Son iki gündə bəzi deputatların, eləcə də tanınmış jurnalistlərin adından sitatlar paylaşılır.
Faktyoxla Lab. bu sitatların həqiqiliyini yoxlayıb.
Araşdırma nəticəsində bəlli oldu ki, həmin sitatlar ilk olaraq Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən, Fransada yaşayan Məhəmməd Mirzəlinin idarə etdiyi “Made in Azerbaijan” səhifəsində paylaşılıb.
İlk olaraq deputat Səbinə Xasayevanın sitatı yayılıb (13 avqust saat 13-50-də), lakin izləyicilərin diqqətini o qədər də cəlb etməyib. Elə həmin paylaşımda “Made in Azerbaijan” səhifəsi tərəfindən hazırlandığı qeyd olunub. Bundan başqa paylaşılan digər beş “capsda” eyni dizayn, eyni rəng, eyni məzmun seçimi diqqəti cəlb edir.
Digər tərəfdən aydınlaşdırdıq ki, deputat Səbinə Xasayeva son günlər, həftələr və ay ərzində haradasa müsahibə, açıqlama, video-intervyu verməyib.
Elə həmin gün, qeyd olunan səhifədə (saat 18-00-da) deputat Sevinc Fətəliyevanın adından saxta sitat paylaşılıb. Axtarış zamanı deputatın bu sözləri haradasa yazdığına, hansısa müsahibədə, açıqlamada dediyinə rast gəlinmədi.
Əvəzində S. Fərzəliyeva yayılan capsa dərhal reaksiya verib və o, facebook səhifəsində yazıb: "Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".
14 avqust 2022-ci il tarixdə, saat 17-33-də deputat Elman Nəsirov haqda sitat paylaşılıb.
Dəqiqləşdirdik ki, Elman Nəsirov doğrudan da idman zalında çəkdirdiyi fotosunu öz facebook səhifəsində paylaşıb. Böyük maraq yarandığı üçün o, sonradan bu foto haqda mediaya açıqlama verərək bu sözləri deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım” (Mənbə)
Məhəmməd Mirzəlinin saxtakarlığı tək deputatlarla yekunlaşmayıb. Jurnalist Eynulla Fətullayev adından da qurama sitat yayılıb. Yayılan sitatda deyilir: “Sosial şəbəkələr bizim üçün problemə çevrilib. “Facebook”, “Youtube” kimi böyük platformalarda ən çox təhqir olunanlardan biri mən, digəri isə qardaşım Mirşahin Ağayevdir. Ən azından əvvələr bizim kimi jurnalistlər təhqir olunurdu. İndi Milli Məclisdə oturanların hamısı hədəfə çevrilib. Hörmətli nazir və məmurlarımızda hər gün aşağılanır. Bu məsələ ilə bağlı ciddi işlər görmək lazımdır. Yoxsa hər şeyə tüpürüb jurnalistikadan gedəcəm!”
Dəqiqləşdirdik ki, Eynulla Fətullayev nə yazılarında, nə də statuslarında belə bir ifadə işlətməyib. Əvəzində o, deputat Sevinc Fətəliyevaya qarşı edilən mənəvi terrorla bağlı bu statusu yazıb: “Hüquq-mühafizə orqanları deputat Sevinc Fətəliyevaya qarşı baş vermiş cinayətin üstünü açmasalar Facebook profilimi bağlayacam... Hətta jurnalistikadan getmək haqqında da düşünəcəm. Çünki üstümüzə böyük mənəvi terror gəlir...Gözləyək görək”
Nəticə: Deputatlar və jurnalistlərin adından paylaşılan sitatlar saxtadır. Bu sitatları "Made in Azerbaijan" səhifəsinin admini Məhəmməd Mirzəli hazırlayıb və paylaşıb.