Fransada apreldə keçiriləcək prezident seçkilərinə bir neçə ay qalıb və bu ölkədə artıq səslər uğrunda mübarizə daha da sərtləşib. Əvvəlkilərdən fərq ondadır ki, bu dəfə mübarizə sərhədləri (oxu əndazə) çox aşılıb, sanki Fransada seçki yox, digər ölkələrin qanunlarını və beynəlxalq hüququ ayaq altına atmaq üzrə yarışa start verilib. Hazırkı Prezident Emmanuel Makronun qarşıdan gələn seçkilərdə ən ciddi rəqibi sağ mərkəzçi Respublikaçılar Partiyasının namizədi Valeri Pekresdir. Rəy sorğularına görə, V.Pekres ikinci tura adlayacağı halda Makrona ciddi baş ağrısı olacaq, əgər gözləntilər doğrularsa hətta qalib gəlmək şansı var.
Qeyd olundu artıq, Pekres qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün bütün mümkün olan və olmayan vasitələrə əl atır. O, erməniəsilli Fransa vətəndaşlarının səsini qazanmaq üçün (onların sayı 600 min nəfərə yaxındır) dekabr ayında nəinki Ermənistana, hətta Azərbaycanın torpaqlarına (təbii ki, bütün qanunları və beynəlxlq hüququn norma və prinsiplərini pozaraq) qanunsuz səfər edib. Gizli, rəsmi icazə olmadan. Müşahidəçilər bildirirlər ki, Pekres erməni lobbisini razı salmaq üçün ondan əvvəl Ermənistana səfər etmiş Fransa prezidentliyinə digər namizəd Erik Zemmuru da canfəşanlıqda ötüb-keçib. (Mənbə)

Xanım Pekresin bu addımı Fransa ictimaiyyətində, mediasında, sosial şəbəkələrində birmənalı qarşılanmadı, hətta fransızlar üçün “utandırıcı addım” olması haqqında çoxsaylı şərhlər yazıldı. Amma bu Yelisey sarayını fəth etmək üçün Ermənistana səfər etmiş ikinci namizədi dayandırmadı.

Hiyləgər Pekres, hətta Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi və Xankəndiyə qanunsuz səfərinin qeyd olunduğu müsahibədən də yararlandı. İlham Əliyevin Azərbaycan hakimiyyətinin Pekresin səfərindən xəbəri olsaydı, onu geri buraxmayacaqları ilə bağlı sözləri ətrafında qalmaqalı qızışdıran namizəd Fransa hökumətini bu “təhlükə”yə rəsmi cavab verməyə çağırıb.

Bu mövzuya qayıdacağıq, hələlik məşhur “kimdir axı, bu Pekres” sualına cavab tapaq.

Beləliklə, 1967-ci il təvəllüdlü Valeri Pekres Ali Kommersiya Tədqiqatları Məktəbinin (Paris) və elit Milli Administrasiya Məktəbinin (Strasburq, Université Paris-Dauphine) məzunudur. Dövlət Şurasının auditoru, Fransa prezidentinin (Jak Şirak dönəmi) müşaviri olub. Respublikaçılar Partiyasının üzvüdür. 2002, 2007, 2012-ci illərdə Fransa parlamentinin aşağı palatasının deputatı seçilib. Valeri Pekres Fransa hökumətində ali təhsil və elmi tədqiqatlar naziri (2007-2011), büdcə naziri (2011-2012) postlarını tutub. 2015-ci ildən İl-de-Frans bölgəsinin başçısı olan Valeri Pekres Fransada 2022-ci ilin may ayında keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədidir.

Fransız, ingilis, rus və yapon dillərini bilir. Amma bu biliklər belə sürətli karyera pilləkənləri qalxmaq üçün yetərli deyil, burada nəsə başqa sirr var: 30 yaşında Dövlət Şurasının baş auditoru, Fransa Prezidenti Şirakın köməkçisi, 34 yaşda Parlamentin üzvü, 39 yaşda təhsil, 43 yaşda isə büdcə naziri. İl-de-Frans regionun rəhbəri seçiləndə isə onun 48 yaşı var idi.   

Həm də o, qalmaqallı “qanunsuz miqrantın yeri, öz evinə qaytaran çarter reysində olmalıdır”, fikrinin müəllifidir.  

