Mediada boks idman növünün 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarından tamamilə uzaqlaşdırılması məsələsi müzakirə olunur. Bu xəbəri oxuyub, öz düşüncəsi ilə şərh edən Altay Göyüşov “Facebook”da yazdığı statusda boksun olimpiya oyunlarının proqramına daxil edilməməsini Azərbaycanla bağlayıb. Altay Göyüşovun düşüncəsinə görə, Azərbaycan Beynəlxalq Boks Assosiasiyasına 10 milyon dollar rüşvət verdiyi üçün belə qərar qəbul edilib: “Deməli, boks idman növünün 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarından tamamilə uzaqlaşdırılması məsələsi müzakirə olunur. Əsas səbəblərdən biri isə bizim hökumətin Dünya Boks Federasiyasına verdiyi 10 milyon dollarlıq rüşvətdir. Hesabat haqqında məlumatı oxuyanda, mənə ən çox təsir edən isə o oldu ki, təsəvvür edin, rüşvətxorluqla razılaşmayan işçiləri Dünya Boks Federasiyasındakı işlərindən çıxartmağa müvəffəq olublar”.

Faktyoxla Lab. bu məlumatı araşdırıb. Doğrudanmı BOK boksu rüşvət qalmaqalına görə olimpiya oyunlarının proqramına salmayıb?

Maraqlıdır ki, Altay Göyüşovun istinad etdiyi bir saytlardan biri ABŞ ən böyük qumar saytı (https://bestbetusa.com/ ), digəri isə elə də nüfuzu olmayan https://www.playthegame.org/  saytıdır. İkinci saytdakı məlumat isə köhnə, daha dəqiq desək 12.11.2020 tarixinin məlumatıdır. Altay Göyüşovun istinad etdiyi bu iki saytdan başqa digər məşhur KİV-lərdə boksun Olimpiya oyunlarından kənarlaşmasının Azərbaycanla bağlı olduğuna rast gəlinmədi.

Məlumata gəldikdə isə qeyd edək ki, boks, ağır atletika və müasir beşnövçülük 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiya oyunlarının proqramına daxil edilməyib. Bu barədə məlumatı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytı yayıb.  (Mənbə) Artıq olimpiya oyunlarında 28 idman növünün olacağı təsdiqini tapıb. Amma bu o demək deyil ki, proqrama başqa idman növləri daxil edilməyəcək. Boks, ağır atletika və müasir beşnövçülüklə bağlı məsələyə BOK-un 2023-cü ildə keçiriləcək iclasında baxılacaq. Həmin vaxta qədər isə Beynəlxalq Boks Assosiasiyası (AIBA) bir sıra problemləri həll etməlidir.

Üstəlik, Altay Göyüşovun sevinməsi üçün də əsas yoxdur. Çünki boksa qarşı 2019-cu ildə tətbiq olunan sanksiyaların 2023-cü ildə aradan qaldırılması ehtimalı böyükdür. Böyük ehtimalla, boks 2028-ci il olimpiadasının proqramında olacaq. Bu barədə məlumatı da dekabrın 9-da Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax verib:

“Biz aralıq hesabatı dinlədik, AİBA ilə məsləhətləşərək yol xəritəsini araşdırdıq və aşağıdakı tövsiyələri verdik: maliyyə şəffaflığı və sabitliyi təmin etmək, hakimliklə bağlı problemi həll etmək, təklif olunan dəyişiklikləri saxlamaq. Bu tələblər yerinə yetirilərsə, BOK-un sanksiyaları 2023-cü ildə ləğv edilə bilər” (Mənbə).

A.Göyüşovun istinad etdiyi saytda yazılan 10 mln dollarlıq “rüşvət” məsələsinə gəlincə isə bu mövzu 2012-ci ildə ciddi rezonans doğrumuşdu, qurama məlumat olduğu üçün aktuallığını dərhal itirdi. Yalnız tarixçi müəllimin həmfikirləri, erməni saytları və yuxarıda qeyd olunan qumar saytları hərdən mövzuya qayıdırlar. 

