AXCP sədri Əli Kərimlinin davamlı olaraq hökumətin iqtisadi və sosial siyasətini kəskin tənqid edir, mövzudan mövzuya keçərək, neftdən tutmuş sosial siyasətə baş vurur, şərh verir, status ayzır, sitat gətirir, bununla da mövcudluğunu sübut etməyə çalışır. Əks-arqumentləri dinləmir və ya dinləmək istəmirlər, normal izahı isə sosial şəbəkələrdə linçlə cavab verirlər. Kərimlinin müxtəlif iqtisadçılara, ətrafındakı mütəxəsislərə istinadən yaydığı şərhlər çoxdur.

Faktyoxla Lab. Əli Kərimlinin periodik təkrarladığı hər 4-5 statusundan birini seçmə üsulu ilə götürərək araşdırıb.

1-ci iddia. Əli Kərimlinin neft sahəsində gəlirlərin azalması və yaxud zərərlərin yaranması barədə ittihamlarının nə dərəcədə əsaslı olub-olmamasına aydınlıq gətirməyə çalışaq.

Kərimli iddia deyir ki, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti zərərlə işləyir və nəticədə dövlət 2021-ci ilin ötən 9 ayı ərzində 6,1 milyard manatdan xalis gəlirlərini itirib.

Sitat: “Dövlət Neft Fondu “valyuta məzənnələrinin dəyişməsi ilə” 2 milyard manat ziyana düşüb. SOCAR 1.3 milyard dollar (2.2 milyard manat) kredit alıb. SOCAR-ın Dövlət Neft Fonduna borcu 1.134 milyard dollar (1.930 milyard manat) olub. Əli pul ilə oynayan, dövlətə əlavə pul qazandırmalı olan yalnız iki dövlət qurumunun cəmi 3 uğursuz işi üzrə dövlətə - sənə, mənə, hamımıza birlikdə 6 milyard 130 milyon manat zərər dəyib. Bu pulla millətin 2.6 milyon uşağına iki il normal uşaq pulu vermək olardı”. 

Həqiqətənmi DNF və SOCAR 6 milyard 2021-ci ilin ötən 9 ayında 6 milyard manatdan çox zərərlə işləyib?
Öncə Dövlət Neft Fondunun (DNF) maliyyə göstəricilərinə diqqət edək. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində DNF-nin büdcə gəlirləri 10.444,5 mln. manat, büdcə xərcləri isə 7.328,2 mln. manat təşkil edib. Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8.178,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7.384,4 mln. manat, bonus ödənişləri 772 mln. manat, tranzit gəlirləri 16,5 mln. manat, akrhesabı ödənişlər 5,3 mln. manat təşkil edib. Beləliklə, hesabat dövrü ərzində DNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirləri 2 milyard 266 milyon manata bərabər olub. Yəni, Fond 9 ayı 2,3 milyard manata yaxın mənfəətlə başa vurub.  (Mənbə: APA)

Məlumdur ki, Neft Fondu öz aktivlərinin böyük bir hissəsini dünyanın ən nüfuzlu bank və maliyyə institutlarında yerləşdirib və həmin vəsaitlərdən orta hesabla 1-1,8 faiz gəlir əldə edir. Pandemiya səbəbindən yumşaq monetar siyasət yürüdən əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini il ərzində aşağı salıb və bu səbəbdən DNF-nin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərcləri artaraq 1 milyard 990 milyon manat təşkil etib. Ancaq bütün bunlara rəğmən Fondun digər investisiyalardakı aktivləri üzrə gəlirlilik, həmçinin Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən gəlirləri də artıb. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Xüsusilə də, artım, büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına qeydə alınıb.
Beləliklə, DNF-nin aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 1.52% artaraq 44 milyard 226,4 milyon dollar təşkil edib. Bu isə, Azərbaycanın strateji valyuta ehtiyatlarının DNF-dəki payı 9 ayda artdığına işarədir.  (Mənbə: oilfund.az)

Göründüyü kimi Neft Fondu cari ilin ötən 9 ayında büdcə gəlirlərini 3 milyard artırıb və büdcədənkənar xərcləri ümumi gəlirlərdən çıxdıqda Fond ən azı 1 milyard manat xalis gəlir əldə edib. Bu arqumenti oxuyub, normal dərk edən siyasətçinin “Dövlət Neft Fondu “2 milyard manat ziyana düşüb” ittihamını səsləndirməsi ən mədəni halda iqtisadi savadsızlığının göstəricisidir. Yox əgər, siyasətçi, (lap elə adi peşə sahibi) bu iddiaları  məlumatlarla tanış olmadan  irəli sürüsə, ən yaxşı halda siyasi dələduz və manpulyatordur.

