Məlum olduğu kimi ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75% artıraraq 2,50 %-dən 3,25%-ə yüksəldib. Bu artım Amerikanın pul siyasəti ilə bağlı son 30 illik tarixində ən yüksək faiz dərəcəsi artımı deməkdir. Adətən FED faiz paramterlərinə dəyişikliklər edərəkə faiz dəhlizini 0,5-1 faiz yüksəldirdi, bu dəfə isə 3-3,25% artım baş verib. (mənbə)
Amerika Mərkəzi Bankı funksiyasını daşıyan FED bu qərarını ölkədə artan inflyasiyanı cilovlamağa yönəlmiş addım kimi izah edib. Eyni zamanda, açıq bazarda qiymətlərə təsirləri azaltmaq məqsədinin güddüyü bildirilir
Federal Ehtiyat Sisteminin bu qərarından sonra dünya maliyyə bazarlarında əhəmiyyətli dəyişikliklərə səbəb olub, açıq bazar əməliyyatlarında və valyuta bazarlarında əksər ölkələrin milli valyutalarının ABŞ puluna nisbətən ucuzlaşması baş verib.
Avropa Birliyinin (AB) vahid valyutası olan Avro FED-in qərarından bir gün sonra, 10 faiz-bənd ucuzlaşıb. 2002-ci ildən sonra yeni rekord təzələyən AB-nin valyuta bazarında 1 avro 0,9859 dollara təklif olunub. (mənbə)
Böyük Britaniya valyutası da az keçməmiş dəyər itirib. Funt-sterlinq dollar qarşısında bir gündə təxminən 5 faiz-bənd məzənnə itkisi yaşayıb. Ümumilikdə, son bir ayda Böyük Britaniyanın rəsmi valyutası son 37 ildə ilk dəfə bu qədər kəskin dəyər itirib. Ötən illər ərzində funt-sterlinqin məzənnəsinin dollara qarşı orta göstəricisi 1,34-ə bərabər idisə, hazırda bu rəqəm 1,2296 dollar geriləyib. 2022-ci ilin əvvəlində funt-sterlinq 1,13-ə düşüb.
(mənbə)
Türkiyənin pul vahidi olan lirə də ucuzlaşıb. Dollar Lirə qarşısında yeni rekord təzələyərək 18,38 səviyyəsinə yüksəlib

Bu proses Azərbaycana necə təsir edə bilər?Manatın ucuzlaşması gözlənilirmi? Faktyoxla Lab. bunu araşdırıb. 

Manatın xarici valyutalara, ələxsus da dollara qarşı məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, tədiyyə balansının cari vəziyyəti, dollar tələb-təklifinin dinamikası və Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan aylıq valyuta portfelinin məbləği, eləcə də digər iqtisadi-monetar amillər müəyyənləşdirir.

İndi isə həmin istiqamətlər üzrə Azərbaycanda makro-monetar vəziyyətə diqqət edək. Hazırda ölkəmizə daxil olan xarici valyutanın həcmini təmin edən dayanıqlı resurslar mövcuddur. 2022-ci ilin ötən 8 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 35,1 milyard dollara bərabər olub. Ticarət dövriyyəsinin 26,2  milyard dollarını ixrac, 8,8 milyard dollarını idxal təşkil edib. Ticarət saldosu müsbət olmaqla 17,4  milyard dollara yaxınlaşıb. Yəni, xarici ticarətin müsbət  saldosu onu təsdiqləyir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 17,4 milyard dollar və yaxud 3 dəfə çoxdur. (mənbə) 

Adi riyazi hesablama aparsaq məlum olar ki, Azərbaycana bir ay ərzində təxminən 3 milyard dollar həcmində valyuta daxil olur, bir ay ərzində isə 1,1 milyard dollar xarici valyuta çıxır. Beləliklə, hər ayda 2 milyard dollar valyuta ehtiyatı formalaşır. Bu statistika əsasında tam qəti əminliklə demək mümkündür ki, Azərbaycanda dollar defisiti yoxdur, əksinə dollar profisiti (artıqlığı) vardır. Bu isə ölkədə xarici valyuta bolluğu şəratində manata xarici risk təhlükəsini tamamilə minimallaşdırır. 

