Avrasiya İqtisadi İttifaqının (Aİİ) statistik göstəricilərinə əsasən, bu təşkilata üzv olan ölkələr arasında ən kasıb və iqtisadi baxımdan çətin günlərini yaşayanı Ermənistandır. “Haqqın.az” saytının araşdırmasına görə, Cənubi Qafqazın autsayderi özünü ərzaqla təmin etmək baxımından ən aşağı səviyyəyə malikdir. Birliyə üzv olan dövlətlər öz istehsalı hesabına buğdaya, bitki yağına, yumurtaya və şəkərə olan daxili tələbatı tam ödəyir. Yalnız Ermənistan bu siyahıda ən sonuncu yeri tutaraq, dərin böhran keçirir.
Faktyoxla Lab. Ermənistanın ərzaq və digər sahələrdə ciddi böhranla üz-üzə qaldığı iddiasını araşdırıb.
Avrasiya İqtisadi Komissiyasının Statistika Departamentinin icmalında qeyd edilir ki, İttifaq ölkələri arasında ən çox iqtisadi geriləməni Ermənistan yaşayır, bu ölkədə azalma 14 faizi ötübdür. (Mənbə)
Avrasiya İqtisadi Komissiyasının 2021-ci ilin yanvar-sentybar ayları üzrə hesabatından da göründüyü kimi bu ittifaqa üzv ölkələrin sırasında ən pis iqtisadi durum Ermənistanda müşahidə edilir. Paşinyan hökumətinin öyərək iqtisadiyyatın “sütunu” hesab etdiyi sənaye sahəsi də son bir ildə xeyli geriləyib, cəmi 0,7 faiz artım qeydə alınıb ki, bu da İttifaq dövlətləri arasında ən axırıncı göstərici deməkdir. (Mənbə)
İşğal dövründə Azərbaycanın zəngin faydalı qazıntılarını istismar edərək mədənçıxarmadan milyonlar qazanan Ermənistanın noyabr rüsvayçılığından sonra bu sahədə də çöküşü başlayıb. Məlumdur ki, Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazisindəki faydalı qazıntıların, o cümlədən Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü (Zod) qızıl yataqlarının qanunsuz mənimsənilməsini həyata keçirərək külli miqdarda valyuta əldə etsə də, hazırda bu imkandan məhrum olub. Ermənistanın ixracının dəyəri 2020-cu ildə 2,7 milyard ABŞ dolları olub, bunun 16 faizini və yaxud 415 milyon dollarını qızıl və qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı təşkil edib. Daha Zəngilandan, Kəlbəcərdən oğurlayıb apara bilmədiyindən faydalı qazıntıların istehsalı o səviyyəyə düşüb ki, Ermənistan Statistika Xidməti rəqəm verməyə utanır, çünki dinamikanı əks etdirə biləcək göstərici yoxdur. (Mənbə)
Bu tənəzzül yeyinti sənayesində də özünü təzahür edir, həmin məhsulların istehsalı da son bir il ərzində azalıb. Azərbaycanın əkinə yararlı torpaqları ilə yanaşı, otlaq sahələrini qəsb etmiş bu ölkənin torpaq resurslarının əlindən çıxması heyvandarlığa ciddi təsirini göstərib. Quş əti, ət və yemək məhsullarının istehsal həcmi min tondan çox azalıb. Yağ istehsalı 23 faiz, süd istehsalı 14 faiz, pendir 2,4 faiz aşağı düşüb. İşğal altındakı Azərbaycan ərazilərindəki təbii yaylaqlardan, otlaqlardan, örüş sahələrindən qeyri-qanuni şəkildə istifadə edərək maldarlıqla məşğul olan erməni fermerlər artıq əllərindəki çoxlu sayda iri və kiçik buynuzlu mal-qaranı satmağa məhkum olublar. Nəticədə heyvandalıqda azalmalar başlayıb.
