan məlumatlı olduğu üçün səsləndirdiyi oxşar iddiada müəyyən korrəktələr aparıb, amma yenə də yanlışa yol verib. Çox qısa formada bölgəmizdə tarixi ardıcıllıqla mövcud olmuş dövlətləri sadalayırıq: Assuriya, Urartu, Manna, Midiya, Əhəmənilər, Parfiya, Selevkilər, Sasanilər, Atropatena, Albaniya, Şəddadilər, Rəvvadilər, Sacilər, Salarilər, Şirvanşahlar, Atabəylər, Qaraxanilər, Xarəzmşahlar, Hülakülər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Osmanlılar, Azərbaycan xanlıqları, Qacarlar, Əfşarlar, Zəndilər, 1925-ci ildən Pəhləvilər və 1936-cı ildən İran. Bu siyahıda Ermənistan (Armenia) və İran adına (1936-cı ilə qədər) rast gəlindimi? Vilayəti Əhəmənilər deyərkən "Armenia" adlanan ərazinin mənimsəmiş erməniləri nəzərdə tutursa, daha əlavə şərhə ehtiyac qalmır. Əgər Vilayəti İranla Ermənistan arasında “tarixi əlaqələrini” Parfiya və Əhəmənilər dövrünə qədər gedib çıxdığını bilməyərəkdən iddia edirsə (ehtimal azdır), bu savadsızlığını, xeyr, bilərəkdən iddia edirsə saxtakarlığını nümayiş etdirmiş olur. Çox böyük ehtimal ki, Vilayəti erməni araşdırmaçılarının tezislərindən yararlanır. Xatırlayırsınızsa, 2022-ci ilin fevralında İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran kafedrasının müdiri Vardan Voskanyan İrəvanda keçirilən “elmi konfransda” oxşar sərsəm açıqlama vermişdi.

Onun iddiasına görə, Bisütun əlyazmalarında guya Böyük Daranın vaxtından “regionda yalnız ermənilər və iranlılar olub”. Voskanyan qeyd edib ki, Ermənistanla İran arasındakı sərhədlər guya dünyada ən “qədim sərhədlərdən” biridir və dünyada çox az sayda dövlət belə “qədim sərhədlərə malikdir”. Yazının genişliyi, həm də boşuna zaman itirməmək üzündən bu iddialara hələlik cavab vermirik.

Vilayətinin Azərbaycanı Ermənistanın Sunik vilayətini, yəni Qərbi Zəngəzuru “işğal etməyə cəhd”də ittiham etməsi hazırki və əvvəlki məqalələrində “tarix müəllimi” mövqeyindən çıxış edən bu şəxsin tarixi biliklərində naqis cəhətlərdən və qərəzdən xəbər verir. Vilayəti tarixin bütün dövrlərində azərbaycanlılara məxsus olan Qərbi Zəngəzurun Sovet hökuməti tərəfindən ermənilərə peşkəş edilməsindən təbii ki, məlumatlıdır. Bu mövqe “İslam həmrəyliyi”, “müsəlman torpaqlarının azadlığı” və digər bu kimi məfhumları əldə bayraq edən, əməldə isə faktiki olaraq tam əksini nümayiş etdirən İran İslam Respublikasının mahiyyətinin real təsviridir. İran və Ermənistan sərhədində yerləşən Qərbi Zəngəzurun məntəqə, rayon və şəhərləri 1921-ci ilin 30 noyabr-1 dekabr tarixlərində sovet hökumətinin qərarı ilə Azərbaycandan alınaraq Ermənistana verilib. Ondan əvvəl Qərbi Zəngəzur torpağı Azərbaycan ərazisi olub. İndi maraqlı sual yaranır: “İslam həmrəyliyi”, “müsəlman torpaqlarının azadlığı”ndan danışan niyə İran istəmir ki, müsəlman qardaşları dədə-baba torpaqlarına- Mehriyə, Qarakilsəyə, Qafana, Gorusa qayıtsın, məscidlərdən azan səsi eşidilsin? 