2-ci iddia. SOCAR-ın “zərərləri”nə gəlincə, iqtisadiyyatdan az-çox başı çıxan istənilən şəxs yaxşı bilir ki, iri şirkətlər arasında mal və xidmətlərin satışı üzrə qarşılıqlı borcların yaranması bazar iqtisadiyyatının normal bir qaydasıdır, çünki bu borc dövlətin maliyyə yükü deyil, həmin qurumun daxili öhdəliyidir. Məlum olduğu kimi 2007-2008-ci illərdə qlobal böhranla bağlı xam neftin qiyməti kəskin aşağı düşdüyündən SOCAR-ın qiymət fərqi üzrə 2016-2020 illər üzrə borc öhdəliyi yaranıb. (Mənbə)

Və SOCAR öz maliyyə öhdəlikləri ilə bağlı siyasətinə əsasən, DNF-nin qarafik üzrə borclarını qaytarmağı nəzərdə tutur, 2021-ci ildə Neft Fonduna 235 milyon dollar ödənişi gerçəkləşməkdədir. Bütün bunlarla bərabər, SOCAR-ın nə dövlət büdcəsi, nə xarici tərəfdaşları, nə öz çoxminli işçi heyəti, nə də ki, investisiya layihələrində heş bir əskiklik yoxdur. Yəni, Neft Şirkətinin dayanıqlı maliyyə vəziyyəti vardır və dövlətə hansısa zərərlərindən söhbət gedə bilməz. 
SOCAR-ın 1,3 milyard dollar kredit cəlb etməsinə gəlincə, məlumdur ki, bütün dünyada iri enerji şirkətləri, neft-qaz korporasiyaları borc alıb, borc verir, öz layihələrinə investisiya cəlb edir, bu isə iqtisadiyyatın adi bir qanunauyğunluğudur. Qardaş Türkiyədə nəhəng sərmayə proqramını icra edən “SOCAR Türkiyə”nin təkrar maliyyələşdirmə məqsədi ilə “JP Morgan” və “Citi” kimi maliyyə institutlarından 1,3 milyard dollar kredit alması da investisiya siyasətinin adi bir tələbidir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmır. (Mənbə)

Başa düşmək (ən mədəni formada deyirik) lazımdır ki, həmin 1,3 milyard kredit sosial xərc deyil ki, qayıtmasın, bu vəsait sərmayə resursudur və  yaxın illərdə bir neçə milyard dollar mənfəət gətirəcək. 5 il ərzində geri qaytarılacaq kredit isə “SOCAR Türkiyə”nin ilbəil artan ixrac və maliyyə imkanları hesabına qaytarılacaq və bu borcun Neft Şirkətinin digər tərəfdaşları, öz işçiləri, daxili sərmayə planları, vergi və büdcə öhdəliyinə heç bir adidiyyatı yoxdur! Ən əsas məsələ isə budur ki, kredit dövlət büdcəsi hesabına qaytarılmır, kredit birbaşa “SOCAR Türkiyə” ilə “JP Morgan” və “Citi” arasında qarşılıqlı anlaşma öhdəliyidir. Fikrimizcə, bu qədər sadə iqtisadi fenomeni bilməmək bir yana, bilməyib belə bir sistemi tənqid etməyə qalxmaq, anlamadığın mövzuda şərh vermək diletantlıqdan çox, savadsızlığın əlamətidir, necə ki, Əli Kərimli tərəfindən nümayiş olunur.

