Son günlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin “müharibə veteranı” adını ala bilmədiyi haqda sosial şəbəkələrdə məlumatlar yayılır. Qarşımıza çıxan paylaşımlar, bu adın necə, kimlərə verildiyi ilə bağlı düşüncələrdə çoxlu suallar doğurur. Müharibədə iştirak edən hər kəs bu statusu ala bilməz?
Məsələn, Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov mətbuata müsahibəsində özü ilə bərabər Hərbi Hava Qüvvələrində xidmət edən könüllü əsgərlərin də bu problemlə üzləşdiyini deyib. Müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasında iştirak etsələr də, müharibə veteranı adı ala bilmədiklərini deyiblər. Hərbi hissədən onlara “Siz könüllü olduğunuza görə siyahıda adınız yoxdur”, “Döyüş gedən ərazilərdə olmamısınız” kimi bəhanələr irəli sürülür. Hətta “hərbi hissəyə Hərbi Hava Qüvvələri Komandanlığından məktub gəlib və məktubda 12 şərt var. Ona uyğun olanlar “müharibə veteranı” adı alacaq”, - kimi anlaşılmaz cavab da verilib. Veteranlar həmin şərtlərin onlara açıqlanmadığını, müharibədə düşdükləri qoşun növünə uyğun xidmət etdiklərini sənədlərlə sübut edə biləcəklərini deyərək soruşurlar: “Necə ola bilər ki, bizim müharibədə iştirakımız nəzərə alınmasın?”
Qeyd olunan 12 şərt nədən ibarətdir? Kimlər müharibə veteranı adı ala bilər? Hərbi Hava Qüvvələrində xidmət edənlər, könüllü ön cəbhəyə gedənlər müharibə veteranı adı ala bilməzmi? Faktyoxla Lab. bu mövzunu araşdırıb.
Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəisi Anar Eyvazov Faktyoxla Lab-a bildirib ki, “Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir:
“Təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib.
12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.
Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır.
Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar.
Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq “Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil ediləcəkdir”.
“Zəfər” altsistemi həm I Qarabağ müharibəsi, həm Vətən müharibəsinə qədərki dövrdə, həmçinin Vətən müharibəsində şəhid və şəhid ailəsi, həmçinin müharibə əlili və müharibə veteranı statusu alan vətəndaşların hər birini əhatə edəcək.
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirmişdi.
Onun sözlərinə görə, Prezidentin fərmanında bu statusu müəyyən edən qurumlar qeyd edilib: “Zəfər” altsistemi qurulandan sonra 6 ay ərzində həm şəhid, şəhid ailəsi, həm də müharibə veteranı statuslarını alan vətəndaşlarla bağlı məlumatlar altsistemə daxil ediləcək. Bundan sonra həmin statusları verən qurumlar 5 iş günü müddətində bu barədə məlumatları “Zəfər” altsisteminə daxil edəcəklər. Müharibə əlili statusunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir, ona görə fərmanda ayrıca qeyd edilib ki, “Əlillik” altsistemindəki məlumatlar da ora inteqrasiya olunsun. “Zəfər” altsisteminin mahiyyəti indiyə qədər şəhid və şəhid ailəsi, həmçinin müharibə əlili və müharibə veteranı statusları verən qurumların məlumat bazalarını, informasiyalarını vahid mərkəzləşdirmək, bir altsistemdə toplamaqdır. Bu da gələcəkdə həmin kateqoriyalardan olan vətəndaşlara sosial dəstəyin təmin edilməsi işlərində çevik məlumat mübadiləsi imkanı yaradacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsisteminin yaradılması ilə bağlı fərman imzalayıb. Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.
Nəticə: “Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır. Verilən cavabla qane olmayan vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar.
Materialın videosunu təqdim edirik: