AXCP sədri Əli Kərimli Rusiya ilə müharibədə dəhşətli dağıdıcı itkilərə məruz qalmış Ukraynanın şəhər və digər yaşayış məntəqələrinin qısa müddətdə bərpa olunaraq öz əvvəlki həyat axarına qayıtdığını iddia edən açıqlama verib. Bildirib ki, Ukrayna savaşa savaşa onlarla şəhərini, minlərlə yaşayış məntəqəsini minalardan təmizləyib, bərpa da edib, köçkünləri ev-eşiyinə qaytarıb. Xüsusilə də ötən ilin mart ayında darmadağın olunmuş Buça şəhərinin minalardan təmizlənib səliqəli şəkildə bərpa olunduğu və sakinlərin şəhərə geri qayıtdığı iddia edilir.
Kərimli bu açıqlaması ilə belə qənaət yaradır ki, Ukraynada milyonlarla qaçqın, sosial durumu ağır olan insan qalmayıb, əvvəlki qaynar həyat bərpa olunub. 


Kərimlinin dedikləri nə dərəcədə doğrudur, həqiqətənmi Ukraynanın viran olmuş yaşayış məntəqələri son 7-8 ayda sürətli bərpa olunub və insanlar evlərinə köçməkdə, əvvəlki həyat ritmini yaşamaqdadırlar? Faktyoxla Lab. bu suallara cavab tapmağa çalışıb.

Əvvəla, Buça şəhəri Kərimlinin iddia etdiyi və işğal olunmuş Qarabağ rayonları kimi tam minalanmayıb. 2022-ci il martın 31-də rus qoşunları çıxarıldıqdan sonra aprelin 1-də Buça şəhərinə daxil olan Ukrayna ordusu və şəhər meriyasının üzvləri buradan çoxsaylı video və fotofaktları təqdim ediblər. Həmin kadrlardan da görünür ki, şəhərin minadan təmizlənməsi üçün xüsusi əməliyyatlar aparılmır və buna ehtiyac yoxdur. Şəhərin ağır raket və aviasiya zərbələri nəticəsində darmadağın olmasına dair çoxsaylı görüntülər var və küçələrdəki tank, BTR, hərbi maşın və texnika qəbiristanlığı bunu təsdiqləyir. (mənbə)
Əli Kərimlinin paylaşdığı foto və məlumata aydınlıq gətirək.

Bu foto may ayının 19-dan etibarən bütün dünya mətbuatının diqqətindədir, belə demək mümkündürsə, əsas xəbər mövzusudur. Beynəlxalq medianın dəyişməz trendi olan “əvvəl və sonra” (before&after) formatında təqdim edilən bu fotosessiya Buça şəhərinin müxtəlif yerlərində çəkilib.

Qeyd: Sarı rəngdə işarələdiklərimiz obyektlər döyüşlər zamanı xətər toxunmayan tikililərdir.  

Dünya trendinə çevrilən və Ə.Kərimlinin "Buça bərpa olunub" deyə paylaşdığı foto isə yalnız bir küçədə- “Vağzal küçəsi”nin (Uliça Vagzalna) əvvəlki və sonrakı vəziyyətini əks etdirir.

Bu faktyoxla materialı da fotonun Buça şəhərini İrpen şəhəri istiqamətində uzanan “Vağzal küçəsi”ndə çəkildiyini təsdiqləyir. 

 

Xatırladaq ki, 27 fevral-31 mart 2022-ci il tarixlərində şəhər rus hərbçilərinin nəzarətində olub və burada gərgin döyüşlər gedib. 27 fevralda şəhərə daxil olan tank kolonu Kiyev şəhərinə istiqamət götürmək üçün İrpen şəhərinə (Kiyev şəhəri yaxınlığında kiçik şəhərdir-red.) gedən Vağzal küçəsində pusquya salınmış rus desant diviziyasına məxsusdur. Bu məlumatı qeyd edilən əks-həmlə əməliyyatından bir neçə dəqiqə öncə çəkilmiş bu video da təsdiqləyir. Bir çox mənbələr kolonun tank əleyhinə qumbaraatanlar, “Molotov kokteyli” və digər kiçik ölçülü silahlarla məhv edildiyini yazsa da digər foto və mənbələr küçədə yaxın məsafədə dayanmış tankların PUA və ya böyükçaplı raketlərlə vurulduğunu təsdiqləyir. Bu məqamı ona görə qeyd edirik ki, məhz həmin avia (PUA) və raket zərbələrindən sonra küçə boyu dağılmış evlər, digər tikililərlə yanaşı, bir çox binaların salamat qalmasını, xətər toxunmamasını göstərə bilək.  

