“Technote” media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas Azərbaycanda “TikTok” sosial şəbəkəsində vergidən yayınma halları barədə fikirlər səsləndirib. F. Pərdəşünas bildirib ki, sözügedən sosial platformada ödənilən jetonlardan tutulan komissiya 50 faizdir. Sitat: “Siz bir müğənni, bloqer yaxud rəqəmsal pul yığana 20 dollar göndərirsinizsə, 10 dolları Çinin büdcəsinə yüklənir. Hər axşam Azərbaycanda minlərlə dollar “TikTok” ödənişləri olur. Təəssüf ki, “TikTok” azərbaycanlı istifadəçilərdən nə qədər qazandığını açıqlamır. Ancaq “TikTok”un Azərbaycan seqmentində yüksək istifadəçi kütləsi olmasına baxmayaraq vergi ödənilmir. Əvəzində öz vətəndaşlarımız vergini 18 faiz ƏDV olmaqla ödəyirlər. Yəni “TikTok”da bir adama jeton göndərən istifadəçi həm 50 faiz komissiya, həm də 18 faiz vergi ödəyir”.

Faktyoxla Lab. olaraq bu iddianı araşdırdıq.

“TikTok”un həqiqətən də qlobal rəqəmsal və sosial media bazarında sürətli yüksəlişi ilə digər sosial resursları geridə qoymaqdadır. Bu paltformanın reklam bazarı da hədsiz dərəcədə böyüməkdədir. “Dünya rəqəmsal -2022” hesabatına əsasən, “TikTok”-un reklam bazarı iştirakçılarının sayı 885 milyona çatıb. 2021-ci ildə şirkətin reklamdan gəlirləri təxminən 4 milyard dollar təşkil edib. 2022-ci ildə isə bu rəqəmin 12 milyard dollara çatacağı proqnozlaşdırılır
Bəlli olur ki, şirkət, əldə etdiyi gəlirlərdən vergiləri ödəməyi də öhdəliklərindən biri hesab edir. Bu haqda “TikTok”un rəsmi səhifəsində “TikTok” Qrupun Baş Maliyyə Direktoru tərəfindən vergi yurisdiksiyası ilə bağlı öhdəliklərinin izahatı verilib. Şirkət bəyan edir ki, maliyyə fəaliyyətində əsas funksiyalarından biri vergi idarəçiliyi ilə bağlıdır. Şirkətin “Vergi idarəçiliyi” departamenti tərəfindən aparılan bütün biznes əməliyyatları ilə əlaqədar vergi öhdəliklərinə əməl etmə daimi yoxlanılır və ixtisaslı və təcrübəli vergi mütəxəssislərinin iştirakı ilə müxtəlif regionlarda ödənilən vergilərin monitorinqi aparılır. Yəni, “TikTok” bütün vergi öhdəliklərini yerinə yetirməyə açıq olduğunu bildirir.

 “TikTok” sosial platformasının Amerika, Avropa və Asiya qitələrində, hətta bir çox Afrika ölkələrində vergitutma həm beynəlxalq vergi prinsiplərinə, həm də həmin ölkələrin milli vergi qanunvericliyinə uyğun həyata keçirilir. Avropa İttifaqı ölkələrində “TikTok” reklamları üzrə əsas vergi növü ƏDV-dir və vergi dərəcəsi orta hesabla 20-25 faiz civarında hesablanır. Vergi ödəyiciləri üçün qanunvericliyə uyğun mükəlləfiyyətlərə riayət olunması və vergi-hesab fakturasının təqdim edilməsi vacibdir. Mənbə
Türkiyədə əvvələr bu sahədə vergi boşluğu olsa da, hökumət “TikTok”dan vergi tutulmasını tamamilə təmin edib. Məsələn, sözügedən sosial platformanın Türkiyə ofisi hökümətə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə (114 min manat) qarşı 92.9 milyon lirə (8 milyon 810 manat) rəqəmsal xidmət vergisi ödəyib.

Bəs, Azərbaycanda “TikTok” istifadəçiləri üçün vergi öhdəliyi necə müəyyən edilib?

