“Azadlıq” radiosunun Bakı Bürosu iqtisadçı -ekspert kimi təqdim etdiyi Zöhrab İsmayılın minimum əməkhaqqının artımı ilə bağlı fikirlərini yayımlayıb.  Z.İsmayıl iddia edir ki, minimum əməkhaqqının 2022-ci il yanvarın 1-dən 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılmasının on minlərlə insanın sosial həyatında  müsbət təsiri olmayacaq, onların yaşayış şəraitində heç bir fərq yaratmaqayacaqdır. Sitat:  “İndi rəsmi açıqlama verirlər ki, minimum əmək haqqının artması 800 min nəfərə şamil edilir. Ayda 300 manatı iş saatına böləndə bir saata heç 2 manat da düşmür: Təsəvvür edirsinizmi, məlum olur ki, Azərbaycanda 800 min nəfər işçi ayda cəmi 250 manat alırdı. İndi artımlardan sonra da 300 manat alacaq. Azərbaycanda indiki durumda bu pulla dolanmaq mümkün deyil. Hələ bunun ailəsi varsa, kirayədə qalırsa”. 

Faktyoxla Lab. "Azadlıq radiosu"nun iqtisadçı-ekspert kimi fikir soruşduğu Zöhrab İsmayılın iddialarını araşdırıb.  

İlk olaraq, minimum aylıq əməkhaqqının mahiyyəti barədə kiçik arayış verməyə çalışaq. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Həmin sosial ödəniş Azərbaycanda qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız  ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab olunur.  Hər bir ölkədə işçinin əməyinin normal ödəniş forması əməkhaqqıdır. Aylıq əməkhaqqı hər bir işçinin müvafiq iş vaxtı ərzində, yəni 8 saatlıq iş rejimi üzrə əmək funksiyasını yerinə yetirməsinə görə, işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin məcmusudur. (Mənbə)

“Yaşayış minimumu haqqında” qanunun 1.0.8. maddəsində qeyd edilib minimum əmək haqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. İxtisassız əmək və xidmət heç bir ali, orta ixtisas təhsili, normal peşə təhsili olmayan bir işçinin əməyi sayılır. Bu qrupa əsasən, ekologiya, meşə təsərrüfatı, kommunal xidmət, uşaq bağçaları, bəzi təhsil, mədəniyyət, idman və s. müəssisələrdə çalışan işçilər, fəhlələr, xadimələr, dalandar, bağban, gözətçi, ocaqçı və sair sosial kateqoriyaya aid şəxslər daxildir. (Mənbə)
Respublikamızda ixtisaslı əmək üzrə çalışanların, daha doğrusu 8 saatlıq iş rejimində işləyən şəxslərin aylıq ödənişinin məbləği isə orta aylıq nominal əməkhaqqı ilə ifadə olunur. Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 748 manatdır.
Göründüyü kimi minimum əməkhaqqı alan işçinin iş rejimi normal əməkhaqqı alan işçinin iş yükündən fərqlidir və bu sosial ödəniş yalnız ixtisassız əməyə görə təyin edilir.

İndi isə diqqət edək, hansısa orta məktəbdə müəllim vəzifəsində çalışan ixtisaslı pedaqoji işçinin əməkhaqqı ilə həmin təhsil müəssisəsində xadimə, yaxud gözətçi, və yaxud texniki işçinin maaşı eyni ola bilərmi? Təbii ki, yox. Yaxud, minimim əməkhaqqı alan həmin texniki işçilərin gündəlik və aylıq iş yükü norması eynidirmi? Əlbəttə yox. Həmin ixtisassız işçilərin böyük qismi ayda 13-14 gün çalışır, yaxud günün 3-4 saatını.
Minimum əməkhaqqı alan minlərlə işçinin sırasında yarımştat, yaxud, günəmuzd deyil, 2 gündən bir işləyənlər də üsütünlük təşkil edir. Məsələn, mədəniyyət-incəsənət, məktəbəqədər təhsil, meşə təsərrüfatı və s. sahələrdə minimum əməkhaqqı alanların böyük bir qismi yarım iş günü əsasında çalışır. Eləcə də ekologiya,  idman, mənzil-kommunal, ətraf mühit və s. sahələrdə çalışanların böyük bir qismi həftədə 3 gün (gündəlik 4 saatlıq iş rejimində) çalışır.