3-cü iddia. Kərimlinin israrla xüsusi üzərində dayandığı digər mövzuya - dövlətin uşaqların, müharibə veteranları və qazilərin, şəhid ailələrinin sosial müdafiəsində heç bir addım atmadığına dair ittihamlarına aydınlıq gətirməyə çalışaq.
Kərimli deyir ki, müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin də haqqını tələb etməliyik. Maaş və pensiyaların artırılmasını da məhz indi tələb etməliyik.
Sitat: “Əvvəla ona görə ki, məhz yaxın həftələrdə 2022-ci ilin dövlət büdcəsi qəbul olunacaq. Məhz indi hökumət xalqın hamılıqla tələblərini görməlidir. İkincisi, məhz indi xüsusən də neft və qazın qiymətinin qalxması nəticəsində  dövlətin çox böyük imkanları yaranıb. 2021-ci ilin doqquz ayında ölkəmizin icmal büdcəsində faktiki olaraq 3 milyard 563,1 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Üstəlik  Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin 8 ayı ərzində 542 milyon 400 min dollar (920 milyon manat) artıb. Başqa dövlətlərin hökumətləri pandemiyanın daha da artırdığı sosial gərginliyi aradan qaldırmaq üçün valyuta rezervlərini xərcləyir, hətta borc edir, ancaq xalqlarına milyardlarla dollarlıq sosial paketlər təqdim edir. Biz də birlikdə səsimizi ucaldaraq hökumətə başa salmalıyıq ki, indi korrupsiyanı davam etdirmək, büdcə profisiti ilə öyünmək, rezerv artırmağa aludə  olmaq insafsızlıqdır. Xalqımız çox əziyyət çəkir. Xalqın uşaqlarının faktiki olaraq yarıdan çoxu yoxsulluq şəraitində böyüyür. Savaş qəhrəmanlarımız, şəhid ailələrimiz, işsiz, yoxsul əhalimiz pərişandır. Hakimiyyət 2022-ci ilin dövlət büdcəsində uşaqpulu nəzərdə tutmalıdır. Şəhid ailələrinin, qazilərin, veteranların müavinətini ciddi şəkildə artırmalıdır”.

Birincisi,
büdcədə 9 ay ərzində 3 milyard manat profisit yaranmayıb. Bu rəqəmi Kərimli haradan icad edibdir, həqiqətən də çox maraqlıdır. Ortada konkret real rəqəmlər var. 2021-ci ilin doqquz ayı ərzində Azərbaycan dövlət büdcəsinin icrasına dair məlumata baxmaqla belə cəbhəçilərin liderinin ağlasığmaz yalanını ifşa etmək olar. Həmin dövrdə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Ələxsus da, büdcədə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) ümumi xərclərin 43,2 faizini təşkil edib. Hökumət sosial sahəyə 7 milyard 655,2 mln. manat məbləğində vəsait xərcləyib ki, bu da 2020-ci ilin ilin eyni dövrü ilə müqayisədə 483,5 mln. manat və ya 6,7 faiz çoxdur. Yəni, hökumət 9 ayda sosial təminat sahəsinə proqnozdan əlavə 500 milyon manata yaxın əlavə pul xərcləyib. Hökumət bütün büdcə-maliyyə öhdəliklərini tam həcmdə icra etdikdən sonra dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb, 3 milyard deyil.  (Mənbə: maliyye.gov.az)

İkincisi, 2022-ci ilin büdcə zərfinə daxil olan 10-dan çox iqtisadi və sosial məzmunlu sənədlərdə şəhid ailələri, qazilər, müavinət və sosial təqaüdlərinin artımı, sosial-məişət şəraitinin yaxşılaşdırılması və mənzil təminatı ilə bağlı da büdcədə əlavə tədbirlər nəzərdə tutulub. Növbəti ildə büdcədə sosial müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün 2 milyard 528 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2021-ci illə müqayisədə 407,5 milyon manat və ya 19,2 faiz çoxdur. Həmin vəsaitlərin xərc yükündə şəhid ailələri, qazilər, müharibə veteranlarının müavinət və sosial təqaüdlərinin artırılması 15 faizdən çox yer tutur. Eyni zamanda, Birinci Qarabağ müharibəsi  zamanı xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara və   onların varislərinə sığorta məbləğinin ödənilməsi üçün 2022-ci  ilin  dövlət  büdcəsindən 67 milyon manat ayrılacaq. (Mənbə) 

Milli Məclisdə bu günlərdə Vergi Məcəlləsinə edilən dəyişikliklər təsdiq olundu və həmin sənəddə ən mühüm dəyişiklik məhz şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına vergi güzəştlərinin tətbiqidir. Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib. Həmçinin, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Ümumilikdə, gəlir vergisi üzrə digər dəyişikliklər də şəhid ailələrinin üzvlərini, qaziləri vergilərdən azad edir. (Mənbə: vergiler.az)

Göründüyü kimi dövlətin qazilərə, müharibə veteranlarına həssas və doğma münasibəti davamlıdır, Kərimlinin hökuməti ögey münasibətdə ittiham etməyə heç bir hüquqi-iqtisadi əsası yoxdur. 


