Faktyoxla Lab. müəllifin fikirlərinin həqiqiliyini araşdırıb.

Türkiyənin “Sözçü” qəzetində “Taşımacılıkta Azerbaycan krizi” (Daşınmada Azərbaycan böhranı) adlı məqalədə qeyd olunur ki, Türkiyə Respublikasında qeydiyyatda olan yük maşınları Azərbaycanın gömrük sərhədindən keçən zaman onlardan dövlət rüsumundan əlavə ödəniş tələb olunur, nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrindən sürətli keçidinə maneələr yaradılır.  

Yazı müəllifi iddia edir ki, Ukrayna-Rusiya müharibəsindən sonra Türkiyə yük maşınlarının 70 faizi daşınmaları Azərbaycan ərazisindən keçməklə həyata keçirir. Həmsöhbətlər müharibədən əvvəl 7 gün ərzində Rusiyaya çatan yük maşınları indi bu məsafəni bir aya qət edirlər və bunu, Azərbaycan gömrüyünün süni əngəlləri kimi izah etməyə çalışırlar. Həmçinin, türk TIR-larının hər birindən Azərbaycan gömrüyündə 700 dollar rüsum tələb edilir və bu rüsum yalnız Türkiyəyə məxsus daşımaçılardan alınır.

“Sözçü” qəzeti Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin İdarə Heyətinin üzvü Abdullah Özerə istinadən yazır ki, Rusiya-Ukrayna müharibəsi Türkiyə nəqliyyatının işini ciddi şəkildə pozub. Sitat: “Türkiyəyə məxsus 1500 yük maşını 45 gündür Rusiyaya getməyi, 7 min yük maşını isə geri dönməyi gözləyir. Nəticədə daşınma xərcləri artır, yalnız bir TIR-ın 45 gün gözləməsi 6 min dollara başa gəlir. Əsas alternativ tranzit kimi Azərbaycan ərazisindən istifadə edirik, lakin gömrükdə gözləmək əlavə xərclər yaradır. Azərbaycan gömrükçüləri heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır. Xərclərimizi artıran bu vəziyyət bizi digər ölkələrin daşıyıcıları ilə rəqabətdə uduzdurur. Xarici dövlət nömrə nişanlı avtomobillər daha ucuz gedib-gəldikəri üçün ixrac mallarımızı onlar daşıyırlar”.

 “Pandemiya və müharibə bizim sektorumuz baxımından bir sıra həqiqətləri ortaya çıxardı. Əslində Azərbaycanla qardaş dövlət deyilmişik, tək millət, iki dövlət sözdə imiş, bunu bariz bir şəkildə gördük və öyrəndik” deyə A.Özer Azərbaycanı günahlandırıb. Sosial media hesabından da həmin müsahibənin linkini paylaşan Abdullah Özer bu cümlələri ilə iki qardaş ölkə arasındakı bütün əlaqələri şübhə altına almaq üçün çağırış edib. 

Adətən qardaş ölkələrimiz arasında nifaq salmaq istəyən bu cür cəhdlərin arxasında həmişə üçüncü qüvvələr olduğu üçün, Abdullah Özerin həm şəxsiyyətini, həm də fəaliyyətini araşdırdıq. Məlum oldu ki, qarışıq personaya malik bu şəxs, tez-tez müxtəlif vasitə və üsullarla kiçik gündəmlər yaratmağı, nəqliyyatçılardan ibarət sosial bazasına yönəlmiş populist ifadə və hərəkətləri ilə rəğbət qazanmağa çalışır. Bir dəfə isə problemlərlə bağlı sosial mediada yazdığı statusunda Roma Papasını tag edərək mediada gülünc vəziyyətə düşmüşdür.

2021–ci  ilin aprelində Türkiyə Nəqliyyat Nazirliyinin qarşısında TIR-larla etiraz aksiyası keçirənlərin başında da yenə Abdullah Özer gəlirdi. Abdullah Özer həmin etiraz aksiyası ilə bağlı açıqlama vermişdi. Ötən il Mersində nəqliyyatçılarla keçirilən, CHP lideri Kamal Kılıçdaroğlunun “Azərbaycan kimdir ki? Bir telefon zəngim bəsdir!” – dediyi görüşdə də əsas çıxışçılardan biri  məhz Abdullah Özer olmuşdur.

