Milli Məclisin deputatı Vüqar Bayramov büdcə müzakirələri zamanı vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi təklifi ilə çıxış edib. Millət vəkili qeyd edib ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əməkhaqqı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır.

Deputatın fikrincə, beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. “Bəzi ölkələrdə bu, hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar”. V.Bayramov təklif edib ki, həmin şəxslərə vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılması məqsəduyğun olardı. (Mənbə)

 Faktyoxla Lab. vaxtından əvvəl və ya gec pensiyaya çıxmaq iddiasının mümkünlüyünü araşdırıb.

Beynəlxalq sosial xartiyanın qabaqcıl meyarlarının tətbiq edilməsi imkanlarının nəzərdən keçirən Azərbaycan hökuməti də pensiya kapitalının diversifikasiyaını mümkün sayır və həlli yollarının mümkünlüyünü istisna etmir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaşların fərdi hesabında yığılan pensiya kapitalının digər vasitələrlə götürülməsi və xərclənməsinin mexanizmləri barədə təhlillər aparılır. Bu, aparılan pensiya islahatlarının növbəti mərhələsində öz həllini tapa bilər.  “Vaxtından tez və ya vaxtından gec pensiyaya çıxma sistemini tətbiq etməyi düşünürük. Bu mexanizm üzərində işləyirik. Növbəti 5 ildə bu islahatların bizə yaradacağı heç bir problem yoxdur”. (Mənbə)

Nazirin fikrincə, aparılan sorğuların nəticələrinə əsasən, işçi və ya işəgötürənin qanunla müəyyən edilmiş sığorta ödənişi məbləğindən əlavə sosial sığorta ödəmək niyyətinə hələ təsadüf edilməyib. Bu gün Azərbaycanda pensiya alanların böyük əksəriyyətini DSMF subsidiyalaşdırır. Yəni, həmin qrup pensiyaçıların pensiyaları birbaşa dövlətin yaşa görə, müəyyən etdiyi pensiya məbləğinə əsasən ödənilir və onların fərdi yığımları yoxdur. Daha sadələşdirsək, Azərbaycanda pensiyaçıların 70 %-i sosial sığorta ödənişlərini yığa bilməyənlərdir, cəmi 30 faiz pensiyaçı sosial sığorta yığımlarını təmin edərək pensiya alanlardır. Buna görə də, ölkə üzrə pensiya yığımlarında fərdi yığım hesablarına ödəniş edənlərin say nisbəti də əhəmiyyətli dərəcədə artmalıdır.

Beynəlxalq praktikaya əsasən, pensiya təminatı sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Həmin prinsiplərə əsasən, vətəndaşlar işlədiyi dövrlər ərzində öz sığorta öhdəliklərini yerinə yetirməklə pensiya kapitalına yığdıqları vəsaitləri hesabına öz gələcək pensiya təminatlarını həll edirlər.
Azərbaycanda hazırda tətbiq edilən pensiya sistemi də məhz həmin beynəlxalq təcrübəyə əsaslanır. Ölkəmizdə pensiya hüququnun əldə edilməsi və pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Qanuna əsasən təyin edilir. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya vətəndaşın 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır.
Pensiya kapitalının formalaşması üçün hər bir kəs 12 il müddətində məcburi dövlət sığorta haqqı ödəməlidir. 12 il 12 aya vurulur və orta pensiya müddəti 144 ay müəyyən edilir. Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da ( 144*200 = 28,8 min manat) 28 min manata bərabər olur. Beləliklə, vətəndaş 28 min 800 manat pensiya kapitalını fərdi hesabına topladıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Yəni, gələcəkdə pensiya hüququnu təmin etmək üçün öz fərdi yığım hesabına 144 ay ərzində tələb olunan normanı toplamalısan.
Onu da qeyd edək ki, hər il minimum pensiyanın məbləği artdığından bu alqoritm də dəyişir və pensiya kapitalı üçün tələb olunan məbləğ də artır. Məsələn, 2022-ci ildə minimum əməkhaqqının və minumum pensiyaların artması sayəsində bu düstur də dəyişəcək. Məsələn, gələn il minimum pensiyanın 240 manat olacağı gözlənilir, bu halda yuxarıdakı alqoritm belə olacaq: 144*240 =34.560 manat. Təbii ki, pensiya kapitalı fondunun böyüməsi gələcəkdə vətəndaşın daha çox pensiya alması deməkdir.  
Müəyyən edilmiş kapital normasının toplaması vətəndaşın aylıq öz fərdi hesablarına sığorta haqqı faizi isə belədir:

Muzdlu işçilər - öz gəlirlərinin 25%-i miqdarında;
Vəkillər, sərbəst mühasiblər - gəlirlərinin 10-15%-i miqdarında;
Fərdi sahibkarlar - minimum əməkhaqqının 10-25%-i miqdarında;
Pay torpağı olan mülkiyyətçilər - hər hektara görə minimum əməkhaqqının 6%-i miqdarında

