“Haqqın.az” saytı Bolqarıstanın “Bird”müstəqil nəşrinə istinad edərək paylaşdığı “Болгарские журналисты вскрыли “газовый заговор” против Азербайджана и Украины” (“Bolqarıstanlı jurnalistlər Azərbaycan və Ukraynaya qarşı “qaz sui-qəsdi”in üstünü açıblar”) sərlövhəli məqalədə Bolqarıstan hökumətinin Ukrayna və Azərbaycanın iqtisadi mənafeyinə zidd addımlar atmasına dair iddialara yer verilib. Qeyd edilir ki, Bolqarıstan hökuməti bir neçə il əvvəl “Balkan axını” qaz kəmərinin öz ərazisindən keçməsini təmin etməklə Rusiyanın iqtisadi maraqlarına və manefiyini təmin edib, eyni zamanda bu qərar Ukraynanın Avropa qaz nəqli şəbəkəsindən kənarlaşmasına səbəb olub. Nəticədə Kiyevin həm tranzit ölkə kimi mövqeyi sarsıdılıb. Sitat: “Bolqarıstanın müstəqil nəşri “Bird” sensasiyalı araşdırma ilə çıxış edib və orada keçmiş Bolqarıstan hakimiyyətinin Rusiyanın “Qazprom” şirkəti ilə cinayət sui-qəsdinə dair konkret faktlara istinad edib. 2016-cı ildə Rusiya çoxmilyardlıq “Cənub axını” layihəsindən imtina etdikdən sonra Bolqarıstanın o vaxtkı baş naziri Boyko Borisov Bolqarıstan və Serbiyanın Rusiya qazını əldə etmək üçün “Balkan axını” qaz kəməri ideyasını irəli sürüb. Yəni, Ukraynadan yan keçməklə”.
Bu ittihamlar nə dərəcədə əsaslı ola bilər?

Öncə “Balkan axını” layihəsi haqqında qısaca məlumat verək. Rusiya qazını Mərkəzi-Şərqi Avropaya nəql edən marşturlardan biri olan bu layihə 2015-2016-cı illərdə “Cənub axını” layihəsinin əhəmiyyətinin azaldığı və Moskvanın bu kəmərdən imtina etməsindən sonra aktuallaşıb. Həmin vaxt Serbiya və Balkan ölkələri əsasən qazı Rusiya-Ukrayna kəməri ilə nəql edirdi, Moskva və Kiyev arasında 2008-ci ildən yaranan soyuq münasibətlər, davamlı olaraq Ukrayna qaz xəttinin bloklanması və digər gərginliklər Mərkəzi Avropa və Balkanlara qaz axınının rentabelliyini pozurdu. Bu səbəbdən Rusiya həmin dövrdə mövcud olan “Türk axını” layihəsini genişləndirməyi və davamı olaraq “Balkan axını”-nın çəkilməsini təklif edir. Yeni kəmər Bolqarıstan ərazisindən keçməklə Yunanıstan, Şimali Makedoniya, Rumıniya, Serbiya, Bosniya və Herseqovinaya yanacaq ixracını təmin etməyi nəzərdə tuturdu. Beləliklə, “Türk axını” layihəsinin davamı olan “Balkan axını” qaz kəməri Avropanın enerji coğrafiyasına daxil olur.  (mənbə)

Bu layihə, Rusiya qazının Ukrayna ərazisindən yan keçməklə Serbiya və Balkanlara uzandığından bəzi ölkələr layihəni anti-Ukrayna xətti kimi təqdim etməyə çalışırdılar. Ancaq enerji marşturlarının diversifikasiyasında daha yaxın məsafə, sərfəlilik və tranzit qiymətlərinin ucuzluğu kimi mühüm faktorları nəzərə aldıqda Serbiyanın, yaxud Bolqarıstanın yeni kəmərin inşasına razılıq verməsində hansısa siyasi məna axtarmaq yersizdir. Məsələn, həmin dövrdə qazın 1000 k.metrinin qiyməti 400 dollar olanda Serbiya hər min kubmetr yanacağa ən azı 70 dollar qənaət edə bilirdi. Yaxud, bu kəmərin ərazisindən keçməsinə görə, Bolqarıstan hökuməti kifayət qədər böyük məbləğdə tranzit haqqı əldə edib. Həmin dövrdə Bolqarıstanın baş naziri Boyko Borisovun bu layihənin əleyhinə çıxmasını iddia etmək, əlbəttə sadəlövhlük olardı. Digər tərəfdən, bu layihənin çəkilişi ilə bağlı hüquqi sənədləri Bolqarıstan parlamenti ratifikasiya etmişdi.  Sözsüz ki, 2-3 il əvvəl həyata vəsiqə alan, bu layihə, Avropa Birliyi və Avropa Komissiyasının enerji komissarlığının razılığı ilə gerçəkləşib. Kəmərin imkanlarından Avstriyanın da faydalandığını nəzərə alsaq, layihə Qərbi Avropanın da maraqlarına uyğun olub.

