Son günlər bəzi media orqanlarında unun və çörəyin bahalaşacağına dair məlumatlar geniş yer almaqdadır. Onların iddialarına görə, bəzi rayonlarda unun bahalaşması hiss olunur, yaxud da bir çox yerdə un dəyirmanları un satışını dayandırıb. “Azadlıq” radiosu iddia edir ki, Mingəçevir şəhərində 8 gündür ki, mağazalarda un satışı dayandırılıb. Sitat: “İri dükanlarda un yoxdur. Hamı yaxın günlərdə unun bahalaşacağını deyir. Bu gün kolxoz bazarında 50 kiloqramlıq un kisəsi 42 manatdan satılırdı”.

Faktyoxla Lab. Bu məsələyə yenidən qayıdaraq iddialara aydınlıq gətirib.

Ekspert kimi təqdim edilənlərin bir çoxu Ukrayna və Rusiya arasında davam edən müharibəni və taxılın daşınma-logistika xərclərinin artmasını əsas gətirirlər. Belə iddia olunur ki, dünya taxıl bazarında əsas tədarükçü ölkələrdən biri olan Ukraynanın daşınma infrastrukturlarında problemlər, ələlxüsus da, dəniz nəqliyyatının məhdudlaşması səbəbindən daşınmaların quru yolları ilə aparılması əlavə xərclər yaradır.
Bu iddialar əsaslı hesab edilə bilməz. Ötən ay qardaş Türkiyənin birbaşa təşəbbüskarlığı sayəsində “taxıl dəhlizi”nin yaradılması və Ukraynadan taxılı dünya bazar qiymətlərindən aşağı qiymətə satışına dair anlaşma sənədinin imzalanması qlobal taxıl böhranına son qoyub. Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kırışçı bildirib ki, iyulun 22-də İstanbulda Ukrayna, Rusiya, Türkiyə və BMT tərəfindən Qara dənizdən taxıl ixracının bərpasını nəzərdə tutan sazişin imzalanması buğdanın dünya bazar qiymətinə təsirsiz ötüşməyib. Razılaşmaya əsasən, Ukraynaya məxus anbarlarda mövcud olan 19 milyon ton taxılın daşınması Türkiyənin dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir və artıq bir neçə gəmi asanlıqla idxalçı ölkələrə çatdırılıb. Nəticədə həm taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər azalıb, həm də taxılın dünya bazar qiymətinin 440 dollardan 340 dollara qədər ucuzlaşmasına səbəb olub. (Mənbə)

Beynəlxalq Taxıl Şurasının və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2022-2023-cü il mövsümü üzrə taxıl tədarükü 2.252 milyon tona çatdırılıb. Bu, 2021-22-ci il mövsümünə nisbətən, cəmi 3 milyon ton azalma deməkdir. Yəni qlobal istehlak (consumption) 2,280 milyon tondan 2,227 milyon tona düşüb, qlobal bazar üzrə cəmi 0,1 faiz azalma yaranıb ki, bunun da ümumi qlobal istehlaka təsirləri hədsiz dərəcədə aşağıdır. Buna baxmayaraq, dünya üzrə tədarük, daşınma ehtiyatları (carryover stocks) sabit qalmaqdadır. Həmçinin, buğdanın beynəlxalq bazar qiyməti də ucuzlaşır, əvvəli ilə nisbətən qiymət indeksi (year/year change) azalıb, ixrac indeksi (major exspoters) də sabit qalıb. 


Ümumilikdə, taxıl və buğdanın qiymətlərinin cari ilin son aylarında aşağı düşməsi nəticəsində “Grains and Oilseeds Index” (Taxıl və Yağlı Toxumlar İndeksi) son 5 ayda 10 faiz ucuzlaşıb. GOI İndeksi iyun taxıl bazarı icmalında 10% azalaraq son beş ay üçün ən aşağı səviyyəyə enib. Əgər aprel ayında dünya birjalarında buğdanın 1 tonunun qiyməti 422, iyun-iyul aylarında 435-438 dollar təşkil edirdisə, avqust ayı üzrə qiymətlər əvvəlki aylarla müqayisədə 35-40 faiz aşağı düşərək 340 dollar olub. (Mənbə)

