Azərbaycanda gələn ildən etibarən yaşayış minimumu və ehtiyac meyarının məbləği eyni həcmdə olmaqla bərabərləşəcək. “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinə əsasən, növbəti ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artaraq 246 manat təşkil edəcək. 

Faktyoxla Lab. bu dəyişikliyin mahiyyətini araşdırıb.

Yaşayış minimum ilə ehtiyac meyarı nədir?

Bu anlayışları və sosial məzmunu haqqında qısaca şərh edək.

İlk növbədə, yaşayış minimum barədə. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır. mənbə

Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi ilə bağlı konsepsiya və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə əlaqədar hüquqi sənədlərin tərtib olunmasında, eləcə də dövlət və yerli büdcələrin, büdcədənkənar fondların, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və normativ sənədlərin hazırlanmasında sosial məqsədlər üçün istifadə olunur. Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin  indeksləşdirilməsində də əsas gösətirici kimi istifadə olunur.
Hökumət vətəndaşlara vergi və sosial sığorta ödənişlərində güzəştlər edərkən “Yaşayış minimumu haqqında” qanunun mübafiq sosial tələblərinə istinad edir. Məsələn, Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, orta aylıq əməkhaqqı 2500 manata qədər olan işçilərin 200 manatlıq hissəsinin gəlir vergisindən azad olunması də həmin qanuna və sosial meyaralara əsasən, tənzimlənir. mənbə


İndi isə ehtiyac meyarı haqqında. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.9 maddəsinə əsasən, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədddir. mənbə

Məlumdur ki, ünvanlı yardım əsas etibarilə aztəminatlı ailələr üçün nəzərdə tutulub. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Ailənin gəlirləri ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Ailənin orta aylıq gəliri  ailənin gəlirinin orta aylıq göstəricisi, ailədə adambaşına düşən orta gəlir isə ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbətidir.

Azərbaycan ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım ala bilər. mənbə

Beləliklə, ehtiyac meyarının əsas fəlsəfəsi ünvanlı sosial yardımın təyin edilməsidir və hər il ehtiyac meyarının məbləğinin artması avtomatik olaraq ünvanlı yardımın həcminin də yüksəlməsinə səbəb olur. Məsələn, cari ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği 282 manat idi. Avqust ayında isə orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 369,4 manat təşkil edib. Ümumilikdə, son bir ildə sosial yardımının məbləği 40,1 faiz artıb. mənbə


Ehtiyac meyarının növbəti ildə artaraq 246 manata çatdırılması 2023-cü ildə ünvanlı sosial yardımın məbləğinin də ən azı 23-30 faiz artmasına səbəb olacaq. Bu məqsədlə növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277,7 milyon manat vəsait nəzərdə tutulub.
Yaşayış minimumu ilə ehtiyac meyarı arasındakı fərqin aradan qaldırılması və məbləğin bərabərləşdirilməsinin hansı sosial əhəmiyyəti olacaq?
Ehtiyac meyarının məbləğinin yaşayış minimumuna çatdırılması aztəminatlı ailələrin sosial rifahı səviyyəsinin yüksəldilməsində mühüm sosial baza rolunu oynayacaq. Bərabarləşdirmədən sonra ünvanlı yardım məbləği bundan sonra yaşayış minimumuna uyğun təyin ediləcək. Yəni faktiki olaraq, ehtiyac meyarı aradan qalxmış olacaq. Bununla da ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün əsas indikator və düstur yaşayış minimumu olacaq.
Bu sosial ədalət düsturu ünvanlı dövlət sosial yardımının məbləğinin artması yolu ilə həm səmərəliliyin və sosial fayadalılığın yüksəlməsinə, həm də ünvanlı yardıma həqiqi ehtiyacı olan aztəminatlı ailələrin sayının dəqiq müəyyən edilməsinə əlverişli imkan yaradacaq. Həmçinin, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olduğundan ünvanlı yardım alan ailələr üçün tələb edilən sosial normaları da davamlı olaraq yaxşılaşdırılacaq. 2023-cü və qarşıdakı illərdə ölkəmizdə həyata keçirilən sosial paket çərçivəsində sosial ödənişlərin artımından asılı olaraq ünvanlı dövlət sosial yardım alan ailələrin büdcəsində də əhəmiyyətli artımlar özünü göstərəcək.
Hazırda hökumət qarşısında duran əsas sosial məqsədlərdən biri növbəti mərhələdə yaşayış minimumumunun mərhələli şəkildə artırılması və Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əhalinin həssas sosial qrupları, aztəminatlı ailələrlə bağlı müxtəlif dövlət proqramları çərçivəsində tədbirlərin görülməsi, eləcə də əhalinin gəlir əldəetmə imkanlarının artırılması ilə bağlı hədəflər müəyyənləşib. Bu sosial məqsədlər son nəticədə həm də yaşayış minimumu normalarına da yeni baxış formalaşdırmaqla yaşayış minimumun məbləğinin əhəmiyyətli artımına səbəb olacaq. mənbə


Bir məqamı da qeyd edək ki, pensiyaların baza hissəsi də ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğun yüksəldilir.

Göründüyü kimi yaşayış minimumu digər sosial normativlərlə zәncirvarı bağlıdır və bu sahədə müsbət dəyişiklər digər sahələrdə artımlarda özünü biruzə verir.
Beləlilklə, ölkə üzrə yaşayış minimumu ilə ehtiyac meyarı arasındakı fərqin ləğv olunaraq bərabərləşdirilməsi aztəminatlı ailələrin sosial rifahı səviyyəsinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addım olmaqla, yaşayış minimumu və digər sosial normativlərin növbəti illərdə artımları üçün əlverişli zəmin yaradır. Nəticədə bu sosial təşəbbüslər yaşayış minimumunun keyfiyyətli sosial rifah normaları səviyyəsinə çatmasına imkan verəcək.

Beləliklə,

- Hökumətin xüsusi diqqətində olan bu sosial təşəbbüs öz həllini tapmaqla, 2023-cü ildən eyni sosial meyar kimi qüvvədə olacaq.

- Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində təsdiq edilib. Həmçinin, 2022-ci il üzrə ehtiyac meyarı isə 200 manat məbləğində müəyyənləşib. Yəni, ehtiyac meyarı ilə yaşayış minimumu arasında hazırda 10 manat fərq mövcuddur. Növbəti ildən artıq bu məbləğlər 246 manata çatdırılmaqla bərabər olacaq.

- Bərabarləşdirmədən sonra ünvanlı yardım məbləği bundan sonra yaşayış minimumuna uyğun təyin ediləcək. Yəni faktiki olaraq, ehtiyac meyarı aradan qalxmış olacaq.