Uzun illər Qarabağda və Şərqi-Zəngəzurda taxıl əkən ermənilərin bu əkindən də məhrum olmaları un istehsalının kəskin aşağı düşməsinə gətirib çıxarıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının münbit torpaqlarından taxılçılıq məqsədilə qeyri-qanuni şəkildə istifadə etmiş erməni fermerlərin hesabına buğda və arpa məhsullarına olan ehtiyacının 25 faizə qədərini təmin edirdi, ildə təxminən 190 min tonadək taxıl yığan Ermənistanın bundan da əli üzülüb. Ötən ilin 9 ayı ilə müqayisədə taxıl istehsalı 44 fazi azalıbdır. (Mənbə)
Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərinin zəngin meşə fondunu talan etmək hesabına hesabına taxta və mebel sənayesini inkişaf etdirib, hazırda bu sənaye sahəsi də çökür. Erməni cəmiyyətində etiraf edirlər ki, Azərbaycana məğlubiyyətdən sonra Ermənistanın iqtisadi gerilməsi daha da sürətlənib, hərçənd ki, qlobal fəlakət olan pandemiyanın iqtisadi fəallığa mənfi təsirləri az olmamışdı, ancaq, ötənilki müharibədən sonra bu ölkədə iqtisadi-sosial problemlər daha dərinləşib. Xüsusilə də zəruri ərzaq malları ilə tələbatı təmin etməkdə çətin sınaqlar meydana çıxıb.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyatı ötən il pandemiya və Azərbaycanla müharibədən ağır zərbə alıb. 2020-ci ildə ÜDM 7,6 faiz azalıb.
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında inflyasiya 9,1%, o cümlədən ərzaq məhsulları üzrə 16% təşkil edib. Bu yay suvarmada yaranan çətinliklərlə bağlı ən çox son 12 ayda tərəvəzin qiyməti (demək olar ki, 70%) bahalaşıb. Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarındakı su resurslarını mənimsəyən təcavüzkar ölkə müharibədəki acınacaqlı məğlubiyyətdən sonra, suvarma sularından məhrum olub və bu amil də istehsalın səviyyəsinə təsir göstərib. Həmçinin, müharibədən sonra Ermənistanın zəbt etdiyi Azərbaycana məxsus otlaq sahələri də əldən çıxıb və fermerlər mal-qaranı azaltmağa məcbur olub, bu da heyvandarlığa öz təsirini göstərib. Bunun nəticəsində ət məhsullarının qiymətləri 7,6% artıb. Eləcə də süd və yumurtanın qiymətləri təxminən 12% bahalaşıb. Son 9 ayda ərzaq və alkoqolsuz içkilərin qiymətləri illik hesablamada 20 %-ə yaxın artıb.
Ermənistanın daxili bazarının böyük bir hissəsi xaricdən idxal edilən məhsullardan asılı olduğundan dünya bazarında qiymət artımları ilə əlaqədar bütün qida malları da bahalaşıb. Çörəyin, şəkərin, yarmanın, qarabaşağın, düyünün, süd məhsullarının, bütün növ un və çörək məmulatlarının, yağların da qiymətləri artıb. (Mənbə)
Erməni iqtisadi araşdırma mərkəzləri mövcud vəziyyəti 1990-cı ilin əvvəlindəki böhran fazasındakı ssenarinin təkrarlanması kimi qiymətləndirir.
