REAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin ölkəyə idxal olunan A-92 markalı benzinin gömrük rüsumlarından azad edilməsinə şərh verib. İqtisadçı Azərbaycan hökumətini artıq Aİ-92 və digər oktanlı avtomobil benzini istehsal edə bilməməkdə ittiham edib. onun qənaətinə görə ölkəmiz avtomobil benzininə tələbatı ödəmək üçün xarici ölkələrə möhtac qalıb. Sitat: “Neft ölkəsi Azərbaycan özünü artıq Aİ-92 ilə də təmin edə bilmir, xaricdən alacaqlar, daxildə qiymət artmasın deyə, rüsum/vergilər 1 iyuna qədər ləğv edilir. Bu vaxta qədər Neftayırma zavodu təmir ediləcək, yerli istehsal artırılacaq”.
Faktyoxla Lab. müxalif iqtisadçının bu iddialarını araşdırıb.
Əslində, Aİ-92 markalı avtomobil yanacağının müvəqqəti olaraq istehsalının dayandırılması və yanacağın təxminən 90-120 gün ərzində idxal hesabına ödənilməsinin səbəbi barədə müvafiq dövlət qurumları tərəfindən bütün təfərrüatları ilə ictimaiyyətə açıqlama verilib. Dövlət Neft Şirkəti (SOCAR) məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun bir çox qurğuların fəaliyyəti müvəqqəti olaraq dayandırıldığından yanacaq istehsalına da fasilə verilir. Zavodda mütəmadi olaraq təmir və əsaslanma işləri aparılır, məqsəd yanacağın keyfiyyətinin ən yüksək beynəlxalq standartlara çatdırılmasıdır. Hazırkı cari təmirin məqsədi isə Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalının başlanmasına hazırlıqla bağlıdır. Zavodun tədarük bazalarında kifayət qədər benzin yanacağı vardır, yəni qabaqcadan toplanılaraq tədarük edilibdir. Ancaq yanacaq təmir müddətində ölkənin benzinə olan tələbatına yetməyə də bilər. Çünki, hər ay ölkədə avtomobillərin sayı artır. Statistikadan da görə bilərik ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ildə 52 min avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlir. Xüsusilə də, Aİ-92 markalı avtomobil benzininə tələb çoxalır. Çünki bu yancaq əsasən, şəxsi minik avtomobillərində istifadə olunur. (Mənbə)
Beləliklə, SOCAR nəzərdə tutduğu həcmdə benzin tədarük etsə də, 2022-ci ilin qarşıdakı aylarında avtomobillərin sayının artması sözsüz ki, tələbatı da çoxaldacaq. Belə olan halda, SOCAR tələbatı tam ödəmək üçün xaricdən benzin idxal etməlidir. İdxal isə daxili bazarda qiymət artımlarına səbəb ola bilər. Məhz bu səbəbdən də Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılıb. (Mənbə)
Ölkədə gömrük rüsumları və aksiz dərəcələrinə dəyişikliklər SOCAR-ın və yaxud Dövlət Gömrük Komitəsinin qərarı əsasında həll edilə bilməz, qanuna əsasən bu dəyişikliklər yalnız Nazirlər Kabineti (NK) qərarları əsasında mümkündür. Ona görə də, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli 33 № li qərarına əsasən, (“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə”) Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib. Həmçinin, NK-nın 29 yanvar 2021-ci il tarixli 34№ li qərarına əsasən, (“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə”) avtomobil benzinin gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.
Yeri gəlmişkən, məlumat üçün deyək ki, SOCAR-ın benzin istehsalını dayandırması və xaricdən yanacaq idxalı birinci dəfə deyil ki, tətbiq olunur. Ortada konkret nümunə var. Ötən illər ərzində də A-92 markalı benzinin istehsalının müvəqqəti dayandırılması ilə əlaqədar gömrük rüsumlarının sıfırlanmasına dair Nazirlər Kabinetinin müvafiq qərarları olub. Neft Emalı Zavodu 2 il əvvəl, 2019-cu ildə təmir-sazlama işləri ilə bağlı istehsalı dayandıranda NK-nın 26 avqust 2019-cu il tarixli 368 №li qərarı qüvvəyə minmiş və 90 gün müddətinə Aİ-92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirilmişdir. (Mənbə)
Yəni, bu proses normal iqtisadi tənzimləmə mexanizmi kimi neçə illərdir tətbiq edilir. Göründüyü kimi benzin idxalına və rüsum dəyişikliklərinə hansı səbəblərdən zərurət yarandığı çox sadə dildə izah edilibdir.