Həmçinin, cari ilin mart ayından etibarən buğda ixracına qadağa qoyan Rusiya da ixracı bərpa etməyə başlayıb. Hazırkı mövsümdə Rusiya 131-136 milyon ton taxıl tədarük etməyi proqnozlaşdırır ki, onun 85-90 milyon tonu ərzaq buğdası olacaq. Rusiya Taxıl İttifaqının proqnozuna görə, 2022-2023-cü il mövsümündə təxminən 40-42 milyon ton buğda ixrac olunacaq. İxrac marşrutları Yaxın Şərq, Fars körfəzi ölkələri, Şimali Afrika, Cənubi Asiya, Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistanı və s. ölkələri əhatə edir. Həmçinin, Azərbaycan da Rusiyadan buğda idxal edir.
Qiymətlərə gəlincə, Rusiya cari mövsümdə buğdanın bir tonunun ixrac qiymətini 380-395 dollardan planlaşdırır. Bu, iyun ayındakı (430 dollar) qiymətdən 45-50 dollar aşağı deməkdir.

Azərbaycanda vəziyyət necədir?
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına əsasən, 2022-ci ilin taxıl biçini artıq yekunlaşmaq üzrədir. İyul ayının ortalarında taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2 milyon 163,8 min ton məhsul yığılıb. (Mənbə) Cari mövsümdə 3 milyon tondan artıq taxıl tədarük ediləcəyi gözlənilir ki, bu da ölkənin buğdaya olan tələbatının 58-60 faizinin təmin edilməsi deməkdir.

Bəllidir ki, Azərbaycan buğdaya olan tələbatını yerli istehsal hesabına tam təmin edə bilmədiyindən ümumi tələbatın 40 faizi həcmində xaricdən taxıl idxal edir. Ölkəmizin əsas ticarət partnyoru Rusiya, qismən də Qazaxıstandır. Çünki həmin ölkələrin satdığı məhsulun qiyməti digər ölkələrlə nisbətdə həm ucuzdur, həm də daşınma xərcləri aşağıdır. Qış mövsümündə buğda tədarükünü və ehtiyatlarını artırmaq üçün Azərbaycanın rusiyadan buğda idxal etməsi nəzərdə tutulur. Qeyd etdik ki, Rusiya cari mövsümdə buğdanın bir tonunun ixrac qiymətini 380-395 dollarda müəyyən edib. Amma Azərbaycana ixrac tarifinin bir qədər də aşağı olması mümkündür. Çünki iki ölkə arasında fevral ayında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin əsas şərtlərindən biri güzəştli qiymət siyasətidir.
Göründüyü kimi Azərbaycanın həm yerli taxıl ehtiyatları, həm də Rusiyadan idxal edəcəyi buğdanın satış tarifi unun bahalaşması üçün əsas vermir.
Onu da unutmaq lazım deyil ki, hökümət qiymətlərin dünya bazarında ən yüksək həddə çatdığı mart ayından daxili bazarın təmin edilməsi və qiymət sabitliyinin qorunması üçün xüsusi tədbirlər həyata keçirməkdədir. Hazırda ölkəmizin un dəyirmanlarında tələbatdan iki dəfə çox buğda rezervləri var ki, bu da ən azı ilin sonuna qədər kifayət edir. (Mənbə)
İndiki situasiyada da dövlət buğda və un tədarükünün tam təmin olunması və çörəyin qiymətinin sabit qalması üçün kifayət qədər resurs və alətlərə malikdir. Un idxalçıları və yerli çörəkbişimə müəssisələri üçün vergi-gömrük güzəştləri, büdcədən ərzaq təminatı üçün əlavə vəsaitlərin yönəldilməsi nəzərdə tutulur. İyun ayında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsində xərclərin əsas istiqamətlərindən biri  kimi ərzaq təhlükəsizliyi üçün əlavə 193 milyon manat ayrıldı. Həmin vəsait ehtiyac yarandığı halda çörəyin bahalaşmasının qarşısını almaq üçün istifadə oluna bilər.
Cənab Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanı da məhz buğda ilə etibarlı təminatın möhkəmləndirilməsinə xidmət edir

Bütün qeyd etdyiyimiz iqtisadi amillər bir daha onu deməyə əsas verir ki,

- Azərbaycanda un problemi, çörəyin qiymət artımına rəvac verəcək faktorlar yoxdur.

- İndiki vəziyyətdə taxıl və buğdanın tədarük həcmləri, eləcə də Ukraynanın qlobal bazara geri qayıdışı və təchizat zəncirinin bərpa edilməsi, dünya üzrə taxıl ehtiyatlarının etibarlı təmin olunması və qiymətlərin sabit qalması üçün möhkəm əsaslar yaradır.

- Unun və çörəyin bahalaşacağına dair ciddi narahatlıq, xüsusilə də ajiotaja səbəb olan məlumatlar əsassızdır.