Abdullah Özer yuxarıda qeyd etdiyimiz ötənilki "TIR aksiyası" zamanı da anti-Azərbaycan platformalarından olan MGTV youtube kanalında da eyni məzmunlu çıxışlar edərək Azərbaycanı günahlandırmış, Azərbaycan və Türkiyə əleyhinə olan qüvvələrin bu yöndə aşağılayıcı şərhlər yazmalarına səbəb olmuşdur. 

Əsasən Körfəz ölkələri və ətraf regionlarla bağlı analitik yazıların dərc olunduğu "Al Monitor" analitik saytında türkcə nəşr olunan “Ukrayna savaşı Türk nəqliyyat sisteminə necə mənfi təsir göstərdi?” adlı yazıda ekspert kimi müraciət olunanlardan biri də Abdullah Özer olub. Abdullah Özer burda da yenə "Sözcü" qəzetində ifadə etdiyi fikirlərin eynisini təkrarlayıb: “Biz guya sözdə bir millət iki dövlətik. Halbuki Türkiyə Azərbaycan nömrəli TİR lardan vergi almır. Biz də çarə kimi yük maşınlarımızın bir hissəsi üçün Azərbaycan nömrəsi alırıq. Səkkiz ildir hər iclasda hər iclasda bu məsələni dilə gətiririk. Keçən il bu prosesin başa çatması üçün Azərbaycan Milli Məclisinə qanun layihəsi təqdim olunub, amma hələ də qəbul olunnmasını gözləyirik.” – deyə o, bildirib.

Diqqəti çəkən digər bir məlumat isə, Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (Uluslararası Nakliyeciler Derneği) məlumat bazasında Ermənistana yük daşıyan şirkətlərin siyahısı olmuşdur. Belə ki, bu siyahıda Abdullah Özerə məxsus “Özer Daşımaçılıq Turizm Servis Xidmətləri LTD”yə rast gəlinir.

Onun çıxışlarına diqqət yetirdikdə məlum olur ki, rəhbəri olduğu şirkətin yük daşıdığı bütün ölkələrlə (Azərbaycan Gürcüstan, Rusiya, Qazaxıstan) bağlı danışsa da, problem yaşadığı halda Ermənistan haqda bu sözləri demir. Ermənistan kimi mono-etnik, türkofob ölkədə bir türk şirkətinin rahat, maneəsiz fəaliyyətinə niyə imkanlar yaradılsın ki? Düşünürük ki, Türkiyə Respublikasının aidiyyəti orqanları bu məqama diqqət yetirərsə, A.Özerin etirazlarının əsl səbəbini müəyyən etmiş olar.

Türkiyədəki mənbələrimizdən alınan məlumata əsasən, qarşıdan gələn seçkilərdə millət vəkili kimi namizədliyini verməyə hazırlaşan Özer TIR sürücülərinin problemlərini ön plana çıxarmaqla siyasi dividentlər qazanmağa çalışır. Bununla bərabər, Azərbaycanı, habelə Türkiyə ilə əlaqələrimizi hədəf almasının arxasında üçüncü qüvvələrin olduğu da verilən məlumatlarda qeyd edilir. Həmin qüvvələrin böyük ehtimalla ona növbəti parlament seçkilərində maliyyə dəstəyi verəcəkləri bildirilir.

İndi isə Abdullah Özerin dediklərinə, Azərbaycanda alınan rüsumların çoxluğu və digər məsələlərə aydınlıq gətirək.

Azərbaycan ərazisinə daxil olan bütün xarici ölkələrə, o cümlədən də, qardaş Türkiyəyə məxsus yük maşınlarının sərhəddə ödədikləri rüsum və vergilər yalnız qanunla müəyyən edilmiş məbləğlərdir.

