20 ildən artıqdır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismar edən “Base Metals” şirkəti ərazidə mədənçıxarma fəaliyyətini dayandırdığını bildirib. Şirkət və bu ərazilərdə qanunsuz talançılığın siyasi-iqtisadi mərkəzi olan qondarma “Artsax hökuməti” açıqlama ilə çıxış edərək ekoloji vəziyyətin qiymətləndirilməsi və ekspertizanın keçirilməsi üçün BMT-nin aidiyyatı qurumlarına və digər beynəlxalq təşkilatlara müraciət edib.
Əslində, qondarma qurum və “Base Metals” bu müraciətlə cinayətkar erməni şəbəkəsinin qanunsuz əməllərini etiraf ediblər. Mədən sənayesində işlərin dayandırılması o deməkdir ki, Azərbaycan eko-fəalların bir neçə gündür ki, davam edən etiraz aksiyasının əsas şüarı olan “Təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora son” tələbi fakt kimi qəbul olunub və ermənilər məhz bu səbəbdən ərazidə qanunsuz istismarı dayandırıblar. Əgər qanunsuz istismar yoxdursa, “Base Metals” şirkəti fəaliyyətini davam etdirərdi, geri çəkilməzdi. Bu müraciət, ermənilərin Azərbaycanın onları humanitar blokadada saxlamaq, yolu bağlamaq barədə saxta təbliğatının, böhtan kampaniyasının da ifşası hesab edilə bilər. Çünki Azərbaycanın yeganə tələbi budur ki, bölgədə ekoloji istismar dayandırılsın. “Base Metals” isə işləri dayandırmaqla bölgədə yaranmış gərginlyinin məhz ekoloji vəziyyətdən qaynaqlandığını boynuna almış olır.
Baş verənlər fonunda belə bir sual ortaya çıxır, qondarma “Artsax”ın və “Baze Metals”ın Azərbaycan Respublikasının ərazisində beynəlxalq ekspertiza aparılması barədə müraciəti beynəlxalq hüquq baxımından nə dərəcədə əsaslıdır? Yaxud, beynəlxalq təşkilatların Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan suveren ərazilərindəki dağ-mədən sənayesində ekspertiza keçirmək hüquq və səlahiyyətləri varmı?
Faktyoxla Lab. bu suallara aydınlıq gətirməyə çalışıb.
Birincisi, Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir və BMT-yə daxil olan bütün üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də, BMT və bu quruma daxil olan bütün strukturların Azərbaycan ərazisində sığınmış separatçı rejimin müraciətinin qəbul etməsi beynəlxalq siyasi-hüquqi baxımdan qeyri-mümkündür. Həmçinin, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə əsasən, Azərbaycan ərazilərində ekoloji ekspertiza və yaxud bu tipli tədqiq və müşahidələr ölkəmizin xüsusi razılığı əsasında həyata keçirilir.
İkincisi, Azərbaycan indiyə qədər dəfələrlə erməni vandalizminin qiymətləndirilməsi və hüquqi qiymət verilməsi üçün beynəlxalq ekoloji missiyanı öz ərazilərinə dəvət edib. Azərbaycan hökuməti Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı beynəlxalq təşkilatlara müraciətlər edib. (istinad)
Həmçinin, Azərbaycanın Ombudsmanının Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq qurumlara bir neçə dəfə müraciət olub. (Mənbə)
Bir neçə ay əvvəl vətəndaş cəmiyyəti institutları Laçında və ətraf ərazilərdə törədilən ekoloji terror, 2 həftə əvvəl isə Azərbaycan QHT Agentliyi təbii resurslarımızın qanunsuz istismarı ilə bağlı ilə beynəlxalq təşkilatlara müraciəti ünvanlayıblar.
Yəni, bütün bunlar beynəlxalq təşkilatların Azərbaycan hökumətinin rəsmi müraciətləri əsasında erməni ekoloji terroru barədə ekspertiza aparması üçün artıqlaması ilə kifayət edir.
