Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, hazırda ölkədə 600 min həssas uşağa yardım edilir. Həmin həssas qrupa aid olan uşaqlara ünvanlı sosial yardım, birdəfəlik və aylıq müavinətlər, əlilliyə görə vəsaitlər ödənilir, digər sosial dəstək tədbirləri göstərilir. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin fikirləri nə dərəcədə doğrudur, həqiqətən, Azərbaycanda 600 min insana dövlət tərəfindən yardım göstərilirmi? Faktyoxla Lab. bunu araşdırıb.

Hazırda ölkəmizdə dövlət tərəfindən müxtəlif proqramlar çərçivəsində uşaqlara 14 növ sosial müavinət verilir. Uşaqların sosial təminatında ən iritutumlu və say baxımından ən əhatəli sosial dəstək proqramı “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında müəyyənləşən müavinət və yardımlardır. mənbə
Həmin strategiya çərçivəsində aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına aylıq 70 manat müavinət verilir. Bundan başqa, 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinət növü vardır. Bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, uşağın 1,5-3yaşınadək qulluğa görə isə 28 manat məbləğində müəyyənləşdirlib. mənbə
Həmçinin, 5-dən çox uşağı olan və tərbiyə edən qadınlara hər uşağa görə 70 manat müavinət ödənilir. mənbə
Hazırda uşağın anadan olmasına görə birdəfəlik 300 manat məbləğində müavinət ödənilir. mənbə
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 120 manat müavinət təyin edilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) aylıq 120 manat məbləğində müavinət ödənilir. mənbə
Eləcə də, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ölkə üzrə orta aylıq əməkhaqqının beş misli həddində birdəfəlik müavinət ödənilir. 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta orta əməkhaqqı 827,4 manat təşkil edir. mənbə
Bu o deməkdir, həmin uşaqlara ilk dəfə işə düzəldiyi vaxt 4137 manat müavinət ödənilir.

 
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında uşaqların aylıq sosial maddi dəstəklə təmin edilməsində ünvanlı sosial yardım ilk yerdə dayanır. 10 ildən artıqdır ki, həyata keçirilən bu sosial yardım strategiyasının əsas fəlsəfəsi məhz uşaqların sosial rifahını nəzərdə tutur. Hazırda ölkəmizdə 90 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir, bu, təxminən, 400 min insan deməkdir. Ünvanlı dövlət sosial yardım alan ailələrin üzvlərinin təxminən 60 faizi uşaqlardır, yəni yardımla əhatə edilən insanların 250 min nəfəri uşaqlardır. Cari ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı sosial yardımının məbləği əvvəlki illə nisbətdə 41,8 faiz artaraq 383,2 manat təşkil edib. mənbə
Bu o deməkdir ki, bir ailə hazırda ödənilən 383 manat ünvanlı yardımın yarısından çoxu uşaqların payına düşdüyündən bir uşağa hesablanmış orta sosial yardım məbləği təxminən 90-95 manat təşkil  edir. Növbəti ildə bu məbləğ 100 manatdan da artıq olacaq.
Məlum olduğu kimi 2023-cü ildən etibarən yaşayış minimumu və ehtiyac meyarının məbləği bərabərləşdirilərək eyni həcmdə - 246 manat təşkil edəcək. Ehtiyac meyarının əsas sosial düsturu ünvanlı yardımın təyin edilməsindən ibarət olduğundan ehtiyac meyarının məbləğinin artması avtomatik olaraq ünvanlı yardımın həcminin də yüksəlməsinə səbəb olacaq. Gələn il 2022-ci illə nisbətdə ehtiyac meyarı 23% artmış olacaq ki, ünvanlı sosial yardımın məbləği də ən azı 23-25 faiz artaraq 470-480 manat təşkil edəcək. Bir uşağa düşən yardımın məbləği isə orta hesabla 120 manat olacaq.
Beləliklə, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna və bu qanundan irəli gələn digər sosial aktlar əsasında verilən 8 müavinət üzrə birdəfəlik və aylıq müavinətlərlə əhatə olunmuş uşaqların sayı birlikdə 350 min nəfədən çoxdur.
Həmçinin, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, uşaqlar üçün 6 kateqoriya üzrə sosial müavinətlərin verilməsi müəyyənləşib. Belə ki, şəhid statusu olan şəxslərin, müddətli həqiqi hərbi xidmət qulluqçuların, müharibədə əlil olmuş şəxslərin, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin 16 yaşınadək uşaqlarına və Çernobıl qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin dispanser qeydiyyatında olan uşaqlara müavinətlər ödənilir. mənbə
Qeyd edilən Qanuna əsasən, ödənilən 6 sosial müavinət üzrə yardımla əhatə olunan uşaqların sayı isə təxminən 50-60 min nəfərdir.
Bundan başqa, digər sosial qanunvericilik aktları və sosial proqramlar üzrə də uşaqlara müavinətlər verilir. Məsələn, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi üçün digər aylıq sosial müavinətlər də mövcuddur. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara təyin edilən müavinət 2022-ci il yanvarın 1-dən etibarən 220 manata ( I dərəcə üzrə) çatdırılıb. mənbə