Beləliklə, həmin şəxslərin öz hesablarına köçürdüyü sığorta haqlarının 90%-i pensiya zamanı geri ödəniləcək, üstəlik həmin məbləğ hər il indeksasiya edilərək artırılır. (Mənbə)

Eyni zamanda, həmin qanunla əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları üzrə yaşa görə, pensiya hüququ əldə edən şəxslərin pensiyalarının sığorta hissəsinin hesablanması da öz əksini tapıb. (Mənbə)

Beləliklə, Azərbaycanın pensiya sistemi təkmilləşdirilərək beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda, xüsusilə də, sığorta ödənişlərinin vətəndaşlar üçün daha sərfəli və daha münasib dövrlərdə əlçatanlığın təmin edilməsinə doğru  istiqamətlənib.
Yeri gəlmişkən, Azərbaycanda hazırda güzəştli şərtlərlə pensiya hüququ əldəetmə mövcuddur. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərərli işdə işləyənlər və s.) 5-20 il daha tez hüquq əldə edirlər. Həmçinin hüquq mühafizə orqanlarında işləyənlər – müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt bu hüququ qazanırlar. Bu da beynəlxalq təcrübədən qaynaqlanan bir mexanizmdir.

 
İnkişaf etmiş bir çox ölkələrdə vətəndaşlar dövlətin müəyyən etdiyi aylıq sığorta haqqından başqa, əlavə olaraq öz fərdi hesablarına pul köçürərək pensiya kapitallarını əhəmiyyətli dərəcədə artırırlar. Məsələn, aylıq sığorta haqqı 120 avrodursa, işçi 200 avro ödəyərək, əlavə ödədiyi 80 avro hesabına kapital bazasını genişləndirir. Nəticədə onun pensiya kapitalı vaxtından əvvəl formalaşır, elə şəxs var ki, 55 yaşında onun pensiya kapitalı dövlətin tələb etdiyi normaya çatır, sonrakı illərdə onun hesabdakı yığım daha da artır. Beləliklə, həmin şəxsə pensiyaya çıxmazdan əvvəl artıq, yəni normadan çox topladığı kapitaldan sərbəst istifadə etməsinə icazə verilir.
Azərbaycanda da bu mexanizmlərin tətbiqi üçün heç bir maneə yoxdur, yəni bunu qanun çərçivəsinə salmaqla işlək bir hala gətirmək mümkündür. Ancaq bu, könüllülük təsasında olmalıdır, çünki ölkəmizdə sosial ödəmənin vahid bir prinsipi vardır – vətəndaşlar üçün yalnız məcburi dövlət sığorta haqqı müəyyənləşdiyindən, heç kimi ayda, məsələn 70 manat sığorta haqqı əvəzinə 100 manat ödəməyə məcbur etmək olmaz.
S. Babayev də bu prinsiplərii tətbiqi üçün ilk növbədə, vətəndaşın seçiminin əsas olduğunu vurğulayıb: “Biz də könüllü pensiyanın olmasının tərəfdarıyıq. Amma əlavə sosial sığorta ödəmək istəyənlər və istəməyənlərlə bağlı məsələ dəqiqləşdirilməlidir. (Mənbə)

Millət vəkili Vüqar Bayramov beynəlxalq təcrübənin digər bir formasından çıxış edərək Azərbaycanda pensiya kapitalındakı normanı, yəni 28 min manatı toplayanların daha tez pensiyaya çıxmasını, yaxud da həmin kapital normasından əlavə yığdıqlarının bir hissəsinin xərclənməsinə qanunla icazə verilməsini təklif edir. “Mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir. Bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər”. (Mənbə)

Azərbaycan hökuməti bu mexanizmin tətbiqinə də etiraz etmir, bu layihə üzərində də müzakirələr aparılır. Məsələ ondadır ki, inkişaf etmiş ölkələrdə pensiyanın yığım növü olan sığorta prinsipləri ötən əsrin ortalarından tətbiq olunur və həmin ölkələr son 50-60 ildə bu sahədə kifayət qədər təkmilləşdirmələr aparmaqla hazırda V.Bayramovun dediyi şərtlərə gəlib çatıb. Həmin ölkələrdə bu prosesi ən azı 30-40 ilə tamamlaya bilib, Azərbaycanın isə cəmi 15 il (sığorta stajı sistemi 2006-cı ildən başlanılıb) ötməsinə baxmayaraq pensiyaların yığım kapıtalı əsasında təmin edilməsində kifayət qədər dayanıqlı bir sistem yaradılıb.

Nəticə: Bütün bunlara rəğmən, aparılan islahatlar sayəsində hazırda daha da təkmilləşən sığorta sisteminin ədalətliliyinin təmin edilməsi nəticəsində pensiya yaşı tamam olmadan öz kapitalındakı vəsaitlərdən istifadə imkanlarının reallaşması mümkündür. Qeyd edildiyi kimi növbəti 5 ildə islahatlar bir çox yeniliklərin tətbiqinə imkan verəcəkdir. Nəticədə öz hesabına kifayət qədər kapital toplayan şəxslərin pensiya kapitalından istifadə etməsi üçün də seçim yaranacaq.