Son günlər sosial şəbəkələrdə bir foto “sağ əlini itirmiş qazi Elvin Rəsulovun fotosu”, "sağ əli biləyindən qopsa da, yaralı əsgər dostlarını gülləbaran altından çıxaraq qəhrəman XTQ-çinin fotosu" və s. şərhlərlə paylaşılır. Qəhrəmən əsgərin fotosu sosial şəbəkə istifadəçilərinin sevgi və rəğbətini qazanıb.
Faktyoxla Lab. yerli mediaya istinadən fotonun orijinallığını araşdırıb.
Məlum olub ki, sözügedən foto "Tanrının Ritmi" filminin çəkilişlərindəndir. Bu haqda məlumatı həmin filmin qrim ustası İlkanə Müşviqqızı verib.
“Fotoda gördüyünüz oğlan qazi Elvin Rəsulovdur. Çəkdiyimiz film qazilər haqqındadır. Filmdə tək Elvin yox, başqaları da yer alıb. Filmin süjeti müharibədə qazilərin başına gələn döyüş hadisələri haqdadır. Orada birinin qolu, birinin gözü, birinin ayağı qopur, minaya düşür və s. Mən də yaralarını, ağrı-acılarını qrim edərək izləyicilərə çatdırıram. Bu şəkli də mən çəkib əl işim kimi paylaşdım, bir də baxdım ki, bütün xəbər saytları tirajlayıb. Amma öz əsərim kimi yox, müəllif hüququm olmadan fərqli başlıqlarla. Bu məni həm sevindirdi, həm də müəllif hüquqlarım tapdandı deyə bir az pis təsir etdi”.
İ.Müşfiqqızı əlavə edib ki, filmin çəkilişlərinə 2021-ci ildən başlanılıb. Çəkilişlərin bir hissəsi Qəbələdə, bir hissəsi isə Bakıda Qaraheybət paliqonunda olub. Film bu ilin sonuna kimi tamaşaçılara təqdim ediləcək.
Kadrlarda görünən qəhrəman əsgər isə doğrudan müharibə iştirakçısı, qazi Elvin Rəsulovdur. Onun xəstəxanadan sonra evinə dönmə kadrları sosial mediada geniş yayılmış və böyük icləyici kütləsi tərəfindən rəğbətlə, sevinc göz yaşları ilə qarşılanmışdır. (Link)
Nəticə: Sosial şəbəkələrdə yayılan "sağ əli biləyindən qopsa da, yaralı əsgər dostlarını gülləbaran altından çıxaraq qəhrəman XTQ-çinin fotosu" orijinal deyil, "Tanrının Ritmi" filminin çəkilişlərindəndir.