Ermənistanın xarici ticarət dövriyyəsi yanvar-sentyabr aylarında 12,1% artaraq 5,7 milyard dolları ötüb. Hesabat dövründə idxal 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,4% artaraq 3,5 milyard dollar olub. Yəni, ölkənin xaricdən mal asılılığı daha da çoxalıb. İdxalın strukturunda isə ərzaq malları xüsusi üstünlük təşkil edir. (Mənbə)
Baş verənlər bu ölkədə inflyasiyanın da böyüməsinə və ikirəqəmli həddə çatmaqdadır. Hökumətin anti-inflyasiya tədbirləri də artıq səmərə vermir. Ermənistan Mərkəzi Bankı baza inflyasiyasının ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz təşkil etdiyini, 2011-ci ildən bəri ən yüksək olduğunu bildirir. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan parlamentdə jurnalistlərə açıqlamasında 2021-ci ilin yüksək inflyasiya ili olacağını gizlətməyib. Bildirib ki, məyucedici proqnozlar inflyasiyanın əhalinin gəlirlərini “yeyəcəyini” deməyə əsas verir. Hazırkı şəraitdə Mərkəzi Bank əsas faiz dərəcəsini dəfələrlə artırıb. Belə ki, Mərkəzi Bank yanvardan indiyə kimi faiz dərəcəsini 5 dəfə artıraraq sentyabrda 5,25%-dən 7,25%-ə qaldırıb. Maliyyə nazirinin fikrincə, bu yanaşma ümumi kredit faizlərinin bir qədər artmasına gətirib çıxarır və iqtisadi aktivliyi ləngidir. Vəziyyət isə ürəkaçan deyil, artıq hökumət inflyasiyanı idarə edə bilmir, çünki xarici risk faktorları daha da böyüyür. Xaçatryanın qənaətinə görə, inflyasiya gözləntilərini sabitləşdirmək üçün səylər göstəriləcək, ancaq bunun nə faydası olacağını söyləmək tezdir. Maraqlıdır ki, Mərkəzi Bankın sədr müavini Nerses Yeritsyan 2021-ci ilin birinci yarısının iqtisadi vəziyyəti barədə danışarkən erməni xalqına əminlik vermiş və sentybardan inflyasiyanın 8 %-dən 4%-ə enəcəyini bildirmişdi, ancaq onun proqnozları da inandırıcılığını itirib, qiymət artımının cilovlamaq müşkülə çevrilib. İqtisadiyyat naziri Vaan Kerobyan etiraf edib ki, hökumət müqavimət göstərə bilmir və inflyasiya gəlirlərin çoxunu “yeyir”. (Mənbə)
Vaan Kerobyan ixracatçıları məyus edən fikirləri də dilə gətirib, vurğulayıb ki, Mərkəzi Bankın öz alətlərindən istifadə etmək cəhdlərinin səmərəsizliyi sayəsində ixrac sektoruna ciddi ziyan dəyməyə başlayıb. İnflyasiya artımı, prinsipcə, ötən il pandemiya şəraitində vətəndaşlarımızın xərclədiklərindən çox qənaət etməsinin əksi idi. Mərkəzi Bankın hesablamalarına görə, iqtisadiyyatda özəl sektorun istehlakı təxminən 6% artıb, özəl əmanətlər isə eyni həcmdə azalıb.
Ölkədə milli valyuta dramın məzənnəsi üçün ciddi risklər yaranıb. İqtisadçı Suren Parsyan bildirir ki, Mərkəzi Bank uğursuz pul siyasəti alətləri ilə qiymət sabitliyini təmin edə bilmir. İqtisadiyyatın real sektoruna - mədənçıxarma və tikinti sənayesinə sərmayə qoyulmadığı təqdirdə Ermənistanda malların o cümlədən ərzaq məhsulları qiymətləri artmaqda davam edəcək. Dramın müvəqqəti qalxması belə bahalaşmanın qarşısını ala bilməyəcək. Dünya bazarındakı inflyasiya Ermənistana da təsir edəcək.
