Sosial şəbəkə hesabında paylaşdığı statusunda Fuad Qəhrəmanlı içməli suyun keyfiyyəti, daha doğrusu, keyfiyyətsizliyi barədə həyəcan təbili çalıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin keçmiş müavini su filtri satan əməkdaşların cihazına əsaslanıb və iki cihazla yoxlandıqdan sonra nəticənin dəhşət olduğunu bildirib: “Əməkdaşlar içməli suyun maksimum çirklənmə normasının 65 - 70 vahid olduğunu bildirdilər. Yoxlama nəticəsində bəlli oldu ki, evə gələn su xəttindəki suyun çirklənmə dərəcəsi 312 vahiddir. Bu isə evlərə verilən suyun nəinki birbaşa içməyə, çay və ya yemək hazırlamağa, heç əl yumağa, hamamda işlətməyə belə yaramadığı deməkdir. Çünki bu göstərici texniki məqsədlə istifadə olunan suyun çirklənmə dərəcəsindən belə yuxarıdır”.
Adi ticarət hiyləsi, yoxsa həqiqət?
Fuad Qəhrəmanlı, elə bu statusunda özü qaldırdığı məsələdə problemin suda yox, cihazda olduğunu qəbul edib. Onun yazdığına görə, su filtri satmaq istəyənlər həmin vaxt mənzildə olan "Slavyanka" markalı suyu da yoxlayıb və onu da çirkli qiymətləndirib, düz 128 vahid. Amma nədənsə F. Qəhrəmanlı fikrindən dönməyib və hətta statusa şərh yazanlarla söz güləşdirib.
Yəqin ki, aramızda günün axşam saatlarında qapısı döyülən və satdığı su filtrinin təqdimatı üçün qapıda dayanan israrçı gənclərlə qarşılaşanlar çoxdur. Bir gəncin hesabına bonus yazılması xatirinə də olsa, onun filtr haqqında dediklərinə də, su ilə bağlı göstərdiklərinə də, demək olar ki, hər kəs zaman ayırıb. Amma böyük əksəriyyət bunun bir biznes hiyləsi olduğunu görüb, “məqsəd sadəcə ticarətdir” deyib keçib, bəziləri içməli suyunu dəyişib, qapıya gələn gənc bir az şanslıdısa, onun təklif etdiyi filtrə talib olub. Yəqin ki, çox az adam olub ki, kimin haqlı olduğuyla maraqlansın. Doğrudanmı, evlərimizə axan su DƏHŞƏTDİR?!
Faktyoxla Lab. faktı araşdırıb.
“Azərsu” ASC-dən bildirilib ki, daha çox su filtrləri (süzgəc) satan şirkətlərin maraqlarına xidmət edən bu fikirlər kökündən yanlışdır: “TDS aparatı ilə yoxlanılan və çirklilik səviyyəsi 312 vahid göstərilən su, əslində içməlidir. Burada 312 evlərimizə gələn suyun tərkibindəki ümumi mineralların yolverilən qatılıq həddini göstərir. Başqa sözlə, bu gün Bakıya verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir”.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vurğulayıb ki, bu iddiaları çürüdən yetərli informasiya cəmiyyətə ötürülüb: “Bir daha insanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanılması, sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olarsa, o, içməyə yararlı su sayılır”.
Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə irəli sürdüyü iddiaları insanları aldatmaq cəhdi kimi qiymətləndirən A.Cəbrayıllı özünün də bir neçə dəfə belə halla qarşılaşdığını deyib:
“Təəssüf ki, jurnalistlər suyun keyfiyyəti ilə bağlı yazı hazırlayarkən bu məlumatlardan istifadə etmirlər. Filtr satan şirkətlərin əməkdaşları isə insanların bu sahədə bilgilərinin az olmasında sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. “Azərsu” ASC olaraq bir daha bəyan edirik ki, bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur və içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir”.
Bəs, Səhiyyə Nazirliyi nə düşünür?
Qurumun mətbuat xidmətindən bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qaydada əhaliyə verilən içməli suyun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzərində dövlət sanitariya nəzarəti təmin edilir: “Nəzərdə tutulmuş tədbirlər planına əsasən, su təchizatı şəbəkəsində müəyyən edilmiş stasionar nöqtələrdən, məhəllədaxili su anbarlarından, mərkəzi su anbarları və nasos stansiyalarından, yerli su təchizatı mənbələrindən götürüklən nümunələr üzərində mütəmadi olaraq laborator tədqiqat üsullarının tətbiqi ilə monitorinqlər aparılır və nəticələrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Bu il GEM-in laboratoriyalarında su təchizatına nəzarət zamanı respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülüb təqdim edilmiş 704 su nümunəsi, mərkəzi və məhəllədaxili su anbarlarının il ərzində yuyulub zərərsizləşdirilməsi üzərində aparılan nəzarət gedişində 396 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyalarından 1307 su nümunəsi, paylayıcı şəbəkədən 1223 su nümunəsi, respublikanın 29 rayonunun 1067 kənd və qəsəbə yaşayış məntəqələrinin yerli su mənbələrindən götürülmüş 1724 su nümunəsi orqanoleptik, kimyəvi və mikrobioloji göstəricilərinə görə laboratoriya müayinəsinə cəlb edilib”.
