Milli Şuranın üzvü Cəmil Həsənli işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı müddəti süni şəkildə uzatması, bu sahədə nəzərdə tutulan xərclərin məbləğini şişirtməsi, mina təmizləmə işlərinin yalnız hökumətin öz iqtisadi maraqlarına xidmət etməsi haqda fikirlər səsləndirib.  

Maraqlıdır ki, C.Həsənli ilə yanaşı, Ə.Kərimli və Q.İbadoğlu da bu mövzuda oxşar fikirdədilər. 

Faktyoxla Lab. bu iddiaların həqiqətə uyğun olub-olmamasını araşdırıb.

Əvvəlcə, minaların sayı barədə statistikanın, yəni Azərbaycan dövlətinin bəyan etdiyi kimi azad edilmiş ərazilərdə 1 milyon minanın basdırılması barədə rəqəmlərin hansı dərəcədə əsaslı olub-olmamasına aydınlıq gətirməyə çalışaq.
Mina sayı barədə statistika konkret olaraq səhih mühəndis axtarış-qiymətləndirmələri, ərazinin diaqnostikası, xarici ekspertlərin istinad etdiyi beynəlxalq metodologiyaya dayanır. Mövcud rəqəm, ötən müddət ərzində aparılan minatəmizləmə işləri əsasında ilkin qiymətləndirmələr, mövcud iş təcrübəsinin yekunları, Azərbaycanın mütəxəssiləri ilə yanaşı, bu sahədə yetərli təcrübəsi olan xarici peşəkar ekspertlərin, o cümlədən BMT mütəxəssislərinin iştirakı ilə ərazinin mina ilə çirklənməsi səviyyəsinin ölçülməsi, dərin monitorinqlər (hər kv.km-də nə qədər minanın olması barədə təxminlər) əsasında meydana çıxmasına səbəb olub. Hər il nə qədər mina təmizlənir, nə qədər xərc sərf olunursa, bütün bu beynəlxalq standartları BMT təsnifatlaşdırıb yayır, orta rəqəm çıxarır. Azərbaycan hökuməti də məhz bütün bu tədqiqatlara söykənərək məlum rəqəmləri açıqlayıb.

C.Həsənli iddia edir ki, hökumət minalanmış ərazilərdə çalışan robot texnologiyalarının, məsələn Türkiyənin verdiyi 500 metrlik məsafədən minaları daha təhlükəsiz təmizləyən MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşınların sayını artırmaq istəmir. Tarixçi alimin düşüncəsinə görə, burada məqsəd vaxtı uzatmaq, hər il xərcləri artırmaqdır. Sitat: “Bu MEMATT maşınlarından bir 50 ədəd, 100 ədəd alınsa qısa müddətdə keçmişdə işğal olunmuş ərazilərin bu başından girib o biri başından çıxarlar. Həm də itkisiz”.

 
Birincisi, “ASFAT MEMATT” (Mexaniki Mina Təmizləmə Təchizatı) tipli mina təmizləyən texnika mükəmməl təhlükəsiz şəraitdə təmizləmə işləri aparsa da, 25-27 sm-lik dərinliyə qədər (döşəmədən şassiyə qədər 275 mm) olan qatdakı minaları zərəsizləşdirə bilmir. Tank əleyhinə minaların, partlamamış sursatların daha dərinlikdə olmasını nəzərə alsaq, robot texnologiyalarının imkanlarının məhdudluğu aydın olur. (mənbə)