Və nəhayət dördüncü iddia. Ə.Kərimlinin uşaqpulu mövzusunda hökuməti hədəfə alan fikirlərinə də aydınlıq gətirək. O iddia edir ki, hökumətin uşaqlara sosial qayğısı yoxdur və dövlət büdcəsindən uşaqların sosial müdafiəsi, təminatı ilə bağlı vəsait ayrılmır. Sitat: Xalqımızın uşaq puluna ehtiyacı varmı? Var. Ölkədəki 2.6 milyon uşağın yarıdan çoxu yoxsulluq içində böyüyür. 2.6 milyon uşağın azı 90 faizinin dövlətin qayğısına - uşaqpuluna ehtiyacı var. Təəssüf ki, hökumət uşaqpulu verməyi builki büdcədə də nəzərdə tutmayıb. Büdcənin qəbuluna isə sayılı günlər qalıb. Uşaqpulu tələbimizin daha bir il də nəticəsiz qalmaması üçün hər gündən maksimum istifadə edib, uşaqpulu tələbinin ümumxalq tələbi olduğunu hakimiyyətə anlatmalıyıq”.

Bu iddiaların da əsassız olmasını sübut etmək üçün konkret nəzərdə tutulan sosial tədbirlər üzrə faktlara istinad edək.
Məlumdur ki, hazırda ölkədə təxminən 20-yə yaxın sosial müavinət növü vardır, müxtəlif proqramlar çərçivəsində maliyyələşdirilən müavinətlərin 14-ü məhz uşaqların sosial müdafiəsini nəzərdə tutur. (Mənbə)

Hazırda ölkəmizdə uşağın anadan olmasına görə 200 manat birdəfəlik, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə 55 manat məbləğində müavinət verilir. Bundan başqa, 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinət verilir, qulluğa görə - 44 manat.
Digər bir sosial müdafiə tədbiri 5-dən çox uşağı olan qadınlara müavinətlərin verilməsidir. Beşdən çox uşaq dünyaya gətirib, tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. Hər uşağa görə müavinət 2019-ci ilin aprelin 1-dən 55 manat məbləğində müəyyənləşdirilib. Bundan başqa, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən,  müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin məbləği artırılaraq 68 manatdan 100 manata çatdırılacaq.
Digər bir müavinət sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial təminatla bağlıdır. Müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib.
Bundan başqa, ailə başçısını itirməyə görə, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası  ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları və sağlamlıq imkanları məhdud 95 mindən çox uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. Bütün bu sosial kateqoriya üzrə müavinət alan uşaqların sayı 120 mindən artıqdır.  (Mənbə)

Ümumilikdə il ərzində Azərbaycanda 550 mindən artıq uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.
Bu gün ölkəmizdə 70 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir, bu, təxminən, 350 min insan deməkdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin üzvlərinin 60 faizini isə uşaqlar təşkil edir, yəni yardımla əhatə edilən insanların 250-270 nəfəri uşaqlardır. 2022-ci ildə ehtiyac meyarının artması nəticəsində həmin yardım məbləği də artmış olacaq.
Məlum olduğu kimi ehtiyac meyarı həddi əsas etibarilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə tətbiq edilir. Yəni, sosial yardım alanlar üçün aylıq məbləğ ehtiyac meyarına əsasən, müəyyənləşir. 2021-ci ildə ehtiyac meyarının həddi 170 manat təşkil edib. Növbəti ildən isə bu rəqəm təxminən 20 faiz artırılıb.

