Faktyoxla Lab-ın teleqram kanalının çat bölməsinə izləyicilərimizdən biri video göndərərək həmin videonun doğru olub-olmamasını yoxlamağı istəyib. Oxucunun bu xahişini nəzərə alaraq Faktyoxla Lab. həmin videonu araşdırıb.

Söhbət, 2 ukraynalı hərbçinin öz övladı ilə maşında gedən, azərbaycanlı olduğu söylənilən bir xanımla yüksək tonda danışması, onu aşağılaması və havaya atəş açmasını əks etdirən videodan gedir. 

Video haqda: Rusiyanın "Readovka" teleqram kanalının 27 martda avtomobilin video-qeydiyyat cihazı vasitəsilə lentə alınmış bir hadisə barədə video yayıb. Videoda görünür ki, 24 mart 2023-cü ildə ukraynalı hərbçilər cəbhə bölgəsində qrunt yolda bir qadının idarə etdiyi avtomobili saxlayırlar. Qadınla yanaşı maşında azyaşlı uşağın olduğu da səslərdən müəyyən edilir. Maşına yaxınlaşan hərbçi qadınla kobud danışır, onu təhqir edir (səfeh, donuz deyir-red.), qadını hərəkətdə olan hərbi kolonu ötüb keçməklə yol hərəkəti qaydalarını və bu səbəbdən hərbi qanunları pozmaqda günahlandırır, yüksək tonla sənədlərini tələb edir. Qadından sənədlərini alan hərbçi “Mustafayeva Aida Safarovna” sözlərini səsləndirir. Qadının az qala ağlayaraq hərbçini sakitləşdirmək cəhdləri, onu daha da qıcıqlandırır. Hərbçi əvvəl əli ilə maşını bərkdən döyəcləyir, söyüş söyür, havaya atəş açmaqla həm qadını, həm də uşağı bərk qorxudur. Qadının “Siz nə edirsiniz? Mənim yanımda uşaq var, özünüzü nə hesab edirsiniz?“ sözlərinə əhəmiyyət verməyən hərbçi maşından uzaqlaşır və düz maşının qarşısında havaya təkrar atəş açır. 

Bu videonu əksər Rusiya saytları paylaşaraq Ukrayna əsgərlərinin kobudluğu və vəhşiliklərinə nümunə kimi göstərirlər. 

Videonu hətta Rusiya XİN-ə yaxın teleqram kanalları da yayıblar. Lakin bir müddət sonra video və məlumat kanaldan silinib.

Sosial mediada rastımıza çıxan əksər paylaşımlarda azərbaycanlılar ukraynalı əsgərin azərbaycanlı qadına qarşı bu cür kobud hərəkət etməsindən qəzəbləndiklərini açıq biruzə verdiklərini və bu hərəkətləri qəti pislədiklərini müşahidə edə bildik. Hərçənd, bu videonun yayıldığı səhifə və profillərdə Ukrayna əsgərlərinə qarşı məqsədli təbliğat aparan fərdlərin də olduğu diqqət cəlb edir.

Araşdırma: Ərazinin geolokasiyasının müəyyən olunması üzrə ixtisaslaşmış GeoConfirmed könüllülərdən ibarət qrup videoda qeyd alınmış kadrlardan ərazinin kordinatlarını müəyyən edib. 

GeoConfirmed ərazidə geolokasiyanı aparmaq üçün lazım olacaq bir çox obyektləri aşkarlayıb. 

Ərazidə olan bəzi detalların və qeyd olunan obyektlərin sayəsində GeoConfirmed çəkilişin 47.977044, 37.953754 kordinatlarında (XXG3+RG6 Makiivka, Donetsk Oblast, Ukraine) qeyd alındığını dəqiqləşdirib.

Qeyd edək ki, bu ərazilər Ukraynanın deyil, Rusiya hərbçilərinin nəzarətindədir.

Daha sonra bir rusların 300 minlik ZАПИСКИ VЕТЕРАНА teleqram kanalı iddia edib ki, video saxtadır.

Bu istifadəçi isə videoda görünən avtomobilin Ukraynaya deyil, Rusiyaya məxsus olduğunu sübut edir. Belə ki, “Volkswagen”-in “AMAROK” tipinə yalnız Rusiyada müəyyən dəyişikliklər edilməklə istismara verilir (kuzov tam dəyişdirilir) və bu avtomobillər heç vaxt Ukrayanaya satılmayıb (və ya gətirilməyib).

Ukraynanın sensor.net faktyoxla saytı bu videonun saxta olmasına dair bu arqumentləri əlavə edir:

1. Geolokasiya ilə müəyyən olunmuş ərazi rus qoşunlarının nəzarəti altında olan Donetsk-Makeyevka yolundadır. 

2. Məlumatı yayanlardan birinin ayaması "Юрий Алексеич Z V"-dir;

3. Ukraynalı hərbçilər maşınlarına çəkdikləri xaç tamdır, videoda görünən isə Vermaxt xaçıdır.

4. Müharibə başlayandan bəri Ukraynanın bütün ərazisində maşınlarda video-qeydiyyat cihazı gəzdirmək qadağan olunub.

5. Videonun keyfiyyətsiz montajı da diqqət cəlb edir. 1-35 dəqiqədə hərbçi avtomobilin yaxınlığında atəş açır. Amma avtomatdan gələn serial atəş gurultusunu eşitmək olmur. Baxmayaraq ki, avtomobilin pəncərəsi açıq olub. (sənədlər alınıb, yoxlanılıb). Pəncərənin bağlanmasının səsi eşidilmir. Hərbçilər geri dönəndə aralarında nəsə danışıq olduğu eşidilir. Yəni, xırda detaldır, amma videonun rejissoru bunu nəzərə almayıb.

Ukraynalı araşdırmaçılar “Mustafayeva Aida Safarovna” adlı şəxsi virtualda tapa bilməyiblər. Yalnız bir nəfər “Mustafayeva Aida” aşkarlanıb ki, onun da atası Səfər deyil, Alekseydir.

Beləliklə,

- Ukraynalı hərbçilər tərəfindən saxlanılaraq, təhqir olunan azərbaycanlı qadının videosu saxtadır

- Həmin video Rusiya hərbçilərinin nəzarətində olan ərazidə lentə alınıb.

- Maşını idarə edən xanımın azərbaycanlı ad- soyad, ata adının çəkilməsi isə azərbaycanlı izləyicilər arasında narazılıq yaratmaq, onların emosiyaları ilə oynamaq üçün düşünülüb.