Bəs, Qarabağa səfərdə narahatlıq doğuran nə var?

Bunun üçün qısa arayış verək. 1988-ci ildə, hələ SSRİ tam süquta uğramadığı illərdə, Azərbaycanın Dağlıq Qarabağ vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb.1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və ətraf bölgələr ermənilər tərəfindən işğal olunub. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərləri, bir çox qəsəbə və kənd işğal zonasında, daha doğrusu 10 noyabr razılaşmasına əsasən rusiyalı sülhməramlıların nəzarəti altında qalıb.

Pekresin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən keçərək Azərbaycanın erməni vətəndaşlarının yaşadığı Xankəndinə icazəsiz getməsi və bu səfərdən hiddətlənən rəsmi Azərbaycanın etirazına məhəl qoymaması mənzərəni təxmini bəlli edir.

Səfərlə bağlı dünya mətbuatının diqqətini bir fraqment çəkdi. Valeri Pekres İrəvanda Yerablur hərbi qəbiristanlığında da olub. Təbii ki, ermənilərin “dərdinə şərik” Pekres müxtəlif pozalarda şəkillər də çəkdirib.Fotoların birində qəbir daşında faşist simvolu (svastika) olduğu aydın görünür. Yerablurdakı qəbirlərin əksəriyyəti 44 günlük müharibədə məhv edilənlərdir. Faşist Qaregin Njdenin davamçılarının yatdığı Yerablurda svastika işarəsi olan qəbirə gül qoyan Fransa prezidentliyinə namizəd bununla nə mesaj verir? Təsadüfdür ya Madam Pekresin indiyə qədər içində gizlətdiyi sevginin alt-şüur səviyyəsində batinə ötürülməsi?  

Pekresin Fransa qanunlarının təsirsizliyi fonunda, üstəlik erməni diasporunun tam dəstəyi ilə əndazəsiz siyasi hoqqabazlıqları davam etməkdədir. Baxın, erməni lobbisi, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) və “Şərq xristianları təhlükədədir” təşkilatının Koordinasiya Şurası (CHREDO) Prezident İlham Əliyevin məlum açıqlamasından sonra canfəşanlıqla arzuladıqları namizədin müdafiəsinə qalxdılar. Onlar İlham Əliyevin Pekresin qanunsuz səfəri ilə bağlı fikirləri əlehinə birgə bəyanat yaydılar. Hətta Fransa hakimiyyəti qarşısında şərt qoyurlar - əgər Bakı izahat və üzr istəməsə, o zaman Fransa səfirini geri çağırmalı, azərbaycanlı diplomatı Parisdən qovmalıdır. Bir sözlə, “Buldozer” ləqəbi ilə tanınan və beynəlxalq hüquq prinsiplərinə məhəl qoymayan Pekres erməni lobbisinin köməyi ilə yaxşı piar-kampaniya keçirdi. Lakin onun Xankəndiyə qanunsuz səfəri onun üçün neqativ nəticə də verə bilər. Məsələ ondadır ki, Fransa prezidentliyinə namizəd sərbəst və gizli şəkildə Qarabağa Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə gedə bilib. Bu hal Pekresin Rusiya xüsusi xidmət orqanları ilə müəyyən əlaqəsinə işarədir.

Bu ciddi ittihamdır. Elə deyilmi? Məşhur Sovet pioner düşərgəsi Artekdəki tətillərini, daha sonra Fransanın SSRİ-dəki səfirliyində təcrübə keçməsini, sonradan Qərbə qaçan və DTK zabiti olduğu üzə çıxan jurnalist Sergey Jirnovla dostluğuna dair zəngin tərcümeyi-halına nəzər salsaq, müəyyən nəticələr çıxırmaq üçün əsaslar yaranır. Söhbət nədən gedir?
Əslində, xanım Pekresi fransız seçiciləri və dünya ictimaiyyəti Fransanın məşhur “Le Puen” jurnalında dərc olunan skandal yazıdan sonra tanıdılar. O jurnal ki, KQB-nin (Dövlət Dəhlükəsizlik Komitəsi, SSRİ-nin ən böyük və amansız xüsusi xidmət orqanı olub) yüksək rütbəli zabiti Sergey Jirnovla Fransa prezidentliyinə xanım namizəd arasındakı əlaqəyə diqqət yetirir. Fransada onu "Qırmızı paltarlı xanım" və ya "Versaldan olan soyuq burjua sarışını" adlandırırlar. Özü haqqında "məndə Angela Merkelin üçdə ikisi və Marqaret Tetçerin üçdə biri var" deyir. Amma nə Merkel, nə də Tetçerin SSRİ KQB-si ilə əlaqələrinin olması haqda tarixdə heç bir məlumat yoxdur.