Ermənistanı hər vəchlə himayə etmək siyasətini bütün çılpaqlığı ilə sərgiləyən bu dövlətin xarici siyasət doktrinasını təşkil edən yuxarıda sadalanan halların yalnız söz yığınından ibarət olduğunu, bu rejimin İslamı tamamilə pan-iranizm və pan-farsizm siyasətinin alətinə çevirdiyini nümayiş etdirir. Eləcə də, həm İran-Ermənistan sərhədi ilə bağlı, həm də rəsmi Tehranın Rusiyadan “inciməsi”nə səbəb olan körfəzdəki 3 ada ilə bağlı “əfsanələr”dən ibarət eramızdan əvvəlki və Orta əsrlər dövrünün tarixinə istinad edən İran, XX əsrdə azərbaycanlıların iradəsinin ziddinə olaraq Azərbaycandan alınaraq Ermənistana verilən Zəngəzur mahalının Azərbaycana məxsus olmasını etiraf etmir, əsl din təəsübkeşi kimi həqiqəti söyləməyə cəsarəti çatmır.  

Bu məsələdə İranın rəsmi şəxsləri və ekspertləri tarixdə müxtəlif dövlətlərə məxsus ərazilər üzərində suverenliyin bərpasının müasir dövrdə irəli sürülə bilməyəcəyini iddia edirlər. Halbuki, bu absurd mövqe ilə İran rəsmiləri “Tarixi-Nadir”dən digər dövlətlərə dərs keçərək irəli sürdükləri iddiaları da elə özləri təkzib etmiş olurlar. Bu iddiaya son olaraq bunu əlavə etmək olar ki, Qarabağın işğalı dövründə bu gün Azərbaycanı “Ermənistan torpağını işğal etməyə çalışmaqda” ittiham edən rəsmi Tehran müxtəlif məsələlərlə bağlı yaydığı bəyanatlarda, eləcə də rəsmi şəxslərinin açıqlamalarında işğal faktını dilə gətirməmiş, Ermənistanı işğalçı adlandırmamış, Qarabağın işğalı ilə bağlı “regionda gərgin vəziyyət” və digər bu kimi yumşaq diplomatik ifadələrdən istifadə etmişdir. Bu da bir daha İranın yürütdüyü əcaib siyasətin göstəricisidir.

Vilayəti digər iranlı rəsmilər kimi İran-Ermənistan sərhədini ölkənin Avropa, Şimali Qafqaz və Rusiyaya yeganə çıxış qapısı kimi təqdim etməyə, buna görə də sərhədin ölkəsi üçün strateji əhəmiyyət daşıması fikrini təlqin etməyə çalışır. Bu fikirlərlə də Vilayəti, yumşaq desək, yalan danışmağa və oxucuları aldatmağa çalışır. Axı, regionla bağlı məlumatlı olanlar İranın Avropaya çıxış üçün uzun illərdir digər marşrutlardan istifadə etdiyini, dəfələrlə cəhd etməsinə baxmayaraq, ötən illər ərzində Rusiyanın öz maraqlarına görə İrana həm Ermənistanın özü üçün, həm də bu ölkənin ərazisindən tranzit kimi istifadə etmək istiqamətində qurmaq istədiyi böyük miqyaslı enerji infrastrukturu layihələrinin reallaşmasına imkan vermədiyini yaxşı bilir. Digər tərəfdən isə həm Vilayətinin, həm də digər iranlı rəsmilərin etdiyi populist çıxışlarda “çökməkdə olduğunu” iddia etdikləri Qərb ölkələri ilə ticarət əlaqələrinə nədən bu qədər ehtiyacları olduğu və hansı növ məhsul satacaqları sual doğurur. İrana qarşı ABŞ-ın qəbul etdiyi sanksiyalar faktiki olaraq Avropa ölkələri ilə humanitar sahələr istisna olmaqla digər sahələrdə ticari əlaqələrini qadağan edir. İranın Zəngəzur dəhlizi ətraf mühitlə əlaqələrimizi kəsəcək iddiası olduqca məntiqsiz və əsassız yanaşmadır. Çünki Zəngəzur Dəhlizinin açılması Ermənistanla İran arasında əlaqələrin kəsilməsi anlamı daşımır. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir. Bu sadəcə, İranın başqa bəhanə tapa bilməməsinin göstərəcisidir.