Qayıdaq Buçada rus tank kolonunun məhv edildiyi küçənin bərpası ilə bağlı məlumata. "Громадське Радіо"-nun (Şəhər radiosu) hazırladığı reportajda qeyd olunur ki, ABŞ-nin “Global Empowerment Mission” (GEM) təşkilatının partnyorları və şəhər rəhbərliyi ilə birgə 5 ay ərzində apardıqları yenidənqurma işləri nəticəsində 110 ev bərpa edilib. Təşkilatın saytı bu faktı təsdiqləyib. Bu evlərdən 12-i yenidən tikilmiş, 20-də isə təmir işləri aparılmışdır. Demək olar ki, bütün evlərin qapı və pəncərələri dəyişdirilmişdir. “Vağzal küçəsi”nin bərpası “Buça üçün ümid” layihəsi çərçivəsində mümkün olub.  2022-ci ilin oktyabrında imzalanan üçtərəfli razılaşmaya GEM, Buça Şəhər soveti və "Vespa Group" imza atıblar. Layihənin sponsoru isə "Havard Baffet Fondu" olub.

İlkin nəticə odur ki, Ə.Kərimlinin “Buça şəhəri tam bərpa olunub, əhali əvvəlki həyat şəraitinə qayıdıb” dediyi və bunun təsdiqi üçün təqdim etdiyi foto Buça şəhərinin yalnız bir küçəsinə aiddir. Yəni, bir küçənin bərpası, bütün şəhərin bərpası demək deyil. Nədənsə partiya sədri Ukraynada müharibə getdiyi bir vaxtda dağılmış şəhərlərinin tam bərpa olunduğu fonu yaratmağa çalışır. Amma digər fotolara baxdıqda bərpa işlərinin getdiyi görünür, lakin bu bərpa işləri kosmetik xarakterlidir.

 

 

Ə.Kərimlinin qeyd etdiyi kimi, Buça şəhərinin tam bərpa olunub, şəhər əhalisinin tam istifadəsinə verilməsi yalnış məlumatdır.   
Buça şəhəri heç də tam bərpa olunmayıb, yalnız qaçqın düşmüş sakinləri yerləşdirmək üçün müvəqqəti yaşam halına gətirilib. Çünki həmin insanların başqa yerlərdə ev təminatinı həll etmək mümkün deyil, hökumət çarəsizlkidən bu addımı atmağa məcburdur.

Bucada aparılan bərpa işlərini isə Ukrayna hökuməti deyil, beynəlxalq donor təşkilatlar, Amerika və Avropa Birliyi institutları və konkret olaraq ayrı-ayrı dövlətlər həyata keçirib. Şəhərin meri Anatoliy Federuk 2023-cü ilin yanvar ayında Vaşinqtona səfər edərək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər heyəti, konqresmenlər, dövlət rəsmiləri, partiya liderləri, iş adamları və xeyriyyə fondlarının rəhbərləri ilə görüşlər keçirərək şəhərin restavrasiyasına pul istəyib.