 “1982-ci ilin yayı. Krım. Yalta. SSRİ-də ən məşhur ümumittifaq pioner düşərgəsi “Artek”. Kapitalist blokundan olan ölkələrdən gələn nadir “şanslı” uşaqlar arasında o vaxt sovetlər ölkəsində qadağan olunmuş Boris Pasternakın “Doktor Jivaqo” əsərindən sitat gətirən 15 yaşlı fransız yeniyetmə seçilirdi. O, SSRİ DTK((KGB)-nın Birinci Baş İdarəsinin (xarici kəşfiyyat) əməkdaşı olan pioner liderlərin diqqətini çəkməyi bacarmışdı. Sonradan məlum oldu ki, o, məşhur fransız iqtisadçı və milyonçusu, Dostoyevski və Tolstoyun pərəstişkarı Dominik Runun qızıdır. DTK zabitləri bunun bir şans, gələcək üçün yaxşı zəmin olduğunu tez başa düşdülər və DTK -nin sədri Andropovun şəxsi icazəsini aldıqdan sonra uşaqla “işləməyə” başladılar …

Soyuq müharibənin qızğın çağında “Artek”də istirahət edən 15 yaşlı qız ailə qurduqdan sonra Pekres soyadını qəbul edən Valeri Ru idi. Bəli, bəli, bu gün Makrona meydan oxuyan və 2022-ci ildə Yelisey Sarayına daşınmağa can atan həmin Pekres”,

“Le Puen”-də yazılanları və digər faktları ümumiləşdirsək indi oxuyacağınız əfsanə yaranır:

Məşhur iqtisadçı Dominik Runun və evdar qadının qızı Valeri (ailə qurduqdan sonra bu soyadı götürüb) uşaqlıqdan dillərə maraq göstərirdi. 14 yaşında “Doktor Jivaqonu” oxuyan yeniyetmə qız rus dilini də öyrənmək istəyirdi. Bu istəyi reallaşdırmaq üçün hara getmək lazım idi? Təbii ki, SSRİ-yə. Və o, 15 yaşında “Artek”də peyda olur. SSRİ-yə gedərkən Sent-Mari məktəbinin rahibləri qıza "sosial yük" də verdilər. O, bir neçə Bibliyanı sovet dissidentlərinə paylamalı idi. Valeri bu “ideoloji baqajı” özü ilə götürüb təyinatına görə təhvil verdi. Daha doğrusu buna “şərait” yaradıldı. SSRİ DTK-sı belə fürsəti əldən buraxmazdı və buraxmadı da. İndi Fransa mətbuatı yazdığı kimi, qızcığaz Lubyankadan olan “əmilər”lə əməkdaşlığa razılaşdı. Sonradan özü etiraf edirdi ki, "Artek"də təbliğat dərslərinə gedib, “İnternasional”ı rus dilində oxuyub. Üstəlik, SSRİ-də indi heç kimə lazım olmayan “sürücülük vəsiqəsi”nə sahib olmaq üçün qan-tər tökür.

Dünyada kommunizmin süqutundan və SSRİ-nin dağılmasından sonra Valeri dərhal “sağa” keçir və  Lubyankadan olan kuratorları kimi qatı anti-kommunist olur, ancaq Rusiyaya marağını itirmir. Eləcə də keçmiş SSRİ-nin başqa bir respublikasına. O, 1990-91-ci illərdə Fransanın Rusiyadakı səfirliyində təcrübə keçib. Bundan əvvəl isə (1990-cı ildə) ilk dəfə səfər etdiyi Ermənistanı “sevməyə” başladı. Fransanın Rusiyadakı səfirliyində təcrübə keçdiyi vaxt jurnalist Sergey Jirnovla tanış olub. Təbii ki, Jirnov “jurnalist örtüyü” altında tam başqa şəxs idi.  Məhz Pekressin tövsiyəsi ilə Jirnov Fransanın dövlət kadrlarının emalatxanası hesab olunan ENA-ya qəbul olunur. Bu universitetdə Fransanın 7 baş naziri və Emmanuel Makron da daxil olmaqla 4 prezidenti məzunu olub.