 Yəni hazırda Avropa ölkələri ABŞ sanksiyalarına məruz qalmamaq üçün kəskin tələbata baxmayaraq, İrandan enerji resursları, neft-kimya və s. sahələrdə məhsullar idxal edə bilmir. Belə olan təqdirdə, "İran Avropaya hansı məhsulları ixrac edə bilər" sualı aktuallaşır. Bunun cavabı da çox sadədir. Vətən müharibəsi nəticəsində Qarabağın erməni işğalından azad edilməsi İranın narkotik, silah və uran qaçaqmalçılığı sahələrində fəaliyyətlərinə ciddi zərbə vurmuşdur. Belə ki, Qarabağ uzun illər işğal altında olduğu və beynəlxalq nəzarətdən kənarda qaldığı üçün İran burada qondarma rejim və Ermənistanla birlikdə sadalanan istiqamətlərdə cinayətkar və qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmuşdur.

Bu məsələni İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Kəşfiyyat Təşkilatının Ərdəbil Vilayəti İdarəsinin rəis müavini olmuş polkovnik Əli Rzayi 2021-ci ilin dekabr ayında “Amerikanın Səsi” teleradiosunun İran redaksiyasına verdiyi müsahibələrdə də təsdiqləmişdir.

 

Uzun illər “Sepah”da çalışan, Birinci Qarabağ müharibəsi zamanı “kömək” adı ilə Azərbaycana gələn və etdiyi xəyanətlərə görə 1994-cü ildə haqqında cinayət işi açılandan sonra İrana qaçan “Sepah” generalı Mənsur Həqiqətpurun ölkəmizə ezam edilmiş dəstəsində olan və hazırda İrandan kənarda yaşayan Ə.Rzayi bu müsahibələrdə bir çox mətləblərin üzərinə işıq salmışdır. O qeyd etmişdi ki, “Sepah”ın 2020-ci ilin yanvar ayında öldürülmüş sabiq komandanı Qasım Süleymaninin rəhbərlik etdiyi “Qüds Qüvvələri” işğal dövründə Xudafərin körpüləri istiqamətində Cəbrayıl rayonuna qanunsuz daxil olaraq burada narkotik, silah və uran qaçaqmalçılığı ilə məşğul olublar. Məhz Vətən müharibəsi dövründə İran hərbçilərinin bu istiqamətdə Azərbaycan ordusunun qarşısını almağa cəhd göstərməsi də, həmin bazanı boşaltmaq üçün vaxt udmaq məqsədi daşımışdı. Bu fikirlər Qarabağın azad edilməsinin qarşısını heç vəchlə ala bilməyən İranın Avropaya “ixrac marşrutu”nu indi də Ermənistana istiqamətləndirməyə, qanunsuz fəaliyyətlərinin aşkar edilməməsi üçün regionda kommunikasiyaların açılmasını əngəlləməyə və bununla da regionun beynəlxalq əhəmiyyət kəsb etməsinə imkan verməməyə çalışdığını təsdiq edən mötəbər mənbə hesab etmək olar.

Bundan başqa, 2018-ci ilin dekabr ayının 8-də ABŞ-ın yenidən ölkəsinə qarşı qəbul etdiyi sanksiyalara münasibət bildirən İranın eks-prezidenti Həsən Ruhani də dolayısı ilə Avropanı narkotik, partlayıcılar, qaçqınlar ordusu və terrorizm ixrac etməklə təhdid etmişdir. Bu faktlar sanksiya altında olan İranın Avropaya "ixrac yolunun kəsilməsi" bəhanəsi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı hədyanlar yağdırmasının əsl mahiyyətini nümayiş etdirir.

Zəngəzur dəhlizinin NATO-nun regiona ayaq açmasına gətirib çıxaracağı iddiasına gəldikdə isə cənab Vilayəti yaxşı bilir ki, İranın Qərb və mühüm qonşularından biri olan Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür. Bundan başqa, uzun illərdir Azərbaycan və Türkiyə Gürcüstandan tranzit kimi istifadə edərək müxtəlif enerji layihələrini icra edirlər və bu proses hazırda da davam etməkdədir. Hansı ki, bu tarix ərzində Vilayətinin NATO və “pantürkizm”lə bağlı hallüsinasiyaları heç vaxt müşahidə edilməmiş, bu fikirlər yalnız bəzi qüvvələri qızışdırmaq üçün dövriyyəyə buraxılmış manipulyasiyadan başqa bir şey deyildir.

