AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev Azərbaycan Dövlət Neft Fondunun Rusiya Federasiyasının bank və daşınmaz əmlak bazarına yatırdığı investisiyaların iflasa uğradığını, bu səbəbdən də Fondun aktivlərinin azaldığına dair iddialarla çıxış edib. Onun iddialarına görə, Dövlət Neft Fondu Rusiya bazarlarında 497 milyon dollar batırıb və mayanın 79 faizini itkiyə verib. Fondun Rusiya siyasəti tam iflas edib.

Faktyoxla Lab. Nemət Əliyevin dediklərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını araşdırıb. Doğrudanmı, Dövlət Neft Fondu Rusiyanın maliyyə-əmlak sektorlarında idarə etdiyi aktivlərini itirib və iflas edibdir?

Bunun üçün ilk diqqət edəcəyimiz mənbə Dövlət Neft Fondunun 2022-ci ilin birinci rübünün yekunları haqda yaydığı məlumatlardır. Maraqlıdır ki, N. Əliyev də məhz Neft Fondunun 2022-ci ilin ilk rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatını əks etdirən məlumata  istinad edərək mühakimə yürüdüb, lakin nəticələri fərqli çıxardıb.

N.Əliyev iddia edir ki, Dövlət Neft Fondu Rusiya bazarlarında daşınmaz əmlaka və “Bank VTB”nin 3 faizlik səhmlərinə 8-9 il əvvəl birlikdə 633 milyon dollar pul xərcləyib və həmin investisiyaların 497 milyon dollarını itirib. Nu fikrə aydınlıq gətirək.

Birincisi, DNF Rusiyadakı daşınmaz əmlak investisiyalarından itirməyib. Fondun investisiya portfelinin strukturunda daşınmaz əmlak investisiyalarının payı 6,3% təşkil edir ki, onun maliyyə dəyərini qiymətləndirdikdə, pul ekvivalenti ilə bu, 284 milyon dollar deməkdir. (Mənbə) 


Qeyd edək ki, Fond daşınmaz əmlak alışını 2012-ci ildən etibarən həyata keçirib və London, Moskva, Paris, Milan kimi bir sıra iri şəhərlərdə, eləcə də Asiyada Seul və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərində əldə edib
Rusiyanın daşınmaz əmlak bazarındakı aktiv investisiyiası dəyər baxımından təxminən 130-135 milyon dollardır ki, bu da 2012-ci ildə Moskva şəhərinin biznes mərkəzi olan “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor”ofis-ticarət mərkəzidir (133 milyon ABŞ dollarına alınıb). (Mənbə
Sözügedən daşınmaz əmlakın illik icarə haqqı 9,6 milyon dollar təşkil edib və DNF həmin binanı müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərə icarəyə verməklə 2012-ci ildən bəri hər il divident əldə edib və ötən 10 ildə ən azı 96 milyon dollar qazanıb  və demək olar ki, vaxtilə xərc çəkdiyi 133 milyon dollar pulun 80 faizini çıxardıb. Fond bu gün həmin əmlakı hətta 133 milyon dollara satsa belə, yenə qazancla çıxmış olur. 
Digər məqam. Bu gün Neft Fondunun təkcə Rusiyadakı əmlakının dəyəri 5 ölkədəki birgə əmlakın (284-133 = 151 milyon dollar) dəyərinin az qala 50 faizinə, yəni yarısına bərabərdir, Belə olan halda, DNF-nin Moskvadakı əmlakı necə dəyərsiz hesab edilə bilər? Əgər Fondun Rusiyadakı həmin ofis binasını 136 milyon dollara satmalı olarsa belə, Azərbaycan yenə də ziyan etmiş olmur.

N.Əliyevin DNF tərəfindən “Bank VTB”dəki səhmlərinə 500 milyon dollar vəsaitin xərclənməsi fikrinə aydınlıq gətirək. İqtisadçı iddia edir ki, DNF əmlak və “Bank VTB”-nin 3 faizlik səhmlərinə 8-9 il əvvəl birlikdə 633 milyon dollar pul xərcləyib.  Moskvadakı 133 milyon dollar dəyərində daşınmaz əmlak investisiyasını çıxdıqda demək ki, “Bank VTB” üçün gərək 500 milyon dollar xərclənsin.

