Bir neçə gün öncə Xankəndidəki terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan rusiyalı jurnalist, hazırda Fransada yaşayan Elizaveta Osetinskayanın “Это Осетинская (Русские норм!)” youtube kanalına müsahibə verib.
Faktyoxla Lab. müsahibəni incələyib.
Bizə təqdim olunan kadrlardan görünür ki, müsahibə Osetinskaya tərəfindən “Apple macbook”, Ruben Vardanyan tərəfdən isə “Apple iPad Pro” planşeti ilə onlayn olaraq baş tutub.
Osetinskayanın müsahibə götürdüyü platforma isə Apple şirkətinə aid “FaceTime” onlayn-çat proqramıdır. Bu proqram vasitəsilə müsahibə götürülərkən müsahibəni yaddaşa verib, sonradan montaj etmək mümkündür.
Həm Ruben Vardanyanın, həm də rusiyalı jurnalistin müxtəlif rakurslardan görüntülərə alınması da bunu təsdiqləyir.
Məsələ burasındadır ki, bu onlayn müsahibə deyil (“FaceTime” onlayn-çat proqramı vasitəsi aparılsa belə), hər iki müsahibin 3-4 rakursdan çəkilmiş görüntülərinin montaj edilərək hazırlanan adi filmdir.
Diqqətimizi cəlb edən əsas məqam:
Müsahibənin 16:35 və 59:13 dəqiqələrində müsahibə qəfil kəsilir. Osetinskaya nə baş verdiyini anlamaq istəyir və rejissordan kəsintinin səbəbini soruşur. “Aha, problem onlardandır” qənaətindən sonra film davam edir. Ruben Vardanyan işıqların söndüyünü, buna səbəb isə blokada şəraitində yaşadıqlarını bildirir. Blokada səbəbindən gündə bir neçə dəfə Xankəndinin işıqlarının söndüyünü deyir.
İndi isə Osetinskaya-Vardanyan cütlüyünün təbliğat məqsədilə oynadıqları kiçik tamaşanın böyük yanlışına diqqət edək.
1. Əgər doğrudan da işıqlar sönübsə müsahibə yarımçıq kəsilməməli idi. Axı Vardanyanın istifadə etdiyi “Apple iPad Pro” planşeti televizor, tozsoran deyil ki, elektrik enerjisindən ayrılan kimi sönsün. Əgər elektrik kəsintisi baş veribsə və bu səbəbdən “internet router” də sönübsə, onda müsahibə zamanı müxtəlif rakurslardan çəkiliş edən kameraların qeydləri hardadır? Niyə işıq sönən məqamın görüntülərini montajda daxil etməyiblər? Nəzərə alaq ki, müsahibə boyu bir dəfə də olsun “FaceTime” proqramının görüntülərindən istifadə edilməyib. Yuxarıda qeyd etdik ki, bu proqram vasitəsilə danışıqları yaddaşa alıb, sonradan istifadə etmək mümkündür.
2. Heç bir onlayn “stream” və multimedia mesajlaşma pratformaları internetin kəsilməsi anında Sovet dövrünün televizorları kimi “glitch”-lə (cızıltı) sönmür. Xüsusən də ən müasir texnoloji şirkət olan “Apple”-nin telefon və ya planşetlərində “glitch” olmasına işarə vurmaq, üstəlik bunu aşkar nümayiş etdirmək gülüncdür.
Yəni, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni milyarderin müsahibəsi zamanı belə işıqlarının söndüyünü, bunun səbəbinin isə “blokada şəraitində” yaşayışın olmasını əyani göstərmək üçün əl atdıqları ucuz ssenari belə ifşa olundu.
R.Vardanyanın müsahibə boyu danışdığı yalanlar haqda
Müsahibədə R.Vardanyan az qala hər cümləsində saxta məlumat yayır, yalan danışır. Biz diqqətçəkən bir neçə məqamı qeyd edəcəyik.
1. R.Vardanyan qeyd edir ki, oğlu Qarabağda hərbi xidmət keçib. Məsələ bundadır ki, R.Vardanyan az qala bütün müsahibələrində bu faktı qabardır. R.Vardanyan 19 iyun 2022-ci ildə verdiyi müsahibədə də oğlunun Ermənistanda müəyyən müddət yaşamasını Ermənistan ordusunda könüllü kimi xidmət keçdiyini qeyd etmişdir. Digər mənbələrdə isə R.Vardanyanın oğlunun 2016-cı ildə Qarabağda hərbi xidmət keçməsi haqda məlumatlar var. Bu haqda müsahibə verərkən Ruben Vardanyan oğlu David Vardanyanın (2016-cı ildə aprel döyüşlərindən 20 gün sonra 28 aprel 2016-da) separatçıların “ordu” adlandırdıqları qurumda 9 ay xidmət keçdiyini deyib. Lakin, D.Vardanyanın ayağının sınması səbəbindən "tərxis olunur", daha sonra separatçı qurumun aparatında köməkçi kimi işləyir. Əslində 2016-cı ildə “Aprel döyüşləri” başlar-başlamaz R.Vardanyanın oğlunun ayağı qəfil “sınır” və döyüşlər getdiyi vaxt gününü hərbi hospitalda keçirir. Həmin dövrdə əksər erməni saytları “Ruben Vardanyanın və Bako Saakyanın oğlanları Qarabağda xidmət edirlər” yazırdılar. Yani deməyimiz odur ki, bu xidmət keçməkdən çox, oğlundan istifadə edərək öz “piar”ını qurmaqdır.