Ə.Ə.Vilayəti məqalədə, həmçinin Amerikanı 2001-ci ildə Nyu-Yorkda “əkiz qüllələr”də törədilmiş “şübhəli” terror aktını “bəhanə” edərək Yaxın Şərqə - yəni Əfqanıstan və İraqa təcavüz etməkdə ittiham edir, İranı isə region xalqları ilə birləşərək “amerikalıları məğlub edən xilasedici qüvvə” kimi təqdim edir. Bu iddia məqalədə diqqət çəkən əsas yalanlardan biri olduğu üçün cənab Vilayətiyə əsl həqiqəti xatırlatmaq yerinə düşər. Cənab Vilayəti, ABŞ-ın Əfqanıstana hücumu və 2001-ci ildə “Taliban” hökumətinin devrilməsində etdiyiniz köməklik bir çoxlarına gözəl məlumdur. 2001-ci ildə Qasım Süleymani və hazırda İranın ali rəhbəri Ə.Xameneinin Silahlı Qüvvələr üzrə ali müşaviri olan Yəhya Rəhim Səfəvinin “Herat üsyanı”nda ABŞ və Britaniya qüvvələri ilə çiyin-çiyinə döyüşdüyü, eləcə də əməliyyatın icrasının CİA-in Tehranda yaratdığı komanda- idarəetmə məntəqəsindən baş tutduğunu bilməmiş deyilsiniz. mənbə

İraqın işğalı zamanı isə İranın ABŞ ilə gizli sövdələşərək hava məkanını ABŞ qırıcılarının üzünə açması isə faktdır, dana bilməzlər. Bu faktı isə ən azından ABŞ-ın Əfqanıstan və İraqdakı sabiq səfirlərindən olan Zelmay Xəlilzad yazdığı “The Envoy” adlı kitabında sübutlarla təqdim etmişdir. Sonrakı illərdə isə maraqlarınız naminə “Taliban” və “Əl-Qaidə” ilə sövdələşib onların Yaxın Şərqdə axıtdıqları on minlərlə günahsız insanın qanında iştirakınızla bağlı da yüzlərlə sübutlar mövcuddur.

Bir məqamda Əli Əkbər Vilayətinin təkcə tarix, coğrafiya fənlərindən deyil, həm də diplomatiyadan, müasir siyasi terminlərdən də məlumatsız olduğunu görürük. O yazır: “Son günlər baş verən mühüm və təəssüf doğuran hadisə Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri arasında birgə bəyanatın verilməsidir ki, biz bu bəyanatda rus dostlarımıza deyirik ki, bu cür davranmasınlar”.

"Fars Körfəzi Əməkdaşlıq Şurası" adlı qurum yoxdur. Əsl adı "Körfəz ölkələri Əməkdaşlıq Şurası" (Cooperation Council for the Arab States of the Gulf, CCASG) olan, 6 ərəb ölkəsindən ibarət beynəlxalq iqtisadi birlikdir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez “Gulf Cooperative Countries”, yəni “Körfəz Əməkdaşlıq ölkələri” olaraq xitab edilir. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlədilmir!

Məqalədə səsləndirdiyi fikirləri şərh etdikdən və onlara cavab verdikdən sonra Ə.Ə.Vilayətinin tərcümeyi-halına qısa baxış oxucularda onun bu fikirləri niyə səsləndirdiyi və təmsil etdiyi rejimin Azərbaycan və azərbaycanlılara qarşı hansı mövqeyə sahib olduğu haqda təsəvvür formalaşdıra bilər. Belə ki, Vətən müharibəsindən sonra Vilayəti bir neçə dəfə analoji məqalələrlə çıxış etmiş, ölkəsinin Azərbaycan xalqını “dost və qardaş hesab etməsi”ndən gen-bol danışmış, amma yenə də Azərbaycan Respublikası və Türkiyəyə hədyanlar yağdırmaqla məşğul olmuşdur. Onun əvvəlki məqalələri ilə son məqaləsi məzmunca eyniyyət təşkil etmişdir. Azərbaycan xalqı ilə deyil, yalnız Azərbaycan hakimiyyəti ilə problemlərinin olduğunu iddia edən Vilayəti əsasən xitab etdiyi cənubi azərbaycanlıların onun fikirlərini qəbul etməsi üçün yenidən şəxsiyyətsizlik nümayiş etdirərək əsli-kökünü danmış, guya özünün də “azəri” olduğunu iddia etmişdir. istinad