İkincisi, relyef, hava şəraiti və s. amillər də mina təmizlənməsində xüsusi rol oynayır. Elə ərazilər (meşə, dağlıq və qayalıq,) var ki, orada texnika ilə çalışmaq mümkün deyil. BMT-nin tərəfindən hazırlanmış “Minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar” sənədində qeyd edilib ki, robot texnologiyaları 20 sm-dək qalınlığı olan torpaq təbəqəsində təmiz iş görə bilir, 20-25 sm-dən dərin qatlarda minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr yüksək təmizlənməni təmin etmir. Bu səbəbdən ərazilərin 80 faizdən çoxu insanın birbaşa iştirakı - əl ilə təmizlənir. (mənbə)
Əgər “MEMATT” və yaxud digər robot texnologiyalarla “qısa müddətdə ərazilərin "bu başından girib, o biri başından çıxmaq” (sitat C.Həsənlinindir-red.) mümkün olsaydı, o zaman BMT 70 ölkədə çalışan 10 minlərlə mina təmziləyən insana ehtiyac duymazdı. BMT, Böyük Britaniya, Türkiyə və ANAMA mütəxəssisləri bütün işləri robot texnologiyalarının öhdəsinə buraxardı. Məgər, müasir rəqəmsal dünyanın qabaqcıl şirkətləri minatəmizləmə işində C.Həsənli qədər düşünə bilmirlər? 

Üçüncüsü, müasir minaların müxtəlif növləri mövcuddur. Mürəkkəb qaydada, məsələn, infraqırmızı şüa və ya elektrik siqnalla da işə düşən, ağırlığın təsirindən partlayan və s. mövcuddur. Təkcə, tank əleyhinə minaların zərəsizləşdirilməsi üçün 200 kiloqram güc lazımdır. İdarə olunan texnika ilə bu işi görmək olmur.

 
Qarabağda piyada əleyhinə minaların əksəriyyəti həm də plastik materiallardan hazırlanmış minalardır, onların tərkibində metal hissələrinin ölçüsü kiçikdir. Mina detektorları minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalını tutaraq basdırılmış minanın yerini aşkar edir. Amma plastik materiallardan hazırlanmış minaları aşkar etmək xeyli çətindir. Eləcə də, bu ərazinin çirklənmə səviyyəsi, yəni minalanmış sahələrə səpələnmiş qəlpə, giliz, işlənmiş güllə və mərmi qalıqları minaların metal detektorlarla aşkarlanmasını xeyli çətinləşdirir.
Məlumdur ki, Ermənistanda fəaliyyət göstərmiş 2 "Mina zavodu" 30 il Azərbaycan torpaqlarının qarış-qarış minalanması üçün çalışıb. Bu terrorçu ölkənin istehsalı olan PMN-E, PMN-2, PMD-6, PMP minalarının sayı 100 minlərlədir. Onların böyük bir qismi plastik minalardır. Eyni zamanda, düşmən torpaqlarımızın altını kustar partlayıcı qurğularla doldurub. (mənbə) Bütün bunlar mina axtarışı zamanı həm əlavə çətinliklər yaradır, həm də təmizlənmədə vaxt və əlavə vasitələr tələb edir. Yuxarıdakı vurğuladığımız məqamlar bir daha təsdiqləyir ki, Qarabağda mina çirklənməsinin səviyyəsi hədsiz dərəcədə böyükdür. Bunu beynəlxalq ekspertlər, hərbi nəşrlər də etiraf edir.

- “Mina Fəaliyyətinə Baxış” beynəlxalq qurumu Azərbaycan ərazilərinin mina ilə yanaşı, çox zərərli hərbi sursat, kasetli bombalarla çirkləndiyini bildirir

- BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreva Azərbaycanı dünyada minalara ən çox məruz qalan ölkələrdən biri adlandırıb.

- Belçikanın “Euroreporter” nəşrində dərc edilmiş məqalədə qeyd edilir ki, Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. 

- Mina tədqiqatları üzrə dünyanın aparıcı qurumlarından biri olan “Landmine Monitor Report”un hesablamalarına görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 830 kv.km-dən çoxdur. 

Elə ərazilər var ki, əməliyyatları insan amili ilə də başa çatdırmaq olmur, heyvanlardan, xüsusi təlim keçmiş itlərdən istifadəyə ehtiyac yaranır. Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işində də axtarış itlərindən istifadəni nəzərə alsaq, prosesin mürəkkəbliyini görmək çətin deyil. Bütün bunlar, cənab Həsənlinin iddia etdiyi kimi “ərazilərin bu başından girib, o biri başından çıxmağa” imkan vermir.

