2009-cu ildə işğal altında olan Qarabağa icazəsiz səfər etdiyinə görə “Azərbaycanda giriş qadağası qoyuldu” iddiası ilə gündəmə gələn, “Habertürk”-ün köşə yazarı Nagehan Alçının adı gündəmi zəbt etdiyi üçün Faktyoxla Lab. onun kimliyini araşdırmaq qərarına gəldi.
Araşdırmalarımız zamanı, 2012-ci ildə qondarma "erməni soyqırımı" günü “Habertürk”dəki köşə yazısında “BUGÜN 24 apreldir. Düz 97 il əvvəl bu torpaqlarda min illərlə sülh şəraitində yaşayan ermənilərin sistemli və planlı şəkildə məhv edilməsi əməliyyatına başlanılıb.” – deyə yazan ermənipərəst Amberin Zamanla eyni düşüncəni paylaşan Nagehan Alçının gah “Bir sözlə, 1915-ci illə üzləşmək – bizi nə qədər narahat etsə də - mahiyyətcə soyqırımla üzləşmək deməkdir. Və bu üzləşmək prosesi yeni Türkiyənin qurulması üçün zəruridir.”- deyən,
gah "Hrant Dinkin oğlu Arat Dinki sırf erməni olduğuna görə qınayan zehniyyətə qarşı çıxdığı üçün aldığı cəzanı "şərəf ordeni" adlandıran,
gah da “Tələt Paşanı müdafiə etmək olmaz. Onun qəbul etdiyi "Deportasiya Qanunu" və qətlə yetirilən ermənilərin ölümlərinə haqq qazandırmaq olmaz. Jurnalistlər, din xadimləri, sənət adamları, iş adamları... Minlərlə erməni vətəndaşımızın ailəsindən qoparılaraq yollara sürgün edilməsi, onların bir çoxunun yolda öldürülməsi faktı heç də türk millətinin çiyninə yüklənəcək cinayət deyil” – hədyanları yağdıraraq Tələt paşaya və "İttihad və Tərəqqi Cəmiyyəti"nin üzvlərinə hücum çəkən,
“təəssüf ki, hələ də o ittifaqçı zehniyyət Tələt Paşa vasitəsilə erməni vətəndaşlarımızı öldürməklə hədələyir” – deyə ermənilərdən məzlum obrazı yaratmağa cəhd edən birini müəyyən etdik.
Hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Mehmet Metinerin təbirincə “Sorosun adamlarını çox sevən bir jurnalist” olan Nagehan Alçı o qədər çirkab bir keçmişə sahibdir ki, FETÖ-nün Balyoz və Ergenekon sui-qəsdi dövründə tvitter hesabından "Bizim əsgərlərin xanımları, sevgililəri cənubi şərqdəki qazilər üçün xeyriyyəçilik məqsədi ilə təhsil təqvimində soyunsunlar!" - mesaj paylaşmışdı.
Vaxtilə FETÖ-nün “Samanyolu” televiziyasına çıxıb: “FETÖ milyonların qəlbində taxt quran biridir” – deyib sonra da “mən illərlə bu terror təşkilatı ilə mübarizə aparmışam” – söyləyən “hər zaman haqqın yanında dayanan jurnalistin” ikinci Qarabağ savaşı zamanı “Heç kimin ixtiyarı yoxdur ki, erməni yurddaşlarımıza (?!-red.) göyərçin narahatlığı yaşatsın.” – cümləsini dilə gətirməsini artıq normal bir hal kimi qəbul edirik.
Nagehan Alçının erməni sevgisini araşdıranda, gördük ki, 2009–cu ildə C.Sorosun Açıq Cəmiyyət İnstitutuna yaxınlığı ilə bilinən Beynəlxalq Böhran Qrupunun əməkdaşı qismində Ermənistana, oradan da Azərbaycanın o zaman Ermənistan tərəfindən işğalı altında saxladığı Qarabağ bölgəsinə səfərə gedib və televiziya kanallarından birinə ikrahdoğurucu açıqlama verib. Erməni mətbuatının yazdığına görə, Nagehan Alçı “Türkiyədə səhv etdik. İndi başa düşürəm ki, Dağlıq Qarabağ yüz faiz erməni torpağıdır və siz bu torpaqları verməməkdə haqlısınız”- deyə erməni kanalına müsahibə vermişdi. Ondan “1915-ci ildə soyqırım olubmu?” soruşduqda Alçı tarixçi olmadığına görə “soyqırım” olub-olmadığını deyə bilməyəcəyini qeyd edib, amma əlavə edib ki, 1915-ci ildə kədərli hadisələr olub. Bəyanat Ermənistan, Azərbaycan və Rusiya mətbuatında geniş işıqlandırılıb, Azərbaycan Xarici İşlər Nazirliyi məsələnin araşdırıldığını bildirmişdir.