2. İkinci yalan Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt Azərbaycanın tərkibində olmamasını (?-red.) və DQMV-nin referendumla müstəqil olduğunu deməsidir. Əslində R.Vardanyan bunu dilə gətirməklə doğrudan da adi erməni bloger səviyyəsində düşündüyünü, nə tarix, nə hüquq, nə də siyasətdən anlayışının olmadığını əyani nümayiş etdirir. DQMV-nin Azərbaycan tərkibində olmaması haqda absurd düşüncəni şərh etməyə ehtiyac yoxdur. Qondarma referenduma gəldikdə isə.
Bəllidir ki, Dağlıq Qarabağ erməniləri hərbi münaqişə və silah gücünə "müstəqil" olmağa başlayıblar. İlk vaxtlarda Dağlıq Qarabağ ermənilərinin əsas məqsədi Ermənistana birləşmək idi. Bu barədə 1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul etmişdi. Ermənistan SSR-in Ali Soveti 1988-ci ilin iyunun 15-dəki iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşməsinə razı olması barədə qərar qəbul edib. Ermənilər sonra başa düşdülər ki, onların Dağlıq Qarabağı bir dövlətin tərkibindən çıxarıb digər dövlətin tərkibinə birbaşa keçirməsi mümkün deyil. Ona görə aralıq addım kimi “müstəqillik referendumu” yolunu seçdilər.
Amma həmin vaxt Dağlıq Qarabağın SSRİ qanunlarına istinad etməsi qanunsuz idi. Belə ki, 1991-cı ilə qədər qüvvədə olan SSRİ Konstitusiyasının 78-ci maddəsinə görə
a) İttifaq respublikalarının SSRİ tərkibindən çıxmaq hüquqları var idi
b) İttifaq respublikasının sərhədləri onun icazəsi olmadan dəyişdirilə bilməzdi.
Yəni, Dağlıq Qarabağın separatçı məclisinin 1991-ci ilin sentyabr ayında Azərbaycan tərkibindən çıxdığını elan etməsi həm də qeyd edilən məqama görə qanunsuz idi. Nəzərə alaq ki, Ermənistan öz müstəqilliyini Azərbaycandan daha öncə elan etmişdi. 1991-ci il martın 17-də SSRİ-nin saxlanmasına dair keçirilən referendumda ermənilər iştirak etməmişdilər. Belə olan təqdirdə ermənilərin 1991-ci ilin dekabr ayında SSRİ qanunlarına istinad etməsi hüquqi savadsızlığın əlamətidir.
Bəs, R.Vardanyan bu müsahibəni niyə sifariş verib?
Ruben Vardanyan qondarma quruma yeni “dövlət naziri” təyin olunduğu vaxt “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırmasını xatırlayaq. Həmin müsahibə onun proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkməsi, hətta ona ünvanlanan suallara tam fərqli cavablar verməsi yadda qalıb. Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.
Osetinskayanın bu verilişində də demək olar ki, həmin situasiya yaradılır. Xanım aparıcı özünü Stiven Sakura bənzədərək R.Vardanyana Rusiya-Ukrayna münaqişəsi fonunda Qarabağda yaşayan ermənilərlə bağlı analogiya aparır. Lakin burada R.Vardanyan BBC-nin sualları qarşısında aciz qaldığı vəziyyətdən nəticə çıxardığı, üzərində xeyli işləndiyi və ən əsası Rusiya ilə bağlı buraxdığı səhvləri təkrarlamadığını müşahidə edirik.
Nəticə:
-Yelizaveta Osetinskayanın bu verilişi Ruben Vardanyanın sifarişi ilə hazırlanıb.
-Əksər fikir və arqumentlər təbliğat xarakterli və əsassızdır, yalan üzərində qurulub.
- Rusiya-Ukrayna münaqişəsində birincilərin müdafiəsi üçün BBC-nin “Hard Talk” verilişində buraxdığı səhvləri düzəltmək məqsədilə verilən mesajdır.