Halbuki İran azərbaycanlılarının özlərini “azəri” saymadığı və daim onlara qarşı çıxışlar edən Vilayətiyə qarşı hansı mövqedə olduqları məlumdur. Vilayəti, Azərbaycan Respublikasının müstəqilliyinə yenidən qovuşduğu ilk günlərdən dövlətimizə və xalqımıza qarşı barışmaz düşmən mövqeyi sərgiləyən iranlı rəsmilərdən biri olmuşdur. Belə ki, 1991-ci ilin 27 noyabr tarixində Moskvaya rəsmi səfər edən, həmin dövrdə İranın xarici işlər naziri olan Əli Əkbər Vilayəti “Exo Moskva” radiosuna verdiyi müsahibədə rəsmi Tehranın Azərbaycanın müstəqilliyini tanımaq niyyətində olmadığını bəyan etmişdi. (istinad) Bu mövqe həm Vilayətinin, həm də İranın teokratik rejiminin Azərbaycana baxışının məcmuəsidir.

Sonda isə Ə.Ə.Vilayətinin nankor, xəbis və xəyanətkar siması ilə bağlı İran xalqı arasında dillər əzbəri olan bir məsələdən bəhs etmək yerinə düşər. Xalq arasında dolaşan həmin əhvalata görə, Əli Əkbər Vilayətinin atası şah dövründə kəşfiyyat və təhlükəsizlik naziri olmuş general Nemətullah Nəsirinin bağbanı işləmişdir. General Nəsiri Ə.Ə.Vilayətini öz oğlundan seçməmiş, kasıb olduqları üçün öz şəxsi vəsaiti ilə Vilayətini də oğlu ilə birlikdə ABŞ-da tibb təhsili almağa göndərmişdir. Lakin 1979-cu il inqilabı nəticəsində İslam Respublikası qurulduqdan sonra Vilayəti general Nəsirinin edam edilməsi üçün əlindən gələni etmiş, edamdan sonra isə onun şəxsi mülkünü ələ keçirmişdir. Bu iddianın nə dərəcədə doğru olmasını açıq mənbələrlə araşdıra bilməsək də, öyrənə bildik ki, İran xalqının böyük əksəriyyəti bu hadisənin yaşandığından məlumatlıdır və bunu Vilayətinin “nankor” xislətinin bariz nümunəsi kimi qəbul edirlər. istinad

Belə, cənab Vilayəti! Biz həm sizin şəxsiniz, həm də təmsil etdiyiniz “vilayəti-fəqih” hökumətinin mahiyyəti ilə tanışıq. Saxtakarlıqdan məharətlə yararlanıb Molla Əhməd Nəraqi, Şeyx Murtuza Ənsari və digər bu kimi islam alimlərinə istinadən qurduğunuz, heç bir dəlili ilə isbata yetirilməmiş və şiə məzhəbinin içərisində “Troya atı” rolunu oynayan “vilayəti-fəqih” nəzəriyyənizi də ifşa edə, İslam və şiəliyə vurduğunuz zərbələri isbata yetirə bilərik. Yazdığınız cəfəngiyatla dolu məqalələr heç bir reallıqla uzlaşmadığı kimi, təbii ki, heç bir ölkənin qərarlarına təsir göstərmək iqtidarında deyil. Ən azından Suriya münaqişəsində Rusiya ilə birlikdə iştirakınızdan etibarən Rusiyanın sizin "maraqlarınıza" qarşı atdığı addımlar, bu addımları “xəyanət” adlandırmağınız və rəsmi Moskvanın sizi heç vaxt “strateji tərəfdaş” kimi görmədiyinə dair açıqlamaları, eləcə də Çinin analoji addımları və tələblərinizə baxmayaraq bu istiqamətdə İrandan üzr istəməməsi bunu sübut edir. “Çin və Rusiyanın İrana “Qərbə qarşı vasitə” kimi yanaşdığını başa düşən və bunu dilə gətirən ölkənizdəki rəsmilər və ekspertlərə də ara-sıra qulaq asın” tövsiyəsi də bizdən sizə ərməğan olsun.