Yuxarıdakı sosial kateqoriyalar üzrə müavinət alan uşaqların sayı isə 150 mindən artıqdır. Beləliklə, 3 sosial istiqamət, 14-dən artıq müavinət və yardım və digər sosial xarakterli dövlət ayırmaları ilə əhatə olunmuş uşaqların sayı təxminən 600-620 min nəfərdir.
Bunlardan başqa, dövlət hər il büdcədən ən azı 50 milyon manat həcmində vəsaiti uşaqların təhsil, səhiyyə və siar sosial xərclərinə yönəltməklə güzəştlər edir. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bir milyona yaxın keçmiş məcburi köçkün ailələrinin uşaqlarının da ödənişli təhsilini dövlət qarşılayır. Eləcə də, I və II dərəcə əlilliyi olan şəxslərin övldalarının, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərcləri də dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur. Həmçinin, hazırda ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunublar ki, bütün bunlar da uşaqlara olan sosial dəstək tədbirlərinin bir növüdür. mənbə.

Sonuncu sosial dəstək tədbirləri də nəzərə alındıqda dövlət 600 mindən əlavə, 150 mindən artıq uşağın da birbaşa və müxtəlif alətlərlə il ərzində sosial müdafiəsini təmin edir.
Dövlətin birbaşa uşaqların sosial müdafiəsinə yönələn bu yardımları və dəstəyi sosial məzmun və siyasət baxımından uşaq pulu anlayışından daha güclü sosial təminatlar deməkdir. Təkcə qeyd etdiyimiz 14 növ müvainət üzrə büdcədən 2019-cu ildə 494 milyon manat ayrılıb. mənbə

Hazırda isə həmin müavinət, yardım, güzəşt və əlavə digər sosial təyinatlı yardımlarla birlikdə hökumət il ərzində büdcədən 650 milyon manatdan çox pul ayırır. Bu büdcədə ümumi sosial xərclərin 15-17 faizi deməkdir. 

Təbii ki, hökumət bununla da kifayətlənmir və aztəminatlı ailələrin uşaqların sosial-maddi təminatını həll etmək məqsədilə müxtəlif iqtisadi alətlər çərçivəsində həmin ailələrin gəlir əldəetmə imkanlarına dəstək verir. Məsələn, özünüməşğulluq proqramı çərçivəsində təkcə 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 34,6 min nəfər işlə təmin edilib, onlar mal və materiallarla təmin edilərək kiçik təsərrüfatlar qurublar. 15,5 min nəfəri isə proqrama cəlb olunub və yaxın aylarda onlar da işlə təmin ediləcək. mənbə

Dövlətin verdiyi maddi aktivlər hesabına kiçik ailə təsərrüfatları, mikrobizneslər yaradan şəxslərin gəlirəldə etmə imlkanları son nəticədə həmin ailələrin uşaqlarının sosial müdafiəsini təmin etmək məqsədi daşıyır.

Beləliklə, qeyd edilənlər həqiqətən də Azərbaycan hökumətinin aztəminatlı ailələrin üzvü olan 600 min uşağa dövlət tərəfindən sosial qayğı göstərildiyini təsdiqləyir.