Digər tərəfdən, C.Həsənli, Əli Kərimli, Qubad İbadoğlu və bu tipli siyasət dəllalları hesab edirlər ki, 28 il ərzində qarış-qarış minalanmış bütün əraziləri 5-10 ilə təmizləyib başa çatdırmaq mümkündür. BMT-nin dəyərləndirməsinə əsasən, dünyanın 70-dən çox ölkəsində basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Əfqanıstan, Anqola, Bosniya və Herseqovina, Çad, Kolumbiya, Xorvatiya kimi ölkələr 30 ildən artıqdır ki, mina təmizlənməsi ilə məşğuldur, hələ də başa çatdıra bilməyib

 
Keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Xorvatiya müstəqillik uğrunda müharibədən sonrakı illərdə ərazilərinin sadəcə hərbi sursat və piyada əleyhinə minaların təmizlənməsinə 20 il vaxt sərf edib. 1998-ci ildən 2017-ci ilin sonuna qədər Xorvatiya hökuməti hərbi ərazilər istisna olmaqla, ümumilikdə 411 kv.km minalanmış sahəni təmizləyib. Bu ölkəyə BMT İnkişaf Fondu, İsveç hökuməti, digər donorlar kömək edib. Azərbaycan hazırda bu ölkə ilə həmin sahə üzrə əməkdaşlığa başlayıb. Xüsusilə nəzərə almaq lazımdır ki, Xorvatiyanın minalanmış ərazisi 411 kv.km təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 14 min kv.km-dir, yəni 32 dəfə çox mina basdırılıb

Əfqanıstan, Pakistan və digər ölkələrdə ötən əsrin 80-ci illərində basdırılmış minaların təmizlənməsinin heç yarısını hələ də başa çatdırmayıb. Türkiyə 90-cı illərdən Suriya, İraq, İranla həmsərhəd ərazilərində torpağa basdırılmış 1 milyona yaxın minanın təmizlənməsi ilə hələ də məşğuldur.

Bütün bunlar minatəmizləmənin hədsiz dərəcədə çətin və mürəkkəb olduğunu təsdiqləyir. Hər il mina təmizlənməsinə yeni mütəxəssislər cəlb olunur, məsafədən idarə olunan robot texnikaları, mina təmizləyənlər üçün qoruyucu vasitələr, xüsusi cihazlar alınır. Son aylarda bu prosesə xüsusi dronlar da cəlb edilir ki, bunların hər biri xərcdir. 

Beləliklə, minaların sayı barədə dəqiqləşdirilmiş informasiyalar Azərbaycanın mina ilə çirklənmiş ən ağır vəziyyətdə olan ölkələrdən biri olmasını təsdiqləyir. Bütün bunlar isə minatəmizləməyə sərf edilən müddətin və xərclərin yüksəkliyindən xəbər verir. Bütün bunlara rəğmən, Azərbaycanın cəmi 20 ayda apardığı işlərin miqyası əksər ölkələrin 7-8, 10 il ərzində apardığı minatəmizləmə işlərinin həcminə bərabərdir. 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadrat.metr (530 kv.km) ərazi minadan təmizlənib

