Dünəndən etibarən erməni saytları və teleqram kanalları Laçında Böyük Vətən Müharibəsi qəhrəmanları şərəfinə ucaldılmış abidənin Azərbaycan tərəfindən sökülməsi haqda xəbər yayırlar. Ermənistan Parlamentinin spikeri Alen Simonyan tvitter hesabında bu hadisəyə toxunaraq “Azərbaycan Laçında (Simonyan qondarma ad olan “berdzor” yazıb-red.) Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini salınmış Xatirə kompleksi yer üzündən silib” yazıb və qızışdırıcı mesaj da əlavə edib: “ Görəsən, patriotların II Dünya Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidələrin dağıdılmasına, böyük qələbəmizi ləkələyən bu addıma raksiyası, tok-şou, reportajlar olacaq? Yoxsa adəti üzrə tərəfləri təmkinliyə riayət etməyə çağırışlarla məşğul olacağıq, hə? İkili standartlar, axmaqlıq və xəsislik, sonra da təəccüblü üz ifadəsi ilə soruşulacaq: yenə də nə vaxt və nə düz getmədi?
Faktyoxla Lab. teleqram kanallarına və mediaya istinadən bu məlumatda səslənən fikirlərin doğru olub -olmadığını araşdırıb.
Əvvəlcə Sovet dönəmində salınmış bu abidənin Laçın işğal olunana qədər vəziyyətinə baxaq.
Bu isə Laçın işğal olunandan (18 may 1992-ci ildə) bir il sonra erməni işğalçıların abidəni tamamilə məhv etdiyi vəziyyətidir:
Fotoqraf Migel Torresin lentə aldığı bu fotoda isə “Qələbə” ordeninin qravürasının divardan sökülmüş hissəsi görünür.
İllər keçdikcə abidə tamamilə dağıdılır, dəyişdirilir və erməni saxtakarlığının əbədi nümunəsi olan xaçkarlar da əlavə edilir.
2011-ci ildə artıq Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş Laçın Memorial Kompleksi Laçın rayonunun işğalında iştirak etmiş terrorçuların "xatirə kompleksinə" "çevrilir". əvvəlcə abidənin hər üç divarında yazılmış BVM iştirakçılarının adları silinmiş və Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən məhv edilmiş terrorçu və silahlıların adları yazılmışdır.
Bu haqda facebookda “Hayrenaser” səhifəsinin 2013-cü il paylaşımında rast gəlmək mümkündür. Bu səhifənin admini etiraf edir ki, Laçın ermənilər tərəfindıən işğal olunub və işğal zamanı məhv edilmiş terrorçuların xatirəsini əbədiləşdirmək üçün bu abidə yenilənib.
Bundan başqa, erməni mediası da təsdiqləyir ki, Laçındakı “xatirə kompleksi” Laçının işğalında iştirak etmiş ermənilərin xatirəsinə salınıb. Yəni, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsi üçün salınmış abidədən söhbət belə getmir. Bu fikirləri yenə də erməni mediasının yazdıqları təsdiqləyir. Qeyd olunur ki, Laçında məhv edilmiş döyüşçülərin adları hər üç divara yazılıb. Xatirə kompleksi 3 xaçkardan ibarətdir. Bir xaçkar “xüsusi alaya”, ikinci Şuşanın işğalında iştirak edənlərin xatirəsinə və nəhayət üçüncü işğalçı ordunun komandiri, 1999-cu il parlament terrorunda məhv edilmiş Vazgen Sarqsyana ithaf olunub.
Bu fikirlərin təsdiqini ermənilərin "sivilnet" kanalının reportajında da tapmaq mümkündür.
Ermənistan parlamentinin sədrinin təxribatçı çıxışına Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin cavabı özünü çox gözlətməyib.
“İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin mayında erməni terrorçularının siyahısını yandıran məhz Ermənistandır”, - Ayxan Hacızadə qeyd edib. “Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - deyən A.Hacızadə əlavə edib ki, “Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”,
Sonda isə ermənilərin və xüsusən Alen Simonyanın "Azərbaycan Laçında Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini salınmış xatirə kompleksini yer üzündən silib” fikrinə qayıdaq. Təqdim edəcəyimiz bu fotolar sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılıb. Bu fotolarda “yer üzündən silinən” xatirə kompleksinin yeni versiyasının eskizləri əks olunub.
Bu isə elə həmin Laçın rayonunda vaxtilə salınmış Sarı Aşığın abidəsinin işğala qədər və işğaldan sonrakı halıdır.
Yəni, eskizlər ermənilər tərəfindən məhv edilərək, dəyişdirilmiş xatirə kompleksinin Azərbaycan tərəfindən bərpa olunandan sonrakı vəziyyəti, digər foto isə ermənilərin tarixi və mədəni abidələrə qarşı vandalizminin yalnız bir misalda əyani nümunəsidir.
Nəticə:
- Ermənistan mediasının “Azərbaycan Laçında Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini salınmış Xatirə kompleksini yer üzündən silib” iddiası tamamilə yalandır;
- Sovet dönməində salınmış abidə kompleksi ermənilər tərəfindən tamamilə dəyişdirilərək qondarma qəhrəmanlarına aid edilən kompeksə çevrilmişdir;
- Azərbaycan həmin xatirə kompleksini yenidən bərpa edəcək.