Türkiyənin “tele1” kanalının aparıcısı Merdan Yanardağ 14 gün öncə yaydığı videoda iddia edir ki, Azərbaycan Türkiyə seçkilərində tərəf saxlayır. Gah PKK-ya, gah İrana, gah Rusiyaya simpatiya duyduğunu açıq bəlli edən bu şəxsin əndazələri aşan videosunu AXCP-nin mətbu orqanı olan “Azadlıq” qəzetinin facebook səhifəsi paylaşıb.
Faktyoxla Lab. olaraq Merdan Yanardağın həmin videosunun “Azadlıq” qəzetinin facebook səhifəsi tərəfindən paylaşılmasının səbəblərini araşdırdıq.
Öncədən qeyd edək ki, “tele1” kanalının youtube səhifəsində 14 gün öncə yerləşdirilən video 7 dəqiqəlikdir. Bu video yayımlanandan 9 gün sonra “Azadlıq” qəzetinin facebook səhifəsi ciddi montaj işi apararaq (uyğun gördükləri yeri kəsib, özlərinə lazım olan hissələri saxlamaqla) yayıblar.
İlk baxışda elə düşünülə bilər ki, “Azadlıq” qəzetinin facebook səhifəsini idarə edənlər Merdan Yanardağın əvvəllər PKK terror təşkilatının mətbu orqanı “Özgür Gündem” qəzetinin baş redaktoru vəzifəsində çalışdığının fərqində deyillər. Amma bir məsələ var ki, oradan sosialistlərin mətbu orqanı sayılan “Aydınlıq” qəzetinin baş redaktorluğuna transfer edilən Yanardağla “Azadlıq” qəzeti bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər.
"Türkiyədə pozulan insan hüquqları", "ləğv olunan" İstanbul müqaviləsi, ölkədə mövcud olan siyasi və iqtisadi "böhran", tələbələrin, qadınların və jurnalistlərin üzləşdiyi "təzyiqlər", respublikaçılıq xəttindən "uzaqlaşılması" kimi əslində mövcud olmayan halları problem kimi göstərib, cəmiyyətə təqdim etmək və s. mövqeləri var. (mənbə).
Diqqət edək: Baş redaktoru olduğu media qurumlarında Sultan Əbdülhəmidi (sonuncu Osmanlı sultanı-red.) despotizmin, imperializmin köləsi, dəyərsiz bir diktator kimi göstərməkdən çəkinməyən Yanardağ PKK-nı heç vaxt terror təşkilatı kimi qəbul etməyib, terrorçubaşı Öcalanı bütün yazılarda və xəbərlərdə qanuni bir partiyanın lideri kimi cəmiyyətə sırıyıb.( mənbə)
O, “Aydınlıq” qəzetində işlədiyi dönəmdə "sünni-ələvi" qarşıdurmasının yaşandığı “Sivas hadisələri”nin baş verməsinə az müddət qalmış təxribatçı xəbərlər yaymaqla fitnəkar rol oynayıb. Həmin dövrdə Türkiyədə cəmiyyətin ən həssas mövzularından olan "sünni-ələvi" qarşıdurmasına uyğun məkanı hazırlamaq üçün əlindən gələni edir, dayanmadan vəziyyəti gərginləşdirmək məqsədi ilə sifarişli yazılar tirajlayırdı. 2007-ci ildə yaratdığı “Biz neçə nəfərik?” platforması və həyata keçirilən “Cümhuriyyət mitinqləri” ilə məşhurlaşan Tuncay Özkanın sağ əli kimi çıxış edən Yanardağ aparıcısı olduğu “5. Boyut” verilişinə PKK televiziyası "Roj TV"-də Türkiyəni ağır formada ittiham edən və elə buna görə işlədiyi “Cümhuriyyət” qəzetindən qovulan Erdoğan Aydını dəvət etmiş və tamaşaçıları haqlı olaraq qəzəbləndirmişdi.
Daha sonra “daha çox pul qazanmaq” məqsədilə Tuncay Özkan ilə birlikdə “Kanaltürk” televiziyasını “fetö”çü Akın İpekə satırlar. Türkiyə mediası yazır ki, Merdan Yanardağ nə qədər “Atatükçü” kimi görünsə də, özünü fetullahçılarla mübarizə aparırmış kimi göstərsə də onun əsas məqsədi təfriqə salmaq və bundan külli miqdarda qazanc əldə etməkdir.( mənbə)
Bir məqama da diqqət edək. Merdan Yanardağın PKK heyranlığı ilə yanaşı İrana xüsusi sevgisi ilə də seçilir. Qasım Süleymanini özünə kumir seçən jurnalist, “YPG sekulyar bir təşkilatdır”-deyir, rəhbəri olduğu “Tele1” televiziya kanalı Qasım Süleymaninin doğulduğu şəhərdən, yəni Kirmandan canlı yayın təşkil edir.