 
Milli Məclis tərəfindən “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi təsdiqlənib və ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilib. (Mənbə)
Beləliklə, ünvanlı yardım alanların sosial müavinəti də avtomatik olaraq 20 faiz artmış olacaq. Qeyd edək ki, hazırda bir ailəyə düşən ünvanlı yardımın həcmi 2021-ci ilin yanvarın ayından etibarən artaraq hazırda 270,2 manata çatıb. (Mənbə)
Demək, 2022-ci il yanvarın 1-dən etibarən bir ailəyə hesablanmış ünvanlı yardımın məbləği təxminən 55 manat artaraq (20 faiz) 270 manatdan 325 manata çatdırılacaq. Həmin vəsaitin 55-60 faizi uşaqların istehlakı və sosial müdafiəsi üçün nəzərdə tutulduğundan bu o deməkdir ki, bir ailədəki uşaqlara düşən sosial yardımım məbləği 180-190 manat olacaqdır. Əgər ailədə 2 uşaq varsa, bir nəfər üçün nəzərdə tutulan məbləğ 80 manat təşkil edəcəkdir.
Bu o deməkdir ki, 2022-ci ildə ünvanlı yardımla əhatə olunmuş 270 min nəfərə yaxın uşağın yardım məbləği 20 faiz artacaqdır.
2022-ci il yanvarın 1-dən etibarən sosial müavinətlərin artırılması uşaqlar üçün müəyyən edilmiş müavinətlərin də artmasına səbəb olacaq. Artıq uşaqlar üçün ödənilən bir sıra müavinətlərin əhəmiyyətli dərəcədə artırılması artıq büdcə zərfində öz əksini tapıb və maliyyə təminatı yaradılıb. Məsələn, gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsinə büdcədən 20 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu, 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə), 2021-ci ilin gözlənilən büdcə icrasından 5,3 mln. manat (36,1%) çoxdur. Yəni artım 36 faiz gözlənilir.(Mənbə

Yaxud, gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin maliyyələşdirilməsi üçün 15 mln. manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2021-ci ilin gözlənilən icrasından 3,7 mln. manat (32,7%), çoxdur. Yəni, artım orta hesabla 30-35 faiz olacaqdır. (Mənbə)

Məlum olur ki, Əli Kərimlinin uşaqların sosial müdafiəsi ilə bağlı hay-küylə hökuməti ittiham etməsi sadəcə blefdir. Çünki, hökumət uşaqların sosial müdafiəsini təmin edən bütün müavinət və sosial yardımları sentyabr ayında – 2022-ci ilin ilkin büdcə layihəsi hazırlanarkən nəzərdə tutmuşdu, dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci il tarixli sərəncamından irəli gələn bir sıra məsələlər də nəzərə alınmaqla həmin sosial müavinətlərin həcmi daha da artırıldı.
Əlbəttə, dövlət bütün sosial qrupların sosial rifahını yaxşılaşdırmağı hədəf seçib və 2022-ci ildən sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımların hər biri artırılacaq.  Artımlar 2 milyondan çox insanı əhatə edəcəkdir. (Mənbə)

 
2022-ci ildə əməkhaqları, müavinət və sair sosial ödənişlərlə bağlı artımların maliyyələşdirilməsinə, ümumilikdə bütün sosial tədbirlərə əlavə olaraq büdcədən 1 milyard 650 milyon manat maliyyə təminatı artıq təmin edilib. Bu əhəmiyyətli sosial siyasətin nəticəsində gələn il dövlət büdcəsinin sosialyönümlü xərc yükü 13,5 faiz artırılaraq 40,8 faizdən 46,4 faizə çatdırılacaq və ümumilikdə 29,9 milyard manatlıq büdcə xərclərinin 13,9 milyard manata yaxını birbaşa sosial təyinatlı olacaq. Bu o deməkdir ki, büdcənin xərclərinin hər 100 manatının 46 manat 40 qəpiyi vətəndaşların maaş, sosial müavinət, təqaüd, ünvanlı yardım, pensiya və digər sosial ödənişlərə xərclənəcək. (Mənbə)
Büdcənin sosial xərc maddələrinin artırılması həm də o deməkdir ki, büdcədə uşaqların sosial müdafiəsini nəzərdə tutan 14 müavinətin hər biri də artmış olacaq.
Və onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda hər il sosialyönlü xərclərin məbləği büdcədə əhəmiyyətli dərəcədə artırılır. 2018-ci ildən indiyə qədər bu xərclərin həcmi 200 faizə yaxın, yəni 6,5 milyard manatdan təxminən 14 milyarda çatdırılacaq.

Nəticə: Beləliklə, növbəti ildə büdcədə sosialyönümlü xərclərin 15-17 faizi uşaqların sosial müdafiəsini əhatə edəcəkdir. Yəni, 14 növ müavinət də nəzərə alınmaqla uşaqlarla bağlı sosial təyinatlı büdcədə xərclərinin çəkisi 2,2 milyard manatı ötmüş olacaqdır. Göründüyü kimi, dövlət tərəfindən uşaqların etibarlı sosial müdafiə sisteminin təmin edilməsini əsas prioritet hesab edir və davamlı olaraq bu siyasəti genişlənidir. Əli Kərimlinin iddiaları isə faktları təhrif etmək, kütlə ilə manipulyasiya və iqtisadi savadsızlığının nəticəsidir.