ADR sədri Qubad İbadoğlu öz FB səhifəsində hökumətin 2022-ci ildə nəzərdə tutduğu sosial tədbirlər proqramı çərçivəsində gözlənilən maaş, pensiya və müavinətlərin artımlarını təhrif edən və bu istiqamətdə yürdülən siyasətə kölgə salmaq niyyəti ilə əsassız fikirlər səsləndiribdir.
Sitat: “2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 mln. manat və 22,5 faiz artırılması nəzərdə tutulur. Bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq”.
Doğrudanmı, bu belədir, 2022-ci ildə əməkhaqqı fondu, yaxud əməyin ödənişi fondu cəmi 1,1 milyard manat artırılacaqdır.
Faktyoxla Lab. Qubad İbadoğlunun bu fikirlərini araşdırıb.
Öncə “2022-ci il dövlət büdcəsi zərfi haqqında” Qanun layihəsinə diqqət yetirmək lazımdır. Büdcə layihəsində aydın yazılıb ki, Azərbaycanın növbəti il üzrə dövlət büdcəsi xərclərinin 27,1%-ni və yaxud 8 milyard 97,3 milyon manatını əməyin ödənişi xərcləri təşkil edəcək. Bu isə 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,7% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin büdcə zərfində əməyin ödənişi fondu 6,5 milyard manat nəzərdə tutulubdur. Yəni, gələn il əməyin ödənişi xərcləri ən azı 1,6 milyard manat artacaqdır. (Mənbə)
Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri də qeyd edib ki, gələn il büdcənin əməkhaqqı fondu 1 milyard 650 milyon manat artacaq. Belə ki, 2022-ci ildə əməkhaqları, müavinət və sair sosial ödənişlərlə bağlı artımların maliyyələşdirilməsinə, ümumilikdə bütün sosial tədbirlərə əlavə olaraq büdcədən 1 milyard 650 milyon manat maliyyə təminatı artıq təmin edilib. Bu əhəmiyyətli sosial siyasətin nəticəsində gələn il dövlət büdcəsinin sosialyönümlü xərc yükü 13,5 faiz artırılaraq 40,8 faizdən 46,4 faizə çatdırılacaq və ümumilikdə 29,9 milyard manatlıq büdcə xərclərinin 13,9 milyard manata yaxını birbaşa sosial təyinatlı olacaqdır.
Həmin xərclərin isə 60 faizi ( bu, 8,1 milyard manat deməkdir) birbaşa insanların əməkhaqları, yəni əməyin ödənişi fondu xərcləridir. (Mənbə)
Bu xərclərin üzərinə Dövlət Sosial Müdafiəsi Fondunun 5,3 milyard manat həcmində xərclərini (həmin xərclərin 3 milyard 566 milyon manatı dövlət büdcəsindən ayrılmış sosial təminat xərcləridir) əlavə etsək gələn il sosial təyinatlı xərclərin büdcədə hansı əhəmiyyətli prioritet yer tutduğuna başqa izah qalmır.
Göründüyü kimi gələn il büdcədən əməyin ödənişi fondunu məbləği İbadoğlunun heç bir fakta və iqtisadi sənədə söykənmədən iddia etdiyi həcmdə - 1,1 milyard manat deyil, 1 milyard 650 milyon manat artacaq.
Qubad İbadoğlu onu da iddia edir ki, büdcədə əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirləri 1.677,4 mln. manat və ya cari ilə nisbətən 331,9 mln. manat və ya 24,7 faiz çox olması proqnozlaşdırılır. Sitat: “Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfertin 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin”.
Öncə qeyd etmək lazımdır ki, gələn il Sosial Müdafiə Fondunun gəlirlərinin artması dövlət transfertləri hesabına deyil, birbaşa işləyənlərin ödədiyi sosial sığorta ödəmələri hesabına əhəmiyyətli dərəcədə artmış olacaq. Son illərdə sosial sahədə aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın təsirlərinin və qeyri-formal məşğulluğun azaldılması, habelə iqtisadi aktivliyin bərpa edilməsi Fondun gəlirlərinin78,2%-i məhz sosial sığorta haqları üzrə daxilolmalarından formalaşacaq. Onu da nəzərə almaq lazımdır ki, həmin sığorta yığımlarının 58,8%-i birbaşa qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Beləliklə, fond üçün tələb olunan xərclərin cəmi 21,6%-nin dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılmasına ehtiyac yaranacaq. Ancaq bununla belə, hökumət 2022-ci ildə nəzərdə tutulan pensiya və sosial müavinətlərin artımını nəzərə alaraq fonda dövlət büdcəsindən 1 milyard 146 milyon manat ayıracaq, yəni 226,2 milyon manat artacaqdır. (Mənbə)
Yəni Q. İbadoğlunun dediyi kimi 159,2 milyon manat azalmayacaq, əksinə 5 faiz artacaq.