Təxminən 2 illik inşaat və infrastruktur təminatlarından sonra 2021-ci ilin iyul ayında Serbiya və Macarıstan “Balkan axını” qaz kəmərinin böyük bir hissəsini tamamlayaraq boru xəttini Macarıstanın qaz nəqli sisteminə qoşur. Oktyabrın 1-dən etibarən qaz Serbiyadan keçməklə Mərkəzi Avropaya nəql olunur. Beləliklə, Rusiya qazının Türkiyə vasitəsilə (Ukraynadan yan keçməklə) Mərkəzi Avropa və Balkanlara nəqli təmin edilir. Burada Bolqarıstan ötürücü ölkələrdən biridir.  (mənbə)
Bu baxımdan Bolqarıstanın “Balkan axını”na qoşulmaqla Rusiyanın iqtisadi maraqlarına xidmət etməsi və Avropa Qaz Direktivini pozması, habelə Ukraynanı Avropanın qaz ixracı coğrafiyasından çıxarması və tranzit gəlirlərindən məhrum etməsi kimi fikirlər əsassızdır.
Birincisi,
Rusiya-Ukrayna müharibəsi başlanmamaışdan bir neçə il əvvəl bütün Avropa İttifaqı ölkələri Rusiyanın yaxın enerji partnyoru idi və 2010-cu ildən sonra bu regionda istifadəyə verilmiş 4-5 kəmərin çəklişini Qərbi Avropa ölkələri dəstəkləyərək təmin edibdir. Bu baxımdan Bolqarıstanın “Balkan axını”-nda yer almasında heç bir qəbahət, nə də ki, siyasi motiv, maraq olmayıb. Əgər Rusiya qazı almaq, yaxud nəql etmək Aİ-nin direktivlərinə qarşı çıxmaq və ya xəyanət hesab olunursa, onda Aİ-nin 30 ölkəsinin hər biri eyni motivlərlə ittiham olunmalıdır.
İkincisi, Avropa Birliyi Ukrayna müharibəsinə qədər Rusiya ilə qaz nəqlinə dair 10-dan artıq saziş imzalamışdı. Aİ-nin qaz təminatının 45 faizi Rusiyaya məxus olub. Bu məntiqlə Almaniya, Polşa, Avstriya, İtaliya, İspaniya və digər ölkələr “günahkar siyahısında” ilk yerlərdə dayanmalıdır.
Üçüncüsü, əgər “Balkan axını” Ukraynaya qarşı “sui-qəsd”dirsə, Rusiya-Ukrayna qaz kəmərinə alternativ olan, Polşa və Almaniyanın ərazisi ilə Avropaya qaz axınını təmin edən Yamal-Avropa boru kəməri nədir? “Qazprom”-un yaxın partnyoru olan Almaniyanın “Gascade” şirkəti bu yanaşmya görə, onda Aİ-tərəfindən “xain” hesab edilməlidir. Yaxud, “Qazprom”-un ildə 12 milyard kubmetrdən çox təbii qazını Macarıstan ərazisi ilə nəql edən “Gas Hub Baumgarten” Ukraynaya qarşı “sui-qəsd”in iştirakçısı sayılmalıdır.  “Qazprom”un Rumıniyaya uzanan “Negru Voda II”“Negru Voda III” sisteminə nə ad verək? Bəs, Rusiyanın Yunanıstanı təmin edən “Kulata-Sidirokastro” nəql sistemi? Bəlkə, Qərbi Avropanın bu proyektlərini Ukraynaya qarşı “intihar layihələri” adlandıraq? Əgər həqiqətən də Ukraynanın tranzit ölkə kimi Aİ ailəsinin tranzit bazarından kənara çıxarılması baş veribsə, bu, təkcə, Rusiyanın iradəsi ilə deyil, həmçinin, Avropa İttifaqının öz geocoğrafi maraqları olan dövlətlərinin birgə iştirakı ilə həyata keçirilib. Çünki “Qazprom” Qərbi və Şərqi Avropaya qaz nəqlini daha çox Polşa, Macarıstan, Almaniya marşutları ilə tədarük edib.



