Xəzərin İran sahillərində 14 suiti ölüsü aşkarlanıb. Və İran mətbuatı da dərhal bu hadisəyə reaksiya verib. Alimlərin mövqeyini öyrəniblər, onlar da iddia ediblər ki, suitilərin Xəzərin İran sahillərində ölümünə səbəb Azərbaycanın Xəzərdə keçirdiyi təlimlər ola bilər. 

Qeyd edək ki, ötən il sentyabrın 12-də Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə  Xəzər dənizində sualtı hücum və müdafiə qruplarının təlimləri keçirilib.

Doğrudanmı Xəzərdəki təlim suitilərin ölümünə səbəb ola bilər? İran alimlərinin narahatlığı nə qədər aktualdır? Ümumiyyətlə, Xəzərdə suitilərin ölüm səbəbi nədir?

Faktyoxla Lab. bu iddianı araşdırıb.

 

Son 10 ildə Xəzərdə suitilərinin ölümü ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Xəzərdə suitilərinin kütləvi ölümü ilə bağlı İran mətbuatında mütəmadi olaraq məlumatlar yer alıb. Məsələn, 2011-ci ildə “tabnak.ir” portalında yer alan yazıda bildirilir ki, rəsmi məlumatlara görə, 1997-2000-ci illərdə Şimali Xəzər dənizində ümumilikdə 25-30 min suiti kütləvi şəkildə öldürülüb (Mənbə) .

Bu, həmin illərdir ki, Xəzərdə Azərbaycan yox, İran və Rusiya donanmaları mütəmadi olaraq hərbi təlimlər keçirirdi. Həmin vaxt iranlı alimlər suitilərin kütləvi qırılmasını heç bir halda bu təlimlərlə əlaqələndirməyiblər.

Yazıda vurğulanır ki, 2000-ci ildən sonra da Xəzərdə suitilərin kütləvi ölümü baş verib. 2007-ci ildə Qazaxıstan sahillərində 900 suiti cəsədi aşkarlanıb. Və qeyd olunur ki, kütləvi ölüm halları, əsasən Xəzərin Qazaxıstan və Rusiya sahillərində baş verir.

2021-ci ildə də İran saytları suitilərin kütləvi ölümü ilə bağlı xəbərlər paylaşıb. Məsələn, ötən ilin mayın 6-da BBC-in İran bürosu sahildə 170 suiti cəsədinin tapılması ilə bağlı məlumat yayıb (Mənbə).

2021-ci ilin oktyabrın 2-də isə “bultannews.com” portal da suitilərin kütləvi ölümü ilə bağlı məlumatı təqdim edib. Bildirilir ki, Xəzərdə nə baş verdiyi bəlli deyil, suitilər bir müddətdir ki, səssizcə ölür və cəsədləri sahilə çıxır (Mənbə).

Və bütün bu tip xəbərlərin heç birində nəinki Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərdən danışılır, ümumiyyətlə, heç bir ölkənin təlimlərinin suitilərə yaratdığı təhlükədən bəhs edilmir.

İran mətbuatının yaydığı məlumatlardan bəlli olur ki, Xəzər dənizində suitilərin kütləvi ölümü uzun illərdir ki, müşahidə edilir. 1980-ci illərdə onların sayı 400 min olub, əsrin sonlarına yaxın sayları 1 milyona yüksəlsə də, hazırda 100 min civarındadır. Bəs suitilərinin kütləvi qırılmasının əsl səbəbi nədir?

Bu haqda Azərbaycan mətbuatında da kifayət qədər məlumat var. Üstəlik, mütəxəssislər bunun səbəblərini siyasi maraq olmadan, peşəkarcasına izah ediblər.

2015-ci ildə suitilərinin kütləvi ölümü haqda açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-2002-ci ildə baş verən ölüm halları ilə bağlı aparılan araşdırmanın nəticəsini də xatırladıb: “Suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir.

Hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı. Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmdə immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olmuşdu. Bu yoluxma kütləvi epidemiyaya səbəb olmuş və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnmişdi. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir. Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən, dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir. Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur” (Mənbə).