Buça merinin bu xahişinə qısa zamanda Amerikanın Nyu-York ştatından müsbət cavab gəlib, ştatın rəhbərliyi şəhərin bərpasına kömək edəcəyini bildirib. Eyni zamanda, USAİD rəhbərliyi Bucaya maliyyə ayıracağını elan edib. ABŞ səfərindən bir ay sonra Vilnüsə səfər edən Anatoli Fedoruk rəhbərlik etdiyi şəhərin normal həyata qayıtması üçün Litvadan da kömək istəyib. Mer həmin görüşdə bir sıra ölkələrin Bucaya yardımlarını etiraf edib, ancaq buna baxmayaraq şəhərin bərpası üçün geniş və davamlı beynəlxalq maliyyə dəstəyinin lazım olduğunu bildirib.
İstər meriyanın səfər və müraciətlərindən, istərsə də Ukrayna hökumətinin digər üzvlərinin xarici ölkələrin hökumət heyətləri ilə danışıqlarından sonra ABŞ başda olmaqla Avropa ölkələri həmin şəhərin qurulmasına yardım edib. Ancaq bu yardımlar yenə də qismən bərpaya kömək edib.
Bir sıra xarici KİV-lərin həmin şəhərdən hazırladığı reportajlardan və süjetlərdən də görünür ki, xarici fondların və xeyriyyə təşkilatlarının pulu ilə aparılan bərpa işləri Ukraynanın əvvəlki görünüşünə qayıtması üçün kifayət etmir, əsaslı yenidənqurmaya uzun zaman lazımdır. Məşhur “DW” media kompaniyasının əməkdaşlarının hazırladığı süjetdə qeyd edilir ki, xaricilər bütün gücünü bu ölkənin bərpasına yönəltsələr də, vəsait çatışmazlığı və dağıntıların böyük miqyası uzun illər aparacaq.
Beləliklə, xarici ölkələrin həm maliyyə, həm texniki və fiziki dəstəyi sayəsində bir il ərzində təkcə Buça şəhərini qismən bərpa etmək mümkün olub.

İndi isə keçək Kərimlinin Ukraynanın digər onlarla şəhərinin, minlərlə yaşayış məntəqəsinin minalardan təmizlənərək bərpası barədə söylədiklərinə. Hələlik bu 2 müqayisə fotosuna diqqət edək. 

Hazırda müxtəlif ölkələrdə qaçqın və miqrant həyatı yaşayan ukraynalıların sayı 8,2 milyon nəfərdən çoxdur. Təkcə Rusiyaya sığınmış qaçqınlar 2,8 milyon nəfərdən artıqdır. Polşada 1,6 milyon, Almaniyada 1,05 milyon, Çexiyada 516 min, Böyük Britaniyada 200 min, İtaliyada 175 min, Fransada 118 min, Slovakiyada 114 min qaçqın məskunlaşıb. Digər ölkələrdə onların sayı 100 mindən aşağıdır. Həmin insanlar 20-dən çox şəhər və qəsəbələrdəki evlərini tərk etmiş qaçqınlardır. (istinad) Sual yaranır: Əgər həmin insanların evləri bərpa olunubsa, onlar niyə başqa ölkələrdə hostel və düşərgələrdə ağır qaçqınlıq həyatını davam etdirirlər? 10 milyona yaxın insanın ev-eşiyindən uzaqlarda didərgin həyatı yaşaması o deməkdir ki, onların yaşayış üçün ev-eşikləri hazır deyil. Bu faktın özü Ukraynanın dağılmış şəhər və qəsəbələrinin bərpa olunması barədə deyilənlərin yalan olduğunu təsdiqləyir.

Həmin minlərlə yaşayış məntəqəsinin bərpası isə bir il deyil, 10-20 il, bəlkə də daha çox müddət aparacaq. Bunu həm Ukrayna hökumətinin öz rəsmiləri, dövlət başçısı Zelenski, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı maliyyə institutlarının mütəxəssiləri bildirirlər. 2023-cü il martın 22-də Dünya Bankının açıqladığı hesabat sənədində ilkin qiymətləndirmələr üzrə Ukraynanın müharibədən sonrakı bərpası və yenidən qurulması üçün onilliklərin lazım gələcəyi, bunun üçünsə ən azı 411 milyard dollara ehtiyac olduğu öz əksini tapıbdır. mənbə
Dünya Bankı Qrupu ilə bərabər, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Ukraynadakı dağıntıların ağır nəticələrini aradan qaldırmaq üçün 20-30 il vaxta ehtiyac var. Təkcə qarşıdakı 10 il ərzində xarici ianəyə ehtiyac 411 milyard dolları ötəcək. Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Bjerde bildirib ki, Ukraynanın bərpası və yenidən qurulması bir neçə il çəkəcək, hər il 10 milyardlarla dollar lazım olacaq. Təkcə, 2023-cü ildə Ukraynaya yenidənqurma və bərpa işlərinə prioritet investisiyalar üçün 14 milyard dollar lazımdır. İndiyədək təmir olunan obyektlər isə qismən təmir olunlardır, əsaslı təmir deyil. mənbə


