Az müddət öncə qədim türk yurdu İrəvana səfər etmiş və öz səfər təəssüratlarını İstanulda erməni və tük dillərində nəşr olunan "Agos" qəzetində dərc etdirən İra Tzourounun "Eski Yerevan’dan kalan yegâne kanıt: Kond" məqaləsi Türkiyədəki erməni azlığın və eyni zamanda Ermənistandakı ermənilərin həm təəccübünə, həm də hiddətinə səbəb olub. Çünki, özünü ana tərəfdən erməni, ata tərəfdən isə yunan kimi təqdim edən (mənbə), 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinə qarşı kin və nifrət dolu tvitlər atan, islamşünas və sənətşünas olduğunu deyən, Türkiyədə həbsxanada ikən qaçıb Yunanıstana sığınan, Yunanıstanda da “pesona non qrata” elan edilən erməni filoloq Sevan Nişanyanın həyat yoldaşı İra Tzourou
bu səfər təəssüratları ilə İrəvanın və Qərbi Azərbaycanın qədim Azərbaycan və türk yurdu olduğunu, bu ərazilərə sonradan gələn ermənilərin isə burdakı izlərimizi silmək üçün nələr etdiklərini “Agos” qəzetinin oxucularına çatdırıb.
Xanım İra Tzourou digər ermənilərdən fərqli olaraq hal - hazırda İrəvanda Afinadakı Plaka, Parisdəki Montmartre kimi tarixi keçmişə uzanan qədim arxiplak mədəniyyətinin mövcud olmadığını qeyd etdikdən sonra, sadəcə şəhərin mərkəzində bir neçə köhnə tikilinin varlığından bəhs edir ki, həmin binalar da XIX əsrə aid olan binalardır. Sənətşünas haqlı olaraq həm oxucularına, həm də özünə belə bir sual verir: əgər biz İrəvanın 2800 yaşı olduğunu deyiriksə, o zaman hardadır 2800 yaşı olan binalar?!
Müəllif bir məqamı da diqqətə çatdırır: Ermənistanda sovet haklmiyyəti qurulduqdan sonra memar Aleksandr Tamanyanın İrəvanı Azərbaycan türk kimliyindən uzaqlaşdırmaq məqsədi ilə sovet memarlıq üslubunda yaratdığı sovet İrəvanında keçmişdən bu günə sadəcə hazırda ermənilərin “Kond” adlandırdıqları “Təpəbaşı məhəlləsi” gəlib çatıb. İrəvan xanlığı dövründə dörd məhəllədən (Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq) ibarət olan İrəvan şəhərindəki (Mənbə) məhəllələrin sadəcə adına belə baxmaq kifayət edir ki, buranın tarixi Azərbaycan şəhəri olduğunu görəsən.
Sənətşünas İra Tzourou qəribədir ki, bu məhəllələrin hər birinin adını qeyd edir, daha doğrusu qeyd etmək məcburiyyətində qalır, çünkü başqa cür 2800 il yaşı olan İrəvanın tarixini araşdıra bilməzdi: “Müsəlmanlar ona Təpəbaşı, ermənilər isə Kond deyirmişlər. İran hakimiyyəti dövründə Təpəbaşı, İrəvanın üç əsas məhəlləsindən biri idi. Şəhər, Dəmirbulaq (Karahank) ve Təpəbaşı (Kond), bax, budur, İrəvanın axtarıb tapa bilmədiyimiz köhnə məhəllələri.”
Məqalədə "Təpəbaşı məscidi" haqda xüsusi qeyd var. Orada deyilir: “Tepebaşı Camii muhtemelen Safevi hanedanı döneminde 1687’de inşa edilmiş, demek ki Yerevan’daki en eski yapılardan biri. Bugün sadece bir buçuk metre kalınlığındaki duvarları ve dış çevre çitinin bazı bölümleri ayakta duruyor.”
"Təpəbaşı məscidi"nin əvvəlki vəziyyəti
"Təpəbaşı məscidi"nin indiki vəziyyəti
Amma yazıda diqqətimizi çəkən bir məqam da, sənətşünas xanımın nəyə görəsə İrəvanın tarixi məhəllələri haqqında danışanda Qala məhəlləsinin üstündən sükutla keçməsidir. Yəqin ki, sənətşünas alimə bu barədə məlumat verməyiblər ki, İrəvan şəhəri Qala məhəlləsini inşa edən Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb. Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir.