Ümumiyyətlə, London Olimpiadası ən çox boks yarışları ilə bağlı qalmaqallarla yadda qaldı. Bir çox boks ekspertləri və azarkeşləri London Olimpiadasındakı boks yarışlarında baş verənləri “ürəkbulandıran” adlandırırdılar. Onlardan bəziləri iddia edirlər ki, boks “cığallığa” ən geniş qucaq açan yarış növü olub. Ekspertlərin fikrincə, boks yarışlarında tətbiq olunan xalhesablama sistemi tamamilə ədalətsizdir. Başqa bir problem isə ekspertlərin AİBA-nı həvəskar boksu öldürüb, onu peşəkar boksla birləşdirmək cəhdləri barədə səsləndirdikləri ittihamdır. Britaniya mətbuatı yazırdı ki, AİBA artıq öz adındakı “həvəskar” sözünü də bilərəkdən dövriyyədən çıxarır.

Azərbaycan olimpiya millisinin adıçəkilən çəki kateqoriyasında döyüşən boksçusunun – Məhəmməd Əbdülhəmidovun yaponiyalı Satoshi Shimizu ilə matçda qalib gəlməsini, sonra bu qələbənin onun əlindən alınmasını və Türkmənistanlı referi İşanqulu Meretniyazovun Olimpiadadan qovulmasını dünyanın bir çox agentlikləri, qəzetləri və telekanalları məhz “komik” sözü ilə izah etmişdilər.


“Teymur Məmmədov tam udmuşdu. İki dəfə italiyalı boksçunu nokauta saldı, amma qələbəni götürüb verdilər uduzan italiyalı boksçuya. Elə şey olar? Teymur iki raundu qələbə ilə başa vurdu, amma ona götürüb iki xal verirlər. ”

Qeyd edək ki, Altay Göyüşovun məlum statusuna bir çox boks azarkeşi həmin məqamları xatırladıb, Azərbaycana qarşı böyük haqsızlıq olduğunu qeyd ediblər. Təəssüf ki, status müəllifi bu məqamlara əhəmiyyət verməyib və ya görməzdən gəlib. 

Biz isə öz növbəmizdə xatırladırıq ki, 2012-ci ildə rüşvətlə bağlı məlumata ilk reaksiya elə AİBA-nın özündən gəlmişdi. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı irəli sürülən qızıl medal qarşılığında rüşvət ittihamını əsassız sayıb. (Mənbə). Bu barədə beynəlxalq qurumun xüsusi təhqiqat komitəsinin araşdırması yekunlaşdıqdan sonra açıqlama verilmişdi.

Sayt qeyd edir ki, 2012-ci ilin sentyabrında “BBC Newsnight” proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödənməsi ilə bağlı məlumat verilib. Gizli mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının “London-2012”-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia edib. Məsələ ilə əlaqədar AİBA 5 nəfərdən ibarət xüsusi təhqiqat komitəsi yaradıb. Komitə televiziya verilişində səslənən faktların araşdırılması ilə məşğul olub. Araşdırma nəticəsində aydınlaşıb ki, söhbət fərdi sahibkar Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir. Nəticədə Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb.

Beynəlxalq Olimpiya Komitəsi boksa qarşı sanksiyanı 2019-cu ildə tətbiq edib. Özü də əsas kimi  Beynəlxalq Boks Assosiasiyasının  (AIBA) maliyyə problemləri, borclu olması və hakimliklə bağlı yaşanan qalmaqallar göstərilib.

Bu sanksiyalardan sonra AIBA-nın prezidenti dəyişib. İndi quruma 2020-ci ilin sonlarından rusiyalı Umar Kremlev başçılıq edir. Kremlev bildirib ki, Beynəlxalq Boks Assosiasiyası Azərbaycanın “Benkons” MMC şirkətinə olan 10 milyon dollar borcunu ödəyib (Mənbə ). Bu vəsaiti bir neçə il əvvəl AIBA Ümumdünya Boks Seriyası layihəsinin inkişafı üçün borc qismində almışdı.

Yəni Altay Göyüşovun  iddia etdiyi kimi AIBA-ya rüşvət verilməyib, hansısa bir şirkət boks yarışı layihəsinin inkişafı və həm də özünün gəlir əldə etməsi üçün təşkilata borc verib. İstənilən ölkənin istənilən təşkilatı ayrı-ayrı idman növlərində belə yatırımlar edirlər. Burada qəbahət yoxdur və belə borcvermələr də rüşvət sayılmır.

Beləliklə, aydın olur ki, Altay Göyüşovun boks yarışlarının Olimpiya oyunlarının proqramından çıxarılacağı ilə bağlı iddiası kökündən yanlışdır. Onun Azərbaycan dövlətinin guya AIBA-ya 10 milyon dollar rüşvət verməsi ilə bağlı dedikləri də əsassız, saxta məlumatdır.