Yük daşıyan nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə - Azərbaycan Respublikasının Vergi Məcəlləsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinə uyğun olaraq tənzimlənir. Vergi Məcəlləsinin 210-cu və 211-c- maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün yol vergisinin tutulması mexanizmləri və dərəcələri müəyyən edilib. Məcəllənin 211-ci maddəsinə görə, . (Yol vergisinin dərəcələri) avtonəqliyyat vasitələri növündən, mühərriklərinin həcmindən, Azərbaycanın ərazisində qaldığı müddətdən, oturacaqlarının, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb edilir.



Həmçinin, Azərbaycan ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərə məxsus avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği müəyyənləşib. Vergi Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

 211.2.1. nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

38 tondan 41 tonadək olduqda - 0,15 ABŞ dolları;
41 tondan 51 tonadək olduqda - 0,30 ABŞ dolları;
51 tondan 61 tonadək olduqda - 0,45 ABŞ dolları;
61 tondan 71 tonadək olduqda - 0,60 ABŞ dolları;
71 tondan 81 tonadək olduqda - 0,75 ABŞ dolları;
81 tondan çox olduqda - 1,8 ABŞ dolları; (Mənbə)

Həmçinin, “Dövlət rüsumu haqqında”  Qanunun 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Qanunun həmin maddəsinə görə, (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) ölkə ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələrinin dövlət rüsumunun  məbləği müəyyənləşib.

Bundan başqa Azərbaycan Respublikasının ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı daşınan yüklərin təhlükəlilik dərəcələri nəzərə alınaraq “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinə uyğun olaraq rüsumlar müəyyən edilir. Həmin Sazişdən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarına əsasən, beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələrinin müvafiq kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olması müəyyən edilib. 


Bu o deməkdir 

Bu o deməkdir ki, Türkiyəyə məxsus yük maşınları qanunla müəyyən edilmiş dərəcələr, icazələr və kvotalar əsasında vergiyə cəlb olunur. Rüsumların az və ya çox olması isə həmin yük maşınlarının daşıdığı yüklərin çəkisinə və mənşəyinə, qət etdiyi məsafənin uzunuluğuna, giriş-çıxış tranzitinə, ölkədə qalma müddətinə görə müəyyən edilir. Sözsüz ki, 10 ton yük daşıyan və Azərbaycan ərazisində 4 gün qalan yük maşını ilə 20 ton mal daşıyan və 10 gün ölkədə qalan nəqliyyat vasitəsinin vergi və rüsumu arasında bir neçə dəfə fərq olmalıdır.

Gömrük sərhədində vergi və rüsumların ödənişinə gəlincə, bütün ödənişlər yalnız elektron vasitələrlə aparılır və dəqiq uçotu birbaşa elektron gömrük bəyannamələrində öz əksini tapır. Vergi Məcəlləsinin 212-ci maddəsinə əsasən, yol vergisinin tutulması gömrük orqanı əməkdaşının təması olmadan elektron qaydada büdcəyə ödənilir. Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycanın gömrük ərazisinə daxil olması zamanı gömrük-sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində yol vergisinə cəlb olunaraq vəsait 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür. Sərhəd məntəqələrində isə elektron terminallar quraşdırılıb, yaxud onlayn ödəniş kanalları təmin edilib, burada heç bir məmur ünsiyyəti yoxdur.

Beləliklə, Türkiyəyə məxsus daşıyıcı şirkətlərin avtonəqliyyat vasitələri bütün digər xarici dövlətlərin nəqliyyat vasitələri kimi eyni qaydada vergi və rüsuma cəlb olunur. Ona görə də, Türkiyəyə məxsus daşıyıcı şirkətlərin sürücülərindən qeyd edilən mövcud qaydalar üzrə vergi və rüsum tutulur və əlavə hansısa pul tələb edilməsi qeyri-mümkündür.