Azərbaycanda Aİ-92 markalı benzinə olan gündəlik tələbat 4 min litrdən, illik tələbat isə 1,250 mln. ton çoxdur. Neft emalı zavodunun emal gücü isə 1,3 milyon tondan çoxdur. 2021-ci ildə avtomobil benzininin istehsalı 7,9 faiz artıb. Ümumilikdə ötən il neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artıb. Yanacaq mazutunun istehsalında 70,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında 67,2 faiz, sürtkü yağlarının istehsalında 39,1 faiz, neft koksunun istehsalında 29,7 faiz, dizel yanacağının istehsalında 16,2 faiz artım qeydə alınıb. (Mənbə)
Natiq Cəfərli iddia edir ki, Nazirlər Kabineti avtomobil benzinin gömrük rüsumunu aşağı endirdiyi kimi ölkəyə idxal olunan digər malların, xüsusilə də ərzaq, dərman preparatları, digər zəruri məhsulların da rüsumlarını sıfırlaya bilər. Sitat: “Biz illərdir deyirik ki, özümüzü təmin edə bilmədiyimiz gündəlik ərzaq məhsullarının, dərmanların, uşaq yeməklərinin rüsum/vergilərini sıfırlayın, imkan verin camaat ucuz məhsul alsın, niyə qulaq asmırsınız?! Hə, indi Gömrük Komitəsinin rəisi çıxıb deyər ki, bəs o zaman biz büdcəyə nə ödəyək?! Ödəmə qardaşım, ödəmə, məntiqlə büdcəyə yığıb sonra vətəndaşa xərcləyəsi deyilsiz?! O zaman elə bəri başdan almayın bizdən 15% rüsumu, 18% ƏDV-ni, imkan verin cibimizdə qalsın, camaat o pula daha çox mal/məhsul/xidmət alacaq, deməli iqtisadiyyatın çarxları daha çox dönəcək, yeni iş yerləri, imkanlar yaranacaq. Belə sadə həqiqəti anlamırsınızmı?
İzah edək. Dünyanın heç bir ölkəsində ticarət-idxal əməliyyatlarında sıfır fazilə gömrük rüsumuna cəlbetmə praktikası yoxdur. REAL-çı iqtisadçının qənaətinə əsaslanıb, ölkəyə idxal olunan bir çox malların gömrük rüsumu sıfırlansa, bunun hansı fiskal problemlər yaradacağı, büdcə daxilolmalarında kəsirin artacağını fikirləşmək heç də çətin deyil.
Məlum olduğu kimi, dövlət büdcəsinin əsas gəlir mənbələri vergi və gömrük rüsumlarından daxilolmalar, Dövlət Neft Fondunun transfertləridir. Məsələn, 2022‐ci ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 710 milyon manatı Dövlət Neft Fondundan transfert, 8 milyard 820 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 4 milyard 260 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 760 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları, 266 milyon manatı isə sair gəlirləri hesabına formalaşacaqdır.
Büdcədə əsas fiskal orqanlar kimi Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birlikdə büdcə öhdəliyi 13,1 milyard manatdır. Yəni, birgə payı ümumi gəlirlərin 49 faizi deməkdir. Gömrüyün təkcə payı 15,9 faiz təşkil edir. (Mənbə. Vətəndaşın Büdcə Bələdçisi, səh 20).
İndi fikirləşin, büdcənin gəlirlərinin təxminən 16 faizini təmin edən gömrük orqanlarının bir çox mal qrupu üzrə idxal rüsumlarını sıfıra endirdiyi halda gömrük daxilolmalarının həcmi hansı səviyyəyə düşə bilər?
