“Azadlıq” radiosu Türkiyənin Kahramanmaraş bölgəsindən hazırladığı reportajda Azərbaycan hökumətinin burada həyata keçirdiyi çoxmənzilli yaşayış binası və məktəb tikintisi layihəsinin dayandırıldığını iddia edir. Sitat: “Bu ilin aprel ayında Bakıda keçirilən “Teknofest” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan hökuməti Kahramanmaraşda 1000 ev, məktəb və məsciddən ibarət kompleks salacağına dair vəd verib. Ərazidə məktəbin təməli qoyulsa da tikinti dayanıb, ətrafda Azərbaycanı simvolizə edən heç bir plakat, banner və ya bayrağa rast gəlmək mümkün deyil”.
Faktyoxla Lab. “Azadlıq” radiosunun reportajında toxunduğu bu və digər məsələlərə aydınlıq gətirməyə çalışıb.
İddia 1. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həmin ifadəni Bakıda keçirilən “Teknofest”də deyil, İstanbulda təşkil olunmuş mərasimdə bildirib. Həmin festivalda isə vəd deyil, əməli işin bünövrəsi qoyulub, aprelin 29-da böyük bir layihənin təməlqoyma mərasimi keçirilib. (mənbə)
İddia 2. “Azadlıq” radiosunun həmin ərazi barədə məlumatında qeyd edilir ki, tikinti meydanı sahəsi ümumilikdə 8 min kv.metr olacaq. (Video 1:25-1:27). Yəni, 0,80 hektar. Müəmmalı olan odur ki, bu radio onlara 8 min kv.metrdə 1000 mənzillik binanın və digər infrastrukturların yerləşməsinin mümkün olmadığını izah edə biləcək mütəxəssis tapa bilməyib. Sahə isə təbii ki, böyükdür, layihənin təsvirindən də görünür ki, burada hektarlarla ərazi nəzərdə tutulub. Biz öz növbəmizdə radionun əməkdaşları üçün 8 min kv.metr-in ölçülərini əyani göstəririk.
Məktəbin təməlqoyma mərasimində ümumilikdə layihənin predmetləri barədə məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçinin dediyi kimi tikinti sahəsinin həcmi 1 milyon 800 min kv.metrdir, yəni 180 hektar. Yəni, iddia olunduğu rəqəmdən ən azı 200 dəfə geniş ərazi deməkdir ki, bu da həqiqətən çoxmənzilli yaşayış binası və digər tikililər, həyətyanı sahə, istirahət meydançası və s. üçün kifayət qədər normal sahədir. Vahit Kirişçi layihənin 1 il ərzində tamamlanacağını bildirib. istinad
Bu fotolar Azərbaycanın Kahramanmaraşda salacağı qəsəbənin eskizləridir.
İddia 3. Tikinti işlərinə fasilə verilməsinə gəlincə:
Birincisi, işlər 1,5 aydır başlayıb, həmin müddətdə məktəbin təməli qoyulub və binanın bünövrəsinin quruması xeyli vaxt aparır, inşaatdan azacıq məlumatı olanlar bilir ki, hər binanın bünövrəsini təşkil edən ağır beton qarışığı qurumadan tikintiyə başlamaq olmaz.
İkincisi, həmin ərazi 180 hektardır və kiçikmərtəbəli minlərlə ev tikiləcək və bu həcmdə işin başlamasından əvvəl layihələndirmə, müvafiq smeta sənədlərinin hazırlanması və ekspertizası, Türkiyə hökumətinin aidiyyatı qurumlarının, TOKİ-nin və şəhər bələdiyyəsinin zəruri təsdiqedici sənədlərin alınması vaxt tələb edir. May ayı Türkiyədə Prezident seçkiləri ilə bağlı proseslərin özü də buna az da olsa təsir edib.
Üçüncüsü, Kahramanmaraşda əlverişsiz hava şəraiti, yağışların may ayında və iyunun ilk dekadasında aramsız yağması, sel və daşqınlar təkcə Azərbaycanın inşa etdiyi tikinti sahəsində deyil, şəhərin bütün ərazisində inşaatla yanaşı, zəruri planların təxirə salınmasına səbəb olub.
Küçə və yolların, müxtəlif ərazilərin su altında qalması bölgəyə tikinti materiallarının daşınmasını və təchizat təminatını ləngidib. (mənbə)
İddia 4. İndi isə tikintidə hansı şirkətin iştirak edəcəyi, şəffaflıq və hesabatlılığın təmin olunması barədə məsələyə diqqət edək.
“Azadlıq” radiosunun ( video 2:22-3:12) bu məqamda da qərəzliliyi ikrah, savadsızlığı və şəffaflıqla bağlı “araşdırma” üçün cəlb etdiyi ekspertin uyğunsuz ixtisası isə gülüş doğurur. Ölkədə bu sahə üzrə mütəxəssisin tapılması qədər asan işin olduğu bir zamanda Siyasi Menecment İnstitununun rəhbəri (?-red.) Azər Qasımlının ekspert kimi danışdırılması əslində təəccüblüdür. Axı, bu mövzu tikinti və inşaat, büdcə-maliyyə məsələlərindən biliyi və savadı olmayan Azər Qasımlının rəy verəcəyi iş deyil. Bu şəxs bilmir ki, tenderi Azərbaycan hökuməti keçirə bilməz, Türkiyənin öz qanunları, şəhərsalma və inşaatla bağlı fərqli prosedurları var.