Digər təşkilatların Ukrayna hökuməti ilə birlikdə apardığı dəyərləndirmələr isə Ukraynaya dəyən zərərin 700 milyard dolları ötdüyünü təsdiqləyir. Bu məbləğin təxminən 40%-i yaşayış binalarının, 10%-i müəssisələrin payına düşür. Qalan itkilər yollar və digər infrastruktur obyektlərinin payına düşür. Aydındır ki, bərpa prosesi tez olmayacaq, ona görə də bir neçə onilliklər üçün planlaşdırma işləri hazırlanır. istinad
Prezident V.Zelenski bildirib ki, Ukraynanın bərpası bir neçə nəslin işidir, dağıdılmış şəhərlərin bərpasına 30-40 il lazımdır. O, 2022-ci ilin avqust ayında dağılmış infrastrukturun bərpası üçün lazım olan vəsaitin həcmi 600-800 milyard dollar həcmində qiymətləndirilsə də, Avropa İnvestisiya Bankı ilə aparılmış növbəti dəyərləndirmədən sonra bu rəqəmin 1 trilyon avroya (1,1 trilyon dollar) qədər artacağı müəyyənləşdirilib. mənbə
Hesablamalara görə, təkcə enerji sektorunun bərpasına 130 milyard dollar, loqistika və xidmətlərin bərpasına 160 milyard dollar, sosial infrastrukturun bərpasına 35 milyard dollar, səhiyyə, mədəniyyət, idman sektorunun yenidən qurulmasına 25-30 milyard dollar lazımdır. istinad
Bu qədər ağır yükü isə Ukrayna qaldıra bilməz, ona görə də ABŞ başda olmaqla, dünya ölkələri Ukraynanın sürətli bərpasını "Marşall Planı" üzrə həyata keçirməyə qərar verib. Müharibə bitdikdən sonra Ukraynanın bərpası böyük qlobal maliyyə səylərinin daha da artırılması, orta və uzunmüddətli perspektivdə “Avropa Komandası” çərçivəsində aparılması nəzərdə tutulur. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təşəbbüsü ilə Ukraynaya beynəlxalq yardımlar üzrə Qurumlararası Donor Koordinasiya Platformasının yaradılması da beynəlxalq donorlar və maliyyə institutları sıx koordinasiya edərək maliyyə axınlarını cəmləşdirməyə xidmət edir.

 
Bu gün Avropa ölkələrinin iri sənaye şəhərləri öz büdcələri hesabına Ukraynanın şəhərlərinin bərpasında böyük bir missiyanı üzərinə götürüb. Məsələn, İsveçrə Odessa, Böyük Britaniya Kiyev, Estoniya Jitomir, Danimarka Nikolayev vilayətinin və digər bölgənin bərpasında dəstək göstərməkdədir. Eləcə də Hamburq, Madrid və Paris Kiyevin bərpasını üzərinə götürüb. Lyublin bələdiyyəsi Xarkovun, Rzeşov bələdiyyəsi Çerniqovun bərpasına kömək edir. Düsseldorf, Manheym, Metz digər vlilayaətlərin bərpasına diqqət ayırıb. Kanada Sumini, ABŞ və Türkiyə Xarkovu, Çexiya, Finlandiya və İsveç Luqanskı, Belçika Nikolaevi, İsveç və Hollandiya Xersonu, İsveçrə Odessanı, Norveç Kirovoqradı, Avstriya Zaporojyeni, Polşa və İtaliya Donetski bərpa edəcəyini öz üzərinə götürüb. (mənbə
Artıq bir ilə yaxındır ki, 40-dan artıq ölkə, xarici dövlətlərin iri sənaye şəhərlərindəki korporasiyalar, bələdiyyələr, biznes qrupları Ukraynanın dağıdılmış şəhərlərinin bərpasına milyardlarla dollar xərcləyib. ABŞ-ın təsdiq etdiyi 115 milyard dolar həcmində maliyyə yardımı paketinin böyük bir hissəsi Ukraynaya təqdim edilib.
Son bir il ərzində digər ölkələrin və beynəlxalq institutların yardım öhdəlikləri çərçivəsində Ukraynaya yardım toplam (71,3 milyard avro ABŞ, 35,5 milyard avro Avropa Birliyi) 105 milyard avronu ötübdür. Bundan başqa,  Kanada 1,87 milyard, Yaponiya 3,5 milyard, Cənubi Koreya 650 milyon dollar yardım edib. Dünya Bankı (DB) 2022-ci ilin fevral ayında inkişaf tərəfdaşları ilə işləyərək Ukraynaya 34 milyard dollardan çox maliyyə dəstəyi səfərbər edib. Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa İnkişaf Bankı da böyükhəcmli yardımların ayrılmasına qərar verib. istinad
Göründüyü kimi Ukraynada A-dan Z-yə hər şeyi xarici dövlətlər qurur. Hətta ağır müharibə dağıntılarını təkbaşına, öz gücü ilə aradan qaldıran Azərbaycan da Ukraynadakı bərpa işlərinə öz köməyini əsirgəmir. İrpen şəhərinin bərpasında Azərbaycanın yardımları da kifayət qədərdir və bunu şəhərin meri də minnətdarlıqla qarşılayır.
Ancaq bütün bunlara baxmayaraq, Ukraynada görülən işlər dağıdılmış infrastrukturların bərpasının heç 1 faizi belə deyil.