 

Əgər saathesabı əməyin ödənişi baxımından hesablasaq, gündəlik 4 saatlıq, yaxud həftəlik 20 iş saatı olan işçi ilə orta aylıq əməkhaqqı 600 manat olan 8 saatlıq (həftəlik 40 saat) iş yükünə malik işçinin əməyinin dəyəri faktiki olaraq eynidir. Yəni gündəlik 8 saat günəmuzd işləyən işçinin bir saat əməyinin dəyəri 5-6 manatdırsa, gündə 4 saat, yaxud həftədə 20 saat işləyən işçinin də əməyinin dəyəri prinsip etibarilə eynidir. 
Azadlıq radiosunun və onun iqtisaçı ekspert kimi fikir öyrəndiyi Z.İsmayılın bu haqda məlumatları yoxdursa, bir eyib, varsa, sadəcə qeyri-obyektiv yanaşma ilə kütlə şüuru ilə manipulyasiya edirlərsə, ikinci eyibdir. Çünki, bu sosial normativlər təkcə, Azərbaycanda deyil, bütün dünya ölkələrində xarakterik olan əməyin sosial qiymətləndirilməsi metodologiyasıdır.

Gəlin baxaq, Avropada minimim əməkhaqqı alan insanlarla orta aylıq əməkhaqqı alanların iş yükü və iş saatları eynidirmi?
Azərbaycan minimum əməkhaqqı ilə bağlı sosial normativləri qabaqcıl dünya ölkələrinin həyat standartlarına uyğun müəyyən edir və sosial siyasət həmin ölkələrdə bu istiqamətdə tətbiq edilən sosial vahidlərə əsaslanır. Avropa Birliyi ölkələrində minimum əməkhaqqı daha az işləyən, müxtəlif aşağı vəzifələrdə və ixtisassız sahələrdə çalışan, həmçinin əməyin ödənişi baxımdan aylıq iş yükü digərlərindən fərqli olan şəxslərə ödənilir.  (Mənbə: ec.europa.eu/eurostat)



Göründüyü kimi, Azərbaycan da eyni sosial standartları tətbiq edir.

İndi isə minimim əmək haqqının alıcılıq qabiliyyəti pariteti və istehlak bazarı qiymətlərinə uyğun dəyərini müqayisə edək.

Minimum əməkhaqqı əmək və yaşayış standartları baxımında vətəndaşın minimum istehlak xərclərini müəyyən edir. Hər bir ölkədə, o cümlədən Avropada minimum əməkhaqqı yüksək olsa da, həmin aylıq məbləğ insanların yaşayış standartlarının minimum istehlakına uyğundur. Yəni, Azərbaycanda yaşayış xərcləri Avropa Birliyi ölkələri ilə müqayisədə bir neçə dəfə aşağıdır. Lakin AB ölkələrində həmin aylıq məbləğlə alıcılq pariteti arasındakı nisbəti də nəzərə aldıqda Azərbaycanda minimum aylıq əməkhaqqının istehlak xərclərinə nisbəti demək olar ki, eynidir. Məsələn, Avropa Birliyində minimum əməkhaqqı 550-1800 avro arasında dəyişir.  Bu vəsaitin bölgüsünə görə, AB üç regiona bölünür: orta minimal əməkhaqqının 542 avro olan Şərqi Avropa regionu, 890  avroluq orta minimum əməkhaqqı olan Cənubi Avropa regionu və Fransa, Almaniya, Belçika, Niderland, İrlandiya və Lüksemburqun daxil olduğu Aİ-nin ən inkişaf etmiş ölkələr qrupu. Sözügedən ölkələrdə isə ortalama minimum əməkhaqqı 1 734 avroya bərabərdir. Sloveniya, Malta, Portuqaliya və s. ölkələrdə orta məbləğ 700-800 avro arasında dəyişir. Polşa, Çexiya, Xorvatiya, Rumıniya, Macarıstan və Bolqarıstanda bu rəqəm 330-400 avro təşkil edir. Beləliklə, Avropa Birliyi ölkələrində orta minimum aylıq əməkhaqqı göstəricisi 700-800 avro təşkil edir. (Mənbə)

