Azərbaycanda oğul yetişdirən ailələr bir həqiqətə inanıb. Hərbi xidmət kişilik məktəbidi və o məktəbi hər kəs keçməlidi. Ata-analar yeniyetmə oğlunun ərköyünlüklərinə belə əsgər olandan sonra düzələcəyi ümidilə baxıblar.
Ancaq indi bəzən fərqli fikirlər də səslənir. Bir neçə il öncə qanunvericilikdə ailənin tək oğlanlarına güzəşt nəzərdə tutulduğunu əsas göstərərək bunu yenidən ölkə gündəminə daşıma cəhdləri müşahidə edilir.
Faktyoxla Lab. “Ailələrin tək oğul övladı hərbi xidmətə çağırılmalıdırmı, yaxud ön cəbhədə qulluq etməlidirmi?”, - sualının cavabını araşdırıb.
Qanunvericilikdə güzəşt yoxdur
İlk növbədə bunun qanunvericilikdə bir ƏSASının olub-olmadığına baxaq. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 14.1.4-cü maddəsindən görünür ki, bu məsələdə qərar qətidir. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Nazirlər Kabinetinin say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərir. Yəni, hər kəs, ailənin tək övladları da həqiqi hərbi xidmətə çağırışa cəlb olunur və xidmətə göndərilən zaman onlara hər hansı güzəşt şamil edilmir.
Lakin qanunda belə bir məqam da var ki, evin tək oğlunun müddətli həqiqi hərbi xidmətkeçmə yeri xidmət keçdiyi qoşun növünün yuxarı komandanlığı tərəfindən müəyyən edilir. Bu da əsgəri heyətə fərdi yanaşma imkanı yaradır.
Güzəşt olmalıdırmı?
Bəs, güzəşt lazımdırmı? Bu güzəştin gözlənilən nəticəsi nədir? Hərbı ekspert Ədalət Verdiyev məsələyə, sadəcə bir ailənin ocağında qalan, çırağını yandıran kimsənin olması kimi baxmır. Onun fikrincə, belə bir qərar ailə planlamasına mənfi təsir göstərə bilər: “Ölkəmizdə əksər ailələrin, sadəcə iki övladı var. Bu qərar gələcəkdə ailələrin ikinci uşaq dünyaya gətirməsinə qarşı tədbir kimi dəyərləndirilə bilər. Ona görə də bu fikirlərə real baxmıram”.
Hər kəs təkdir. Ailədə qardaşların çox olması onlardan birinin o birini əvəz edə biləcəyi anlamına gəlmir: “Hər kəs ayrıca bir fərddir, hər kəsin öz şəxsiyyəti var. Ailədə övlad bir də olsa, iki də olsa, bu, oğlanları hansı ərazidə xidmət etməsinə əngəl yaratmamalıdır. Hər vətəndaşımız orduya cəlb olunmalı, sağlamlığı imkan verən hər kəs öz Vətəninə xidmət eləməlidir”.
“Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı AzərTac-a müsahibəsində bildirib. O, ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür”, - o qeyd edib.
2 oğlu şəhid olan ana özü də cəbhəyə yollanıb
Vətən üçün bir oğlu olan bir şəhid, 2 oğlu olan isə 2 şəhid verə bilər. böyük oğlu 1992-ci ildə, ikinci övladı isə 2016-cı ilin aprel döyüşlərində şəhid olan Zeynəb ana kimi. Cəmi bir il əvvəl Vətən müharibəsində əlində vətən üçün şəhid olacaq oğlu qalmadığı üçün bu dəfə əsgər olmaq, əsgər balalarına yardım etmək niyyətilə özü qeydiyyatdan keçən ananın sözlərindən də görünən odur ki, ailədə oğlan sayının elə də fərqi yoxdur: “Özüm üçün fərəh bilirəm ki, elə oğulların anasıyam. Elə mənim kimi bütün şəhid analarına da səslənirəm: həmişə fəxr edin ki, Şəhid anasısınız, təki Vətən sağ olsun! Biz ordumuza, dövlətimizə minnətdar olmalıyıq ki, torpaqlarımızı azad edir, bayrağımızı ucaldır. Bayrağımız hər zaman ucalarda dalğalansın”. (Mənbə)
Bugünkü milli ruh göstərir ki, qanunvericilikdə əks olunan maddələr millətin düşüncəsidir. Bu da təbiidir. Lazım gələndə qadınının belə silaha sarılmasıyla öyünən bir millət nədən oğlunun tək olduğunu əsas gətirib onun ön cəbhədə qulluq etməsinə etiraz etsin ki? Üstəlik, 44 günlük Vətən müharibəsi də göstərdi ki, millətin və dövlətin müqəddəratı həll olunan həlledici anlarda ailədə neçə kişinin olması, hətta olub-olmaması belə nəticəni dəyişmir və hamı birləşib tək ürək, tək beyin və tək bilək olub böyük bir DƏMİR yumruğa çevrilir.
Nəticə: Hər kəs, ailənin tək övladları da həqiqi hərbi xidmətə çağırışa cəlb olunur və xidmətə göndərilən zaman onlara hər hansı güzəşt şamil edilmir. Lakin qanunda belə bir məqam da var ki, evin tək oğlunun müddətli həqiqi hərbi xidmətkeçmə yeri xidmət keçdiyi qoşun növünün yuxarı komandanlığı tərəfindən müəyyən edilir.