Qurumun mətbuat xidmətinin sorğumuza cavabından belə görünür ki, laboratoriya müayinələrinin nəticəsi öz təxəyyülümüzün ixtiyarına buraxılıb. Burada suyun təmizliyini təsdiq ya da inkar edəcək hər hansı qeyd yoxdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi öz açıqlamasında suyun təmizliyini əsaslandıra bilməyib, çirkliliklə bağlı iddiaları isə dilucu rədd etməyə çalışıb: “Məhlulların elektrik keçiriciliyinə görə mənbəyi məlum olmayan xüsusi cihazdan istifadə etməklə suyun çirklənmə göstəricisi kimi əsas qəbul edilmir”.
(Hər halda belə demək istəyirlər: “Məhlulların elektrik keçiriciliyinə görə mənbəyi məlum olmayan xüsusi cihazdan istifadə etməklə əldə edilən nəticə suyun çirklənmə göstəricisi olaraq qəbul edilməməlidir. – red.)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da su ilə bağlı deyilənlərlə razılaşmır: “Azərbaycanda 20-dən çox su filtrinin satışı həyata keçirilir. Onların qapılarımızı döyüb su analizi apardıqları aparatların hamısından AİB-də var. Bu aparatlarla əldə edilən nəticə sadə elektroliz hadisəsidir. Bu zaman katoda elektrodlar uçur və mineralları bulandırır. Çox adi bir hadisədir. Su filtri satanlara inanmazdan öncə fizikanın qanunlarını öyrənsinlər”.
E.Hüseynov su filtri satanların özündən də AİB-ə şikayət daxil olduğunu bildirib: “İmişli rayonunun Çaxırlı kənd sakini Vüqar Əkbərov “Kazimoff Group” şirkətinin satdığı filtrlərdən və münasibətdən bizə şikayət edib. O da şirkət əməkdaşı Bəxtiyar adlı şəxsin “çirkli su” oyununa inanıb və dəyəri 1690 manat olan filtr alıb. Ancaq tezliklə sudan xoşagəlməz qoxu və dad gəldiyini hiss ediblər. Şirkət əməkdaşları bunu filtrin yeni olmasıyla izah edərək bu narahatlığın qısa müddətə aradan qalxacağını bildiriblər. Amma əksinə olub. Getdikcə filtr daha az su süzüb və yüksək səslə işləyib. Ailə üzvləri arasında qarınağrısı, boğazda quruluq müşahidə olunub və cihazdan istifadəni dayandırıblar. Filtri geri qaytarmaq istəyəndə isə başqa problemlə qarşılaşıblar. Bu problemlər bir yana, vətəndaşa hələ 600 manat cərimə ödəməli olduğunu da deyiblər. Bu barədə İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək vətəndaşın hüququnu təmin etmək üçün onlardan kömək istədim”.
Ekspert bu sadə yollarla suyun tərkibini öyrənməyin mümkün olmadığını da iddia edir. Onun fikrincə, suyun məziyyətlərinə bələd olmaq üçün 300-dən artıq araşdırma-analiz aparılmalıdır: “Mən Dünya Su konqresinin iştirakçısı olmuşam. 25 min insanın iştirak etdiyi həmin konqresdə suyun ilahiliyini bir daha dərk eləmişəm. Onu da öyrənmişəm ki, 5 nəfərlik bir ailədə birinə cod, digərinə yumşaldılmış su faydalı ola bilər. Su hələ genetik səviyyədə araşdırılmayıb”.
Evimizdəki içməli suyun tərkibi ilə bağlı narahatlıqlara gəlincə, AİB rəhbəri hesab edir ki, göstərildiyi qədər böyük olmasa da, müəyyən problemlər var: “Əlbəttə, evlərimizə gələn sudan şikayətlər daxil olur. Qeyd etməliyik ki, Bakının su infrastrukturu həddindən artıq köhnəlib. Ona görə də boru partlaması və ya təmir zamanı hətta çirkab suların içməli suya qarışması halları da baş verir”.
NƏTİCƏ:
Bakının su infrastrukturunun həddindən artıq köhnəlməsi, su, qaz xətlərində aparılan təmir və b. hallarla əlaqədar baş verən boru partlamaları, çirkab suların və ya torpağın içməli suya qarışması kimi faktlar istisna olmaqla, ölkədə içməli suyun tərkibi ilə bağlı narahatlıqlar real deyil. Çünki su təchizatı şəbəkəsində müəyyən edilmiş stasionar nöqtələrdən, məhəllədaxili su anbarlarından, mərkəzi su anbarları və nasos stansiyalarından, yerli su təchizatı mənbələrindən nümunələr götürülərək mütəmadi olaraq laborator tədqiqat üsullarının tətbiqi ilə monitorinqlər aparılır və monitorinq nəticələri ilə əlaqədar müvafiq tədbirlər görülür. Əhalinin içməli suya olan tələbatını ödəyən qurum isə istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən suyun standartlara tam uyğun olduğunu bildirir.