Minimum əməkhaqqının məbləğinin istehlak xərclərinə adekvatlığı və alıcılıq pariteti üzrə müqayisəsinə əsaslandıqda, məlum olur ki, Azərbaycanda minimum əməkhaqı ilə Avropadakı minimum əməkhaqqı eyni dəyər ifadəsinə malikdir. Məlum olduğu kimi Alıcılıq Qabiliyyəti Pariteti əsasında beynəlxalq dollar ifadəsində hesablanmış minimum aylıq əməkhaqqı dəyər göstəriciləri müəyyən edilir. Məsələn, Avropa Birliyində 1 litr benzin 1,5 avro (Mənbə), 1000 kub.metr təbii qaz 1,2 avro , 1000 kub.metr su tarifi 1,8 avro, və yaxud metro nəqliyyatında bir gediş 1 avro təşkil etməklə orta alıcılıq qabiliyyəti paritetinə görə, ölkəmizlə eyni nisbətdədir. (Mənbə)

Yeri gəlmişkən, Azərbaycanda minimum əməkhaqqının alıcılıq qabiliyyəti pariteti hələ 2019-cu ilin sonunda, yəni minimum əməkhaqqı 250 manat təşkil etdiyi dövrdə orta dünya göstəricilərinə bərabər olub. Məsələn, ABŞ-da orta hesabla 1 dollara alınan malı Azərbaycanda 0,25 dollara və yaxud 0,43 manata almaq olur. Azərbaycanda minimum əmək haqqı 2 il əvvəl ölkə üzrə yaşayış minimumunu 40% üstələyirdi. (Mənbə)

Beləliklə, Z.İsmayılın və “Azadlıq” radiosunun bu cür müqayisə üsuluna əsaslansaq, məlum olur ki, Avropa Birliyi ölkələrində təxminən 800 avro civarında orta aylıq minimum əməkhaqqının alıcılıq qabiliyyəti pariteti Azərbaycandakı məbləğə bərabərdir. Daha doğrusu, Avropada həmin aylıq məbləği alan insanların gündəlik qazanc əmsalı 5 avro təşkil edir. Bu isə o anlama gəlir ki, Avropada təxminən 25-30 milyon insanın gündəlik 5 avro qazancla minimum istehlak xərclərini güclə qarşılayır. Bir az da sadələşdirsək, belə bir uyğunluq meydana çıxır, AB ölkələrində minimum aylıq əməkhaqqı məbləğində maaş alan insanların bir gündə qazancına cəmi 1,7 litr benzin düşür.

Z.İsmayılın təhlilindən belə bir təsəvvür yaranır ki, Avropa İttifaqında milyonlarla insan yalnız gündəlik 5 metro gedişinə bərabər pul qazanırlar. Azərbaycanda isə 2 manata 7 dəfə metrodan istifadə etmək mümkündür. Bu cür müqayisələri  digər mal və xidmətlərin dəyər ölçüsü üzrə davam etdirsək ortaya çıxan gerçəklik bundan ibarətdir: Bizim ölkədə minimum əməkhaqqının alıcılıq pariteti daha dəyərlidir.

Onu da unutmaq lazım deyil ki, ölkəmizdə 2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənəcəkdir və təkcə 250 manat alan insanların deyil,  400 mindən çox vətəndaşın maaşları da bu artıma uyğun olaraq orta hesabla 20%  artırılacaq.  Belə ki, 19 pilləli VTC üzrə bütün əməkhaqları artacaq. Qeyd edək ki, VTC üzrə minimal hədd 300, maksimal hədd 906 manatdır.  Yəni, həmin cədvəl üzrə əməkhaqqı alanların da maaşlarında eyni faiz nisbətinə uyğun artım baş verəcək. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Bu, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişi üçün nəzərdə tutulmuş əlavə 1,1 milyard manatın 44 faizi deməkdir. (Mənbə)


Minimum əmək haqqının artımı, həmçinin, 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki  26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-43% səviyyəsinə yüksələcək. Bu, son illərdə MDB və Avropa ölkələrindəki nisbəti 2 dəfə üstələmiş olacaq. (Mənbə)

