Avropa Mərkəzi Bankının (AMB) 2016-cı ildə verdiyi qərara görə “500 avro” nominallı pul əsginasının istehsalını dayandırılıb. Bu qərar Avropa banklarından çox Azərbaycan banklarına təsir edib. Çünki həmin pul vahidinin buraxılışı 2018-ci ildən tam dayandırılsa da, qanuni ödəmə vasitəsi kimi istifadəsi davam edir və Avropada problemsiz idarə olunan bu proses ölkəmizdə banklarla müştəriləri arasında anlaşılmazlığa səbəb olur.
Məsələn, bir çox bank müştəriləri iddia edir ki, Azərbaycanda bankların əksəriyyəti 500 avroluq əsginasın qəbuluna ya qadağa qoyub, ya da müəyyən miqdarda komisyon haqqı müəyyənləşdirib. Vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparmaq istəsə, sözügedən pul nişanının bank tərəfindən qəbul edilmədiyi deyilir. Ancaq “500-lük avro” müştəriyə bank tərəfindən təqdim olunur. Müştərilərin səsləndirdiyi narazılıqlardan biri də “500-lük avro”nu qəbul edən bəzi bankların bu xidmət üçün əlavə komissiya tələb etməsidir. Bu, əsasən 1% dəyərində müəyyənləşdirilib. (Mənbə)
Faktyoxla Lab. bu məsələ ilə bağlı araşdırma aparıb.
Məsələyə deputat, iqtisadçı ekspert Vüqar Bayramov reaksiyasını “500 avroluq əsginaslardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avroluqlardan birini banka "hədiyyə" etmək məcburiyyətindədir” şəklində bildirib: "Bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı, sadəcə gəlir əldə etmək maraqlandırır. Halbuki, Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqları müəyyənləşdirməsi, sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman Mərkəzi Bankın məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir".
Ekspert xatırladıb ki, “Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər, banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər".
Yeni gəlir mənbələri axtarışı, yoxsa ziyanı müştəriyə ödətmək cəhdi?
“Paşabank” hələ 2018-ci ildən “500-lük avro” nominalında əsginasları şərtlə alır. Bankın rəsmi açıqlamasından görünür ki, 10 min avrodan artıq məbləğdə “500-lük avro” təqdim edən müştərilərinə komissiya tətbiq edilir: “500 nominallı avro əsginasları öz dəyərini saxlayaraq müddətsiz olaraq mübadilə, yığım və digər təyinat üzrə istifadə oluna biləcək. Bankımız tərəfindən bu nominaldakı əsginasların daha kiçik nominallara dəyişdirilməsi üçün 10 000 avroya qədər hissəsinə 0 faiz, geri qalan hissəsinə isə 0,5 faiz komissiya tətbiq ediləcək”. (Mənbə)
Başqa hansı bank əlimizdəki 500-lüklərdən “pay” istəyəcək? Nüfuzlu bankların kassalarında 500-lüklərin alıcısını axtardıq.
“Kapitalbank”ın 3 filialında
Ölkəmizdə ən nüfuzlu banklardan olan “Kapital bank”da 3 filialda – Badamdar, Sumqayıt və Mərkəz filiallarında 500-lük avroların alışı da, satışı da problemsiz həyata keçirilir. Kassadan bildirilib ki, sözügedən əsginaslara görə bankda hər hansı komissiya tutulmur. Bu məlumatı “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov da təsdiq edib: "Kapital Bank”-da valyuta mübadiləsi zamanı 500 avroluq əsginasların banka satılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Müştərinin satdığı məbləğ böyük olduqda Bankın daxili qaydalarına uyğun olaraq təhlil edilir. 500 avroluq əsginasın alışı zamanı bank tərəfindən heç bir halda komissiya haqqı tutulmur”.