Ə.Kərimlinin Ukraynada dözülməz həyat şəraitini inkar edərək vəziyyətin stabilləşdiyinə dair iddiası da yalandır.
Dünya Bankının son hesabatı onun bu yalan məlumatlarını heçə endirmək üçün kifayətdir. Bankın hesabatına əsasən, müharibə Ukraynada milyonlarla insanın həyatını məhv edib, insanlar yalnız xarici ianə və yardımlar hesabına dolanır. Təxminən 8 milyon Ukrayna vətəndaşı yoxsulluq içində yaşayır. Yüz minlərlə ukraynalı evlərə, yaşayış binalarına, yüzlərlə xəstəxana və məktəbə dəymiş ciddi ziyan nəticəsində su, işıq və istilik sistemlərindən məhrumdur. Milyonlarla insan Dünya Bankının donor yardımları hesabına dolanır. Təkcə, DB-nin yardımları hesabına 12 milyon insanın adi sosial ehtiyaclarını qarşılamaq üçün ayda təxminən 3-4 milyard dollar yönəldilir. Bank indiyədək bu məqsədlər üçün 18 milyard dollardan çox vəsait səfərbər edib. Eləcə də tələb olunan maliyyələşmələri digər donor tərəfdaşlar, o cümlədən ABŞ, Böyük Britaniya, Aİ ölkələri və Yaponiya hökuməti təmin edib.

 

Belə bir acınacaqlı həyat şəraitində yaşayan ukraynalıların vəziyyətini tamamilə dəyişdirərək az qala sosial rifah içində yaşamaq kimi təqdim etmək həqiqətən də qeyri-sağlam düşüncənin məhsulu ola bilər.
Sonda bir məsələyə də toxunmaqda fayda var, Azərbaycan və Ukraynanı müqayisə edən Ə.Kərimli anlamır ki, Azərbaycan azad edilmiş ərazildəki bütün işləri öz iqtisadi gücü hesabına aparır. Hər il büdcədən ayrılan 3 milyard manat vəsait ayrılır, halbuki beynəlxalq donorların son bir ildə Ukraynaya ayırdığı 100 milyard avrodan çox maliyyə ianələrinin həcmi Azərbaycanın sərf etdiyi resurslardan 55 dəfə çoxdur. Əgər Azərbaycana Ukraynaya ayrılan yardımların 10 faizi yönəlsəydi, bu 11 milyard avro, yaxud 20 milyard manat təşkil edərdi ki həmin vəsaitlərlə yüzlərlə kəndi inşa etmək mümkün olardı.

Yekunda yaddaşı təzələmək üçün Ağdam və ya Füzuli şəhərlərini Buça ilə müqayisə fotolarını təqdim edirik.  

Nəticə:

  • Əli Kərimli Ukraynanın şəhər və kəndlərinin bərpasının başa çatması barədə məlumatı yalandır;
  • Buça şəhəri Kərimlinin iddia etdiyi kimi total minatəmizləmə işləri aparılmayıb;
  • Ə.Kərimlinin Ukraynada dözülməz həyat şəraitini görməzdən gəlib, bu ölkədə vəziyyətin stabilləşdiyinə dair iddiası saxtadır;
  • Ə.Kərimli Ukraynada görülən işləri şişirtməklə əslində Azərbaycanda azad olunmuş torpaqlarda görülən işləri gözdən salmağa çalışır, manipulyasiya edir;