Türk səyyah və tarixçisi Övliya Çələbi İrəvan qalasının inşası haqqında yazırdı: "Hicri 915 - ci ildə (miladı 1510-1511) Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana Zəngi çayı sahilində qala inşa etməyi tapşırdı. Həmin qalanın inşası yeddi ildən sonra tamamlandı."
Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər.
Yazının ən önəmli etiraf cümləsi yəqin ki, bu cümlədir: “O dövrdə yerli ermənilər burda yaşayırdılarmı, sayıları nə qədər idi, bu haqda heç nə bilmirik.”
Müəllifə ən gözəl cavabı isə biz Qafqaz rus mətbuatında fəal nəzərə çarpan müəlliflərdən biri olan Stepan Pavloviç Zelinskidən öyrənirik. ("İrəvan şəhəri" adlı 54 səhifəlik məqaləsi) Onun İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi kimi, bu şəhərdə çalışdığı illərdə İrəvan şəhərində qeydə aldığı 7 məhəllədən beşinin adı Azərbaycan dilindədir: Təpəbaşı məhəlləsi, Şəhər məhəlləsi (Mərkəz), Xanlıqbağ məhəlləsi, Dəmirbulaq, Dərəkənd məhəlləsi. Həmin məqalədə qeyd edilən Malakan məhəlləsi, adından da göründüyü kimi, vaxtilə İrəvan şəhərinə köçürülmüş malakanlara məxsusdur. Ermənilərin yaşadığı Çolmaqçı məhəlləsi əvvəllər ayrıca şəhərətrafı kənd kimi mövcud olmuş, yalnız 1843-cü ildə İrəvana birləşdirilmişdir. Məqalədə "Nortskiy kvartal" adlandırılan sahə isə Türkmənçay sülh müqaviləsindən sonra İrandan və Türkiyədən köçürülmüş ermənilərin məskunlaşdırılması üçün salınmış yeni məhəllədən ibarətdir. ( Mənbə)
Müəllif İra Tzourou “Təpəbaşı məhəlləsi” ilə bağlı təəssüratlarını yazanda məhəllədə mövcud olan “Surb Hovannes” kilsəsindən bəhs edir və həmin kilsənin orta əsrlərdə fəaliyyət göstərdiyini vurğulayır. Halbuki, tarixçi-alim Nazim Mustafa “İrəvan şəhəri” kitabında “Şəhərdə məscidlərlə yanaşı mövcud olan Pogos-Petros və Katogke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.” – deyə yazır. Yəni, həmin ərazidə qədim dövrlərdə heç vaxt “Surb Hovennes” kilsəsi mövcud olmayıb.
O ki, qaldı ordakı şərq üslubunun fars mədəniyyəti kimi təqdim olunmasına, biz artıq ermənilərin və onların havadarlarının bu cür yanaşmalarına bir növ adətkərdə olmuşuq. Məsələn, xanım İra Tzourou bilməmiş olmaz, İrəvan şəhərindəki məscidlərdən təkcə Göy məscid günümüzə “sağ-salamat” gəlib çatıb. Həmin məscid isə bir neçə il öncə “bərpa” edilərək tarixi saxtalaşdırılıb və hazırda “fars məscidi” kimi tanıdılmaqdadır. Ya da ötən il Yerevanda Azərbaycan memarlığının qədim nümunələrindən biri olan Sərdar sarayının qalıqlarının hələ də qaldığı məlum olmuşdu. Saray təsadüfən rusiyalı jurnalist tərəfindən üzə çıxarılmış, lakin Rusiya mətbuatında o, “səhvən” fars mədəniyyətinin nümunəsi kimi təqdim edilmişdi.
Sənətşünas alim İra Tzourounun “Agos” qəzetində dərc olunan səfər təəssüratı İrəvanın tarixi məhəllələrindən olan Təpəbaşının ermənilərə bir aidiyyatı olmadığının bilinməsi baxımından olduqca önəmlidir. Yazarın qeyd etdiyi kimi paytaxtda İrəvanda yaşayan ermənilər onların olmayan bir şəhərdə yaşadıqları üçün qədim İrəvandan xatirə kimi qalan Təpəbaşı məhəlləsindən utanır və onunla üzləşmək istəmirlər. Hər nə qədər qüsurları olsa da, bu səfər təəssüratlarını başlanğıc üçün məqbul hesab etmək olar. Ən azından ona görə ki, müəllif bu yazısı ilə oxuyan və düşünə bilən ermənilərin beynində sual işarəsi yarada bilib.