Bir məqamı da unutmayaq ki, Rusiya Avropaya bir neçə cinahdan qaz nəql edəndə və yeni marşrutlar barədə isti müzakirələr aparanda məhz Bolqarıstan hökuməti Kremlin dənizin dibindən keçməsi planlaşdırılan boru kəmərinin öz ərazisindən çəkilişinə icazə verməyib. Rəsmi Sofiyanın məhz bu mövqeyindən sonra Rusiya “Cənub axını” qaz kəməri layihəsini dayandırdı.
İddia olaunur ki, Borisov ABŞ sanksiyalarından yayınmaq üçün bu layihəni “Balkan axını” adlandırılıb. Layihə həqiqətən də coğrafi hüdudlarından da göründüyü kimi Balkan bölgəsini əhatə edir. Belə halda, Cəbəllütariq, Mozambik, yaxud Dominikan axınımı adlandırılmalıydı? Belə gülünc fərziyyə olarmı? Digər tərəfdən, həmin dövrdə ABŞ sanksiyalarından söhbət gedirdisə, Rusiya-Yamal-Almaniya kəmərinə görə, niyə Berlin qınaq obyekti hesab olunmur?

Məqalədə Azərbaycanla bağlı məqamlara gəlincə, Borisov hökumətinin müxtəlif bəhanələrlə Cənub Qaz Dəhlizinin Bolqarıstana aid hissəsinin inşasını yubatması və süni əngəllər yaratması, bununla da Azərbaycana qarşı “sui-qəsd”lərin təşkili kimi fikirlərə də yer verilib. Sitat: Bolqarıstan hökuməti həmçinin, “Balkan axını” marşrutuna üstünlük verməklə Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinin sonuncu nəql xətti – TAP kəmərinin Bolqarıstana aid  hissəsini (Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru) də illərlə yubadıb. Bu siyasət sayəsində həm Ukraynaya, həm də Azərbaycana qarşı qaz “sui-qəsdi” həyata keçirilib”. 
Təbii ki, bu iddiaların heç bir əsası yoxdur. Ötən on illik tarixə baxmaq kifayərdir ki, rəsmi Sofiyanın Cənub Qaz Dəhlizi layihəsi meydana çıxdığı ilk gündən öz seçimini edərək birmənalı şəkildə Azərbaycan qazını alacağında qəti siyasi iradə nümayiş etdirməsini görəsən. Hələ “Balkan axını” meydana çıxmamışdan əvvəl, 2011-ci ildə Cənub Qaz dəhlizi ideyası ortaya çıxanda rəsmi Sofiya ilk dəstəkləyənlərdən biri olub və Azərbaycandan qaz almaq niyyətini bəyan edib. Məlumdur ki, 2011-ci il yanvarın 13-də Bakıda Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə” imzalanıb. 

Həmin Bəyannaməni alqışlayan Bolqarıstan hökuməti Cənub Qaz Dəhlizinin ən qatı tərəfdarı olub və ölkəsinin bu layihədə yer almasında sonadək dayanan Bolqarıstanın o dövrdəki baş naziri Boyko Borisov hələ “Balkan axını” ideyasının ortada olmadığı 2015-ci ildə Cənub Qaz Dəhlizinin öz ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyində israrla dayanırdı. Boyko Borisovun Avropa İttifaqının bütün tədbirlərində, Beynəlxalq Enerji forumlarında çıxışlarında Azərbaycan qazının nəqli barədə fikirləri “qırmızı xətt” kimi keçir. Cənab Borisov əminliklə deyirdi ki, Xəzərdən axacaq qaz sayəsində Balkan qaz anbarının yanacaq resursları formalaşacaq və nəticədə Bolqarıstan özü də Cənub-Şərqi və Mərkəzi Avropanın əsas qaz tranziti ölkəsinə çevriləcəkdir. 
2017-ci ilin oktyabr ayında Azərbaycana səfər edən Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də bəyan edib ki, biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsində qərarlıyıq. Sitat: “Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik”. 
2019-cu il martın 14-də Azərbaycanda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı edən B.Borisov Cənub dəhlizi ilə Avropaya nəql olunacaq Azərbaycan qazının bir hissəsinin məhz Bolqarıstana verilməsini yüksək dəyərləndirib. “Düşünürük ki, Azərbaycan qazı Bolqarıstanın iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcək”. 
TAP istifadəyə verildiyi ərəfədə, yəni Azərbaycan qazının Avropaya nəqlinə 10 gün qaldığı vaxt (2020-ci ilin dekabr ayında) B.Borisov hökumətin iclasında bəyan edib ki, Azərbaycanın Avropaq qaz bazarında daxil olması bizim üçün yeni qapı açır. Sitat: “Azərbaycanla saziş bizim prioritetlərimizin – təbii qaz tədarükünün şaxələndirilməsinin həyata keçirilməsi ilə bağlı olduqca mühüm müqavilədir. Bu, bizə bu il dekabrın 31-dən Bolqarıstan üçün yeni mənbə əldə etmək imkanı verəcək”. 


