“Azərbaycan caz sənətinin əfsanəsi Rauf Hacıyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən Festival keçiriləcək. Hamını 6 dekabr tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsertə dəvət edirik!”
Dəvəti mədəniyyət naziri Anar Kərimov öz tvitter hesabında paylaşıb. Paylaşımda bəstəkar Rauf Hacıyevlə bağlı istifadə edilən “Azərbaycan caz sənətinin əfsanəsi” ifadəsi diqqəti cəlb edir.
Faktyoxla Lab. Rauf Hacıyev Azərbaycan caz sənətinin əfsanəsidirmi” iddisını araşdırıb
İlk növbədə internetdə “gəzişərək” Rauf Hacıyevlə bağlı mövcud məlumatları nəzərdən keçirib, cazla məşhur bəstəkarı birləşdirən fakt axtardıq.
Bu istiqamətdə axtarış verərkən ən çox rastımıza çıxan “1941-1945-ci illərdə və İkinci dünya müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olmuşdu” cümləsi oldu. Vikipediyada “Azərbaycan cazı” məqaləsində rast gəlinən bu cümlə məşhur www.azerbaijans.com saytındakı məqaləyə istinadən yazılıb. Bir çox saytlar da caz haqqında paylaşdıqları məqalələrdə həmin cümlədən istifadə ediblər. Əslində burada “Dövlət Cazı” dedikdə Niyazi və Tofiq Quliyevin yaratdığı Dövlət Estrada Orkestri nəzərdə tutulur.
“Rauf Hacıyev və caz” sintezli araşdırmada rastımıza çıxan digər mənbə isə Rauf Hacıyevin bəstələdiyi “Caz kompazisiya - Estrada Orkestrinin ifası” oldu. İzləyib, dinləyib feyziyab olmaq mümkündür.
Bundan başqa Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində dahi bəstəkarın 100 illiyinə həsr olunmuş məqalədə “1956-cı il mayın 15-də - anadan olduğu gün o, caz orkestrini yaradır. Orkestrin solistləri böyük sənətkarlarımız, o zaman hələ sənətdə ilk uğurlu addımlarını atan Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devis idi. Orkestr keçmiş SSRİ məkanının hər yerində qastrol səfərlərində olur və böyük maraqla qarşılanırdı. Bu orkestrin fəaliyyəti Rauf Hacıyevin yaradıcılıq istedadı qədər təşkilati məharətini də ortaya qoyur. Bu qabiliyyətini nəzərə alaraq ötən əsrin 60-cı illərinin əvvəllərindən o, ictimai fəaliyyətə cəlb olunur” fikirlərə rast gəldik.
Bu, bəstəkarın “Azərbaycan caz sənətinin əfsanəsi” olduğunun göstəricisidirmi?
Rauf Hacıyev haqda yazılanlardan:
…Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta idi. Əsərlərinin çoxunu bu janrlarda bəstələmiş, bir-birindən gözəl musiqi nümunələri yaratmışdı.
…Operetta janrı bəstəkarın yaradıcılığında mühüm yer tutur. R.Hacıyev ümumilikdə 7 operetta yazmışdır. Onlardan 5-nin öz zamanında məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulması Azərbaycan musiqisi adına çox böyük nailiyyətdir. Rauf Hacıyevin bəstəkar kimi yaradıcılıq istedadı bu janrda öz zirvəsinə yüksəlir.
...Onun yazdığı operettalar janrın ənənəvi nümunələrindən xeyli fərqlənir. Vokal-simfonik, balet və estrada sənətinin üzvi vəhdəti ilə ölkəmizdə bu janrın inkişafı üçün tamam yeni bir cığır açır.
...Bəstəkarın musiqi dili də son dərəcə orijinaldır. Xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarətdir. Rauf Hacıyevin operettaları üçün seçdiyi mövzuların insanlarımızın gündəlik həyatını əks etdirməsi də bu əsərlərə canlılıq qazandırır.
...R.Hacıyev opera və balet janrı ilə də ciddi şəkildə maraqlanırdı. O, xüsusilə ötən əsrin 60-cı illərinin sonunda balet janrında intensiv çalışırdı.