İddia 5. Reportajda deyilir: “Nə Türkiyə, nə də Azərbaycan hökuməti məktəb və çoxmənzilli binaların inşasına nə qədər vəsait ayrıldığını açıqlamır” (2:15-2:20).
Tələm-tələsik hazırlanan reportajda yol verilmiş növbəti səhvdir. Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, "Azərbaycan Türkiyənin zəlzələ bölgəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcək. Hökumət bu məqsədlə 100 milyon ABŞ dolları vəsait ayırıb". istinad
Azərbaycanın Türkiyəyə 100 milyon dollarlıq yardımı haqda məlumata Türkiyə mənbələrində daha çox rast gəlmək olar.
İddia 6. “Azadlıq” radiosunun əməkdaşı Zaqatalada 10 il əvvəl (burada da tarixi səhv salıblar. Zəlzələ 2012-ci ildə, yəni 11 il əvvəl qeydə alınıb) baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Zaqatala sakinlərinin unudulduğunu, hökumətin onların evlərini hələ də təmir etmədiyini iddia edir. (Video 4:52-5:05).
Azərbaycan dövləti həmin dövrdə lazım olanı edib. Fövqəladə Hallar Nazirliyi burada qəzaya məruz qalmış bütün evləri müayinə edərək hər bir yaşayış evinin və digər inzibati, sosial obyektlərin bərpasını ən yüksək səviyyədə həyata keçirib. Dövlət Komissiyası tərəfindən tərtib olunmuş baxış aktlarından da görünür ki, Zaqatalada 4006 fərdi yaşayış evinin tikintisi 2 il ərzində başa çatdırılıb, 18-nin tikintisi isə həmin dövrdə davam etdirilibdir.
Eyni zamanda, 2012-2104-cü illər ərzində Zaqatalada zəlzələdən zərər çəkmiş 4127 ailəyə 2012-2014-cü illərdə 20 milyon 422 min manat kompensasiya ödənilib. (istinad)
Zəlzələdən sonrakı illərdə bir daha burada yüzlərlə ev müayinə edilib və qəzalı olanların yenidən bərpası təmin edilib.
Beləliklə,
▶️ “Azadlıq” radiosunun Türkiyənin Kahramanmaraş bölgəsindən hazırladığı reportajda Azərbaycan hökumətinin burada həyata keçirdiyi çoxmənzilli yaşayış binası və məktəb tikintisi layihəsinin dayandırıldığı haqqında iddiası yanlışdır.
▶️ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan hökuməti Kahramanmaraşda 1000 ev, məktəb və məsciddən ibarət kompleks salacağına dair vəd verib" ifadəsini Bakıda deyil, İstnabuldakı “Teknofest” festivalında deyib.
▶️ “Azadlıq” radiosu həmin ərazi barədə məlumatında qeyd edir ki, tikinti meydanı sahəsinin ümumilikdə 8 min kv.metr olacaq. Radio əməkdaşı riyazi savadsızlığını və tikinti sahəsində məlumatsızlığını nümayiş etdirir. 0,8 hektar sahədə 1000 ev, məktəb və məscid kompleksi salmaq mümkün deyil. Ərazi 180 hektardır
▶️ Radionun ekspert kimi dəvət etdiyi, tikinti və inşaat, büdcə-maliyyə məsələlərindən biliyi və savadı olmayan Siyasi Menecment İnstitununun rəhbəri Azər Qasımlı hələ bilmir ki, Türkiyədəki tikinti işi ilə bağlı tenderi Azərbaycan hökuməti keçirə bilməz, Türkiyənin öz qanunları, şəhərsalma və inşaatla bağlı fərqli prosedurları var.
▶️ Reportajda səslənən “Nə Türkiyə, nə də Azərbaycan hökuməti məktəb və çoxmənzilli binaların inşasına nə qədər vəsait ayrıldığını açıqlamır” iddiası da yalandır. Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 100 milyon dollar vəsait ayıracağını açıqlayıb.
▶️ “Azadlıq” radiosunun əməkdaşı Zaqatalada 10 il əvvəl baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş Zaqatala sakinlərinin unudulduğu, hökumətin onların evlərini hələ də təmir etmədiyi iddiası da saxtadır. Bu barədə yazıda müvafiq faktlar açıqlanıb.
▶️ Kahramanmaraş bölgəsində Azərbaycan layihəsinin dayanması haqda reportajda buraxılan ciddi səhvlər, onun tələm-tələsik hazırlanması, sahə üzrə ekpertlərdən deyil, digər şəxs və sadə vətəndaşlardan müsahibələrin götürülməsi onu deməyə əsas verir ki, bu material siyasi sifarişli və qərəzli hazırlanmışdır.