Sonralar SSRİ KGB-sinin təcrübəli və perspektivli kadrı olan Jirnov nədənsə öz ölkəsini, işini ataraq, Fransaya köçür və bu ölkədən siyasi sığınacaq alır. İndi məlum olur ki, Rusiya əlehinə çıxışlar etsə də körpülər tam yanmayıb və bəlkə də Rusiya kəşfiyyatı üçün məhz bu cür, tənqidçi, Putindən zəhləsi gedən, bütün sirləri açıb tökən keçmiş “çekist” obrazı lazımdır. Hərçənd “eks- “çekist” heç vaxt olmur” aforizmi də var və o dəfələrlə sübut olunub.

İndi isə Sergey Jirnovun Svetlana Gerasimovaya verdiyi və “Youtube”da yerləşdirilən müsahibəsinə diqqət ayıraq. 

Həmin müsahibədə Gerasimova Jirnovdan Fransa seçkiləri haqda danışmağı xahiş edir: “Bizdə vəziyyət indi çox maraqlıdır. Ciddi namizədlər var və onlardan ən başlıcası Valeri Pekressdir. Mən onu şəxsən tanıyıram. Biz onunla bir məktəbdə oxumuşuq. Baş nazir yanında Fransa Milli Administrasiyası məktəbində. Biz onunla həm də çox yaxın ünsiyyətdə idik. O, bu məktəbin Moskva səfirliyində  stajor idi. Mən, məktəbə seçiləndə onu dəvət etmişdilər ki, fikirlərini öyrənsinlər. Biz onunla Moskvada bir neçə dəfə görüşmüşdük. Bir neçə dəfə nahar etmişik, şam etmişik. Və kilsəyə, patriarx Aleksandrın yanına pasxa ayininə getmişdik. Beləliklə, biz onunla xeyli aktiv ünsiyyətdə idik. O vaxt o, subay idi, soyadı da Pekress deyildi, Valeriya Ru idi.  Yeri gəlmişkən, məktəbdə rus dilini öyrənirdi. 15-16 yaşı olanda “Artek” pioner düşərgəsinə də gedib. Düzdür, rus dilində yaxşı danışmır, aksenti var. Həmişə də utanırdı danışmağa. Mənimlə, demək olar ki, heç vaxt rus dilində danışmırdı. Və o, mənim namizədliyimə müsbət rəy verdi.”

Aparıcı Gerasimova “Le Puen” jurnalında dərc olunan məqaləyə işarə vurur və bildirir ki, həmin məqalədə Jirnovun da DTK-dan olmağı qeyd olunur. Jinov bu sualı belə cavablandırır: “ Biz onlarla çoxdan tanışıq. Və mənim haqqımda onlar bir neçə dəfə yazıblar artıq. Onlar indi həyəcanlanıb, hələ ki, balaca bir məqalə çap ediblər. Ona görə də, qalmaqal hələ ki, balacadır.. Amma mən əminəm ki,  jurnalda çap olunan məqalədən sonra Pekressin tərəfdarları həyəcanlanacaq və bu “balaca qalmaqal” böyük qalmaqala çevriləcək. Çünki bu, Fransa üçün çox maraqlı və kəskin detaldır. Özü də ki, onun reytinqi qalxır. Çox güman ki, ikinci tura da keçəcək. İndi deyirlər ki, əgər o, ikinci tura keçsə, Makronla rəqib olsa, qalib gələcək. Düşünürəm ki, bu qalmaqal, doğrudan da, inkişaf edəcək. Mənim də artıq üçüncü kitabım çap olunmaq üzrədir. Və bu üçüncü kitabda mən görüşlərimiz haqqında jurnaldakından daha geniş yazmışam.

Jirnov 3-cü kitabında nələr yazıb?

