İranın Azərbaycan Respublikasında akkreditə edilmiş səfiri Seyid Abbas Musəvi noyabrın 5-də Tvitter səhifəsində video yerləşdirmişdir. Həmin videoda Lahıc sakini olan Azərbaycan Respublikası vətəndaşı fars dilində İrəc Mirzədən şer səsləndirmişdir. Bununla İran səfiri Azərbaycanın Tehranda akkreditə edilmiş səfiri cənab Əli Əlizadənin Təbrizlə bağlı etdiyi paylaşıma cavab verməyə çalışaraq, paylaşımının üzərində bu sözləri yazıb: “Lahıclı ağsaqqal Qafqazın dağlıq ərazilərində şirin tat farscasında Mazandaran barədə şer oxuyarkən.”
Lahıc sakininin dediyi şeirin tərcüməsi isə belədir: “Hindistan şəkəri və Mazandaran şəkəri hər ikisi şirindir, amma o hara, bu hara.”
Bəs, burada Faktyoxla Lab.-ın diqqətini cəlb edəcək nə var?
Belə bəlli olur ki, əslən Mazandaranın Mahmudabad rayonundan olan səfir Abbas Musəvi vətəni haqqında eşitdiyi şerdən o qədər hisslərə qapılıb ki, nə paylaşdığının fərqinə belə varmayıb. Ola bilsin ki, səfirin poeziya, ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Amma səfir, öz dövlətini təmsil edən, siyasi yetkin, hər addımını, sözünü ölçüb-biçən biri olmalıdır. Bu vəziyyətdə isə əksini görürük. Abbas Musəvi həmin şeirin, təmsil etdiyi teokratik rejimə qarşı olduğunu araşdırmadan onu paylaşıb. Yəni, səfir özü bilərəkdən və ya bilməyərəkdən Azərbaycana “mesaj vermək” əvəzinə, hazırda İranda dini rejimə qarşı ayağa qalxan, mollalardan təngə gəlmiş İran xalqına dəstək nümayiş etdirmiş olur. Necə?
Lahıclı ağsaqqalın dediyi şer, İranda “Məşrutə inqilabı” dövrünün əsas şairlərindən biri olan, Təbrizdə doğulmuş İrəc Mirzəyə məxsusdur.
O, dinin siyasətdən ayrı olması, din xadimlərinin siyasətə qarışmaması və qadın azadlığı kimi fikirlərin tərəfdarı olmuşdur.
Lahıclı ağsaqqal İrəc Mirzənin şeirinin ilk iki misrasını səsləndirib. Həmin şeirin orijinalında növbəti iki misralar isə belədir:
“Uşaq qundağını, axund vətəni batırır
Amma bu hara, o hara.” mənbə
Qeyd etmək lazımdır ki, İrəc Mirzə burada “batırmaq” sözünü işlədərkən uşağın bələyini "batırması"nı ( nəcasət ifrazı) nəzərdə tutur və fars dilində orijinalda da məhz həmin sözü işlətmişdir.
Əlavə şərhə ehtiyac yoxdur!