NASA-nın rəsmi saytında Mars planetindən paylaşılan bir fotoda qapıya bənzər bir qurğu müşahidə olunub. Bu foto, sosial mediyanın gündəmi olub.
Verilən açıqlamalara görə, bu foto NASA-nın Curiosity araşdırma cihazı tərəfindən 07 may 2022-də çəkilib, Snopes faktyoxla mərkəzi vasitəsilə diqqətə gətirilib.
Gigapan saytının təqdim etdiyi panoramik fotoda həmin "qapı” daha dəqiq görünür.
Oxucular linkə daxil olaraq, özləri də fotonun üzərinə göstəricini yaxınlaşdırmaqla daha həmin sirli “qapını” böyük ölçüdə görə bilərlər.
Faktyoxla Lab. Mars planetində aşkarlanan həmin sirli “qapının” sirrini öyrənməyə çalışıb.
Axtarış nəticəsində öyrəndik ki, NASA Jet İtgi Laboratoriyasının (JPL) sözçüsü bu qapının adi bir dağ çatı olduğunu bildirib. Həmin qapının ölçüləri elə də böyük deyil. Eni 30 sm, uzunluğu 45. Həmin görüntülər də dağ çatının böyüdülmüş versiyasının çəkilişidir.
NASA-nın “Curiosity” komandasında yer alan professor Sanjeev Gupta “The Daily Telegraph”-a açıqlamasında bildirib ki, bu “qapı”nın mövcudluğu normal "geoloji haldır" və burada qeyri-adi heç nə yoxdur.
Mütəxəssis izah edib ki, bəzi predmetləri düşüncədə olan hər hansı bir obraza, əşyaya bənzədilməsinə pareidolia deyilir. Misal üçün, göy üzündəki bulud parçalarını quşa, qum dənələrinin düzülüşünü insan simasına və yaxud su damcılarını rəsm əsərinə bənzətmək pareiodolia adlanır.
NASA-nın qeyd edilən foto arxivində belə faktlara çox rast gəlinir. Bu linkdəki fotoda olan obrazı ilk baxışda quş lələyi, tovuzquşu quyruğu və s. oxşadanlar var
Bu məlumat hazırlanarkən Teyit, Snopes və Dogrula fakt-araşdırma saytlarına istinad edilib.
Beləliklə, NASA-nın Curiosity araşdırma cihazı tərəfindən Mars planetində çəkilən foto “qapı” deyil. Bu, adi geoloji hadisə nəticəsində törəmiş dağ çatıdır.