Gerasimova Jirnovdan 3-cü kitabdakı detallar haqda soruşduqda o, belə cavab verir: “ Yox, demirəm ki, kitabda bu haqda lap çox və xüsusi nələrsə yazmışam. Axı kitab onun haqda deyil. Mən onun peşəkarlıq, insanlıq keyfiyyətlərini qiymətləndirmişəm. Mənim Fransada siyasi qaçqınlıq məsələmə reaksiyasından yazmışam. O, çox pis reaksiya vermişdi buna. Mən onu günahkar çıxara bilərəm. Ona görə ki, o, özünü xristian, katolik kimi göstərməyə çalışır. Amma həmin o xristian, Nikola Sarkozinin dövründə nazir təyin olunandan sonra mənimlə görüşmək istəmədi. Bu isə xristianlıqda heç də yaxşı deyildi. Məsələn, o mənimlə görüşə, ya da zəng vurub deyə bilərdi ki, Seryoja (ruslarda insanlara əzizləmə məqsədilə deyilən ayama)  məni indi nazir təyin ediblər və səninlə görüşməyim müşkül məsələdir. Mən bunu başa düşərdim. Amma belə etmədi. Mənə nazirliyin rəsmi blankında məktub göndərdi.  Bu isə Fransada, demək olar ki, cinayət kimi qiymətləndirilir. Və buna görə də, çox güman ki, bu qalmaqal yazda daha da böyüyəcək”.

Gerasimovanın növbəti sualı belə olur: “Seryoja, incik düşmüş, məyus olmuş qadından təhlükəli heç nə yoxdur, deyirlər. Bəlkə, Valeri səndən nəyəsə görə inciyib və ya məyus olub? Ola bilərmi belə bir şey?” Cavab belədir: “Kim bilir? Bəlkə də! Mən də gənc idim, yaraşıqlı idim. O da gənc idi, qəşəng idi. Ola bilər ki, hər ikimizin bu mənada fikrimizdə hansısa düşüncələrimiz olub. Özü də ki, mənim arxamda DTK dayanırdı. Və deyirdilər ki, ciddi bir şey olsa, biz buna ancaq sevinə bilərik. Məndən inciyib-incimədiyini bilmirəm. Bu, məndən  çox, onun problemidir. Amma sizin fikrinizlə də razıyam. Bəli, incik qadın təhlükəli olur. Və prezident seçildiyi halda o, mənə pislik edə bilər.

Jirnov onunla çəkilən fotolar haqda danışır: “Bu foto həmin məktəbdə oxuduğumuz vaxtlarda çəkilib. Orda oxuduğumuz müddətdə görüşlər, yığıncaqlar, diskotekalar, sovetlərdə deyildiyi kimi “oqonyok”lar (kiçik tonqal) keçirilirdi. Və biz Fransada yaşayırdıq, Fransa isə adətlər məsələlərində çox azad bir ölkədir. Orda ağ, qırmızı şərab, araq, şampan, pivə və s. içmək, bundan sonra elə bir addım atmaq olar ki, buna görə səni 40 ildən sonra prezidentliyə namizəd olanda günahlandırmaq olsun.


Fransız xalqı “yubkalı Makrondan” nə gözləməlidir?

Prezidentliyə namizəd xanımı yaxşı tanıyan Jirnov “xalq bu xanımdan nə gözləməlidir?” sualına belə cavab verir: “Məncə, heç nə gözləməməlidirlər. Çünki ciddi bir dəyişikliyin olacağına inanmıram. O, elə yubkalı Makrondur. Bircə bu ola bilər ki, öz partiyasının tələblərini yerinə yetirməli olar. O da ki, Fransaya imiqrasiyanın məhdudlaşdırılmasıdır. Açığı bundan başqa heç nə gözləmirəm, heç nə dəyişməyəcək. Onun Putinlə ünsiyyətini təsəvvür edirəm, açığı. Və artıq 22 il hakimiyyətdə olan Putinə qarşı Makrondan yaxşı nəsə edə biləcəyinə inanmıram. Əlbəttə ki, kompaniya vaxtı hər şey demək olar. Deyir ki, Fransanı qurtara biləcək yeganə insandır. Ondan başqa kim gəlsə, Fransa batacaq. Amma o gəlsə, İsa peyğəmbər kimi gələcək və Fransanı xilas edəcək. Özünüz də başa düşürsünüz ki, prezident kompaniyalarında yazılan hər şeyi minimum 10-a, maksimum 100-ə bölmək lazımdır. Hətta 1000-ə də bölmək olar”.