Bundan başqa, araşdırmalarımız zamanı Nagehan Alçının “Aqos” qəzetinin qətlə yetirilən baş redaktoru Hrant Dinkin ölümündən iki il keçəndən sonra “Akşam” qəzetində yazdığı məqalədə Hrant Dinkin gülümsəyən çöhrəsini xatırlayaraq, Dinkin türkləri qəsd edərək dediyi: “Öz milli kimliyini yaşadarkən, düşmənə ehtiyacınız varsa, sizin milli kimliyiniz xəstədir” – sözünün sanki ciddi bir aforizm kimi köşəsində istifadə olunmasının şahidi oluruq. Alçı yazısını belə tamamlamışdı: “İlin bu vaxtında mən də erməniyəm. Keçən il olduğu kimi və qatil və ya qatillər tutulana qədər hər il də erməni olmağa davam edəcəyəm. Kimin nə deməsindən asılı olmayaraq...” sözləri qələmə alıb. (mənbə)
Həmçinin, 2016 –cı ilin "Aprel döyüşləri"ndən sonra Nagehan Alçı “Milliyyət” qəzetindəki köşə yazısında qurduğu sətiraltı cümlələrlə erməniləri müdafiə edir, Türkiyəni və Azərbaycanı isə “yazıq” erməni xalqına aqressiya nümayiş etdirməkdə günahlandırırdı: “Mətbuatda Dağlıq Qarabağ məsələsinə yanaşma heç vaxt keçə bilmədiyimiz etnik millətçilik xəstəliyinin hələ də toxunulmaz olduğunun əyani sübutudur”. Davamında isə N.Alçı fikrini belə əsaslandırır, əslində isə türk ictimaiyyətinə olan kinini qusur: “Mən bizim mediaya baxıram, ancaq bir tərəfə yox, bütün mediaya baxıram, hamısında azərbaycanlılar bizim qardaşımızdır, ermənilər düşməndir yanaşması! 5 azərbaycanlı şəhid oldu, əvəzində 100 erməni əsgəri öldürüldü və s... Bəs niyə deyirdiniz, türk millətçiliyi bu torpağa məxsus hər etnik mənsubiyyəti əhatə edən çətirdir deyə? Ermənilərə qarşı nifrətiniz varmı?! 1915-ci illə bağlı respublika tarixində ilk dəfə olaraq hər iki tərəfin dərdinə şərik olan, ermənilərə başsağlığı verən siyasi iradə var, bu dil çox arxaik deyilmi? Təəssüf ki, illərdir İraq Kürdüstanına oradakı kürdlərin düşməni kimi rəftar və türkmənlərə bizdən olduqları üçün göstərilən fərqli münasibət, indi azərilər və ermənilər vasitəsilə yenidən dirçəlməkdədir. Bu, sümüklərimizə kimi gizli qalan bir irqçilikdir. Bəzən kürdlər, indi ermənilər, indi yunanlar, indi yəhudilər... vasitəsilə özünü göstərir”. (mənbə)
Qarabağa icazəsiz səfər etdikdən sonra adı "qara siyahı"ya salınan, amma bunu hər kəsə, hətta mediaya da özünü önəmli bir fiqur imiş kimi təqdim edib “persona non qrata elan edildiyini” deyən, N.Alçı məhz Türkiyə vətəndaşı olduğu üçün adı "qara siyahı"dan çıxarılıb. Bundan sonra Azərbaycana gələn və səfər təəssüratları haqqında yazı qələmə alan jurnalist məqaləsinə “bu mənim Azərbaycana ilk səfərim idi” – cümləsi ilə başlamışdır. Yəni, o, oxucularına Qarabağın hələ də Azərbaycan torpağı olmadığını və ya bu faktı qəbul etmədiyini dolayı yolla çatdırır.
Araşdırma zamanı bu “jurnalistin” atası ilə bağlı faktlar əldə etdik. Məlum oldu ki, Nagehan Alçının atası Rüştü Alçı 1938 –ci ildə Kayserinin Talas rayonunda anadan olub. Bu bölgənin tarixi və coğrafiyası ilə maraqlanarkən çox maraqlı məlumatlar əldə etdik.
Kayserinin Talas kəndi haqda qısa arayış: Türkiyə mənbələrinin yazdığına görə, Kayserinin mərkəzindən 7 km aralıda yerləşən Talas, Kayserinin ən inkişaf etmiş mərkəzi vilayətidir. Talasın tarixi b.e.ə. 1500-cü illərə gedib çıxır. Tarix boyu çoxlu sivilizasiyalara ev sahibliyi edib, müxtəlif din və mədəniyyətlərdən olan insanların görüş nöqtəsi olub. 1510-cu ildə Talas mahalında ermənilərin bir hissəsi məskunlaşıb.
Həmin dövrdən 1915-ci ilə qədər Talas Anadoluda əhəmiyyətli erməni yaşayış məskənlərindən biri olub. Talasda yunanlar, ermənilər və türklər birlikdə tolerantlıq şəraitində yaşayıblar. Bu dövrdə Talas Kayserinin ticarət mərkəzi hesab olunur. mənbə
Bu isə açıq mənbələrdən əldə etdiyimiz fotolardır.
Qeyd edək ki, əvvəllər ermənilərin və yunan ailələrin sıx məskunlaşdığı Talas rayonunda 1889–cu ildə inşa edilən kollecin əsas müdavimləri də ərazidə yaşayan ermənilər olub. (mənbə)
Nəticə olaraq,
- Bu şəxsin adı Qarabağa icazəsiz və qanunsuz səfər etdiyinə görə “qara siyahı”ya salınıb;
- Adı qara siyahıdan çıxarıldıqdan sonra Azərbaycana səfər edən Nagehan Alçı səfərdən geri döndükdən sonra da yazdığı yazıda ölkəmizi aşağılayan ifadələr işlədib.
- Atası Rüştü Alçı Kayserinin Talas rayonunda anadan olub. Bu şəhərdə isə erməni sakinlərin üstünlük təşkil etdiyini Türkiyə mənbələri təsdiqləyir. Nagehan Alçının ermənipərəst mövqeyinin və Azərbaycana qarşı nifrət hissinin olmasının bir səbəbini də bu məqamda axtarmaq lazım gəlir.
- Həm II Qarabağ müharibəsi dövründə, həm də ondan öncəki dövrlərdə Azərbaycanı və Türkiyəni ermənilərə qarşı amansız mövqe nümayiş etdirməkdə günahlandıran Nagehan Alçının hər 24 aprel tarixində sosial mediada paylaşdıqlarına baxmaq kifayətdir ki, onun hansı düşüncənin sahibi olduğunu görək.