Məlum olduğu kimi dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Tədbirdə bir sıra mühüm iqtisadi-siyasi qərarlar qəbul edilib. Zirvə Görüşündə təkcə bu 3 dövlət üçün deyil, həm də Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edən mühüm saziş imzalanıb. Belə ki, Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” regionda yeni trans-qaz marşrutunun yaradılması üçün baza sənədi və Yol Xəritəsi hesab edilə bilər. istinad

Yeni saziş enerji sahəsində hansı əməkdaşlığı nəzərdə tutur və əhəmiyyəti nədir?

Məlumdur ki, Avropanın qaz təchizatında uzun illər hökmran olmuş Rusiyanın mövqeyi zəifləməkdədir və Avropa İttifaqı (Aİ) qaz asılılığını təmin etmək üçün alternativ marşrutlar axtarışındadır. Avropa yaxın perspektivdə Rusiyadan qaz tədarükünü əvəzləmək üçün uzunömürlü və etibarlı yeni tranzitlər üzərində işləyir. Həmin potensial təchizatçılar isə - Oman, İndoneziya, Malayziya, Norveç, Əlcəzair, Qətər, Azərbaycan, Qazaxıstan, Türkmənistan hesab edilir. Qaz İxrac Edən Ölkələrin Forumunda (GECF) Avropa İttifaqına yeni qaz nəqli kəmərlərinin şaxələndirilməsində Azərbaycan və Türkmənistanın mövcud resursları yüksək dəyərlənidirilib.

Azərbaycan 2020-ci ilin dekabrın son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz bazarına daxil olub və 2021-ci ildə Avropa regionuna 7-8 milyard kub.metr qaz ixrac edib. Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla bilər. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq. Ancaq Aİ daha çox qaz əldə etmək istəyir və Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verdiyindən Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini – Türkmənistan və Qazaxıstanı da Cənub Qaz Dəhlizinə qoşmaq istəyir. Hesablamalara görə, Xəzərin qaz mənbələri hesabına Avropaya ildə 80-100 milyard kub.metrə yaxın qaz nəql etmək mümkündür. mənbə

Azərbaycan Xəzərin Avropaya açılan enerji  qapısı olduğundan sözsüz ki, Aİ Türkmənistan və Qazaxıstanın TAP-a qoşulmasında təşəbbüskarlığı Azərbaycanın öhdəsinə buraxıb. Məhz bu nöqteyi-nəzərdən Rəsmi Bakı neçə müddətdir ki, Aşqabadın Avropa İttifaqının enerji bazarına daxil olmasında bilavasitə iştirakçı kimi fəal rol oynayıb.
2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirdi. mənbə
Memorandumun imzalanmasından bir müddət sonra, sentyabrın əvvəllərində Brüsseldə keçirilən Aİ-nin Fövqəladə Enerji Şurasının iclasında çıxış edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bir daha Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji roluna diqqət çəkərək Aİ üçün etibarlı marşrutun açıldığına toxunub. mənbə
Həmçinin, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson da Aİ-nin gələcək uzunmüddətli qaz təminatında Azərbaycanın yerləşdiyi Xəzər regionun əhəmiyyətinə diqqət çəkib. Habelə, sentyabrın 23-də “Euronews” TV-yə müsahibəsində Avropanın enerji komissarı yenə də Aİ-nin enerji və qaz xəritəsində Azərbaycanın həlledici mövqeyindən bəhs edib. 
Yəni, reallıq budur ki, Avropa Birliyi Azərbaycan və Xəzər regionundan daha çox qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistanın Cənub Qaz Dəhlizinə cəlb olunması məsələsi daha da aktuallaşıb. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb.

 

Bir müddət əvvəl Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzənin Şərq-Qərb dəhlizinin növbəti həlqəsi olan Türkmənistanla bağlı sualına cavab verən Prezident İlham Əliyev bildirmişdi ki, bu istiqamətdə  intensiv müzakirələr gedir və Azərbaycan Orta Dəhlizin enerji blokunun marşrutlarını yaratmaqla digər ölkələr, o cümlədən Türkmənistan üçün yaşıl işıq yandırıb. istinad

Göründüyü kimi Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması üçün əsl vaxt və şərait yetişib. Bu ölkənin öz yanacaq ehtiyatlarını 2 ildir ki, fasiləsiz Avropayaq qaz nəql edən TAP-la ötürmək üçün siyasi qərar verməsi lazımdır ki, bu da artıq Zirvə Görüşündə Azərbaycan, Türkmənistan və Türkiyə arasında imzalanmış enerji sazişi ilə reallaşmağa başlayır. Artıq strateji müttəfiq olan bu üç ölkə Türkmənistanı TAP-a birləşdirmək üçün İşçi qrupu da təsis etdi.

Beləliklə, Azərbaycan, Türkmənistan və Türkiyənin imzaladığı “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u türkmən qazının Avropa Birliyinə nəqli üçün ilkin baza sazişidir. Yəni, Azərbaycan və Türkiyə estafeti Avropa İttifaqına ötürdü. Bundan sonrakı mərhələdə Aİ Türkmənistanın təmsil olunduğu yeni qaz memorandumu imzalamalıdır ki, türkmən qazının Avropaya nəqli beynəlxalq hüquqi status alsın. Bu sazişin yaxın vaxtlarda imzalanması istisna deyil. Bu isə birmənalı olaraq, Azərbaycanın yerləşdiyi geostrateji tranzitdə Yeni Enerji Xəritəsinin Orta Dəhlizində qızıl nöqtə kimi mövqeyini möhkəmləndirəcəkdir.