Xəbər verildiyi kimi, 13-14 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, bu ölkənin tanınmış iş adamları, aparıcı şirkətlərinin rəhbərləri və s. ilə səmərəli görüşlər keçirib. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib, ümumilikdə səfər strateji dialoq xarakteri daşıyıb. Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirmək əzmini açıq nümayiş etdirib. Bu səfər, Azərbaycanın əhəmiyyətinin qəbul edilib, açıq vurğulandığı, haqqında xoş sözlər eşidildiyi səfər kimi yadda qalıb.
Belə əhəmiyyətli və uğurla başa çatan rəsmi səfər haqda Azərbaycan müxalifəti də öz münasibətini bildirib. Belə ki, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru, Fransada mühacir həyatı yaşayan Qənimət Zahid, AXCP-nin mətbuat katibi Natiq Adilov, bloger Mehman Hüseynovun idarə etdiyi “HamamTimes” səhifəsi iddia ediblər ki, Almaniya tərəfi Azərbaycan Prezidentinin adını səhvən Heydər Əliyev (“H.E. Aliyev”) yazıblar.
Faktyoxla Lab. bu iddianı dəqiqləşdirib.
İlk olaraq bildirək ki, təqdim olunan bu foto Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə çəkilib.
Həmin görüşdən çəkilən digər fotoları incələdikdə bəlli olur ki, Azərbaycan Prezidentindən başqa iştirak edənlərin qarşısında qoyulmuş lövhələrdə yalnız soyadlar yazılıb.
Diqqət edildisə yalnız Azərbaycan Prezidentinin şərəfinə H.E. Aliyev yazılıb.
Burada yazılan H.E. isə diplomatik qəbul, qarşılanma, etiketdən məlumatı olmayan Qənimət Zahid, Natiq Ədilov və başqalarının iddia etdiyi kimi ad və soyad inisialları deyil, ingilis dilində “Zati-Aliləri” sözünün (His Excellency ) abbreviaturasıdır.
Belə hallara diplomatik qəbullarda, rəsmi görüşlərdə, birgə keçirilən konfranslarda rast gəlinir.
Bir məqamı da qeyd edək ki, əgər doğrudan da Almaniya tərəfi Heydər Əliyev yazmaq istəsəydi “H.A.Aliyev” yazardı.
Nəticə:
Qənimət Zahid, Natiq Ədilov, Mehman Hüseynov və digərləri öz düşüncələri səviyyəsində uğurlu Almaniya səfərinə həmişəki kimi kölgə salmaq istəyiblər. Əvəzində savadsızlıqlarını və aşağı səviyyəli dünya görüşlərini bir daha nümayiş etdiriblər.