Onu da qeyd edək ki, Vahid Tarif  Cədvəli metodologiyasına əsaslandıqda, işçilərin təxminən 25 faizinin maaşı minimum əməkhaqqına bərabərdir. MDB ölkələrində 230 milyonluq əhalinin 20 milyonu təxminən həmin əməkhaqqı məbləğinə uyğun maaş alır. Azərbaycan isə Rusiyadan sonra minimum əməkhaqqının səviyyəsinə görə ikinci yerdədir. Bu o deməkdir ki,  MDB üzrə minimum əməkhaqqı alanların böyük bir qismi Azərbaycan vətəndaşları ilə müqayisədə xeyli aşağı maaş alır.

Burada bir məqamı da nəzərə almaq gərəkdir, minimum əməkhaqqının artması növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını şərtləndirəcək. Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında əlavə artımlar da baş verəcək.


“Azadlıq” radiosu və Zöhrab İsmayılın digər iddiası da ciddi və tutarlı arqumentə əsaslanmır. Söhbət onun minimum əməkhaqqının kirayədə qalan insanların kirayə pulunu ödəmələrinə kifayət etməməsi haqqında fikirlərindən gedir. Birincisi, hər kəsə aydındır ki, heç kim ev kirayəsini minimum əməkhaqqı ilə ödəmir, hamımız real həyat standartlarını yaxşı görürük. Mənzil kirayələyənlərin 100-də 100 faizi öz aylıq qazancına uyğun olaraq ev icarə edir, onlar normal maaş aldıqları halda kirayə mənzil tutur, çünki minimum əməkhaqqı ilə bunun mümkün olmadığı 1-ci sinif şagirdinə də məlumdur. İkincisi, iqtisadçı-ekspert hələ də anlamır ki, minimum əməkhaqqı heç bir ölkədə kirayə mənzil haqqını ödəmək üçün müəyyənləşmiş sosial normativ deyil. Bütün dünya ölkələrində, o cümlədən də, Z.İsmayılın qrant aldığı Avropada da yüz minlərlə insan kirayədə yaşayır və bilirlər ki, hökumətin onlara verdiyi minimum əməkhaqqı ilə kirayə haqqını ödəmək mümkün deyil. Avropa Birliyi ölkələrində ikiotaqlı orta tipli mənzilin aylıq kirayə qiyməti 600-2000 avro arası dəyişir. Məsələn, Romada bu rəqəm 1700-1800 avro, Madriddə 1500 avro, Paris və Londonda 1900 avro, Varşava və Praqada 1200, Bratislavada 1000 avrodur.  (Mənbə)


Yuxarıda qeyd etdiyimiz kimi Avropa Birliyi ölkələrində minimum əməkhaqqının orta aylıq məbləği təxminən 900-1000 avrodur. Həmin pulla demək bir aylıq kirayə haqqını ödəmək mümkün deyil. Hətta Polşada minimum əməkhaqqının 700 avro, mənzil kirayəsinin isə 1200 avro olmasını nəzərə alsaq, bu qənaətə gəlmıək mümkündür ki, evi olmayan insanlar hər ay əlavə 500 avro borclanmalıdır. Yəni, Avropa ölkələrində də ev kirayəsi minimum əməkhaqqı ilə deyil, normal maaş hesabına ödənilir.  Bu cür müqayisələr üçün kifayət qədər mövzu vardır və uyğunsuz və məntiqsiz olduğundan belə paralellərin aparılmasına zərurət duymuruq.

Nəticə: Bəlli olur ki, "Azadlıq radiosu"nun dərc etdiyi bu məqalədə minimum əməkhaqqının artırılması hadisəsinin mahiyyəti doğru izah olunmur, şərhlər məqsədli yönləndirilir, yanlış məlumatlarla manipulyasiya edilir. Məqalə hazırlanarkən artımla bağlı fikirləri əsaslandırmaq üçün hökumətin mövqeyini şərh edəcək mütəxəssisə müraciət edilməyib. Bu isə jurnalist peşə prinsiplərinə ziddir.