Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov Azərbaycana xaricdən idxal olunan dərmanların qiymətlərinin baha olması, bu sahədə süni qiymət artımının hökm sürdüyünü bildirib. Sitat: “Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burda olan dərmanların qiymətin 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır”.
Faktyoxla Lab. millət vəkilinin dediklərinin nə dərəcədə doğru olub-olmadığını və ümumiyyətlə Azərbaycanda dərmanların qiyməti ilə xarici ölkələrdə, o cümlədən Türkiyədə 7-8 dəfə fərqin mövcudluğunu araşdırıb.
İlk növbədə onu qeyd edək ki, Azərbaycanda dərman və tibb preparatların ölkəyə idxalı və satış qiymətləri həm dövlət tərəfindən, həm də müxtəlif şəxslərin kommersiya tarifləri əsasında müəyyən edilir. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarına əsasən 7 ildir ki, dərmanların idxalı və satış qiymətlərini vahid sistem əsasında dövlət müəyyən edir. Qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınan bütün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif Şurası (TŞ) tərəfindən həyata keçirilir. İndiyədək Tarif Şurası tərəfindən 12 mindən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Bu ölkə üzrə aptek şəbəkələrinə satışa çıxarılan dərmanların təxminən 80 faizi deməkdir.
Tarif Şurasının qərarına əsasən, apteklər sahibkarın üzərinə düşən bütün xərclər və yekun məsrəflər nəzərə alındıqdan sonra 14-40 faiz nisbətində satış fərqi təyin edə bilər. Yəni, dərmanı idxal edən sahibkarın və təchizatçının yekun xərci 5 manata bərabərdirsə, dərmanın üzərinə maksimim 40 faiz satış pulu qoyulmalı və dərman 7 manatdan yuxarı satıla bilməz.
Tarif Şurasının mütamadi olaraq yenilənən rəsmi saytında ( “Dərman vasitələri” bölməsində) bütün dərmanların topdansatış və pərakəndə satış qiymətləri əks etdirilir və həmin nisbətin 14-40 faiz olmasını görmək mümkündür. mənbə
Məsələn, İtaliyanın “Zitiqa Abiraterone” 250 mq tabletinin təkcə topdansatış qiyməti 3500 manatdır. Pərakəndə qiymət isə 3892 manat təşkil edir. Böyük Britaniya istehsalı olan “Abacavir + Lamivudine” preparatının topdansatış qiyməti 867 manat, pərakəndə satış qiyməti 969,81 manatdır. Apteklər bu dərmanı 969,81 manatdan artıq sata bilməz. İspaniya istehsalı olan “Vasenak” tabletinin bir qutusunu topdan 4,71 manat, pərakəndə satış qiyməti isə 5,65 manatdır. Moldovanın istehsal etdiyi “Aqrenol-Rnp” tabletinin qiyməti dövlət tərəfindən 1 manat müəyyən edilib, apteklər isə 1 manat 20 qəpiyə satır. mənbə
Beləliklə, dərmanların qiymətinin 40 faiz baha satışı qanunvericliyin tələbindən irəli gələn tarif fərqidir, bu, heç bir halda süni qiymət artımı sayıla bilməz.
Diqqət! Əgər dərmanın satış qiymətindəki fərq 40 faizi ötürsə, fərq 50,100, hətta 150 faizə ərabərdisrsə, bu, həqiqətən də süni qiymət artımıdır. Belə olan halda, istehlakçı aptekdən aldığı dərmanın çekini İqtisadiyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə həmin aptekin TŞ-nin qərarlarını pozmasına dair iddia qaldıra, həmin əczaçılıq müəssisəsinin süni qiymət artımına yol verdiyinə görə, cəzalandırılmasına nail ola bilər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütamadi olaraq vətəndaşlara bununla bağlı müraciət edərək süni qiymət halları barədə məlumat vermələrini xahiş edir. mənbə
Ona görə də hər bir vətəndaş kimi Vahid Əhmədov TŞ-nin “Dərmanlar bölməsinə” diqqət edərək bu siyahıdakı dərmanların qiyməti ilə aptekin satış qiyməti arasındakı fərqin 40 faizdən yuxarı olmasını təsdiqləyən çek əsasında həm Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həm Səhiyyə Nazirliyi, həm də digər müvafiq hökumət orqanları qarşısında haqlı tələb iddiası qaldırmalıdır.
