“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə mübarizə aparır. Bu klubun prezidenti Qabor Qubatovun əslən azərbaycanlı olduğu bildirilir. Azərbaycan mətbuatı da onu məhz azərbaycanlı kimi təqdim edir. Doğrudanmı Qabor əslən azərbaycanlıdır?
Faktyoxla Lab. bu məsələni araşdırmağa çalışıb.
Öncə onu qeyd edək ki, Qabor Qubatov haqqında internet qaynaqlarında məlumat, demək olar ki, yoxdur. Qubatov Macarıstan Milli Məclisinin deputatı olsa da, mətbuata açıq olmayıb. Ailəsi haqqında da məlumat olduqca kasaddır.
O, 17 fevral 1966-cı ildə anadan olub. Qabor Qubatov orta təhsilini Peşterjebetdə alıb. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetinin məzunu olub. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti göstərib. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb. 2002-ci ildən bəri Budapeştin XXIII rayonunda “Fides” partiyasının sədri vəzifəsində çalışır. Qubatov Macarıstan parlamentinə hakim “Fides” partiyasından 2006 və 2010-cu ildə deputat seçilib. Onu parlamentin ən passiv deputatlarından biri kimi təqdim edirlər. Deputat fəaliyyəti dövründə parlamentdə cəmisi bir dəfə - 2007-ci ilin aprelində çıxış edib. “Ferentsvaroş”un azarkeşləri də ona qarşı mütəmadi olaraq etiraz aksiyaları keçirilər. Baxmayaraq ki, Qubatovun prezidentliyi dövründə klub üçün yeni stadion tikilib. Fanatları narazı salan əsas məqam biometrik giriş sistemi ilə bağlı edilən yeniliklərdir. Onlar bu addımı məxfiliyə müdaxilə kimi qiymətləndirirlər.
Siyasətçi kimi tamamilə susqun olan Qubatov elə futbol funksioneri kimi də mətbuata açıq deyil. “Vikipedia” məlumatların əsasında da bu adam haqqında dolğun informasiya əldə etmək mümkün deyil. Əksinə, “Vikipedia” məlumatları vəziyyəti bir qədər də dramatikləşdirir. Məsələn, rus dilində olan “Vikipedia” məlumatlarında onun atasının əslən Azərbaycandan (Quba) olduğu qeyd edilib.
Halbuki Rusiya qaynaqları tərəfindən bu məlumat dövriyyəyə buraxılanda Qabor Gubatovun atasının Naxçıvandan olduğu yazılırdı. Və çox qəribədir ki, Kubatovun atasının adına heç bir yerdə rast gəlinmir. Əgər bu fakt doğrudursa, yəni Qubatovun atası Qubadan ya Naxçıvandandırsa həmin rayonlardan, kəndlərdən olan, həmin ailəni tanıyan bir kimsə mediaya açıqlama vermiş olardı. Qeyd edək ki, ingilis və macar dilli mənbələrdə belə məlumata rast gəlinmir. Həmin mənbələrdə yazılır ki, Qubadov ailəlidir, 3 övladı var. Həyat yoldaşı Aqnes Qubatovadır. Övladlarının adları isə Emma, Marsel və Oliviyadır. Yəni övladlarının adlarından da görünür ki, bu adamın Azərbaycanla bağlılığını iddia etmək bir qədər şübhəlidir.
"Qardaşlıq" Macar-Azəri Birgə Cəmiyyətinin sədr müavini, 80-ci illərdən Macarıstanda yaşayan Ramiz Əmirlinin də Azərbaycan mətbuatına verdiyi açıqlama bu şübhələrin yersiz olmadığını göstərir: “Bir neçə il əvvəl Azərbaycan mətbuatında məlumat yayılandan sonra onunla əlaqə yaratmağa çalışdım. 2018- ci ilin oktyabrında 5-də onunla əlaqə qurdum. Kubatova Azərbaycandan yerli istehsal olan konyakımızı gətirdiyimi və ona hədiyyə vermək istədiyimi bildirdim. O, mənim bu istəyimə susqunluq nümayiş etdirməklə cavab verdi. Bundan sonra mən dostlarım vasitəsi ilə də onun kimliyi haqqında maraqlanmağa başladım. Deyəsən, milliyətcə bolqardır. Atası çoxdan avtoservis işi ilə məşğul olub. Anası isə macardır. Qabor çox zəngin və tanınmış bir insandır. Macarıstanın Baş naziri Orban Viktorun yaxın ətrafı sayılan insanlardan biridir. Cəmiyyətimizi çaşdırmaq olmaz. Bu, heç lazım da deyil. Biz ağı ağ, qaranı qara kimi təqdim etməliyik. Əgər azərbaycanlı olsaydı, onu macar mediası çoxdan belə təqdim edərdi. Üstəlik, bunu özü də dilə gətirərdi. Biz bu faktı onun dilindən eşitməmişik. Hətta dəfələrlə bu adamı Azərbaycanla bağlı tədbirlərə dəvət etmək istəsək də, təklifimizə reaksiya verməyib. Onda azərbaycanlı qanı olsaydı, belə tədbirlərdə iştirak edərdi. Bir dəfə də olsun Azərbaycanın xeyrinə fikir səsləndirməyib. Bəlkə də heç bilmir ki, Azərbaycan hansı bölgədə yerləşir”.
Nəticə: “Ferentsvaroş” futbol klubunun prezidenti Qabor Qubadovun əslən Azərbaycandan olması ilə bağlı iddiaları təsdiq etmək üçün heç bir tutarlı sübut yoxdur.