Fars-molla rejiminin yeni nəsil analitiklərindən hesab olunan Şuayib Bəhman Tehranın “Nur nyus” portalına verdiyi açıqlamada belə bir iddia irəli sürüb ki, İsrail Azərbaycanın hərbi məlumatlarını Ermənistana verib. Onun sözlərinə görə, təxminən bir-iki ay əvvəl bölgə mətbuatında Ermənistanın işğal etdiyi ərazilərdə səfirliyini açması müqabilində İsrailin ermənilərə hərbi məlumat verməsi ilə bağlı xəbərlər və açıqlamalar dərc olunmuşdu. O, deyib: “Əslində İsrailin etdiyi hərəkət nəticəsində Azərbaycan Respublikasının hərbi məlumatlarının sızması və Ermənistanın bu məlumatlara çıxışı bölgədə hazırkı vəziyyətin alovlanmasının əsas səbəbidir". ( istinad)
Faktyoxla Lab. Şuaib Bəhmanın açıqladığı bu faktın həqiqi olub-olmadığını araşdırıb.
Əvvəlcə, açıqlamanı verən ekspert haqda bir neçə kəlmə.
Araşdırmalarımız zamanı bəlli oldu ki, fars-molla rejiminin yeni nəsil analitiklərindən olan Şuaib Bəhman (15 fevral 1981-ci ildə Tehranda anadan olub) Rusiya və Avrasiya məsələləri, beynəlxalq təhlükəsizlik və enerji siyasəti ilə məşğul olan ekspertdir. O, İslami Azad Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru adını alıb, hazırda Müasir Dünyada Strateji Tədqiqatçılar İnstitutunun ( Cahane-Müassır) rəhbəri vəzifəsində çalışır. "Əndişeyi-Sazane-Nur" Strateji Araşdırmalar İnstitutunun nəzdində Rusiya və Avrasiya tədqiqatları və beynəlxalq enerji siyasəti üzrə şöbəyə rəhbərlik edən Ş.Bəhman əvvəllər İran-Avrasiya Araşdırmaları İnstitutunda (İRAS) çalışıb. (mənbə)
Paylaşdığı tvitlər onun psixoloji portretini cızmaq üçün yetərlidir.
Misal üçün, Şuayib Bəhman bir statusunda yazır: İllərdi “Bakı ilə İsrail arasında əlaqələrin genişlənməsinin qarşısını almaq üçün bu kiçik respublikanı sakitləşdirmək lazımdır” – deyə yanlış siyasət yürüdənlər indi haradadırlar? Bakı ilə İsrailin İrana qarşı strateji müttəfiqliyi nə ilə əsaslandırılır?”
Millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən sui- qəsdi dəyərləndirən analitik hadisəni belə şərh edib: “Bakı Cümhuriyyəti parlamentinin anti-İran və şiə əleyhinə təmsilçisi Fazil Mustafa evinin qarşısında qətlə yetirilib. Bakıda anti-İran və anti-şiə fikirlərin güclənməsini gözləyin".
Ötən həftə İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və “Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası” ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilməsi və 48 saat sonra ölkəni tərk etməsi faktını isə Şuayib Bəhman təhrif edərək tvitterdə bu barədə belə bir şərh yazıb: “İranın qovulmuş diplomatlarının Bakını tərk etməsi ilə Tehranı tərk edən Bakı diplomatlarının şəkillərini müqayisə edin. İran kimi böyük, qədim və sivil bir ölkə ilə daim öz kimliyini saxtalaşdıran kiçik bir ölkə arasında fərq var”.
Göründüyü kimi, bu şəxs fars-molla rejiminin siyasi ruporlarındandır və demək olar ki, bütün statuslarında Tehranın yalan maşınının kiçik vinti olduğunu sübut edir.
Ayrıca, onun Ermənistana qarşı xüsusi bir sevgisi də mövcuddur ki, bunu da Bəhman gizlətməyə ehtiyac belə duymur. Məsələn, o, yazır: “Mən ölkənin şimal-qərb sərhədlərindəyəm. İranın hərbi hazırlığı yüksək səviyyədədir və bəzi yüksək rütbəli komandirlər vəziyyətə nəzarət edir; baxmayaraq ki, qırmızı xətləri saxlamaq üçün yalnız bir batalyon kifayətdir. İran Ermənistanla sərhədinin kəsilməsinə imkan verməyəcək.”