Mümkündür ki, millət vəkilinin aldığı dərmanlar qiymətləri dövlət tərəfindən tənzimlənməyən dərmanlara aiddir. Elə vətəndaş var ki, dövlətin qiymət cədvəlində yer alan 12 min adda dərmanı almaq istəmir, halbuki eyni təsiredici maddəyə, eyni tərkibə malik olan əvəzedicisi dərmanı sifariş verir ki, onun da qiyməti 3-4 dəfə bahadır. Vahid Əhmədov da eyni dərmanlara üstünlük verir, özü etiraf edir ki, dərmanlarını Türkiyədən gətizdirir. Bu isə o deməkdir ki, həmin dərmanlar dövlət tərəfindən tənzimlənmədiyindən müxtəlif özəl firmalara məxsus dərmanlardır. Yuxarıda vurğuladıq ki, özəl firmaların idxal etdiyi dərman vasitələrinin satış tariflərini özləri müəyyən edir və qiymət fərqi 40 faizdən yuxarı olur. Ona görə də, Vahid müəllimin Türkiyədən gətirdiyi dərmanların 100-200 faiz baha olması istisna deyil.
Ancaq Azərbaycandakı qiymətlərlə qardaş ölkədəki qiymətlər arasında fərqin 7-8 dəfə olmasına dair iddialar da inandırıcı deyil. Doğrudur, fərq var, 2 dəfə, bəzən 3 dəfə, ancaq 7-8 dəfə fərqin olması iddiaları həqiqəti əks etdirmir. Məsələn, Türkiyədə “Albiomin (Albumin) %20 50 ml preparatı 663.72 TL-dir. (66 AZN) Azərbaycanda satılan Almaniya istehsalı olan eyni tərkibli “Albumin 20%. 50 ml-nin qiyməti 76.97 qəpikdir. mənbə
Türkiyədə təzyiq dərmanı olan “Tripliksam” 10/2,5/10 mg. tabletin bir qutusu 61.15 TL-yə satılır. Yəni, bizim pulla 6 AZN. Daşınma, gömrük, logistika, vergi və s. xərcləri nəzərə aldıqda bu dərmanın xərc yükü idxalçıya təxminən 11-12 manata başa gəlir. Həmin dərmanın bir qutusunun qiyməti ölkəmizin apteklərində 27.11 manatdır. Yəni apteklər 130 faiz fərqlə satır.
Müqayisə üçün qeyd edək ki, həmin dərman qonşu Gürcüstanda 41.55 lari, yəni (1 lari = 0,62 AZN) 26 AZN-ə satılır. Yəni, Azərbaycanla təxmini eyni qiymət mövcuddur. Yaxud, İtaliya istehsalı olan cabergolinum tərkibli “Dostineks”-05mg. tabletinin qiyməti ölkəmizdə 51 manatdır. Gürcüstanda isə bu dərman apteklərdə 64.53 lariyə, yəni 42 AZN-ə satılır. Arada 20 faiz fərq var. “Zoladex Depot” 3.6 mg dərmanınnı topdansatış qiyməti Türkiyədə 809 TL-dən (81 AZN) bahadır. Bu dərman Azərbaycanda 193 manata satılır. Türkiyə ilə müqayisədə 2 dəfə fərq var.
Siyahını uzatmaq da olar, ümumi mənzərə onu göstərir ki, Türkiyə, İtaliya, Almaniya, Rusiya, İspaniya və s. ölkələrlə müqayisədə Azərbaycanda dərmanların qiyməti 2-2,5 dəfə bahadır. Nəticədə idxalçı-təchizatçı-aptek zəncirinin xərcləri çox olsa da gəlirləri də xeyli böyükdür. Əslində normal gəlirlilik üçün 50-100 faiz kifayət edir.
