Bu gün sosial və ənənəvi mediada dəmir yolu relsi üzərində hasar tikilməsini əks etdirən fotoşəkil yayılıb. Mediada paylaşılan foto geniş müzakirələrə səbəb olub. Fotonun Azərbaycanda, hətta konkret olaraq Gəncə şəhərində lentə alındığını iddia edənlər üstünlük təşkil edib.  

Paylaşımların şərh bölümündə sosial media istifadəçiləri ənənlərinə sadiq qalaraq ərazi üzrə icra hakimiyyətini, eləcə də Azərbaycan Dəmir Yolları (ADY) QSC-ni münasibət bildirmədiklərinə görə qınayıblar. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova nə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastrukturunda, nə də istismar olunan dəmir yolu xətlərində belə yolun mövcud olmadığını bildirib. O qeyd edib ki, çox güman ki, bu, istismar müddəti bitmiş dalan yoludur. (oxu.az)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev facebookda yazdığı açıqlamada bildirib ki, fotoşəkil Azərbaycanda çəkilməyib. “Araşdırmalarla məlum olub ki, fotoşəkil iki gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb”-deyə qeyd edib.

Faktyoxla Lab. fotonun harada çəkildiyini araşdırıb.

Fotonu internet axtarış sistemlərində aradığımız zaman bir çox xarici ölkə vətəndaşları, Azərbaycan mediasında olduğu kimi, fotonun özlərinə aid olması haqda fikir bildirdiklərini aşkar etdik. Yalnız İraq vətəndaşlarının yarıgerçək-yarızarafat paylaşdıqları statuslarda fərqli olsa da müxtəlif qəsəbə adlarını qeyd etdikləri diqqətimizi çəkdi.

 

Fotoda görünən şpallardan birinin üzərində ərəb dilində yazılmış “38” rəqəmi də arqumentlərimizi təsdiqlədi.

Bu məqsədlə İraq Nəqliyyat Nazirliyinin rəsmi internet və facebook səhifələrini nəzərdən keçirdik.

Bəlli oldu ki, foto doğrudan da İraqda, konkret olaraq Mosul şəhərinin “Əl-Şirquat” qəsəbəsində çəkilib. 

Bu paylaşımda İraqın Nəqliyyat Nazirliyinin elanı yayılıb və bildirilir ki, Mosul şəhərinin “Əl-Şirquat” qəsəbəsinə ərzaq yardımı aparılmasının planlaşdırılır. Lakin həmin ərazilərdə dəmir yolu xətlərinin sıradan çıxması və ya əhali tərəfindən qanunsuz zəbt olunması səbəbindən humanitar yardımı çatdırmaqda çətinliklər yaranır. Bu səbəbdən həmin ərazilərdə təcili tədbir görüləcəyi və qanunsuz tikililərin söküləcəyi, bəzi yerlərdə isə əsaslı təmir aparılacağı qeyd edilib. (mənbə)

 

Nəticə:

DİN mətbuat xidmətinin rəhbəri doğru məlumatı paylaşıb. Sosial mediada yayılan dəmir yolu xətti üzərində hasar tikilməsini əks etdirən fotoşəkil Azərbaycanda deyil, İraqın Mosul şəhərinin bir qəsəbəsində çəkilib.