S.Parsyan hökumətin yürütdüyü iqtisadi siyasəti də kəskin tənqid edərək büdcənin yalnız artan vergi yığımları ilə dolduruldğunu vurğulayıb. Eyni zamanda, vergi yığımlarında artımın əsas səbəbi mal və xidmətlərin bahalaşmasından qaynaqlanıb, bu da düzgün və səmərəli iqtisadi xətt hesab edilmir. Ölkədə iqtisadi artımın əsas mənbələrindən biri investisiyaların axını və yüksək ötürücülüyü olmalıdır. Ancaq hökumətin daxili investisiyları çox zəifdir, eyni zamanda xarici investisiyalar da aşağı səviyyədədir, keçən il onların daxilolmaları cüzi 33 milyon dollar təşkil edib. (Mənbə)
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da hesabatında Ermənistanda taxıl istehsalının kəskin dərəcədə azalacağını gözləyir. 2021-ci ildə ümumi taxıl istehsalının təxminən 208 min ton olacağı proqnozlaşdırılır ki, bu da orta göstəricidən təxminən 30 faiz aşağıdır. Buğda məhsulunun təxminən 120 min ton olacağı gözlənilir ki, bu da beşillik orta göstəricidən xeyli aşağıdır. FAO-nun hesabatına görə, növbəti il ərzində Ermənistan istehsalın azaldılması səbəbindən son beş ildəki orta göstəricidən təxminən 20 faiz çox taxıl idxal etməli olacaq. (Mənbə)
Ermənistanda hələ normal torpaq islahatları aparılmayıb, kəndlilər torpaq mülkiyyətçisi kimi dövlətdən özəl maliyyə dəstəyinin üzünü belə görməyib. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyalarında bunu etiraf edərək 2022-ci il dövlət büdcəsi layihəsinin ilkin müzakirə zamanı bildirib ki, gələn il kənd təsərrüfatı sahəsində torpaq islahatlarının həyata keçirilməsi nəzərdə tutulur, investisiyaların cəlb edilməsi hesabına kənd təsərrüfatının məhsuldarlığının artırılması planlaşdırılır. Böhranda olan dövlətdə aqrar sahənin inkişafına dair strategiyaya sənədini hələ indi hazırlanır. (Mənbə)
Beynəlxalq ərzaq tədarükçüləri, FAO həyəcan təbili çalır ki, hələ qarşıdakı aylarda beynəlxalq əmtəələrin, kommunla xidmətlərin, o cümlədən də ərzağın bahalaşacağı gözləniləndir. Oktyabr ayında FAO ərzaq indeksini 129,2-dən 133,2-yə yüksəldib və bu, həqiqətən də xəbərdarlıq işarəsidir. Çünki həmin rəqəm 2011-ci ilin iyul ayından bəri ən yüksək göstəricidir. İnflyasiya təzyiqləri, Mərkəzi Bankların inflyasiya narahatlıqları və qlobal aclıq böhranı fonunda bu artımın davam edəcəyi gözlənilir. Çünki pandemiyadan sonra iqtisadi fəallıq fonunda qlobal tələbin artmasından meydana çıxan sənaye əmtəələrinin, mal və avadanlıqların dayanmadan bahalaşması, həmçinin nəqliyyat-logistika və təchizat xərclərinin artması qlobal bazar zəncirinin bütün həlqələrinin bahalaşmasını qaçılmaz edir. (Mənbə)
Nəticə:
- Ermənistan pandemiya və Azərbaycanın öldürücü zərbələrindən sonra növbəti fəlakət dalğasının - qlobal ərzaq böhranı timsalında ağır vəziyyətlə üz-üzədir.
- Avrasiya İqtisadi İttifaqının (Aİİ) statistik göstəricilərinə görə bu təşkilata üzv olan ölkələr arasında ən kasıb və iqtisadi baxımdan çətin günlərini yaşayanı Ermənistanın olması həqiqətdir.
- Cənubi Qafqazın autsayderi olan Ermənistan özünü ərzaqla təmin etmək baxımından ən aşağı səviyyəyə malik olduğu faktı təsdiqini tapır.
- Hədsiz zəif iqtisadi resurslar və uğursuz islahatlar ölkədə böhrandan çıxışını çətinləşdirir.
- Kəskin sosial təlatümlərlə üzləşən əhalinin isə ölkədən mirqasiyası durmadan artmaqdadır.