Bu faktı da nəzərə alaq ki, Ermənilərin törətdiyi ekoloji fəlakətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən son 2 il ərzində aparılmış ilkin geoloji ekspertiza nəticəsində Ermənistanın işğal dövründə Azərbaycana məxsus 167 faydalı qazıntı yatağından 52-nin talan edildiyi və onların arasında Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının da adları var. istinad
Beləliklə, heç bir beynəlxalq təşkilat qondarma qurumun və “Base Metals”ın Qarabağda beynəlxalq ekspertizanın aparılmasında iştirak edə bilməz. Beynəlxalq təşkilatlar yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində rəsmi Bakının icazəsi və razılığı əsasında Azərbaycan hökumətinin nümayəndə heyətinin iştirakı ilə ekspertiza, geoloji monitorinq apara bilər.
Bəs, beynəlxalq təşkilatların Azərbaycan hökuməti ilə birgə ekspertiza apardığı təqdirdə hansı nəticələr meydana çıxa bilər?
Obyektiv və ədalətli ekspertizanın təşkili sözsüz ki, Azərbaycanın mənafeyinə və milli maraqlarına xidmət edir. Çünki beynəlxalq ekspertiza aparılacağı təqdirdə, “Base Metals”ın uzun illər Azərbaycan ərazisində qeyri-qanuni yolla apardığı iqtisadi fəaliyyət aşkar olunacaq və bu hallar cinayət əməli kimi beynəlxalq hüquqi təsdiqini tapacaq. Beynəlxalq təşkilatlar tərəfindən hazırlanan yekun hesabat isə qondarma quruma və “Base Metals”-a deyil, Azərbaycan hökumətinə təqdim ediləcək. Həmin ekspertiza sənədləri “Base Metals”ın törətdiyi cinayətlər üçün məhkəmə hazırlıqlarına başlamağa hüquqi istinadlar yaradır.
İV Haaqa Qaydaları, İV Cenevrə Konvensiyası, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT), BMT Baş Assambleyasının “Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ” adlı qətnaməsi, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiyası, “Bioloji Müxtəliflik”, “Ramsar” və qiymətli metal yataqlarının qanunsuz istismarının qarşısının alınmasına dair digər beynəlxalq konvensiyalar Azərbaycanın beynəxalq arbitraj məhkəmələrinə müraciət etməsinə kifayət edir.
Həmin konvensiyalar əsasında:
Birincisi, Azərbaycan hökumətinin əlində əsaslı dəlillər və beynəlxalq ekspertiza sənədləri əsasında “Base Metals”ı beynəlxalq məhkəməyə vermək hüquqi təminatı yaranacaq.
İkincisi, “Base Metals”ın rəhbərləri Mejlumyan və Sirmakesin ağır iqtisadi cinayətlərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) başlatdığı cinayət işinin beynəlxalq səviyyədə icraata götürülməsi mümkün olur. Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Base Metals”ın əsas səhmdarı, “Vallex Group”un maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes, həmçinin “Base Metals”nin rəhbəri Valeriy Mejlumyan və QSC-nin baş direktoru Artur Mkrtumyana qarşı ittiham irəli sürülüb, cinayət işi açılıb. Hər üç şəxs beynəlxalq axtarışa verilibdir. (Mənbə)
Üçüncüsü, Azərbaycan öz ərazilərində faydalı qazıntı yataqlarının 20 ilə yaxın dövrdə qanunsuz istismar edilməsi faktları əsasında “Base Metals”dan beynəlxalq səviyyədə təzminat ödəməsini təmin edə bilər. Mövcud fakt və dəlillər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində, Ermənistanın da qoşulduğu Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırmaq üçün kifayət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, bu ərazilərdə Azərbaycanın təbii sərvətlərini qanunsuz yolla istismar etmiş bütün şirkətlərdən təzminat tələb olunacaq. “Uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır”. İstinad
Dördüncüsü, beynəlxalq ekspertiza həmçinin, Qarabağdakı yataqların həqiqi sahibi olan Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin öz qanuni fəaliyyətinə başlaması üçün beynəlxalq səviyyədə hüquqi təminat verir.
Beləliklə, “Base Metals” şirkətinin Qarabağda öz fəaliyyətini dayandırmasından sonra ərazinin geoloji monitorinqi sayəsində Ermənistanın transmilli cinayətkar hərəkətlərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi və bölgədəki filiz yataqlarının həqiqi sahibi olan “Anglo Asian Mining PLC”nin fəaliyyətə başlaması üçün münbit şərait yaranır. Qondarma qurumun ekoloji ekspertizanın keçirilməsi barədə BMT və digər beynəlxalq təşkilatlara müraciətinin isə heç bir hüquqi əsası yoxdur.