“Accesbank”. Xırdalamağa bir, dəyişməyə başqa qayda tətbiq edilir. “Accesbank”da komissiya 500-lüyün, sadəcə bir hissəsini manata çevirdikdə tətbiq edilir: “500 avronun müqabilində tamamilə manat istəyirsinizsə, günün məzənnəsinə uyğun 500 avronun qarşılığı ödənilir. Pulun bir hissəsini manatla, qalan hissəsini avroyla tələb edirsinizsə, o zaman vəziyyət dəyişir, yəni məbləğin 1 faizi tutulur”.
Bankın sözçüsü Sərvinaz Ələkbərova tutulan faizin bankın ziyana düşməsini önləmək amacı daşıdığını bildirib. Onun sözlərinə görə, bank Azərbaycanda 500 avroluqlaın alıcısını tapa bilmir. Sözügedən əsginasları Avropa bazarına çıxartmaq isə baha başa gəlir və bank ziyana düşməmək üçün belə bir məcburi addım atır.
“Bank of Baku”: Nə alışda, nə satışda hər hansı şərt qoymur. “Nə qədər varınızdır, götürürük”, - deyir
Beynəlxalq Bank: Beynəlxalq Bankın kassiri əvvəlcə əlimizdə olan əsginasların sayını soruşur. Məbləği öyrəndikdən sonra verilən “Gətir, dəyişərik”, - cavabı mübadilənin müştərinin əlindəki əsginasların sayından asılı olaraq baş tutduğu qənaətini yaradır. Bankın adını çəkilməsini istəməyən əməkdaşı isə bunun sadəcə 500-lüklərin məbləğindən deyil, həm də kassanın vəziyyətindən asılı olduğunu bildirib: “Qaydanı çox vaxt filiallarımız özü müəyyənləşdirir. Yəni kassanın ehtiyacı olanda da alış və mübadilə şərtləri sadələşdirilir”.
Beynəlxalq Bankın mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilmədiyindən 500 avro dəyərində əsginaslarla bağlı bankın rəsmi mövqeyini öyrənə bilmədik.
Mərkəzi Bank: “500 avroluq əsginasların daşınması üzrə bankların ortalama xərcləri daşınan məbləğin 0.5-1 faiz intrevalında dəyişir”
Bəs, bunlara Mərkəzi Bank nə deyir. Millət vəkili Vüqar Bayramlının dediyi kimi, Mərkəzi Bankın məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi mümkündürmü?
Mərkəzi Bankdan Faktyoxla Lab.-ın sorğusuna verilən cavaba əsaslansaq deyə bilərik ki, banklarda vəziyyət necə gəlib, elə də gedəcək kimi görünür: “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Bu xüsusda, qeyd edək ki, banklar tərəfindən təklif edilən xidmətlərə tariflər müstəqil şəkildə tətbiq edilir. Bankların məlumatına əsasən izafi nağd xarici valyutanın filiallardan baş ofisdə toplanılması, çeşidlənməsi və xaricə daşınması müəyyən xərclər tələb edir. 500 avroluq əsginasların daşınması üzrə bankların ortalama xərcləri daşınan məbləğin 0.5-1 faiz intrevalında dəyişir”.
Nəticə: Avropa Mərkəzi Bankının qərarını dəyişəcəyi ilə bağlı hər hansı qeyd, məlumat yoxdur. Sözügedən əsginasların dövriyyədə qalma müddəti müəyyənləşmədiyindən emissiya dayandırılıb, amma istifadə davam edir. Bu da o deməkdir ki, qərar qüvvədə olduğu müddətdə “500 avroluq” əsginasların ölkəmizdə bir faiz aşağı qiymətlə qəbulu da davam edəcək. Yəni biz hələ çox bank-bank dolaşacaq, 500 avroluq bir əsginası hansı bankda 2 qəpik daha münasib qiymətə yox, hansı bank filialında 1 faizin başından keçmədən mübadiləsinin mümkünlüyünü araşdıracağıq.