Yeri gəlmişkən, Fondun gəlir və xərcləri əhəmiyyətli dərəcədə artmış olacaq. Belə ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 253 milyon manat çoxdur. Fondunun gələn ilə xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. (Mənbə)
Və bu xüsusdan yanaşaraq Q.İbadoğlunun gələn il pensiyaların cəmi 5 fazi artacağı barədə fərziyyələrinin də həqiqətdən uzaq olmasını izah etməyə çalışaq.
Azərbaycanda pensiyaların artırılması ilə bağlı ortada bir iqtisadi qanunanuyğunluq, ənənə var, artım əsas etibarilə müvafiq qanunlarla indeksləşdirilərək həyata keçirilir. Başa çatan maliyyə ilinin əsas göstəricilərindən biri olan orta aylıq əməkhaqqının artım nisbəti götürülərək növbəti ildə pensiyaların artım məbləği, yəni indeksləşdirilməsi təmin edilir. Məsələn, 2021-ci il yanvarın 1-dən pensiyaların və müavinətlərin artırılması zamanı həmin düstur
2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi nəzərə alınmaqla indeksləşdirildi. 2020-ci orta aylıq əmək haqqının 11,4% artımına əsaslanaraq pensiyalar bu faiz həddində artırıldı.
Eyni zamanda, dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət etməklə onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını təsdiqlədi. (Mənbə)
Beləliklə, orta aylıq pensiya 290 manatdan 325 manata qalxdı. Yəni, pensiyanın maliyyə dəyəri 34 manat təşkil etdi. 2022-ci ildə də bu qanunauyğunluq davam etdiriləcək, yəni 2021-ci ildə orta aylıq əmək haqqının artım faizinə uyğun pensiyalar artırılacaq. Eyni zamanda, bu il ölkə üzrə qiymət indeksinin artımı da nəzərə alınmaqla pensiların indeksləşdirilməsi həyata keçiriləcək. İlin sonuna ölkə üzər orta aylıq əmək haqqının təxminən, 8% olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artaraq 1.691,8 min nəfər olmuş, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. 2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat olmuşdur. (Mənbə)
2021-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 725,6 manat təşkil edib. (Mənbə)
İqtisadiyyat və sosial müdafiə orqanlarının proqnozlarına görə, cari ildə orta aylıq əməkhaqqının 742 manat təşkil edəcəyi gözlənilir. Bu rəqəmin maliyyə ilinin yekununda arta biləcəyi də istisna olunmur. (Mənbə)
Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında” 2021-ci ildə ölkəmizdə orta aylıq əmək haqqının 740-745 manata bərabər olacağı proqnozlaşdırılıb. (Mənbə)
Beləliklə, 2021-ci ildə 745 manat məbləğində proqnozlaşdırılan orta aylıq əməkhaqqının əvvəlki ilin 707,3 manat həddinə nisbətən 38 manat, yaxud 6,2 faiz artacağı gözlənilir. Hazırda ölkə üzrə orta aylıq pensiyanın 327 manat olmasını nəzərə alsaq gələn il pensiyaların 6,2 faiz indeksasiyası nəticəsində artımın 20- 45 manat civarında artacağı gözlənilir. Həmçinin, yaşa görə, əmək pensiyaçılarının fərdi yığım hesabındakı məbləğin də inflyasiya göstəricisinə uyğun indeksasiyası da bu artım məbləğinin üzərinə əlavə ediləcəkdir.
Bu məqamda əmək və əhalinin sosial müdafiəsi naziri növbəti ilin sosial artımlarla bağlı proqnozlarına toxunarkən pensiyaların gözlənilən artım nisbəti ilə bağlı açıqlamasına da diqqət edək. Nazir bildirib ki, 2022-ci ildə əmək pensiyalarının orta məbləğinin 345 manata, yaşa görə, isə orta məbləğinin 375 manata çatdırılacağı nəzərdə tutulubdur. (Mənbə)
Və, bu da pensiya artımları üçün tətbiq ediləcək son düstur deyil, 2022-ci ildə pensiyaların artımı hesablanarkən indeksasiya məbləği ilə yanaşı, inflyasiyanın, son aylarda kommunla xidmət tarifləri ilə bağlı dəyişikliklərin və digər amillərin təsirləri də nəzərə alınacaq. Bununla bağlı, Prezident İlham Əliyevin müvafiq dövlət qurumlarına tapşırığı var. Qlobal bazarlarda qarşısıalınmaz prosesə çevrilmiş əmtəələrin, mal və xidmətlərin bahalaşmasının Azərbaycanın daxili bazar qiymətlərinə sirayət etməsini və inkarolunmaz bir iqtisadi reallığa çevrilmiş bu prosesin ölkə əhalisinin, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısı tərəfindən 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncam imzalanıb.
Həmin sənəddə əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi tapşırılıb.