Sabiq KQB agenti bu xanımın Fransız xalqını inandıra biləcəyinə şübhə ilə yanaşır və “Necə oldu ki, bu qadın siyasət səhnəsinə çıxa bildi? Demək, onda fransızların qiymətləndirdiyi  nələrsə var” sualına cavabda fikrini əsaslnadırır: “Birincisi, onlar bütün fransızlar deyil. O, hələ ki, öz partiyasında qalib olub. Bu, əsas fərqdir. Öz partiyasında ona 100-150 min aktivist səs vermişdi. Amma indi isə  48   milyonluq Fransa xalqının qarşısına çıxacaq. Bu, tamam başqa bir şeydir. Öz tərəfdarlarını yaxşı olduğuna inandırmaq başqa, 48 milyon fransızı yaxşı olduğuna inandırmaq tamam başqa bir şeydir”.

Bu yaxınlarda Fransanın "La Letter Patriote" nəşri Valeri Pekresin əri Jeromun “Alstom” şirkətinin “General Electric”-ə satışı ilə bağlı onlardan qanunsuz olaraq iki milyon avro almaqda şübhəli bilindiyinə dair araşdırma dərc edib. https://www.alstom.com/press-releases-news/2014/6/alstom-board-of-directors-recommends-general-electrics-offer Həmin illərdə Valeri özü büdcə naziri vəzifəsini tuturdu.  “Bu müqavilə Fransa suverenliyinə təhdid idi. Biz amerikalılara təkcə nüvə enerjisi sahəsində ən həssas texnologiyalarımızı deyil, nüvə sualtı qayıqlarının yaradılması sahəsində ən son və unikal inkişafları təhvil verdik”-deyə o vaxt Fransa mətbuatı yazırdı. Bəs, madam Pekresin nə günahı? O, büdcə naziri idi və bu razılaşmaya dəstək verənlərdən biri olub. Ən maraqlısı odur ki, bu layinənin reallaşmasında Madam pekresin əri Jerom pekress çox canfəşanlıq edib. O, nə vəzifə tuturdu? Alstom şirkətinin yeganə təmsilçisi idi. Bu layihə bitəndən sonra isə amerikalılar onu nəinki uzaqlaşdırdılar, etdiyi yaxşılığa görə mükafatlandırdılar. Ona 2 mln avro mükafat və General Electric-in Fransa nümayəndəliyi olan GE Renewable Energy-nin direktoru vəzifəsi verildi. Məlumat üçün deyək ki, GE Renewable Energy MDB ölkələrində ən böyük yatırımı Ermənistana qoyub (yerli şirkət AES Armenia Mountain Wind). Dəyər 350 milyon avrodan çoxdur. Bu qalmaqalı səngitmək mümkün oldu. Lakin Fransa mətbuatı yazırdı ki, “Pekress seçilərsə onda Fransa iqtisadiyyatının daha böyük həcmdə satışına hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, Valeri Pekres hazırda Rusiyanın “Zarubejneft” neft-qaz holdinqinin Direktorlar Şurasında oturan Fransanın keçmiş rusiyapərəst Baş naziri Fransua Fiyonun kabinetində ali təhsil və elmi tədqiqatlar naziri, büdcə naziri və mətbuat katibi vəzifələrində çalışıb. Qərb mətbuatının rusofil adlandırdığı Fiyon Fransa hökumətinə rəhbərlik etdiyi illərdə tez-tez Moskvaya gedib-gəlirdi. Yeri gəlmişkən, 2017-ci il prezident seçkilərində Fransua Fiyonun namizədliyi Respublikaçılar Partiyası tərəfindən dəstəklənib. Söhbət hazırda Pekresi dəstəkləyən partiyadan söhbət gedir.

İndi düşünmək doğrudan da çətindir. SSRİ DTK-sı ilə əlaqələri olan, Rusiyaya xüsusi simpatiyası ilə seçilən, yoldaşının adı maliyyə qalmaqalında hallanan, 600 min seçicinin səsini qazanmaq üçün başqa bir dövlətin qanunları, beynəlxalq hüququ çəkinmədən pozan bir siyasətçiyə fransız xalqı səs verərmi?  Yoxsa “Pekress seçilərsə onda Fransa iqtisadiyyatının daha böyük həcmdə satışına hazırlaşmaq lazımdır”-fikri ilə razılaşmayıb, daha münasib namizədi dəstəkləyəcklər.