Azərbaycana ötən il 11 milyard 705 milyon dollar həcmində mal idxal edilib. Dövlət Gömrük Komitəsi rüsum və aksizlərdən, sair vergilərdən ümumilikdə 3 milyard 900 milyon manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 4 milyard 342 milyon 967 min manat toplayıb. (Mənbə)
Əgər, rüsumlardan gömrük haqqı toplanmasa gömrük orqanları da, təbii ki, büdcəyə 4,3 milyard deyil, cəmi bir neçə milyon manat vəsait köçürəcəkdir. Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların 2 milyard 910 milyon manatı idxal olunan mallarla bağlı əlavə dəyər vergisi, 160 milyon manatı idxal olunan mallarla bağlı aksizlər, 1 milyard 150 milyon manatı gömrük rüsumları və 40 milyon manatı yol vergisidir.
İndi diqqət edək, 1 milyard 150 milyon manat həcmində gömrük rüsumları, 2 milyard 910 milyon manat məbləğində əlavə dəyər vergisi aradan qaldırdıqda, gömrüyün büdcəyə ödənişləri 4 milyard manatdan cəmi 100-150 milyon manata düşəcək. 100 milyon manatlıq büdcə öhdəliyi olan gömrük orqanı üçün bunun nə demək olduğunu əlavə şərhlə izah etməyə ehtiyac var?
Hökumət həmin vəsaiti ya digər vergiləri artırmaqla əvəz etməlidir, yəni 2 milyard biznesdən əlavə pul toplamalıdır, ya Neft Fondundan transferti artırmalıdır, yaxud da büdcədə kəsirin məbləği artmalıdır. Belə vəziyyətdə büdcənin gəlir-xərc balansınunun pozulması baş verəcək və hökumət büdcədən nəzərdə tutduğu xərcləri artıra bilməyəcək. O xərclər ki, maaş və pensiyaların artırılmasına yönəldilir, təhsilə, səhiyyəyə, orduya, işğaldan azad olunmuş әrazilәrin yenidәn qurulması vә bәrpasına, yol və körpü tikintisinə yönəldilir. 2022-ci ildə büdcə xərclərinin 46,4 faizi sosial yönümlüdür, həmin vəsaitin isə 8 milyard 59,4 milyon manatı əməyin ödənişinə, 3 milyard 750,7 milyon manatı sosial ödənişlərə (təqaüdlər və sosial müavinətlər) yönəldiləcəkdir. 2022-ci ildə sosial paket çərçivəsində 2 milyondan çox vətəndaşın maaş və təqaüdləri, nüavinətləri artırıldı və bu məqsədlər üçün büdcədən əlavə olaraq 1,6 milyard manat pul nəzərdə tutlubdur. (Mənbə. Vətəndaşın Büdcə Bələdçisi, səh 26).
Bütün bu büdcə vəsaitlərinin mənbəyi yuxarıda da vurğuladığımız kimi məhz vergi, gömrük və Dövlət Neft Fondunun transfertləridir. Həmin mənbələrdən birində azalma və yaxud kəsir olduqda büdcənin tarazlığı da pozulur, 1,6 milyard manatlıq sosial paketi icra etmıək də mümkün olmur, maaşları artırmaq, hərbi xərclərimizi yüksəltmək, keyfiyyətli sosial xidmətləri icra etmək də çətinləşir.
Nəticə: Natiq Cəfərlinin təklifi populizmdən çox iqtisadi bilgisizliyin göstəricisidir. N.Cəfərlinin iddia etdiyi “neft ölkəsi Azərbaycan özünü artıq Aİ-92 ilə də təmin edə bilmir, xaricdən alacaqlar” fikri heç bir həqiqəti əks etdirmir, çünki Azərbaycan özünü Aİ-92 benzini ilə tam təmin edə bilir. Bir çox mal qrupu üzrə idxal rüsumlarını sıfırlanmasına gəldikdə isə dünyanın heç bir ölkəsində ticarət-idxal əməliyyatlarında sıfır fazilə gömrük rüsumuna cəlbetmə praktikası yoxdur.