Fond “Bank VTB”yə bu qədər investisiya yatırıbmı? DNF-nin ümumi aktivlərində səhmlərin payı 17,9 faizdir. 45,2 milyardın 17,9 faizi və dollar ifadəsi ilə 8,1 milyard dollar edir. Fondun “Bank VTB”dəki səhmləri isə ümumi səhmlərin 3 faizinə bərabərdir. Yəni, 8,1 milyard dolların 3 faizi qədər. Bu isə pul ifadəsi ilə 243 milyon dollara bərabərdir.  Neft Fondu Rusiya bankına yatırdığı sərmayələrdən (2013-cü ildən sərmayədardır) hər il xeyli mənfəət əldə edib. İllik mənfəət illər üzrə dəyişib, 2013-2016-cı illərdə cəmi divident 25 milyon dollar (illik 6,2 milyon), sonrakı illərdə 7 milyon dollar təşkil edib.  Belə ki, aktivlərinin həcmi 20 trln. rubla yaxın (Rusiya bazarında 17 % pay ilə ikinci yer), 80 mindən çox işçisi olan “Bank VTB” Rusiya Federasiyasının sistem əhəmiyyətli banklarından ən əhəmiyyətlisi kimi 2022-ci ilin mart ayına qədər bütün səhmdarlarına irihəcmli mənfəət ödəyib. Bunun da səbəbi həmin bankın səhmlərinin Rusiyan səhm bazarında digər maliyyə qurumlarına nisbətən daha çox dəyər qazanması ilə bağlıdır. (Mənbə
Beləliklə, ötən 9 ildə DNF-nin “Bank VTB”dən qazandığı dividentin ümumi məbləği 50 milyon dolları ötüb. 
Rusiyanın valyuta bazarlarında baş verən kəskin enişlər əsasən, mart-aprel aylarında qeydə alınıb və “Bank VTB”nin bir səhminin orta bazar qiymətinin indeksi  0,025 faiz-bənddən 0,018 faiz-bəndə düşüb. Təxminən 10,4 faiz ucuzlaşıb.  

DNF-nin həmin bankdakı səhmləri 3 ayda isə faiz dalğalanmalarından itkisi 23-24 milyon dollar təşkil edir (243 milyon*10,4%). Ancaq may ayından sonra həm rublun, həm qiymətli kağızlar bazarında birja indekslərinin qiymətləri yenidən öz əvvəlki bazar dəyərini qazanıb. Bu isə o deməkdir ki, DNF-nin əvvəlki 2 ayda dəyər itirmiş bank investisiyalarının gəlirliliyi yenidən bərpa olunub. Yəni, hazırda DNF-nin “Bank VTB”dəki səhmləri dəyər itkilərini kompensasiya etməkdədir.  (Mənbə)

Nəhayət, DNF-nin portfelində Rusiya rublunun payına da diqqət edək. Fondun xarici valyutalar üzrə bölgüsündə əsas başlıca yeri ABŞ dolları tutur (70%). 19,5 % valyuta payı isə “avro”ya məxsusdur. İngilis funtunu (4,8 %) da çıxdıqdan sonra Neft Fondunun qalan 5 faizlik valyuta səbətinin cəmi 0,3 faizi Rusiya rublunun payına düşür. Bu o deməkdir ki, Fondun 45,2 milyard dollar aktivinin cəmi 0,3 %-i, yəni 135 milyon dolları rubldan ibarətdir. Rubl isə martda cəmi 20 faiz dəyər itirib. 135 milyonun 20 faizi isə 25-26 milyon dollar deməkdir. Bu, həm də o deməkdir ki, rublunun ucuzlaşması DNF-nin valyuta ehtiyatlarının cəmi 0,2 faizə təsir edəcək səviyyədədir. Ancaq əvəzində Dövlət Neft Fondunun portfelində baza valyutası olan ABŞ dollarının, yəni 32 milyard dəyərində valyutanın cəmi 1 faiz bahalaşması 320 milyon dollar divident gətirir.

Mürəkkəb qlobal bazar dəyişmələri fonunda səhm, əmlak, istiqraz və s. ucuzlaşması gözləniləndir və bundan heç bir investor sığortalanmayıb. Bütün dünya investorlarının ardıcıl olaraq səhmlərin bahalaşmasından qazandıqları kimi, ucuzlaşmasından da itirməsi normaldır. Bu, qlobal iqtisadi qanunauyğunluqdur. Məsələn, 2022-ci ilin ilk rübündə ən aparıcı birja indeksləri - Avropa Aviasiya İndeksi, Avro Stoxx, FTSE 100, DAX, Nasdaq, Nikkei, Hanq Senq indekslərində kəskin eniş baş verib. Ukrayna və Rusiya arasında baş verən münqaişə bu prosesi daha da sürətləndirib. Nəticədə əksər ölkələrin iri şirkət və səhmdarlarının investisiyalarında itkilər yaranıb. (Mənbə)
Dünyanın ən böyük fondu hesab olunan Norveçin Neft Fondunun beynəlxalq bazarlardakı səhm və digər maliyyə alətlərinin dalğalanmalarından xalis zərəri 2022-ci ilin birinci rübündə 74 milyard dollar təşkil edib

 
Nəticə:

  • - N.Əliyevin DNF-nin aktivlərinin qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi tendensiyalarla üzləşməsini birbaşa Rusiya bazarları ilə bağlaması məntiqsizdir və əsaslı deyil
  •  
  • - DNF-nin 2022-ci ilin birinci rübünün yekunlarına dair investisiya hesabatının bütün göstəriciləri təsdiqləyir ki, Fond Rusiyanın əmlak bazarlarında 497 milyon dollar itkiyə məruz qalmayıb, həmçinin səhm və daşınmaz əmlak aktivlərindən təqdim olunan formada zərərlə üzləşməyib.