Azərbaycanda sosial şəbəkələrdə, o cümlədən, “TikTok” seqmentində vergi məsələləri Vergi Məcəlləsinin 125-ci (“Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması” və 169-cu (“Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi”) maddəsinə uyğun olaraq tənzimlənir. Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyevin bu barədə şərhində bildirilir ki, sosial şəbəkədə müxtəlif reklam və alış-verişlər, xidmətlər göstərən şəxslər vergi uçotunda qeydiyyata alınmalı, VÖEN hesabı açmalı və qanunla müəyyən edilmiş bütün vergiləri ödəməyə borcludurlar. Bu halda onların vergi öhdəliyi əməliyyatlar nağdsız qaydada aparıldığına görə, 10 faiz vergi təşkil edir.
Həmin şəxslər eyni zamanda, vergi öhdəliyini rəsmi şəkildə bəyan etmək üçün əməliyyatın aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi vergi orqanına təqdim etməlidir. Əgər sosial platformalarda bu əməliyyatları aparan fiziki şəxslərin vergi orqanında qeydiyyatı yoxdursa, onda bu halda nağd qaydada ödəniş edilən kartın sahibi, yəni əməliyyatları həyata keçirən müvəkkil Bank tərəfindən 18 faiz ƏDV tutularaq büdcəyə ödənilməlidir.
Ümumiyyətlə, sosial platformalar üzərindən aparılan reklam, ticarət və digər satışlar elektron ticarət hesab edildiyindən bu əməliyyatın iştirakçıları vergi qanunvericliyinin müvafiq tələblərinə əsasən, 18 faiz ƏDV ödəyicisi hesab olunurlar. Eyni zamanda, ƏDV ödəyicisi olan hüquqi şəxslər də öz biznes kartlarından “Facebook”, “Google” kimi şirkətlərə reklam üçün ödəniş edirlərsə, ödənişin aparıldığı bank tərəfindən 18 faiz ƏDV-yə cəlb olunurlar. 
Xarici şirkətlərə məxsus şəxslərin verdiyi reklam və ticarət xarakterli digər əməliyyatlar Azərbaycana aid internet resurslarında yerləşdirilirsə və həmin şəxslər bu reklam və digər satışlardan, xidmətlərə görə, xarici ölkələrdən gəlir əldə edirlərsə, bu zaman onlar Azərbaycanın Vergi Məcəlləsinə əsasən, vergi hesablanır


ƏDV ödəyiciləri öz ödənişləri ilə bağlı növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim etməlidir.
Bununla yanaşı, ƏDV ödəyicisi olan şəxslərin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır. Bundan başqa, elektron pul kisələrinə («Google-wallet», «Apple’s Passbook», «Lemon Wallet», «Square Wallet», «Isis» və s.) pul yerləşdirildiyi zaman da 10%-lik vergi tətbiq olunur. (Mənbə)
Beləliklə, “TikTok”dan gəlir əldə edən bütün şəxslər vergi verməyə borcludurlar. Əgər vergiləri ödəmirlərsə, qanunvericliyə uyğun olaraq həmin şəxslər barəsində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilir. Vergi Məcəlləsinin 57- 59-cu maddələrinə əsasən, müəyyən edilmiş müddətdə vergiləri ödəməyən şəxslər barəsində maliyyə sanksiyası, cari vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 

“Technote” şirkətinin rəhbəri F.Pərdəşünasın toxunduğu digər məsələ -  “Feysbuk”, “Google” və digər sosial şəbəkələrinin Azərbaycanda ofislərinin olmaması barədə dediklərinə gəldikdə isə araşdırmalar göstərir ki, Azərbaycanda “Instagram”, “YouTube”, “TikTok”, “Facebook” və “Twitter” kimi sosial media platformaları cəmiyyətdə ən çox istifadə edilən sosial media platformaları olsa da, onların həqiqətən də ölkəmizdə rəsmi ofisləri yoxdur. Azərbaycanda yalnız “Microsoft” şirkətinin ofisi fəaliyyət göstərir, digər sosial platformaların ölkəmizdə ofisi və nümayəndəliyi yoxdur.

Mövcud vəziyyət göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sosial media paltformalarının vergi və digər istiqamətlər üzrə tənzimlənməsinə ehtiyac vardır. Bir müddət əvvəl Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsi haqqında qanun layihəsi hazırlansa da, qəbul edilməyib. Sənədin qəbul edilməsi qeyd olunan boşluq və nöqsanların da aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Beləliklə,

“Technote” media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünasın Azərbaycanda “TikTok” sosial şəbəkəsinin vergidən yayınma halları barədə fikirləri doğrudur. “TikTok”un Azərbaycan seqmentində yüksək istifadəçi kütləsi olmasına baxmayaraq Azərbaycan büdcəsinə vergi ödənilmir. Bu məsələ yaxın zamanlarda həlli vacib məsələlərdən biridir.