Bəs, dərmanların Türkiyə və yaxud digər istehsalçı ölkələrlə nisbətdə baha olmasının səbəbi nədir?
Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dərmanın tərkibində təsiredici maddə olur. Həmin dərmana əlavə maddələr də qatıla bilər. Onların hazırlandığı ölkədən asılı olaraq, qiymətlərdə fərq özünü göstərir. Məsələn, “Aspirin”i Türkiyə, Rusiya, Almaniya və Bolqarıstan istehsal edir, məhsulun tərkibi eyni olsa da, qiymətləri eyni deyil.
Professor Adil Qeybulla da hesab edir ki, eyni tərkibli dərmanlar müxtəlif ölkələrdə istehsal olunduğu üçün fərqli qiymətə də satılır. Avropada istehsal olunan dərman Orta Asiya istehsalından 20 dəfə bahadır. Avropada dərmanlar yüksək texnologiyalarla hazırlanır və keyfiyyətli olur. Bunun üçün də baha qiymətə satılır.
Həkim-farmakoloq,“Complete-Pharma Europe” əczaçılıq şirkətinin nümayəndəsi Müşfiq Hüseynov isə bildirib ki, Azərbaycanda dərmanlar istehsal olunmur, daha çox xaricdən idxal olunur ki, bu da baha satılmasına səbəb olan amillərdən biridir.
Göründüyü kimi Azərbaycanda dərmanların qiymətinin istehsal olunduğu ölkə ilə nisbətdə 2-3 dəfə baha olmasının səbəbi süni inhisarçılıq yox, daha çox xarici bazar amilləri, daşınma, logistika, gömrük, vergi rüsumları, apteklərin icarə ödənişləri və s. digər xərc və bazar amilləri, eyni zamanda idxalçıların və aptek şəbəlkələrinin daha çox gəlir əldə etmək üçün yüksək faiz gəlirləridir.
Bəs çıxış yolu nədir, indiki halda idxaldan asılı olduğumuz vəziyyətdə dərman preparatlarının qiymətlərindəki qiymət fərqini necə azaltmaq olar?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır. Adətən, istehsalçı ölkədən fərqli olaraq idxalçı ölkədə qiymətlər baha olur. Deputat bildirir ki, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir. mənbə
Millət vəkili Əhliman Əmiraslanov hesab edir ki, dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı problemləri həll etmək üçün idxalçı şirkətlərin və apteklərin nümayəndələrini, bu sahə ilə məşğul olan qurumların üzvlərinin iştirakı ilə birgə məsləhətləşmələr keçirərək araşdırma aparmaqla vəziyyəti həllinə nail olmaq mümkündür.
İki ildir ki, tətbiq olunan İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində sığortası olan vətəndaşlara yaxın illərdə dərmanların pulsuz verilməsi də nəzərdə tutulub. Hazırda dərman vasitələri xəstəxanalarda pulsuzdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxanada yatmadan müalicə olunan, ambulator şəraitdə və ailə həkiminin nəzarətində evdə müalicə alan pasiyentlərin də pulsuz dərmanla təmin edilməsi layihəsi üzərində çalışır.
Ümumilikdə, icbari sığorta çərçivəsində qarşıdakı mərhələdə Sığorta zərfinə daxil olan dərman vasitələrinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Bu isə dərman bazarında dövlətin potensial imkanlarının genişlənməsinə və vətəndaşların böyük əksəriyyətinin bahalı dərman probleminin də həllinə səbəb olacaq.
Beləliklə, dərmanların qiymət sabitliyinin təmin edilməsində başlıca çıxış yolu dövlət tərəfindən tənzimlənən dərmanlarının siyahısının daha da genişlənməsi, icbari tibbi sığorta çərçivəsində vətəndaşlara dərmanların pulsuz verilməsinin sistemli prosesə çevrilməsi, həmçinin yerli dərman zavodlarının yaradılmasıdır.