İranın “Kavoshmedia” qəzeti Yanardağın dediklərini rəsmi tvitter hesabında bu cür təqdim etmişdir: “Türk ekspert İranı bu cür müdafiə etdi: soylu və köklü bir ölkənin yanındasınız, cavabını gözləyin!... İran saxta bir əmirlik deyil və ölkəni bizim kimi satmadı!’’
Ortağı Prof. Dr. Emre Kongar ilə birlikdə apardığı “18 dəqiqə” verilişində "Qasım Süleymaninin ölümünə sevinənlərin keçmişini axtaranda mütləq altından ya sionist ulduzu, ya xristian xaçı çıxacağını" deməsi ilə də xatırlanır. (mənbə)
Bu günlərdə isə Merdan Yanardağa qarşı "ictimaiyyəti çaşdıran məlumat yayma" maddəsi ilə cinayət işi başlayıb. Səbəb isə onun sosial mediada paylaşdığı bir tvitdə "Kılıçdaroğluna sui-qəsd edəcək bir qrupun Gürcüstandan Türkiyəyə girdiyi bildirilir" iddiasını ortaya atmasıdır.
Bir sözlə, bu şəxsin hazırladığı həqiqətdən uzaq, spekulyasiya dolu xəbərləri və məzhəbçilik, türk düşmənliyi və PKK tərəfkeşliyi qoxuyan tvitləri sayəsində bölgədəki Türkiyə əleyhinə fikir formalaşdırmaq istəyən anti-milli qüvvələr yorulmadan öz fəaliyyətlərini davam etdirirlər.
Indi isə gələk Azərbaycandakı müxalifətin Merdan Yanardağla eyni xətdə olan fəaliyyətinə...
Necə ki, Türkiyədə müəyyən media təşkilatlarının xaricdəki fondlardan maliyyələşdirilməsi ilə bağlı ilk etirazlardan biri “tele1”-in əməkdaşı Musa Özuğurludan gəlirdisə, Əli Kərimlinin “Azadlıq” qəzeti eyni şəkildə də rəsmi Bakını xaricdəki fondlardan qanunsuz maliyyələşmənin qarşısını kəsməkdə günahlandırırdı.
Bundan başqa, bir neçə il öncə İstanbul şəhərində Baş konsulluğumuz önündə anti-Azərbaycan qüvvələrlə əməkdaşlıq edən vəkillərin keçirdiyi aksiyanı Əli Kərimlinin facebook səhifəsinin paylaşdığını və bu aksiyanı “demokratiyanın təntənəsi” olaraq təqdim etdiyini xatırlayaq.
Bu aksiyalar Türkiyədə “təhlükə altında olan vəkillər günü” ilə bağlı həyata keçirilmişdi. Aksiyanı keçirən QHT-lər Vəkillər kollegiyası, “Çağdaş Hüquqçular Dərnəyi” və “Özgürlük üçün hüquqçular” dərnəyi idi. Onlar arasında Mersin Barosu Başkanı Bilgin Yeşilboğaz, İzmir Barosu baş katibi Av. Perihan Çağrışım Kayadelen də var. Bunların kimliyi haqda məlumat əldə etmək üçün sadəcə adlarını axtarışa vermək kifayətdir.
Ümumilikdə isə bu QHT-lərin əsasən Türkiyədəki müxalif vəkillərdən formalaşdığını qeyd etməliyik. Hətta Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında keçirilən aksiyada bəyanatı Çağdaş Hüquqçular Dərnəyinin üzvü Seda Şaraldı oxumuşdu ki, Seda Şaraldı da "Xalqın Hüquqşunasları" Bürosunun vəkilidir. (mənbə)
Xalqın Hüquqşunasları Bürosunun rəhbəri Ebru Timtik və 14 vəkil terror təşkilatına üzv olmaq ittihamı ilə həbs olunmuşdular. Yəni, Azərbaycana qarşı çıxış edən, fotoda gördüymüz bu şəxslər terror təşkilatının vəkilləridilər. Əli Kərimli isə bu paylaşımı ilə düşüncəsini bəlli edir.
Nəticə olaraq:
- Merdan Yanardağın sahibi olduğu “tele1” və Əli Kərimlinin sahibi olduğu “Azadlıq” qəzeti eyni mənbədən qidalanırlar.
-“Azadlıq” qəzetinin sahibi və əməkdaşları reallıq hissini o qədər itiriblər ki, terror təşkilatının vəkillərinin və müdafiəçi-yazarların düşüncələrini bölüşürlər.
-Hələ də Azərbaycan müxalifəti Qərbin demokratiya adı ilə sırıdığı qüvvə və ideyaları tanıyıb-tanımadan, bilib-bilmədən “demokrat”, “müasir düşüncə” və “azadlıq aşiqləri” kimi təqdim etməkdədir. Dünən bunu Əli Kərimli edirdi, indi də isə onun “Azadlıq” qəzeti...