Bundan başqa 27 oktyabr 2021-ci il tarixində “Orbeli” Analitik-Tədqiqat Mərkəzinin təşəbbüsü ilə Ermənistan-İran ikitərəfli münasibətləri və müharibədən sonrakı regional vəziyyətə dair keçirilən vebinarda çıxış edənlərdən biri də Şuaib Bəhmən olub. Bəhman “Yeni Qafqazda İran və Ermənistan arasında əməkdaşlığa ehtiyac” mövzusunda məruzə ilə çıxış edib. O, israrla 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətin ölkəsinin maraqlarına zidd olduğunu deyib və bildirib ki, “Zəngəzur dəhlizi” ideyası dərhal aradan qaldırılmalıdır. Ekspert İranın Ermənistana, xüsusən də Qərbi Zəngəzur bölgəsinə aktiv sərmayələr qoymalı olduğunu və İrəvanla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməli olduğunu sözlərinə əlavə edib.(mənbə)
Araşdırmalarımız zamanı, Şuayib Bəhmanın bir müddət əvvəl Tehranda Erməni Mərkəzinin ofisində keçirilən “Qafqazın geosiyasi tənlikləri, regional və qeyri-regional aktorlar” adlı ixtisaslaşdırılmış seminarda “44 günlük müharibədən sonra Qafqazın geosiyasi qeyri – müəyyənlikləri ” mövzusunda məruzə ilə çıxış etdiyini və burda da yenə Azərbaycanın əlehinə fikirlər səsləndirdiyini müəyyənləşdirdik. Qərbi Zəngəzuru itirmək təhlükəsinin həm Ermənistan, həm də İran üçün çox acı nəticələr doğuracağını bildirən Bəhman bu itkinin gələcəkdə həm İran, həm də Ermənistan üçün geosiyasi risklərə səbəb olacağını qeyd edib. “Sonuncu məqam odur ki, İran Suriyadakı təkfirçilik və terror hərəkatları ilə bağlı hərəkətə keçdiyi kimi, Ermənistanın cənubunda və ya İrana qarşı təhdidlər yerləşdirmək niyyətindədirsə, mütləq addım atacaq. İsraillilər öz təsirlərini göstərmək üçün hərbi və təhlükəsizlik sahələrində daha da genişlənsələr, İranın ciddi cavabı ilə üzləşəcəklər. Bu cavab Rusiyanın Ukraynada NATO-ya verdiyi cavab kimi ola bilər.( istinad)
İndi isə həmin məlumata qayıdaq. Ş.Bəhmanın “xəbər və açıqlamalarının dərc olunduğunu” iddia etdiyi resurs fars-molla rejiminin Azərbaycan əleyhinə fəaliyyət göstərən “Qafqaz Həqiqətləri” saytıdır. Saytda dərc olunan xəbərə nəzər saldıqda isə məlumatın 15 oktyabr 2012–ci ildə hazırlandığını görürük. Xəbərin mənbəyi kimi isə “Ermənistan Müdafiə Nazirliyinə yaxın media fəallarından olan hərbi məsələlər üzrə ekspert” göstərilib. Bu isə həmin saytın peşəkarlığının pik nöqtəsidir: “Adının çəkilməsini istəməyən ekspert deyib: “İsrail tərəfi səfirlik açılması qarşısında Azərbaycan Respublikasının hərbi sirlərini Ermənistanın aidiyyatı mərkəzlərinə verməyi qəbul edib.”
Nəticə:
- “İsrail Azərbaycanın hərbi məlumatlarını Ermənistana verib” tezisi saxtadır və bu məlumat fars-molla rejiminin saytlarından birində 15 oktyabr 2012-ci ildə dərc olunub.
- Erməni həmfikirləri ilə bir yerdə tez – tez tədbirlər təşkil etməsi və bu tədbirlərdə Ermənistanın mövqeyini müdafiə edən bəyənatlar səsləndirməsi onun anti-Azərbaycan şəbəkəsinin üzvü olduğunu sübuit edir.
- Şuayib Bəhmanın açıqlamalarından görünür ki, o da 44 günlük savaşdan sonra regionda yaranan reallıqlarla barışa bilmir və İranın özünə tərəfdaş elan etdiyi Ermənistanla bərabər addımlamaqda israrlıdır.