Beləliklə, rəsmi Sofiya Cənub Qaz Dəhlizi və onun əsas hissəsi olan TransAdriatik Boru Kəmərinin (TAP) çəkilişi üçün bütün səylərini ortaya qoyub və TAP kəmərinin Bolqarıstana aid hissəsinin (Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru) yubadılmasına yox, vaxtında başa çatmasına güc sərf edib.

Məlum olduğu kimi TAP 2020-ci ilin dekabrın 30-da istifadəyə verilib və Azərbaycan qazı həmin müddətdən etibarən Avropaya nəql olunmağa başlayıb. TAP tam hazır olmadığı vaxt, yəni 2017-2020-ci illərdə kəmərin Bolqarıstana aid hissəsi işlək vəziyyətdə ola bilərdimi? Əlbəttə ki, bu faktın özü kəmərin bu ölkəyə aid hissəsinin yubadılması barədə iddiaları heçə endirir. 
İkincisi, TAP Azərbaycanın Avropa İttifaqı ilə ortaq layihəsidir və bu kəmərin bütün hissələrinin tikintisinə və istismarına nəzarət Aİ və Cənub Qaz Dəhlizi Məşvərət Şurası tərəfindən həyata keçirilib. Cənub Qaz Dəhlizinin çəkilişinə dair Bəyannamə imzalandıqdan bir neçə il sonra Avropaya qaz tədarükünün təmin edilməsi məqsədilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradıldı. Bu qurumda təmsil olunan bütün ölkələr, o cümlədən Bolqarıstan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə bağlı texniki öhdəliklər götürüb. Yəni, davamlı olaraq bu layihə üzrə işlərin icrası nəzarətdə olub. Hansı ölkənin qrafik üzrə hansı işləri görməsi diqqətə saxlanılıb. Belə olan halda, Bolqarıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının, Avropa Komissiyasının öhdəliklərinə qarşı çıxması, süni yubanmalara yol verməsi inandırıcı görünmür.

Beləliklə, TAP tam nəql imkanları ilə 2021-ci ildən işə düşdükdən sonra Yunanıstan öz infrastrukturlarını işlək vəziyyətə gətirib və kəmərin sonuncu seqmenti olan  Yunanıstan- Bolqarıstana Qaz İnterkonnektoru (İGB) ilə bağlı işlər 2022-ci ildə tamamlanıb.


2022-ci ilin iyulunda TAP kəməri ilə Bolqarıstana qazı ötürən Yunanıstan- Bolqarıstana Qaz İnterkonnektoru tam hazır oldu və oktyabrın 1-də Cənab İlham Əliyevin iştirakı ilə ötürücü Şəbəkə istifadəyə verildi. Avropanın Enerji məsələləri üzrə komissarı Kadri Simson Bolqarıstanı Cənub Qaz Dəhlizinə sadiqliyinə, İGB layihəsini tamamladığına görə alqışlayıb. Sitat: “IGB Bolqarıstan və bütün region üçün çox ehtiyac duyulan alternativləri və çevikliyi təmin edə bilər. Bu yeni marşrut regiona, o cümlədən Qərbi Balkanlara, Ukraynaya və Moldovaya təchizat təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Mən Yunanıstan və Bolqarıstan hökumətlərini və IGB layihə şirkətini bu gün kəmərin açılışına görə təbrik etmək istərdim. Bu, regional əməkdaşlığın əlamətdar mərhələsidir”

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza IGB-nin əhəmiyyətindən danışıb və Sofiyanı sonadək Aİ-nin enerji siyasətini müdafiə etdiyini bildirib.

Göründüyü kimi sadaladığımız bütün faktlar təsdiq edir ki, Bolqarıstan hökuməti Cənub Qaz dəhlizində sonadək öz borcunu layiqincə yerinə yetririb, heç vaxt Azərbaycan qazının nəqli ilə bağlı missiya və öhdəliklərinə xilaf çıxmayıb, “sui-qəsd” kimi ortaya atılan fikirlər isə "Bild" nəşrinin təxribatından başqa bir şey deyil.