Yeri gəlmişkən, C.Həsənlinin hökumətin ilk növbədə, Aqroparkların salındığı əraziləri minalardan təmizləməsi barədə iddiası da cəfəngiyyatdır.
İndiyə qədər minalardan təmizlənmiş ərazilərin sahəsinə diqqət edək. Həmin ərazilərdə Füzuli Beynəlxalq Hava Limanı, “Zəfər Yolu” inşa olunaraq istifadəyə verilib. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə hazırdır. Laçın Beynəlxalq Hava Limanının inşası sürətlə davam etdirilir. Zəngilanda “Ağıllı şəhər” və “Ağıllı kənd”in açılışı olub. Horadiz-Ağbənd dəmir yolu, Toğanalı-Kəlbəcər, Bərdə-Ağdam, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut avtomobil yolları və ümumilikdə 11 istiqamət üzrə avtomobil yollarının tikintisi davam etdirilir. Şuşa şəhərində bir çox infrastruktur obyektlərinin, digər 7 rayon və şəhərdə 50-dən artıq yol-nəqliyyat qovşağının, 50-dən artıq yaşayış binasının, 20-dən çox məktəb, mərkəzi xəstəxana, sosial obyektin, 10-larla mədəniyyət və tarixi abidələrin inşası və bərpası, 20-dən artıq elektrik stansiyasının tikintisi başa çatmaqdadır, o cümlədən nəhəng “Güləbird” Su Elektrik Stansiyasının açılışı olub. 40-dan artıq yarımstansiya, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurda 9 rəqəmsal yarımstansiya inşa edilməkdədir. 10-larla mədəniyyət evi, 10-larla məscidin bərpası davam etdirilir. Minalardan təmizlənmiş ərazilərdə Müdafiə Nazirliyinin yeni hərbi hissə və infrastrukturları yaradılıb, Dövlət Sərhəd Xidmətinin ən müasir hərbi hissələrinin açılışı gerçəkləşib.
Bütün bunlar infrastruktir layihələridir, yoxsa Aqropark? Onu da nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi-Zəngəzur həm də kənd təsərrüfatı, sənaye üzrə ixtisaslaşmış iqtisadi rayonlardır, bura geri dönən insanların iş yerləri olmalıdır. Aqrar layihələrdə, Aqroparklarda da məhz həmin insanlar çalışıb evlərinə qazanc aparacaq.

Həsənlinin hökumətin mina qurbanı olmuş insanlara laqeydliyi barədə ittihamları da absurd və yersiz müqayisədir. Sitat: “Canı ilə partladana 11 min manat (6470 dollar) qan pulu verir, minanı partladıb iki ayağın itirənə 8 800 manat (5176 dollar), bir ayağını itirənə 6 600 manat (3882 dollar) kompensasiya verir, amma onun zərərsizləşdirilməsini mina başı 25 min dollardan hesablayır”. 

Birincisi, mina partlaması nəticəsində şəhid olmuş, yaxud ağır xəsarət alaraq əlil olmuş hərbçilərimizin bu taleni yaşamasının başlıca günahkarı terrorçu Ermənistandır. Minaları Azərbaycan yox, Ermənistan basdırıb. Azərbaycanın dövlət başçısı bütün beynəlxalq təşkilatlar qarşısında da məhz mina terroruna görə Ermənistanın cəzalandırılmasını tələb edir.

İkincisi, müharibədə şəhid olanların ailələrinə, əlil olanlara dövlətin qayğısı 11 min, 8.800, yaxud 6.600 manatla ölçülmür. Vətən yolunda canını fəda edən igidlər Həsənlinin düşündüyü kimi pul üçün getməmişdilər. Dövlətin onlara bu gün diqqət və qayğısı isə maddi-sosial təminatla yanaşı, xüsusi sosial həssaslığın üzərində qurulub.

Üçüncüsü, bütün mina ilə çirklənmiş ölkələrdə minaların təmizlənməsinə çəkilən xərclər mina qurbanı olan insanlara verilən kompensasiyanın məbləğindən qat-qat yüksəkdir. Çünki minaların sayı yüz minlərlədir.

Beləliklə, Cəmil Həsənlinin işğaldan azad olmuş ərazilərdə minaların təmizlənməsi ilə bağlı irəli sürdüyü iddialar

  • Ermənistanın Azərbaycana verdiyi mina xəritələri kimi saxtadır, eyni zamanda onun bu mövzuda savadsızlığının göstəricisidir.
  • Ermənistanın mina terrorunun ölkəmizə vurduğu ağlasığmaz vəhşiliyin üstünü örtməyə çalışır.
  • Azərbaycan hökumətinin və ictimaiyyətinin mina terrorunu törətmiş Ermənistana qarşı beynəlxalq təzyiqlərinin artdığı bir vaxta təsadüf etməsi artıq təəccüb doğurmur.