Beləliklə, sosial tədbirlər paketinə uyğun olaraq əhalinin aztəminatlı hissəsinə, o cümlədə də pensiyaçıların və müavinət alanlara bu paket çərçivəsində də dəstək veriləcəkdir. Bu dəstəyin sosial xərc yükü hər nəfərə təxminən pensiyaların 10 faizə yaxın artım məbləğində gözlənilir.
Beləliklə, 2022-ci ildə pensiyaların artımı müəyyənləşdirilərkən indeksasiya və inflyasiya amilləri nəzərə alınmaqla artımın 20-25 % civarında olacağı faktdır.
Yeri gəlmişkən, artıq minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatadan 300 manata çatdırılıb. Ehtiyac meyarının həddi 2022-ci il üçün 200 manat, yaşayış minimumunun həddi isə 210 manata çatdırılıb. Yəni, artım nisbəti 20-22 fazi civarında təmin edilməkdədir.
Və onu da unutmaq lazım deyil ki, qlobal bazarlarda qarşısıalınmaz prosesə çevrilmiş əmtəələrin, mal və xidmətlərin bahalaşmasından Azərbaycanın yan keçməsini düşünmək sadəlöhvlük olardı. Çünki dünya bazarlarında baş verən qiymət artımlarının ölkədaxili qiymətlərə sirayət etməsi artıq inkarolunmaz bir iqtisadi reallıqdır. Məhz bu mənfi hallara qarşı qabaqlayıcı addımlar atmaq məqsədilə ölkə əhalisinin, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısı tərəfindən 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncam imzalanmış və verilmiş tapşırığa uyğun olaraq pensiya və müavinətlərlə bərabər, əməkhaqlarının, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq maliyyə təminatı yaradılıbdır.
Bu əhatəli tədbirlərin həyata keçirilməsi nəticəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və digər sahələrdə çalışan 700 mindən çox şəxsin əməkhaqları artırılacaq. Həmçinin, əmək pensiyalarının minimum məbləğinin, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddinin, bir sıra sosial müavinətlərin, doktorantların və tələbələrin təqaüdlərinin məbləğinin artırılması daha 700 mindən çox şəxsi əhatə edəcəkdir. Bu artımlar da ən azı 20-40 faiz civarında olacaq. Hərbçilərin maaşlarının artımı isə bu rəqəmdən də çox nəzərdə tutulub.
Dövlət gələn il tələbələrin təqaüdlərin məbləğlərinin orta hesabla 20% artırılmasını proqnozlaşdırır. Dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin sayı 15 min 893 nəfər (16,7 %) artaraq 110 min 834 nəfərə çatdırılacaq, təqaüd alan tələbələrin sayı isə 12 min nəfər artacaq. Təkcə bu istiqamət üçün büdcədən əlavə 23 milyon manat ayrılacaq. Həmçinin, orta ixtisas və peşə təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin artımına əlavə 9,3 milyon manat vəsait xərclənəcək.
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün 2021-2022-ci tədris ilindən başlayaraq Təhsil Tələbə Kredit Fonduna tələbə kreditinin verilməsi üçün 2021-ci ildə 80 milyon manat və növbəti ilin dövlət büdcəsindən bu məqsədlə əlavə olaraq 22 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Ümumilikdə Təhsil Tələbə Kredit Fonduna 102 milyon manat vəsait ayrılacaq. (Mənbə)
Beləliklə, gələn il büdcənin 46,4% birbaşa sosial ödəmələrə yönələcəkdir. Sadə dillə desək, büdcənin hər 100 manatının 46 manat 40 qəpiyi vətəndaşların maaş, sosial müavinət, təqaüd, ünvanlı yardım, pensiya və digər sosial ödənişlərə xərclənəcək. Avropa ölkələrinin büdcə xərclərində halbuki bu sosial xərc tutumunun çəkisi ümumi büdcə zərfində 32-34 faizi ötmür. Büdcənin xərclərinin az qala yarısını bilavasitə insanların sosial rifahı və təminatı üçün yönəldən Azərbaycan hökuməti bununla da həqiqi sosial dövlət modelini təmin etdiyini nümayiş etdirir.
Və onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda hər il sosialyönlü xərclərin məbləği büdcədə əhəmiyyətli dərəcədə artırılır. 2018-ci ildən indiyə qədər bu xərclərin həcmi 200 faizə yaxın, yəni 6,5 milyard manatdan təxminən 14 milyarda çatdırılıbdır. Heç bir ölkədə bu həcmdə sosial artımlar olmayıb. (Mənbə)
Nəticə: Bütün bu müqayisələrin yekununda ADR rəhbəri Q.İbadoğlunun növbəti dəfə yarımçıq iqtisadi şərhi ilə dövlətin sosialyönümnü siyasətini görməzdən gəlməsini, bu azmış kimi real fakt və rəqəmləri tam yanlış izah etməsi məlum olur.