Sözsüz ki, Azərbaycanın valyuta gəlirlərində əsas aparıcı resurs portfeli neft və qazdır. Bu baxımdan valyuta portfelində da əhəmiyyətli yer tutan neft və qazın dünya bazar qiymətinin sərfəli olması da manat üçün xarici təhdidləri aradan qaldırır. Hazırda neftin dünya bazarında orta satış qiyməti 98-102 dollardır. 2023-cü ildən Azərbaycanda valyuta gəlirlərində qazın payı tədricən neft gəlirlərinə yaxınlaşmağa balayacaq ki, bu da çox mühüm amildir. Qazın qiyməti hazırda 1000 kub.metr üçün 2000 dollara bərabərdir, Azərbaycanın isə qaz satışı üzrə qiymətləri dünya bazar qiymətlərindən 4-5 dəfə aşağıdır. Yəni qazın qiyməti yaxın bir ildə 5 dəfə ucuzlaşsa belə Azərbaycanın gəlirlərinə təsir edə bilməyəcək. Neftə gəlincə, “Brend və “WTI” markalı xam neftin 1 barelinin qiymətlərinin 50-55 dollar ətrafında qalacağı və hətta 50-ə qədər enəcəyi təqdirdə belə, Azərbaycan hökumətinin büdcə və maliyyə öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaranmayacaq. Zatən Azərbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta illik ixrac qiymətini ən aşağı ssenaridə - 50 dollar həddində müəyyənləşdirib ki, bu da xarici faktor baxımından manata təzyiq yükünün qeyri-mümkün olduğunu əsaslandırır. (mənbə)
Manatın xarici valyutalara qarşı məzənnəsini şərtləndirən ən fundamental amil valyuta bazarında tələb-təklifin vəziyyətidir. Valyuta bazarında tələb-təklifi Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank (MB) həyata keçirir. 2022-ci ilin ötən 8 ayı ərzində Dövlət Neft Fondu açıq hərraclarda 3 milyard 392 milyon dollar həcmində valyuta satıb. Bu, 2021-ci ilin eyni dövrünə nisbətən 9,3 % azdır. Neft Fondu təkcə avqust ayında valyuta hərraclarında 440 milyon dollar satıb. (mənbə)



Ümumi götürdükdə, Neft Fondunun orta aylıq dollar satışı 400-450 milyon dollar təşkil edir ki,bu da Fondun aylıq 1-1,2 milyard dollar həcmində qazandığı valyutanın yarısından da azdır. Yəni, Fondun valyuta portfelindəki dolların 40 faizi satılır, 60 faizi artıq qalır. Beləliklə, DNF-nin daxili bazarda dollar tələbini ödəmək üçün ehtiyatlarının həcmi 2,2 dəfədən də çoxdur. Yeri gəlmişkən, valyuta gəlirlərinin aylıq artımı Dövlət Neft Fondunun strateji rezervlərinin 2022-ci ilin ötən 8 ayı ərzində 5.1 % və ya 2,7 milyard dollar artaraq 55.9 milyard dollara yüksəlib. (mənbə)
Nəzərə almaq lazımdır ki, ölkənin güclü təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları manatın sabitliyi və dayanıqlılığını təmin edən əsas maliiyyə bazislərindən biridir. Bu baxımdan Azərbaycann etibarlı təhlükəsizlik bloku olan valyuta rezervlərinin davamlı olaraq yüksəlməsi də  maliyyə sabitliyini möhkəmləndirir.
Bir məqamı da nəzərə almaq lazımdır ki, manatın 2023-cü ildəki məzənnəsi də hökumətin konservativ proqnozlar ssenarisi üzrə təsdiqlənib. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində müəyyən edilibdir
Digər bir məqam isə ondan ibarətdir ki, 2022-ci ilin ötən aylarında qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyə, Rusiya, İran, eləcə də yaxın regiona ölkələrinin valyuta məzənnələrində baş vermiş dəyişikliklərə rəğmən, Azərbaycan manatı öz dayanıqlı sabitliyini qorumaqla yanaşı, öz  nominal effektiv məzənnəsini 8 ayda 6,1% möhkəmləndirib

Bununla yanaşı, əksər xarici ölkələrin Mərkəzi bankları tərəfindən pul siyasətində davamlı dəyişikliklər sayəsində uçot və faiz dərəcələrinin artırılmasına baxmayaraq, bu xarici faktor da manata təzyiq edə bilməyib, manata inam və etibar indeksi zəifləməyib, əksinə güclənib. Ölkəmizdə vətəndaşlar və digər rezidentlər dollar və avro ilə yığımlara deyil, manat yığımlarına üstünlük verməkdədir. Belə ki, əhalinin banklardakı əmanətlərinin məbləği cari il ərzində 25,7 faiz artaraq 2022-ci il avqust ayının 1-nə milli valyuta ekvivalentində 10,8 milyard manat təşkil edib. Əmanətlərin 60,1 faizi milli, 39,9 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz artıb. (mənbə)

Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq, tədiyyə balansının vəziyyəti qənaətbəxş olacaq, manatın məzənnə sabitliyi möhkəmlənəcəkdir. Dünyanın nüfuzlu reytinq təşkilatı olan “Standart and Poor”s (“S&P”) Azərbaycan manatının məzənnəsinin sabit qalacağını proqnozlaşdırır.

Beləliklə, bütün ssenarilər onu göstərir ki, manatın məzənnəsinə təsir edə biləcək daxili və xarici risk amilləri yoxdur. Yaxın region ölkələrində hətta devalvasiya təhdidləri yaranacağı halda Azərbaycanın mövcud maliyyə vəziyyəti tamamilə  bu halları minimallaşdırmağa və manatın məzənnə sabitliyi üçün möhkəm iqtisadi təminat yaratmağa qadirdir. Bir sözlə, Azərbaycan manatının məzənnəsi möhkəm və sabitdir, devalvasiya üçün heç bir fundamental əsaslar yoxdur.