Türkiyə yük maşınlarının sərhəd qapılarında gecikmələri barədə fikirlərə gəlincə, bu, Azərbaycanın sərhəd-keçid məntəqlərindəki sıxlıqla bağlı deyil, sərhəddən keçən yük maşınlarının sayı Rusiya-Ukrayna müharibəsindən sonra 2 dəfədən çox artıb. Bu, sözsüz ki, keçiddə fiziki yüklənməyə və müddətin uzanmasına səbəb olur. Türk TIR-larının məsafə qət etdiyi tranzit yolları bir neçə ölkəni əhatə etmir və yük maşınları təkcə Azərbaycan gömrüyündən keçmir, bir neçə gün yolda yubanmanın baş verməsi Azərbaycanın gömrüyünün günahı deyil. Azərbaycanın Qərb və Şimal qapısı olan keçid məntəqəsinə qədər yük maşınları bir neçə ölkənin gömrük postundan keçir. Bu sıxlıq və fiziki itkilər daha çox Gürcüstan-Türkiyə sərhəddində müşahidə edilir.

Bunu Abdullah Özer özü də etiraf edir və bildirir ki, Gürcüstan-Rusiya sərhədində sərhəd-gömrük orqanları tərəfindən müxtəlif əngəllərə, ayrı-seçkiliyə məruz qalırlar. Sitat: “Gürcüstan-Rusiya sərhəddində ayrı-seçkilik əməlləri ilə üzləşirik. Eyni zamanda, Gürcüstandan Türkiyəyə qayıdan TIR-lar sərhəd qapılarımızın səmərəli işləməməsi səbəbindən Gürcüstanda günlərlə ilişib qalır. Türkiyədə tranzit üçün gözləmə müddəti 6-10 gün arasındadır. Normal şəraitdə bu, 4-6 gün çəksə də, gürcü polisinin yol kəsicilərində ayrı-seçkilik siyasəti nəticəsində müddət 6-10 günə qədər artıb”. Özer davam edərək bildirir ki, Türkiyəyə giriş qapıları səmərəli şəkildə tam işlək vəziyyətdə olsa yük maşınları sərhəddə 10 gün gözləməli olmaz. “Sərhəd qapılarımızda sürətli keçidləri təmin edəcək modellər hazırlamalıyıq”.

Göründüyü kimi Türkiyəyə məxsus nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrindən sürətli keçidinə maneələrin yaradılması barədə iddialar da əsaslı hesab oluna bilməz.

Sonda onu da qeyd edək ki, 2021-ci il aprelin 14-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyin yüksəldilməsinə dair Tədbirlər Planı sənədi imzalanıb. Tədbirlər Planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və məsələləri nəzərdə tutur.  (Mənbə) Həmin sənədin icrası hər iki ölkənin müvafiq qurumları tərəfindən davamlı nəzarətdə saxlanılmaqdadır. Əgər türkiyəli sürücülərin hansısa gömrük hüquqpozmaları ilə bağlı şikayətləri varsa bununla bağlı rəsmi müraciət edə bilərlər. Rəsmi müraciət isə yoxdur.

Nəticə: Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin İdarə Heyətinin üzvü Abdullah Özerin

- "Əsas alternativ tranzit kimi Azərbaycan ərazisindən istifadə edirik, lakin gömrükdə gözləmək əlavə xərclər yaradır"-fikri manipulyasiya və səhvdir. A.Özerin özü də etiraf edir ki, anoloji halla Türkiyə-Gürcüstan sərhədində də rastlaşıb; 

- "türk TIR-larının hər birindən Azərbaycan gömrüyündə 700 dollar rüsum tələb edilir və bu rüsum yalnız Türkiyəyə məxsus daşınmaçılardan alınır."- fikri saxtadır, bu rüsumlar hamı üçündür;

- Faktlar saxtalaşdırılıb;

- Mesajlar Azərbaycan-Türkiyə qardaşlığını istəməyən qüvvələr tərəfinin sifarişi ilə Türkiyədə keçiriləcək seçkilərdə Abdullah Özere siyasi dividendlər qazanmaq üçün səsləndirilib.