…1971-ci ildə Rauf Hacıyevin həyatında maraqlı bir dövr başlanır. O, xaricə işləməyə gedir. SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Əlcəzair milli teatr kollektivi üçün ilk baleti məhz Rauf Hacıyev yazır.
…Görkəmli bəstəkarın "Şeyx Sənan" (1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984) simfonik poemaları, "Səməd Vurğun" kantatası, "Azərbaycan süitası" əsərləri də milli musiqi xəzinəmizdə özünəməxsus yer tutur.
Diqqət yetirdinizsə cazla bağlı heç qeyd yoxdur. Burada isə onun əsərlərinin siyahısı verilib. Həmin siyahıda da caz musiqisi ilə bağlı hər hansı bəstənin olmasına rast gəlinmir.
Faktyoxla Lab.-ın əlaqə saxladığı tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aydın Əzimov hesab edir ki, Rauf Hacıyev Azərbaycanın ən istedadlı bəstəkarından biridir: “Yaxşı təşkilatçı olub, ona verilən ən müxtəlif vəzifələri layiqli şəkildə icra etmiş bir şəxsdir. Rauf Hacıyev rusların “yüngül musiqi” adlandırdığı, əslində “xəfif musiqi” ifadəsinə daha uyğun olan janrda gözəl mahnılar yazıb. Xəfif musiqiyə cürbəcür ansambllar, o vaxt çox dəbdə olan akardion, kantrabas, gitar və klarnetdən ibarət dördlü instrumental ansamblların ifası aid edilirdi. Rauf Hacıyev belə instrumental ansamblların təşkilatçısı idi. Amma ona “cazmen” demək olmaz. Cazmen o adamdır ki, caz çalır, caz adamı, cazı icra edəndir. Caz bir sənətdir. Boş-boşuna impravizasiya etmək demək deyil. Məsələn, Vaqif Mustafazadə cazmendir və onun formalaşmasında Rauf Hacıyev böyük rol oynayıb. Çünki bu sahəni yaxşı bilirdi. Heç kim Rauf Hacıyevin piano arxasına keçib öz caz məharətini nümayiş etdirdiyini görməyib”.
Məhz mədəniyyət nazirinin Rauf Hacıyevi “caz sənətinin əfsanəsi” adlandırmasına gəlincə, Aydın Əzimovun fikrincə, ona da kimsə deyib: “Nazir musiqiçi, bu sahədə mütəxəssis deyil. Onun işi mədəniyyət tədbirlərinin təşkilidir. Ola bilər ona deyiblər, indi çox adam nə demək olduğunu bilmədiyi terminləri işlədir”.
Ola bilsin ki, nazirin diqqətini Mədəniyət Nazirliyinin “Rauf Hacıyev-100” adlı musiqi festivalı haqda yaydığı press-reliz yayındırıb. Həmin məlumatda qeyd olunur ki, dekabrın 3-dən 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək.
Festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaq.
Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcək.
Bir də mümkündür ki, nazir bu fikirlərlə caz azarkeşlərinin də diqqətini festivala yönəltmək istəyib. Bu versiya yalnış paylaşım üçün ən ağlabatan izahdır.
Yeri gəlmişkən, dahi bəstəkar haqqında vikipediyada açılan səhifədə belə bir cümləyə rast gəldik: “Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var”. Məlumat üçün deyək ki, “mühüm” və “əhəmiyyət” eyni köklü sözlərdir və cümlədə işlədilərkən mənası təxminən “əhəmiyyətli əhəmiyyəti” olub. Vikipediyanın Azərbaycan redaksiyasında çalışanlar həmin cümləni “Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm rolu olub” dəyişərlərsə, daha “əhəmiyyətli düzəliş” etmiş olarlar.
Nəticə:
Rauf Hacıyevin caz sənətinin təşkilində, cazmen Vaqif Mustafazadənin formalaşmasında rolu olsa da, “Dövlət Caz”-ına rəhbərlik etsə də ona “caz sənətinin əfsanəsi” demək doğru formilirovka deyil.