 2020-ci ilin dekabr ayında Xəzər dənizinin Maxaçkala və Kaspiysk şəhərləri arasındakı Kalmıkiya sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bunun izahını verib. M.Axundovun sözlərinə görə, Xəzər suitisinin populyasiyasının böyük hissəsi payızın sonu və qışda Xəzərin şimal hissəsində baş verir. Bu səbəbdən suitilər şimali Xəzərə miqrasiya edir və yetkin fərdlər yazın əvvəllərinə qədər burada qalaraq, yanvar-fevral aylarında buzun üzərində çoxalırlar.

Şimali Xəzərə miqrasiya edərkən Dağıstan və Kalmıkiya sahillərindən qrup şəklində keçən suitilərin həmin sahilyanı akvatoriyalarda qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulma səbəbindən öldüyü ehtimal olunur: “Suitilərin digər səbəbdən, suyun çirklənməsinin təsirindən ölməsi versiyası isə az məntiqlidir. Çünki bu halda digər dəniz canlılarının da kütləvi ölümü qeydə alınardı. Bu versiyanın təsdiqi üçün suiti cəsədlərinin daxili orqanlarından nümunələr götürülməli və toksikoloji analizlər aparılmalıdır. Odur ki, Dağıstan sahillərində suitilərin kütləvi ölümünün əsas səbəbini qanunsuz balıq ovu və brakonyerliklə əlaqələndirmək daha məntiqli görünür" (Mənbə). 

Xidmətin rəsmisi onu da qeyd edib ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən 1 milyon fərd təşkil edib, hazırda isə onların ümumi sayı təqribən 111 mindir: “Suitilərin azalması, əsasən 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edir ki, suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir”.

 Cənubi İrlandiyanın  suitiləri qoruma mərkəzinin  (Seal Rescue Ireland) tədbirində iştirak edən ekoaktivist Mehriban İsmayılzadə də bu heyvanların tələf olmasının bir neçə səbəbini sadalayır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında olduğu kimi, ən böyük problem balıqçı torlarıdır. Adətən, balıqçılar dənizdə qırılan plastik torları qaytarıb sahilə gətirmirlər.  Bu torlar bütün dəniz heyvanları üçün təhdiddir. Onların çox sıx hörülməsi dəniz heyvanlarının ölüm faizinin artmasına səbəb olur” (Mənbə).

Mütəxəssisin sözlərinə görə, suitilər şimalda balalayır və neftçıxarma prosesi, böyük buzqıran gəmilərin oradan keçməsi onlar üçün ən böyük problem sayıla bilər: "Suitilər buzların üzərində dincəlir və bala dünyaya gətirir. Xəzər suitiləri də elə növdür ki, bala dövründə dəriləri ağ tüklərlə örtülü olur və bu, ilk ayda üzməyə mane olur. Ona görə də anaları yanlarından ayrılmır.  Balalar tükləri tam töküləndən sonra suya girir. Bu zaman anaları da onları tərk edir və müstəqil həyata başlaya bilirlər. Buzqıran gəmilər isə buzları qıraraq bu təbii prosesə menə olurlar”.

Nəticə: Suitilərin kütləvi ölümü, sahilini Xəzərin suları yuyan bütün ölkələrdə baş verib. Azərbaycan mütəxəssisləri bununla bağlı yalnız və yalnız elmi əsaslara söykənən fikirlər səsləndiriblər. Heç bir ölkəni hər hansı təlimlərdə ittiham etməyiblər. Heç digər ölkələrin alimləri də belə ittihamı özlərinə rəva görməyiblər. Yalnız İran alimlərindən savayı. Bu da onu göstərir ki, iranlı alimlərin fikirləri elmi əsaslara yox, siyasi maraqlara söykənir. Suitilərin kütləvi ölümü, ümumiyyətlə, Xəzərin ekoloji problemləri isə onu tələb edir ki, siyasi manipulyasiya aparmaqdansa, bu problemlərin həlli ilə məşğul olmaq xeyirlidir, zəruridir.